Tuncər Cücənoğlu: “Əsərlərimlə dünyaya mesaj ötürməyə çalışıram”
Tuncər Cücənoğlu... Bu ad
teatr camesinə çox yaxşı tanışdır. Bu gün Türkiyəli yazarın dövrümüzün ən
aktual problemlərindən bəhs edən əsərləri dünyanın müxtəlif ölkələrində səhnəyə
qoyulur. T.Cücənoğlunun əsərləri rus, ingilis, alman, fransız, bolqar, yunan, makedon,
isveç, gürcü, yapon, azərbaycan, tatar, çin, ərəb, fars, ukrayna, macar, çərkəz,
litva, özbək olmaqla 30 xarici dilə tərcümə edilib.
Dünya teatr aləmində dramaturq
kimi məşhur olan müsahibimin "Uçqun”, "Matruşka”, "Rəngsaz”, "Gözəlçələr”, "Qızıl
çay”, "Çıxmaz küçə”, "Sənət”, "Təyyarə”, "Şapka”, "Ziyarətçi”, "Qadın sığnağı” və
s. əsərləri 40-dan çox ölkədə səhnə həllini taparaq bu gün də repertuarlarında yer
alır.
Əsərləri Azərbaycanda da
sevilə-sevilə tamaşaya qoyulan dünya şöhrətli dramaturqla bu dəfə virtual
olaraq söhbət etdik. Söhbətimizi sizə təqdim edirik.
- Tuncer bəy, 50 ilə yaxındır ki, teatr səhnələri üçün əsərlər yazırsınız.
Bu da yarım əsr deməkdir. 50 il! Bu, əsərləri dünyanı gəzən bir yazar üçün nə məna
daşıyır?
- Bəli, teatr yazarı olaraq 48 ildir ki,
fəaliyyətdəyəm. İki il sonra 50 ilim tamam olacaq. Bu nöqtəyə gəlib çatdığım üçün
özümü xoşbəxt hiss edirəm.
-
Müəllifi olduğunuz pyeslər nəinki Türkiyədə, dünyanın bir çox ölkələrində
səhnəyə qoyulub və hələ də oynanılmaqdadır. Bu uğura necə nail olmusunuz?
- Əsərlərimi yalnız Türkiyə
üçün deyil, dünya xalqları üçün də yazıram. İnsanlığın problemləri ortaqdır. Əgər
sağlam bir hekayəniz, xarakterləriniz və insanlığı maraqlandıran bir mesajınız varsa,
bu zirvəyə çatmaq mümkündür.
-
Normalda yazar sadəcə bir əsərinin səhnəyə qoyulması üçün illərlə gözləyir.
- Yazdığım ilk əsərimlə teatr
səhnəsinə çıxan bir yazaram. Əsərlərim mənə bu şansı yaradır.
-
Türkiyənin teatr həyatını necə dəyərləndirirsiniz? Və hazırda Türkiyə teatrında
hansı proseslər gedir?
- Türkiyənin aktyor baxımından
bir problemi yoxdur. Amma bir qədər rejissor sıxıntımız var. Növbəti önəmli problemimiz
də dövlət və bələdiyyə teatrlarının tamaşa seçimində daha sərbəst bir ortama sahib
olmasıdır. Bu çox vacib məsələdir.
- Teatr yazarı olaraq fərdi saytınız fəaliyyət göstərir, bu sizə hansı
avantajlar yaradır?
- Haqqımda bütün
materialları özündə daşıyan Web səhifəm mənə böyük avantajlar təqdim edir. Çünki
bütün dillərə çevrilmiş əsərlərimi tez bir zamanda saytıma yerləşdirirəm. Beləliklə
tamaşalarımı və əsərlərimi izləmək çox asan olur. Mənə sadəcə, saytımın adresini
teatr cameəsindən olan insanlara vermək qalır. Əvvəl poçt vasitəsi ilə tamaşaların
diskini göndərirdik və ünvana çatma işi aylarla sürürdü. Bu da bizdən ayrı bir maliyyə
tələb edirdi. Hər göndərdiyin yer üçün tamaşaların bir nüsxəsini çıxarmaq və poçtalyonun
pulunu ödəmək məcburiyyətimiz var idi. Ancaq indi bir neçə dəqiqə içində sayta daxil
olub, tamaşalara baxmaq mümkündür.
