AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

YUĞ-da “Toy səyahəti” yaxud “Teatr: təcrübədən nəzəriyyəyə”

YUĞ-da “Toy səyahəti” yaxud “Teatr: təcrübədən nəzəriyyəyə”

28 Mart 2016, 09:59 1116
Son illər dünya teatrlarında müxtəlif təcrübələr keçirilir. Məlum məsələdir ki, bu gün də bir sıra Avropa teatrlarında tamaşaçılarla canlı ünsiyyət daha çox marağa səbəb olur. Avropa teatrlarına inteqrasiya edən Azərbaycan teatı da bu gün mümkün qədər həmin təcrübələrdən yararlanmağa çalışır. Məsələn Rus Dram Teatrı bəzi tamaşalardan sonra seyrçilərlə canlı şəkildə müzakirə aparırlar. Hazırda fəaliyyətini Kukla Teatrının binasında davam etdirən Yuğ Dövlət Teatrı isə “Teatr: təcrübədən nəzəriyyəyə” adlı layihə həyata keçirməyə başlayıb. Layihə çərçivəsində ilk tədbir 14 mart tarixində gerçəkləşdi. Müasir dramaturgiyanın problemlərinə həsr olunmuş tədbirdə Mehman Musabəylinin “Toy səyahəti” pyesinin teatrallaşdırılmış oxunuşu baş tutdu.
Giriş sözü ilə tədbiri teatrın baş rejissoru Gümrah Ömər açaraq, gələnləri salamladı və tədbirin mahiyyətindən danışaraq bbu layihənin gələcəkdə daha mütəmadi şəkildə davam etdirmək istədiklərini vurğuladı. O, həmçinin bildirdi ki: “Biz gənc imzalar və teatrlar arasında körpü qurmaq istəyirik. Layihənin məqsədi həm də budur. Silsilə tədbirləri nəzərdə tutan layihə milli teatr prosesində canlanma yaratmağa, teatrla cəmiyyət, teatr xadimləri, dramaturqlar, yazarlar və tələbələr arasında intensiv qarşılıqlı ünsiyyət yaratmağa yönəlib”.
Daha sonra isə söz teatrın ədəbi hissə müdiri Elçin Cəfərova verildi. O, da öz növbəsində layihənin mahiyyətindən, qarşıya qoyduğu hədəflərdən danışaraq bu tədbirin gənc teatrşünaslarda, tələbələrdə maraq oyadacağından, canlı ünsiyyətin daha da maraqla qarşılanacağından ümidli olduğunu qeyd etdi: “Teatrlar və ictimaiyyət arasında yaradıcılıq mübadiləsini təmin etməklə, yeni rejissor, aktyor, dramaturq kadrların aşkarlanmasına və onların aktiv teatr fəaliyyətinə cəlb olunmasına zəmin yaratmaq məqsədi daşıyan layihəmizdə bütün qələm və düşüncə sahiblərini görmək istərdik”.
Daha sonra tamaşanın rejissoru Mikayıl Mikayılov danışaraq qısa şəkildə pyes barəsində, onun mövzusu və ideyasından, aktyorların rollarından danışdı.
On səkkiz dəqiqə davam edən pyesin oxunuşu sadə bir mövzu üzərində qurulmuşdu. Beş il evli olan Şahin və Maya adlı iki gənc artıq ayrılmaq həddindədirlər. Lakin Şahin son anda evliliklərinin il dönümünə hava şarı düzəldir, sonradan onların şarı həqiqətən uçur və maraqlı səyahət baş tutur. Lakin bu xoşbəxtlik uzun sürmür. Hava işıqlananda aydın olur ki, onların hava şarı ilişib və onlar öz həyətlərindədirlər.
Mikayıl Mikayılovun quruluş verdiyi teatrallaşdırılmış oxunuşdan sonra əsərin müzakirəsi baş tutdu. Teatrşünaslar Aydın Talıbzadə, Vidadi Qafarov, Aliyə Dadaşova həmçinin, teatrşünas, rejissor, aktyor tələbələr layihə haqqında öz fikirlərini bölüşdülər.

Nigar Pirimova