“Yalnız kommersiya maraqları rəhbər tutulsa, sənət məhv ola bilər”
"Kaspi” qəzetinin "Teatr” əlavəsi Stanislavski Elektroteatrının direktoru
İrina Zolina ilə müsahibəni təqdim edir.
-
İrina
Vyaçeslavovna, siz Rusiyanın ən tanınmış teatrlarından
birinin direktorusunuz və uzun müddət teatr prodüserliyi ilə məşğul olmusunuz.
Rusiya teatrlarında menecment siyasəti hansı istiqamətdə aparılır?
Teatrların idarəetmə strategiyası konkret teatrın
xüsusiyyətlərinə müvafiq şəkildə tərtib olunur. Bütün Rusiya teatrlarının
menecment siyasətini əhatə edən dəqiq təyin demək mümkün deyil. Hətta ayrıca
Moskva və əyalətlər haqqında danışsaq belə, bu teatrların bədii məqsədlərindən,
bədii rəhbərindən və onun teatrın inkişafı ilə bağlı bədii konsepsiyasından
asılıdır. İdarəetmə strategiyası buna əsasən təyin olunur. Elektroteatr isə -
rejissor teatrıdır, yəni, teatrda tamaşa quran hər bir rejissora doğru istiqamətlənən
teatrdır. Biz heç vaxt rejissorların yaradıcılıq prosesinə müdaxilə etmirik,
fikirlərini sərbəst həyata keçirməsinə şərait yaradırıq və bu bizim teatr siyasətimizin
önəmli hissəsidir. Digər önəmli məqam isə bütün şöbə və sexlərimizlə işləyərkən
riayət etdiyimiz "horizontal idarəetmə sistemi”dir.
-
Rusiyada çox sayda teatr və böyük tamaşaçı kütləsi
var. Bəs, sizin fikrinizcə teatral olmayan ölkə və ya şəhərlərdə təbliğat,
tanıtım və reklam işləri necə qurulmalıdır?
Təbliğat sözü məni
qorxudur, çünki o qədər də uzaq olmayan keçmişimizə aparır. O vaxtlar vərəqələr,
broşürlər paylamaq, müxtəlif ideyaları təbliğ etmək dəbdə idi. Ona görə də təbliğat
sözünü sualdan çıxarmaq istərdim. O ki qaldı, tamaşaçını cəlb eləmək məsələsinə,
mənə elə gəlir, teatr və rus xalqı bir-birindən ayrılmazdır. Hətta hansısa şəhərdə
və ya bölgədə teatrların sayı az olsa da, teatr sözü gələndə insanlarda müəyyən
həyəcan yaranır. İnkişafla məşğul olmaq lazımdır, amma bu o demək deyil ki, hər
şəhərdə, kəndə teatr yaranmalıdır, vaxtı ilə bu kimi cəhdlər edildi, amma heç
bir nəticə əldə olunmadı. Yəni, əgər bir nəfər teatra getmək istəyirsə, necə
olur-olsun bunun yolunu tapacaq. Misal üçün, o,
yaxınlığındakı daha böyük şəhərə gedə bilər. Bu, ildə bir dəfə də baş
verə bilər, ancaq onda teatra getmək həmişə onun yaddaşında parlaq hadisə kimi
qalacaq. Çünki məsələ izlədiyimiz tamaşaların sayında yox, istək və cəhdlərimizdədir.
İkinci istiqamət böyük teatrların bölgələrə qastrola çıxaraq ən yaxşı
tamaşalarını göstərdikləri teatr festivallarını inkişaf etdirməkdir. Bu zaman
sizin dediyiniz teatral ənənəsi o qədər də güclü olmayan kiçik şəhərlərdə
yaşayan insanlar böyük teatrların tamaşalarını görmək imkanı əldə edəcəklər.
-
"Stanislavskinin Elektroteatrı”nda direktor kimi işə başladıqdan sonra hansı əsas
reformalar həyata keçirmisiz?
Reforma sözü, nədənsə, adətən,
inqilabla, yaxud yenidənqurma ilə - köhnə hər şeyi məhv edib, yerində yeni bir
şey tikmək cəhdi ilə asossiasiya olunur. Mənim dərin inancıma görə, köhnə şeyi
dağıdaraq, yerinə yeni və maraqlı bir şey yaratmaq mümkün deyil. Teatrımız 85
il müddətində fərqli mərhələlərdən keçib, amma bütün bunlar olmasaydı, teatr
indiki vəziyyətinə gəlib çıxmazdı. Buna görə də yalnız tarixə həssas yanaşmaq,
yaratmaq və yenidən yaratmaq üçün imkan verə bilər.
-
Teatr repertuarının tənzimlənməsində pyeslər xüsusi
bir prinsiplə seçilir, yoxsa rejissorların müstəqil seçimləri ilə?