-
Ötən ay Gəncə Dövlət Dram Teatrında sizin "Matruşka” əsəriniz səhnəyə qoyuldu.
Tamaşa sizi qane etdimi?
- Gəncə Dövlət Teatrında "Matruşka”
adlı əsərimin uğurlu səhnələşdirildiyini deyə bilərəm. Rejissor Elşad Əhmədli və
aktyorlar olduqca yaxşı performans göstərmişdilər. Buradan onları da təbrik edirəm.
-
Hazırda isə İrəvan Teatrında Sərvər
Əliyev tərəfindən başqa bir əsəriniz səhnəyə qoyulur. Bir ildə iki əsəriniz
Azərbaycan teatrlarında səhnə həlli tapır. Sizcə də bu Azərbaycanın sizə bir
yazar olaraq verdiyi dəyərdən xəbər vermirmi?
- Sərvər Əliyev çox yaxşı bir
rejissordur və mənim ən yaxşı dostlarımdan biridir. İnanıram ki, İrəvan teatrında
hazırlanan "Matruşka” tamaşası da çox uğurlu olacaq. Azərbaycan xalqı məni sevdi.
Çünki bu günə qədər "Kor döyüşü”, "Ziyarətçi”, "Ah, bir yoxsul olsam”, "Uçqun”,
"Gözəlçələr” və "Boyaçı” adlı əsərlərim dost
və qardaş Azərbaycanda səhnələşdirilib. Və digər əsərlərim də səhnələşdiriləcəkdir.
Çünki mən Azərbaycan xalqı ilə ruh əkiziyəm.
Bunu da əsla unutmayın ki, böyük
dünya şairimiz Nazim Hikmətin ən yaxın dostu, ölümündə belə baş ucunda Əkbər Babayev
olub. Yenə Nazim ustamın "Fərhad və Şirin” baletinin kompozitoru da dünyanın ən
böyük musiqiçilərindən Arif Məlikovdur. Mən "Qızıl çay” əsərimin balet liberotosunu
yazdım və Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev buna səhnə həlli verdi.
Bu əsər Türkiyə ilə bərabər bir çox ölkələrin repertuarına daxil oldu. Ümid edirəm
ki, Türkiyə və Azərbaycan xalqlarının ortaq bir məhsulu olaraq Azərbaycan Dövlət
Opera və Balet Teatrının səhnəsində də bu tamaşa nümayiş olunar. Mən artıq bir dünya
yazarıyam. Amma bilinməlidir ki, xüsusilə Azərbaycan və Türkiyə xalqlarının yazarı
kimi fəaliyyət göstərirəm.
-
2008-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sizin "Uçqun”
əsəriniz Bəhram Osmanovun quruluşunda səhnəyə qoyuldu. Türkdilli ölkələrin bir
çoxu bu əsərə müraciət edib. Sizcə türkdilli xalqlarda bu əsərə maraq oyadan
səbəb nədir?
- "Uçqun” yalnız türk dilində
danışan ölkələrdə deyil Rusiya Federasiyanın
Muxtar Respublikalarında, Balkanlarda (Bolqarıstan, Rumıniya, Ukrayna), Qafqazda,
daha sonra Gürcüstan, İran, Fransa, Litvada səhnə üzü görüb. Bu günlərdə Belarusiyada
Minsk M.Qorki adına Dövlət Dram Teatrında "Uçqun”un məşqlərinə başlanıb. Xüsusilə
də Rusiya Federasiyanın 24 şəhərində "Uçqun” tamaşası tamaşaya qoyulub. Əsərlərimin
bu qədər çox ölkələrin teatr səhnələrinə yol tapmasının səbəbi isə cəmiyyətin ümumi
bir mövzusu olan: "Susma, danış! Çünki susmaq əlac gətirməz” ismarıcıdır.
Bu günlərdə Gürcüstanda maraqlı bir layihə həyata
keçirildi. 5 ayrı ölkədən 5 rejissor mənim "Uçqun” əsərimin tamaşasını qurdu. Azərbaycanlı rejissor İradə Gözəlova
da orada iştirak edirdi. Bu tamaşa dünyanın bir çox ölkəsində Gürcüstanı təmsil
edəcək.
- Hazırda Azərbaycan teatrını necə dəyərləndirirsiniz?
