YUĞDA OYUNCAQ EV QURULUR

YUĞDA OYUNCAQ EV QURULUR

23 May 2016, 11:26 1771

Yuğ Dövlət Teatrı yeni binada – Dövlət Kukla Teatrında məskunlaşdıqdan sonra maraqlı layihələr və tamaşalarla işini davam etdirir. Hazırda Yuğ Teatrı yeni irimiqyaslı layihəhəyata keçirir. Layihəyə əsasən, İngiltərənin Aloff Teatrı ilə birgə yeni tamaşa hazırlanır.Ünlü Norveç yazarı, intellektual dramın banilərindən biri Henrik İbsenin pyesi əsasında hazırlanan "Oyuncaq evi” tamaşasının prodüseri Sənan Əliyev, quruluşçu rejissoru, Metyu Zak Paneş, rəssamı Olqa Yaroşdur. Qısa bir haşiyəyə çıxaraq rejissor Metyu Zak Paneşin dünyanın ən böyük incəsənət festivalı sayılan Edinburq Festivalının İdarə heyətinin üzvü olduğunu, rejissor, aktyor, yazıçı, şair və prodüser kimi fəaliyyət göstərdiyini qeyd etmək istərdim. Metyu həmçinin PBH Free Fringe festivalının bədii rəhbəridir.

Tamaşaya gəlincə İbsenin məşhur əsəri Azərbaycana adaptasiya olunub. Adaptasiyanın və yeni səhnə redaksiyasının müəllifi Nik Audedir. Nik Aude pyesdə baş verən hadisələri XIX əsrin Norveçindən, Xəzərin qoynundakı Bakıya, yeni qurulmuş Azərbaycan Sovet Sosialist Respublikasının paytaxtına köçürüb. Tamaşada baş verən hadisələr dünyanın ilk neft bumu mərkəzlərindən biri olmuş Bakı üçün əlamətdar dəyişikliklər ili olan 1927-ci ildə cərəyan edir. Pyesi azərbaycan dilinə Aloff Teatrının direktoru Sənan Əliyev çevirib.
"Oyuncaq evi” tamaşasında Yuğ Dövlət Teatrının aktyorları Natəvan Qeybani, Oktay Mehtiyev, Amid Qasımov, Elgün Həmidov və Könül Cəfərzadə çıxış edirlər.
Turxan Hüseynov yenicə, yerli Kommunist Partiyası tərəfindən Azərbaycanda Komissar təyin olunub. Bu vəzifə onun fədakar həyat yoldaşı Nuranəyə yeni ümidlər verir. Nəhayət ki, onların bütün problemləri geridə qalacaq. Lakin çox keçmir, onların bu xoşbəxtliyi çağrılmamış bir qonağın gəlişi ilə alt-üst olur.
Nuranənin ərini qorumaq üçün danışdığı yalanlar onların gələcəklərini və xoşbəxt evliliklərini sual altında qoyur. İndi yalnız möcüzə onları xilas edə bilər.