Bu, rejissorların müstəqil
seçimidir, pyes seçiminin qaydaları yoxdur. Yozum teatrla və onun bədii
konsepsiyası ilə səsləşməlidir, lakin pyes bədii rəhbərin xoşuna gəlməyə də bilər.
Rejissor özü pyeslə "xəstələnməlidir” ki, onunla işləyən aktyorları da
"yoluxdura” bilsin.
-
Repertuara hər
hansı bir senzura tətbiq olunurmu?
Heç bir daxili senzura
yoxdur, amma bayaq da dediyim kimi, teatrın bəlli bir bədii konsepsiyası var. Əsas
məsələ kobud və pis davranışlara yol verməkdədir. Səhnədə lüt insanı göstərmək
artıq çox gərəksizdir və bununla insanların diqqətini cəlb edə bilməzsiniz.
Çılpaqlıq və söyüş səhnədə ancaq bədii cəhətdən əsaslandırıldığı halda
mümkündür.
- Bu illər ərzində etdiyiniz müşahidələrə əsasən,
deyə bilərsinizmi Rusiya tamaşaçısı nə istəyir?
Son zamanlar rus
tamaşaçısı daha həssasdır, çünki dünyanı gəzmək, çox görmək, müqayisə aparmaq
imkanı olub. Ona görə tamaşaçını aldatmaq işə yaramır. Tamaşalar rejissor
üslubuna görə, dramaturji əsasına, bədii istiqamətinə görə fərqli ola bilər,
amma quruluşun keyfiyyəti və rejissorun marağı həmişə önəmlidir. Əgər rejissorun
və digər sənətçilərin gördükləri işə marağı varsa, onların yaratdıqları
tamaşaçı üçün də maraqlı olacaq.
- Elektroteatrın daha fundamental və məşhur
tamaşaları var. Lakin Bakıya iki kiçik həcmli tamaşa ilə gəlmisiniz. Buna səbəb
nədir?
Böyük tamaşalarımızın tədqim
olunmasına uzun hazırlıq mərhələsi lazımdır. Bundan başqa heç bir səbəb yoxdur.
100 nəfər, 5 maşın səhnə və kostyum köçürmək asan deyil. Bu, böyük maddi vəsait
tələb edir. Amma qarşılıqlı anlaşma nəticəsində bu məsələni həll edə bilərik.
Stanislavski Elektroteatrının böyük tamaşalarını da Bakıya gətirmək istəyi var
və mən də ümid edirəm ki, kamera xarakterli tamaşaların Bakıda nümayişi Azərbaycan
tamaşaçısının teatrımızla maraqlanmasına vəsilə olacaq.
- Bildiyimiz qədər Elektroteatr özü – özünü maliyyələşdirir.
Bəs, teatrın maliyyə balansı necə tənzimlənir və maliyyə sıxıntısı
yaşayırsınızmı?
Digər sənət növləri kimi
teatr da tam şəkildə özü-özünü təmin edə bilməz. Yalnız kommersiya maraqları rəhbər
tutulsa, sənət məhv ola bilər. Sirr deyil ki, teatrın əsas maliyyəsi büdcədən kənar
mənbələrdən formalaşır. Məxsusi olaraq teatra dəstək fondu yaradılıb ki, onun
sayəsində teatrın dövlətdən maliyyəsindən asılılıq dərəcəsi azalıb. Sözsüz ki, teatr
üçün dövlət maliyyələşməsi də büdcədən kənar maliyələşmə qədər vacibdir.
-
Elektroteatr
üslub baxımından digər teatrlardan nə ilə fərqlənir?
Teatrımızın əsas və kiçik
səhnəsində göstərilən tamaşalar Teodor Terzopulos, Hayner Gebbelsdən Klim Kozinski və ya Svetlana Proxorova kimi
olan gənc rejissorlara qədər mütəlif sənətçilər tərəfindən qurulur. Bütün
tamaşalar assorti qutusundakı konfetlər kimi özünəməxsusdur. Hər birinin bənzərsiz
dadı, özünəməxsus ləzzəti var və onlar birlikdə hər hansı sənət əsərinin
unikallığını təmin edirlər.
-
Rusiya teatrının bu gün hansı problemi var?
Yaradıcılıq baxımından
rus teatrının heç bir problemi yoxdur, çünki hər istiqamətdə teatr şirkəti mövcudur:
Teatr.doc, "Qoqol-Mərkəzi”, Malıy Teatr, RAMT (Rusiya Akademik Gənclər Teatrı)
və digərləri var. İstər teatr olsun, istər muzey, kinoteatr, yaxud sərgi
salonu, hər bir qurumun özünəxas xüsusiyyətləri var. Onların hamısını bir qanun
altında birləşdirmək mümkün deyil. Teatrların yaşaması üçün dəstək, yeni
tamaşaların qurulması, repertuardakı köhnə tamaşaların qorunub saxlanması və
tenderlərin keçirilməsi ilə bağlı qanuna dəyişikliklər edilsə, daha asan olar.
Müsahibəni alan: Emin Əliyev
Teatrşünas