Tofiq Heydərov: “Bu festival bizim üçün təcrübə mənbəyi oldu”
Festival bayramdır, festival beynəlxalq arenaya
açılan yoldur, festival eyni sənət adamlarının görüşməsi üçün bir vasitədir. N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı son
illər bu vasitədən kifayət qədər yararlanır. Belə ki, teatrın kollektivi elə
yenicə İran İslam Respublikasından qayıdıb. Bunu səbəb gətirib Teatrın
direktoru Tofiq Heydərovla söhbət etdik.
- Tofiq müəllim,
istərdik səfər təəssüratlarınızı
bizimlə bölüşəsiniz.
- Bizə diqqət ayırdığınıza görə sizə təşəkkür edirəm.
Bizim üçün beynəlxalq festivalların böyük əhəmiyyəti var. Yenicə iştirak
etdiyimiz festival da İran İslam Respublikasının Həmədan şəhərində dekabrın 1-dən
6-a kimi keçirilən "24-cü ənənəvi Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalı”
idi. Biz orada Pərvin Nurəliyevanın "Dəcəl keçi” əsəri əsasında hazırlanmış tamaşa ilə çıxış etdik. Əməkdar
incəsənət xadimi Bəhrəm Osmanovun quruluşunda hazırlanmış bu tamaşada rolları
Qızılgül Quliyeva, Əbülfəz Axundov, Niftulla Əsgərov, Təranə Fərəcova, Sayad
Əliyev, Emin Fərzullayev, Ülkər Quliyeva və Nizami Qurbanov ifa edirdilər.
Onlar çox həvəslə və peşəkar şəkildə tamaşanı təqdim etdilər.
Beynəlxalq festivalda Almaniya, İtaliya, Rusiya,
Danimarka, Cənubi Koreya, Fransa və digər böyük, eyni zamanda teatr ənənəsi
olan dövlətlər iştirak edirdi. Biz də bu dövlətlər içərisində Azərbaycanı təmsil
edirdik. Festivalın qrafiki çox zəngin idi. