Xalq teatrları müasir mədəniyyət prosesi kontekstində: problemlər və perspektivlər

Xalq teatrları müasir mədəniyyət prosesi kontekstində: problemlər və perspektivlər

27 Sentyabr 2019, 15:00 326
Müvəqqəti yaradılan truppalardan ölkəni bütünlükdə əhatə edən meqastruktura qədər yol keçmiş, milli peşəkar teatr sənətinin yaranması üçün zəmin rolunu oynamış xalq teatrları bu gün böhran durumundadır. Həm də bu böhran yalnız Azərbaycan üçün deyil, bütünlükdə postsovet məkanı üçün xarakterik haldır.  Yaranmış situasiya sosial-siyasi, iqtisadi, mədəni vəziyyətin dəyişilməsinin nəticəsi kimi meydana çıxıb. 
SSRİ-də ötən əsrin 90-cı illərinə qədər mövcud olmuş asudə vaxtın səmərəli təşkili ənənələri fərdin aktiv şəkildə yaradıcı prosesə qoşulmasını, onun şəxsi yaradıcı keyfiyyətlərinin inkişaf etdirilməsini nəzərdə tuturdu və qeyri-rəsmi olsa da, təhsilin davamı, inkultasiya və sosializasiya funksiyasını yerinə yetirməklə ümumi maarif prosesinin ayrılmaz tərkib hissəsi idi.
Belə olan halda, ölkənin kitabxana, kino, teatr, klub, musiqi məktəbləri və s. digər mədəniyyət müəssisələri şəbəkələri kimi xalq teatrları da, bir növ, peşəkar teatr üçün baza rolunu oynayırdı. Bir sözlə, sovetlər ittifaqına daxil olan bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da xalq teatrları şəbəkəsi vahid mərkəzdən idarə olunan sistemin mədəniyyət siyasətinin təzahürü idi. Aydın məsələdir ki, bu gün tamam fərqli sosial-siyasi, iqtisadi, mədəni şəraitdə xalq teatrları əvvəlki mahiyyətində qala və ənənəvi üsullarla fəaliyyət göstərə bilməz. Axı, günümüzün insanının asudə vaxtının təşkili mexanizmləri, cəmiyyətin həyat tərzi, dünyagörüşü, tərcihləri tamamilə dəyişilib. Bu gün cəmiyyətimizdə asudə vaxtın səmərəli təşkili əvvəlki dövrlə müqayisədə daha passiv və fraqmental xarakter daşıyır. Çağımızın insanına asudə vaxtını maraqlı keçirmək üçün beynəlxalq hörümçək toru və bu tora "ilişmək” üçün bir qarmaq – yəni internet və internetə qoşulu bir cihaz (kompüter, noutbuk, planşet, telefon və i. fərq etməz) yetərlidir.
Ona görə də insanların əvvəlki kimi teatra, o cümlədən xalq teatrlarına, bədii özfəaliyyət sahələrinə marağının olmamasından gileylənmək, osmanlı türkləri demişkən "əski ramazanlar”ın xiffətini çəkmək populizmdən savayı bir şey deyil və qeyri-konstruktiv mövqedir. Müasir zamanda xalq teatrlarının heç kimə lazım olmadığını iddia etmək və bu institutun imkanlarından özümüzü məhrum etmək də yanlış addım olar. Belə olan halda neyləməliyik? Nədən başlamalı? Zənnimcə, məsələyə xalq teatrlarının mövcud durumunun və bu vəziyyəti təyin edən amillərin öyrənilməsindən başlamaq gərəkdir.
Çağdaş dövrdə əhalinin asudə vaxtını və onu keçirmək üçün sərf olunan vəsaiti bölüşdürməsi həm də iqtisadi durumla əlaqəlidir. Həyatın tempinin durmadan yüksəlməsi, insanların boş vaxtlarının, demək olar ki, olmaması və asudə vaxtın keçirilməsinin alternativ formalarının artması xalq teatrlarına marağı (həm iştirakçı, həm də tamaşaçı kimi) xeyli azaldıb. Buna görə də xalq teatrlarının fəaliyyətini tənzimləyən şəxslər işlərini tamamilə yeni formada qurmağa və dövrün çağırışlarına həssas olmağa məhkumdurlar.
Xalq teatrlarının rəhbərləri çalışmalıdırlar, proses elə qurulsun ki, məşğələlər yalnız maraqlı tamaşaların hazırlanmasına yönəlməsin, həm də kollektivin mədəni-intellektual və yaradıcı səviyyəsi yüksəldilsin.
Xalq teatrı həm də cəmiyyətdə mənəvi dəyərlərin formalaşmasına xidmət edir. O, sosial-mədəni institut kimi cəmiyyətin sosiokulturoloji durumuna bilavasitə təsir göstərir.
Xalq teatrları sosiokulturoloji təzahür kimi öz inkişaf tarixi ərzində cəmiyyətin mədəni və sosial dəyərlərinin mənimsənilməsi funksiyasını yerinə yetirən sosial institut kimi formalaşıb.
Bütün sosial və iqtisadi transformasiyalarına rəğmən xalq teatrlarının stabil fəaliyyəti teatr sənətinin inkişafı, teatrlar üçün həm aktyor və rejissor kadrlarının, həm də hazırlqlı tamaşaçıların formalaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Bu sistemin gələcək inkişafı üçün sistemli tədbirlər həyata keçirilməlidir, çünki xalq teatrları, özfəaliyyət kollektivləri, dram dərnəkləri kimi qeyri-formal mədəni institutlar inkişaf etdirilməsə, formal institutlar effektiv fəaliyyət göstərə bilməyəcəklər. 
Təbii ki, xalq teatrları şəbəkəsinin effektiv fəaliyyəti ancaq o zaman mümkün olar ki, o yerli ənənələrə, etnik şərtlərə, coğrafi əraziyə, mühitə, əhalinin mədəni səviyyəsinə və məişətinə bağlı olsun.
Xalq teatrlarının fəaliyyəti peşəkar teatrların fəaliyyətinin təkrarlanmasından ibarət olmamalıdır. Xalq teatrları peşəkar teatrların repertuarını təkrarlamamalı, peşəkar teatrları yamsılamaqdansa, öz yaradıcılıq xəttini, üslubunu müəyyənləşdirməli, yeni formalar tapmalıdır. Unutmaq olmaz ki, xalq teatrları peşəkar teatr deyil və onların məqsədləri, fəaliyyət prinsipləri və ölkənin mədəni həyatında yeri də fərqli olmalıdır. 
"Peşəkar teatrları” təqlid etməyə çalışmayan və öz funksiyalarını düzgün yerinə yetirən xalq teatrları professional teatr sənəti üçün platforma ola bilər. Məsələn, xalq teatrları yeni repertuarı sınaqdan çıxara, fərqli, yeni əsərlərə, gənc müəlliflərin pyeslərinə müraciət etməklə hansısa maraqlı bir dramaturqu teatr sənətinə qazandıra bilər.
Xalq teatrlarının teatr ənənələrini inkişaf etdirəcək və aktuallaşdıracaq özfəaliyyət prinsiplərini işləyib hazırlamaq lazımdır. Bu yolla hər hansı bölgədə yerləşən xalq teatrı cəmiyyətin mədəni və mənəvi həyatında mühüm rol oynaya, həmçinin ölkənin teatr sənətinin inkişafına təkan verə bilər.
 
Elçin Cəfərov