• çərşənbə axşamı, 19 mart, 12:44
  • Baku Bakı 8°C

"Yuğ"un 30 illik yubileyinə Nəsimi və III Riçard da gələcək

20.06.19 16:30 37169
"Yuğ"un 30 illik yubileyinə Nəsimi və III Riçard da gələcək
Artıq teatr mövsümünün sonuna yaxınlaşmağımıza baxmayaraq, YUĞ Dövlət Teatrında yaradıcılıq prosesi davam edir. Bu il 30 yaşını qeyd etməyə hazırlaşan teatr mövsümün sonuna yaxın yeni yaradıcılıq uğurları ilə tamaşaçılarını sevindirməyə davam edir. Belə ki, teatr, bu günlərdə Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən "Novruz” türkdilli xalqların teatr festivalından qayıdıb.
Ədəbi hissə müdiri Elçin Cəfərovun verdiyi məlumata görə, teatr beynəlxalq festivalda Azərbaycanı R.Akutaqavanın "Cəngəllikdə” əsəri əsasında hazırlanmış "Müəmmalı bir qətlin üç versiyası” tamaşası ilə təmsil edib.
Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhimdir. Tamaşanın musiqisi Əməkdar artist Vüqar Camalzadənindir.
Səhnə əsərində Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov, Elşən Əsgərov çıxış edirlər.1-8 iyun tarixlərində Q.Kamal adına Tatarıstan Dövlət Akademik Teatrının təşkilatçılığı ilə keçirilən XIV Novruz festivalının proqramına Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Rusiyanın teatr kollektivlərinin tamaşaları daxil olub.
Azərbaycan teatrının tamaşası həm mütəxəsəssislər, həm də tamaşaçılar tərəfindən müsbət qarşılanıb. YUĞ Teatrı festivalda iştirakına görə diplomla və Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının fəxri fərmanı ilə təltif edilib.
Hazırda teatr üç yeni tamaşanın premyerasına hazırlaşır. Bunlardan biri "Mən ağacam”, digəri "Vəsvəsə”, sonuncusu isə "Lənət” tamaşalarıdır. Belə ki, 21 və 23 iyun tarixlərində saat 19.00-da YUĞ Dövlət Teatrında "Mən ağacam” tamaşasının premyerası keçiriləcək.
Nobel mükafatçısı Orxan Pamukun "Mənim adım qırmızı” romanının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əbdülqəni Əliyev, quruluşçu rəssamı Umay Həsənovadır.
Tamaşada YUĞ Dövlət Teatrının sənətçiləri, Azərbaycan Respublikasının Xalq artisti Məmmədsəfa Qasımov, aktyorlar Təranə Ocaqverdiyeva, Elgün Həmidov və Ləman Mərrih çıxış edirlər.
Orxan Pamuk çağdaş dövrdə dünyada əsərləri ən çox nəşr olunan və oxunan 10 yazıçıdan biridir. Avropalılar onu "Avropaya roman yazmağı öyrədən yazıçı”, "Türkiyənin Umberto Ekosu” adlandırırlar. Yazıçının şah əsərlərindən olan "Mənim adım Qırmızı” romanı Avropada son qırx ilin ən yaxşı romanı hesab olunur. Müəllifin "ən rəngli və qorxulu romanım” adlandırdığı "Mənim adım Qırmızı” əsəri Osmanlı dövlətində naxış və nəqqaşlıq sənəti haqqında heyrətamiz hekayətdir.
Romanda Osmanlı hökmdarı III Muradın hakimiyyəti dövründə – 1591-ci ilin doqquz qış günü ərzində İstanbulda baş verən hadisələr təsvir edilir. İstanbulda bahalıq və qorxunun yaşandığı bir dövrdə xəttat və nəqqaşlar çay evlərində toplaşır, hekayələrə qulaq asır və əylənirlər. Romanın özünəməxsusluğu ondadır ki, roman qəhrəmanlarının öz dilindən danışılır, belə ki, ölülər və cansız əşyalar belə kitabın hekayəsini öz dilləri ilə danışırlar.
Rejissor Əbdülqəni Əliyev əsərin əsas mətləblərini saxlasa da, romana tamamilə fərqli baxım bucağından yanaşıb. Radio aparıcıları Orxan Pamukun "Mənim adım qırmızı” romanını təhlil edirlər. Kişi ittihamçı, Qadın müdafiəçi mövqeyindən çıxış edir. Romanın təhlili zamanı Kişi və Qadın öz aralarındakı münasibətdən tutmuş, siyasi, sosial, psixoloji, sakral məsələlərə toxunur, 1 saat 10 dəqiqə ərzində romandakı gizli mənaları açmağa çalışırlar. Mövsümün sonuncu premyerası isə 22 iyun tarixində saat 19.00-da YUĞ Dövlət Teatrında ünlü Norveç yazarı Henrik İbsenin "Vahimə” əsəri əsasında hazırlanmış "Vəsvəsə” adlı tamaşası olacaq. Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır. Tamaşada Əməkdar artist Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev (Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina) çıxış edirlər.