Tamaşanın məşq prosesini izlərkən də nə qədər maraqlı bir iş olacağına heç şübhə qalmır. Aktyorlar işlərinə həvəslə səy göstərirdilər və ən əsası bir-birini dinləyir, lazım gəldikdə kömək edirdilər. Fasilə vaxtı fürsətdən istifadə edib rejissorun tamaşa ilə bağlı fikirlərini, nədən bu əsərə müraciət etdiyini, bizim mühitlə hansı uyğunluq olduğunu və aktyorlarımızdan razı qalıb-qalmadığına dair fikirlərini öyrənə bildik: "Bildiyiniz kimi əsər 1890-ci ildə yazılıb. Əsərin əsas seçilmə səbəbi odur ki, iki üslubun arasındadır. Yəni fəlsəfi fikirlər arasında yer tutan bir əsərdir. Həmçinin bu əsər qadınların liberallığını göstərən bir əsərdir. Burada hadisələr Azərbaycanda 1920-ci ildə baş verir. Siz təbii ki, məndən də yaxşı bilirsiz ki, Azərbaycan birinci ölkələrdəndir ki, qadınlar səs vermə hüququna malik olublar və ilk dəfə çadranı burda atıblar. Və bu əsərin seçilməsinə daha bir səbəb odur ki, bu əsərin yazılma tarixi ilə Azərbaycandakı hadisələr arasında çox qısa vaxt olduğunda həmin hadisələri Azərbaycana aid etmək çox rahat oldu. Bundan başqa yüz illər keçməsinə baxmayaraq hələ də qadın-kişi bərabərsizliyi həlli yolunu tapmayıb ki, bu əsər bir növ buna da şamil edilir. Aktyorlara gəlincə, rollarını oynamaqlarından, rola yanaşma tərzlərindən çox razıyam. Bunu bütün səmimiyyətimlə deyirəm, sadəcə bir problem var ki, aktyorlar təkcə teatrda çalışmırlar, gah reklamlara, gah seriallara, gah da verilişlərə gedirlər deyə məşq prosesi bəzən çətin alınır. Lakin bütün bunlara baxmayaraq bacardığımız qədər məşqlərimizi çox edirik və onlar da güclü aktyorlardı, ürəyimdən gələn hər şeyi edə bilirəm onlarla, rahat işləyə bilirəm. İnanıram ki, istədiyimiz işi sərgiləyə biləcəyik”.

Tamaşanın aktrisası Natavan Qeybani canlandırdığı Xəlisə obrazı barəsində fikirlərini bizimlə bölüşdü: "Xəlisə möhkəm bir qadındır. Yəni həyatını, əsas sevgisini xəstə anasına, sonda isə qadaşlarını böyütməyə qurban verib, sevdiyi şəxsdən ayrılıb, indi isə tək qalıb, əri ölüb, var-dövləti bitib və indi həyatını yenidən qurmaq istəyir. Qəribə bir təsadüflə gəlir Nuranənin (Könül Cəfərzadə) yanına, bilir ki, onun əri imkanlıdır və ondan iş almaq istəyir. Və burada təsadüfən öz keçmiş sevgilisini görür, ona təklif edir ki, hər şeyi unudub yenidən xoşbəxt olmağa çalışsınlar. Onun uşaqlarını isə öz balaları kimi böyütməyə razıdır. Və onun gəlişi sanki Nuranəni bir şəxs kimi ayıldır. Lakin buna baxmayaraq, həyat sanki yenə də Xəlisəyə eyni oyunu oynayır. O, yene də kiməsə baxmalıdır, kiminsə qeydinə qalmalıdır. Bu obrazın mənə yaxın bir xüsusiyyəti var. Mən də həmişə bütün qadınlara deyirəm ki,mərd olsunlar, öz ayaqları üstündə durmağı bacarsınlar. Həyatda nə olur-olsun möhkəm olmaq lazımdır. Bu əcnəbi rejissorun işində bir xüsusiyyət var ki, bizlərə tam sərbəstlik verir, yəni peşəkar aktyorsansa özün hər şeyi etməyi bacarmalısan, ancaq bir məqam da var ki, mənimçün bu rahatdır, ancaq, gənc bir aktyor üçün bu bir qədər çətinlik törədə bilər, çünki hələ öyrənməli çox şeylər olur. Ancaq işimiz çox rahat gedir və ümid edirəm ki, tamaşaçılar da razı qalacaqlar”.

Sonda qeyd edək ki, tamaşanın premyerası 20 may saat 20.00-da və 21 may saat 17.00-da YARAT Müasir İncəsənət Mərkəzində (Ünvan: Bakı, Səbail r-nu, Bayıl qəsəbəsi. Dövlət Bayrağı Meydanın yaxınlığı) keçiriləcək.

Nigar Pirimova

teatrşünas