AZE | RUS | ENG |

Unut məni, unuda bilsən...

Unut məni, unuda bilsən...
Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsindəyəm. Bəli, məhz səhnədə. 14-15 noyabr tarixlərində Şota Rustavelli adına Tbilisi Dövlət Dram Teatrının Bakı premyerası olan tamaşasını izləyəcəm. Nə mutlu bizə. Məhz dünyaşöhrətli rejissor Robert Struanın quruluşunda bu tamaşa faktı ilin  "teatr hadisəsi”dir desəm, heç kəs məni qınamaz. Ancaq tamaşa "hadisə” ola bildimi? Bunu sonda siz qərar verərsiz. 
"Mariya Kallas. Dərs” tamaşası məşhur opera ifaçısı Mariya Kallasa həsr olunan amerikalı yazıçı Terrens Maknellinin "Ustad-dərsi” pyesinin əsasında səhnələşdirilib. Səhnədə uzununa iki ağ fon yaradılıb, bu fonda məşhurun şəkilləri əks olunur, musiqisi səslənir, sağ tərəfdə üzərində konyak dolu badə olan royal durur. Səhnə işıqlarının üzərində məşhurun "stulu”, skripka, notların rəfi yer alıb. Mariya Kallas "dörd səs bir qadında” cəmləşən məşhur-dünya ulduzu kimi seyricilərə tanıdılır və ya yada salınır. 
Məşhur rejissor Robert Strua niyə məhz Kallasa müraciət edib? "Kallas” sözünün mənası sənətə "qul” kimi xidmət etmək, bütün şəxsi ambisiyaları unutmaq deməkdir. O, pyesdə yeni estetik konsepsiyasını görüb, ol səbəbdən də tamaşanı "Mariya Kallas. Dərs” adlandırıb. Bu, Robert Struanın dərsi idi. Nəzərə alın ki, tamaşanın ilk premyerası 2013-cü ildə "Fabrik” teatr-studiyasında baş tutub. Və rejissor bu səhnədə gənclərə "Dərs” keçməyi uyğun bilib. 
Kimdir Mariya Kallas? O, dünya opera sənətinin refermatoru, səsində dörd dünyanı cəmləşdirən yüz ildə bir dünyaya gələ biləcək nadir tapıntıdır. Robert Strua Mariya Kallas rolunu vaxtilə Rustavelli teatrının aktrisası olmuş, "Suramski qalası haqqında əfsanə” filmi ilə tanınmış Lela Alibeqaşviliyə - ifadəli səhnə görünüşünə, gürcü xarakterindən törəyən çılğın temperamentə malik  aktrisaya həvalə etmişdir. Onun Kallası sadədir, güclüdür, əvəzolunmazdır - tələbələrdən nə istədiyini bilir. O, müəllim kimi qəddardır, onu heç bir gənc-vokalist razı sala bilmir. Lakin bu onun insani keyfiyyətlərini şübhə altına almır. Çünki o, ən yüksək nəticəni istəyir, peşəkarlığın zirvəsindən çıxış edir. Robert Struanın tamaşasında Kallas məhz bu cür oxunur. Onu da deyim ki, gənc vokalçıların gözündə o eqoist, zəhlə tökən, kaprizli ifritə kimi anlaşılır. 
O isə hər şeyini, xüsusilə yeganə sərvəti olan səsini itirmiş bədbəxt qadındır. Onun bu səsdən yadigar qalan məşhurluğundan savayı heç nəyi yoxdur. Razılaşaq ki, bu faktlar mütləq onun xarakterinə sirayət etməlidir. O, nə qadın kimi, nə ana kimi yaşamağın nə demək olduğunu bilmir. Bildiyi sadəcə məşhurluğun dəqiq formasıdır ki, illərdir o, bu formatda yaşayır. 
Mariya Kallasın səhnədə ilk tərəfmüqabili akompaniator David Darçiyadır. Onun vəzifəsi royalda müşayiət etməkdir. Smokinq ilə süslənən oyunçu Mariya Kallasın yanında danışmağa belə cəsarət eləmir, o mızıldayır, pıçıldayır. Yaxşı insan kimi təqdim olunan akompaniator səhnədə sanki təqdimatçıdır. Təqdimat belə başayır:
 "Mən orta yolu sevmirəm”. Özünün də dediyi kimi Kallas, vokalçılardan da ən yüksək səviyyədə çıxış, maksimal nəticə, ideal ifa tələb edir. Onun birinci tələbəsi-I Sopranonun (ifaçı Lela Axalaiya) səhnə adı Sofiyadır. Dərsin Sofiya üzərində nəticəsi bu olur ki, hər bir ifaçının öz siması, öz tərzi və şəxsiyyəti olmalıdır. Sofiya isə individuallığını itirmiş, zəif bənzətmə ilə yaşayan çaşqın, yazıq simalı ifaçıdır. Onun üzərində apardığı qısa dərsdən sonra məşhur Mariya Kallas gəncin gizli qalan temperamenti açmağa nail olur. Və ona "rəssamın güclü xarakteri olmalıdır” deyib, sonucda arxasınca "get, vaxt gələr soyuq opera səhnələrinin küncündə tənha qalanda məni yada salarsan!” deyir. - I DƏRS.