Skandinaviyalı dramaturqunun əsəri əsasında hazırlanan tamaşanın süjet xətti belədir. Ərinin xatirəsini əbədiləşdirmək üçün tikilən yetimlər evinin açılış mərasiminə, bu işdə ona yardımçı olan keşiş şəhərdən dəvət olunur. Açılış mərasiminin müzakirəsi zamanı qadın keşişə etiraf edir ki, onun əri ömrünü əyyaşlıq və pozğunluqla yaşayıb. Evlərindəki qulluqçu ilə münasibətdən bir qız dünyaya gətirib. Xanımın uşaqlıqdan uzaqda yaşayan oğlu isə bilmədən bacısı ilə evlənmək niyyətindədir. Mərhumə qulluqçu ilə pul müqabilində nigahda olan dülgər isə, qızı buradan uzaqlaşdırıb, açmaq istədiyi əxlaqsızlıq yuvasında işlətmək niyyətindədir. Sığortalanmamış yetimlər evinin gözlənilmədən yanmasının səbəbkarının keşiş olduğunu iddia edən dülgər, sirrin açılmaması müqabilində keşişi gələcək planlarının həyata keçirilməsinə dəsək olmağa məcbur edir. Qadının xəstə oğluna baxmaqdan imtina edən qız, xoş güzaran arzusu ilə dülgərin təklifinə razı olub, keşiş və dülgərə qoşularaq şəhərə yollanır. Hamı öz gələcək planlarının dalınca gedir. Hər şeyini itirmiş xanım vahimə, qorxu və ümidsizlik içində qalsa da, çirkaba bulaşmış saxta dəyərlərdən imtina edərək mənəvi azadlığına qovuşur.
"Mənəviyyatını itirən hər şeyini itirir!” – maksimasından çıxış edən rejissorun fikrincə, "Azadlığını itirən mənəvi əzabdan başqa heç nə qazanmır”. Tamaşanın növbəti nümayişi iyun ayının 26-da baş tutacaq.
Həmçinin teatrda bu günlərdə YUĞ Teatrında yeni beynəlxalq layihə də həyata keçirilir. Teatrının mətbuat xidmətindən verilən məlumata görə, artıq bolqar rejissor Xristo Stoyçev YUĞ Teatrında U.Şekspirin "III Riçard” əsəri üzərində məşqlərin ilkin mərhələsinə başlayıb. H.Stoyçev U.Şekspirin əsərini yeni səhnə redaksiyasında təqdim edir. Pyesi Azərbaycan dilinə YUĞ Teatrın aktyoru, Əməkdar artist Vidadi Həsənov çevirib. Tamaşada cəmi 4 obraz iştirak edəcək. "Lənət” adı ilə təqdim olunan səhnə əsərində YUĞ Teatrının aktyorları Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), Qasım Nağı (Bekingem), aktyorlar Oqtay Mehtiyev, Vüqar Hacyev (Riçard), Elgün Həmidov (Bekingem), Natəvan Qeybani (Marqarita), Zümrüd Qasımova və Təranə Ocaqverdiyeva (Kraliça Yelizaveta) çıxış edirlər. Tamaşanın quruluşçu rəssamı da Bolqarıstandan dəvət oluub. "III Riçard” tamaşasına səhnə tərtibatının bolqar rəssam Olqa Boseva tərəfindən veriləcək. Tamaşanın məşqlərinin iyul ayının 15-ə qədər yekunlaşması gözlənilir. Teatrın direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənovun sözlərinə görə, növbəti mövsümün məhz "Lənət” tamaşası ilə açılması planlaşdırılır.
Qeyd edək ki, Xristo Stoyçev maraqlı dünyagörüşü və sənət təfəkkürü ilə seçilən, Azərbaycan mədəniyyətinə böyük rəğbət bəsləyən sənətçilərdəndir. Rejissorun 2000-ci ildə Lənkrəran Dövlət Dram Teatrında hazırladığı "Mizantrop” tamaşası mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Teatr həmçinin növbəti mövsümdə 30 illik yubileyinə hazırlaşır. Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilin sonlarında YUĞ Teatrının 30, teatrın qurucusu Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.
Növbəti mövsümdə teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda İlqar Fəhminin əsəri əsasında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tamaşa-kompozisiyanın və Mikayılov Mikayılovun quruluşunda İvan Vırıpaevin pyesi əsasında "İllüziyalar” adlı yeni səhnə əsərinin hazırlanması planlaşdırılır. Kollektiv növbəti mövsümdə də xarici səfərlərini davam etdirəcək. Teatr artıq bir neçə beynəlxalq festivaldan dəvət alıb.
Altay Cəfərsoy
banner

Oxşar Xəbərlər