- Azərbaycan müasir
standartlara uyğun teatr binalarına sahib olan dünyanın ən zəngin ölkələrindən biridir.
Xüsusilə də Bakıda saysız və mükəmməl teatr binalarına sahib olmanız təbii ki, təqdirəlayiq
haldır. Bu vəziyyət Azərbaycanın Mədəniyyət və Turizm nazirliyinin sənətə və xüsusilə
də teatrlara verdiyi diqqətin göstəricisidir. Yenə də nazirliyinizin beynəlxalq
qurultaylar keçirməsi də çox önəmli qərardır. Mədəniyyət nazirliyinizdən də əvvəl
sizin prezidentiniz cənab İlham Əliyev və onun dəyərli həyat yoldaşı Mehriban Əliyevanı
təbrik edirəm. İlham Əliyevin və onu həyat yoldaşının teatr sənətçilərinə önəm verəcəyini
və onları sosial baxımdan da məmnun edəcəyini bilirəm. Çünki İlham Əliyev çox önəmli
bir adamın, Ulu öndər Heydər Əliyevin oğludur. Bu səbəbdən mədəniyyətin dəyərini
biləcək və öz dəstəyini əsirgəməyəcəkdir.
- Sizin yaradıcılığınıza nəzər
yetirdikdə daha çox ümumi problemlərdən yazdığınızı və həmin problemlərin bütün
dünya üçün aktual olduğunu görürük.
- Mən insanlığı ulu öndərimiz
Mustafa Kamal Atatürk kimi, eynən onun gözü ilə görməyə çalışıram. Yəni dünyadakı
bütün xalqlar böyük insan bədəninin parçaları kimidir. Qəlbi bir xalqdırsa, beyni,
əlləri, ayaqları, ayrı bir xalqdır. Ancaq hamısı birlikdə bir bütündür. Yəni tək
insanı bütövləşdirir. Əlində, ya da başında problem olan insanın acısını bütün insanlıq
hiss edir. Beləliklə insanlığı maraqlandıran bir mövzunun bütün dünyada səhnələşdirilməsi
vacibdir. Bu gün Şekspirin əsərləri Afrikadan Amerikaya, Avropadan Asiyaya yayılıb,
oynanılmasının əsas səbəbi budur. Mən də əsərlərimlə bütün dünyaya mesaj ötürməyə
çalışıram. Bu səbəblərdən də əsərlərim daha çox ölkəyə yayılır.
-
Sizcə hər bir teatrın öz yazarı olmalıdırmı?
- Şübhəsiz ki, hər teatr öz
dünyagörüşünə uyğun əsərlər axtarır və səhnəyə gətirir. Əlbəttə, yazarın keyfiyyəti
teatrın səviyyəsini daha da qaldırar.
-
Müəllifi olduğunuz "Matruşka” əsəri 15-
dən çox ölkənin teatr səhnəsində
oynanılıb. Bir müəllif olaraq hansı hissləri keçirirsiniz?
- Bu məni təbii ki, sevindirir.
Əsərimin daha çox yayıldığını görmək gözəl hissdir. Bunun bir çox səbəbləri var.
Birincisi, tamaşada iki nəfər oynayır - bir qadın, bir kişi. İqtisadi baxımdan da
çox əlverişlidir. İkincisi, asanlıqla daşına bilən alətləri var. Üçüncüsü, mobil
bir oyundur. Dördüncüsü isə cəmiyyəti bir mövzu ilə güldürərək insanlara əyləncəli
şəkildə izah etmək kimi xüsusiyyəti var. Bu tamaşanın daha çox oynanılmasının onlardan
qaynaqlandığını bilirəm. "Matruşka”nın mövzusu da maraqlıdır: "Eşq bütün ümidsizliklərə
baxmayaraq gözəl və yaşanılası bir şeydir”.
Onu da əlavə edim ki, bu günlərdə
Türkiyədə İstanbul şəhər teatrı və İzmirdə özəl bir teatr da bu tamaşanı hazırlayıb.
- Teatrın çox da dəbdə olmadığı bir dövrdə nə üçün məhz teatr yazarlığını
seçdiniz? Axı Türkiyədə serial yazarları daha çox pul qazanırlar?
- Mən teatr yazarlığını 48 il
bundan öncə bilərək seçmişdim. Çünki bu sahədə mütləq şəkildə uğur qazanacağımı
bilirdim. Serial yazmaq insanı tükədir. Serial yazmaq onu buza yazmaq kimi bir
şeydir. Yazarsan və əriyər gedər. Serial yazarları hər həftə bir oyun yazmağa məcburdurlar.