Mariya Kallasın hüzurunda ikinci soprano dayanıb. Al qırmızı paltar, yaraşıqlı sima, özünə açıq-aşkar geyimi, duruşu ilə diqqətləri cəmləyən Ketevan Svanidze. Elə bununla da o Mariya Kallasdan ilk "şillə”nı alır, o, dərsdən qovulur. Çünki Ledi Maqbet bu görkəmdə ola bilməz. Ambisiya yaradıcılığa maneə olmamalıdır. Bu Mariya Kallasın növbəti dərsidir. Güclü opera səsinə malik olan Ketevan Svanidze isə çətin ariya olan Ledi Maqbetin öhdəsindən uğurla gəlir. Şekpir qəhrəmanının bütün ehtiraslarını nümayiş etdirən gənc sopranodan Mariya Kallas daha yüksəyini istəyir. Və gənc ifaçını qıcıqlandırır: "Siz öldürə bilərsiz? Yox? Demək siz heç bir vaxt nə Medeyanı, nə Ledi Maqbeti oxuya bilməyəcəksiz.” - II DƏRS.
Sonuncu tələbə tenor səsli (bu rolda peşəkar opera ifaçısı Arçil Qoqitidze çıxış edir) Toni Puççininin "Həsrət” operasından Kavaradossi partiyasını ifa edir. bu dəfə digərlərinin əksi olaraq Müəllim ondan emosiyalarının gizlədilməsini tələb edir. Arçil Qoqitidzenin ifası tamaşaçılarının alqışına səbəb olur və həqiqi peşəkarlıq əlbətdəki qiymətləndirilir. - III DƏRS. 
Bu, əgər Robert Struanın tamaşasıdırsa, burada gərək ki, hər effekt yer alsın. Tamaşanın gülüş qatı səhnə işçisi (David Uplisaşvili) üzərində qurulub. O, tamaşanın əvvəlində sadəcə işini görən səhnə fəhləsidir - acıdil, Kallasın heç bir əmrinə tabe olmayan sakit işçidir. Lakin biləndə ki, bu "Kallas”dır, tamamən dəyişir, gülərüz, diqqətcil, hörmətcil, səmimi Kallas vurğununa çevrilir. 
Tez-tez dəyişən işıq fonu sanki Mariya Kallasın hisslərini qabardır. Sağ və sol tərəfdən əyləşən seyrcilər sanki oyunun iştirakçısına çevrilirlər. Tamaşaçılar bu Ustad dərsi nin iştirakçısı olurlar. Tamaşanın emosional obrazına çevrilmiş Bellini, Verdi, Puççininin operaları, Bethoven və Qii Kançelinin musiqiləri fikir-ideyanı tamamlayır.   
Səhnə həlli Robert Strua və Nino Kantidzeyə, səhnəqrafiya Robert Strua və Mirona Şvelidzeyə, musiqi tərtibatı İi Sakandelidzeyə məxsus tamaşanın konsertmeysteri Viktoriya Çaplinskayadır. 
Tam qətiyyətlə demək olar ki, rejissoru Robert Strua olsa da, bu tamaşa rejissor tamaşası deyil. Hər bir aktrisanın arzusunda olduğu monopyesdir. Mariya Kallasın keçdiyi dərslər rejissor tərəfindən yaradılmış münbit hadisələrdir - Kallasın məşhurluq zirvəsini anlamaq üçün, onun səsinin əlçatmaz olduğunu sübuta yetirmək üçün. Bu dərslərdə tələbələrin çıxışı qısa, konkret idi  və yalnız onların xarakterlərini açmağa deyil, Kallasın məşhurluq kaprizlərini, şəxsi keyfiyyətlərini göstərmək üçün lazım idi. Dərs müddətində Mariya Kallas Stanislavskinin sisteminindən qoparılmış öz variantını, şəxsi həyatı və karyerasının xatirələr teoriyasını açıqlayır, fasiləsiz danışır. Bu tamaşada yeganə oxumayan şəxs Mariya Kallasdır. 
"Alqışlamaq lazım deyil, biz teatrda deyilik, bura işləməyə gəlmişik, bura dərsdir, əllərinizi çırmalayın və işləyin”... Dərs bitir, Mariya Kallas gedir. O, öz tənhalığına gedir, gedərkən son sözünü deyir: "Unut məni, unuda bilsən”.
 
Aygün Süleymanova
teatrşünas

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6331
GBP 1 İngilis funt sterlinqi 2.2267
TRY 1 Türk lirəsi 0.3042
KWD 1 Küveyt dinarı 5.6079
SEK 1 İsveç kronu 0.1895
EUR 1 Avro 1.9550
CHF 1 İsveçrə frankı 1.7090
USD 1 ABŞ dolları 1.7000