Üstəlik hər bölüm üçün bir dəfə pul alırlar. Ancaq qalıcı və cəmiyyətə bir mesaj
ötürə biləcəyiniz əsər yazmış olarsanız bir çox ölkə teatrları da bunu oynayacaq
və siz daha çox pul qazanacaqsınız. Beləliklə, dünya teatr ədəbiyyatına tanınan
və daima xatırlanan bir yazar olaraq daxil olursunuz. Qaldı ki, teatr yazarı
insandan dəqiqlik tələb edir. Mən bu 48 ildə 28 pyes yazmışam. Amma bu əsərlərimin
hamısı dünyada tanınıb və dəfələrlə səhnəyə qoyulub. Teatr yazarlığı serial yazarlığından
daha çox gəlir gətirir.
-
Dramaturq kimi çalışdığınız bu illər ərzində cəmi 1 dəfə aktyor kimi səhnəyə
çıxmısınız. Təfəkkürünüzün məhsulu olan qəhrəmanı yazarın özünün canlandırması
necə hissdir?
- Bəli, yalnız bir dəfə səhnəyə
çıxdım. Bu tamaşa Türkiyə aktyor və rejissorlarından Avni Dilligilin teatrında illərcə
səhnələnən "Qırmızı fənərlər” tamaşası idi. Bir yunanlı yazarın tamaşası idi. Heç
bir aktyor tamaşada oynadığı insan deyildir. Hamleti oynayan aktyor Hamlet, yat
da Kral Lirdirmi? O ki qaldı sualınıza, mən aktyor deyiləm və məcburiyyət
qarşısında qalıb, bir gecəlik səhnəyə çıxdım.
Bu yaxınlarda yuxumda belə bir şey gördüm. Mənim
əsərlərimdən biri səhnələşdirilirdi. Teatrın direktoru böyük həyəcanla yanıma gəlib
dedi ki, bütün biletlər satılıb və baş rolu oynayan aktyor ağır bir xəstəlik keçirib.
Bunun üçün xəstəxanada yatır. Çox xahiş edirəm səhnəyə çıxıb onun rolunu sən oyna,
yoxsa biabr olacağıq. Onsuz da bu əsəri siz yazmısınız. Aktyorun monoloqunu da bilirsiniz.
Yuxudan qorxu ilə oyandım. Qan-tər içində idim. Özlüyümdə dedim ki, yaxşı ki, yuxu
imiş. Yoxsa qorxu ilə qalxıb infarkt keçirərdim. Aktyorluq çox çətin bir işdir.
Yazarlıq isə tamam başqa bir şeydir. Bu baxımdan, hər kəs yerini bilməlidir. Doğrudan
da məndən bəhs edən bir əsərim yoxdur. Amma öz yaşamımdan parçalar olan əsərlərim
var.
-
Müsahibələrinizin birində "Bir ölkənin məşhur olması üçün onun teatr yazarı olmalıdır”
demisiniz. Niyə məhz teatr yazarı?
- Təbii ki, bütün mövzularda
yazarların olması bir ölkəni tanıdar. Ancaq davamlı olaraq oynanılırsa, ölkəsini
daha çox tanıdar. Onun əsərləri dünyanın müxtəlif səhnələrində oynanılsa, müəllifin
ölkəsi hər zaman gündəmdə qalacaq.
- Sizin oxucu və tamaşaçılarınızı yeni hansı əsərlər gözləyir?
- Ən son yazdığım "Brut ya da
Yuli Sezarın qatili” əsəridir ki, bu əsər hələ ki, səhnəqoyulmayıb, amma bir çox
dilə tərcümə olunub. Bu əsərin dünyada ilk premyerası Tiflisdə olacaq. Tamaşanın
rejissoru İrakli Gogiadır. İyunun əvvəlində Tiflisdə tamaşanın dünya qalası keçiriləcək.
Hazırda üzərində çalışdığım
əsər isə "Sarı gəlin”dir. Xalqların düşmən olmadığını və olmamağın vacibliyini
izah etməyə çalışdığım bir musiqi əsəridir. İnşallah, bu ay onu bitirəcəm.
Xəyalə Rəis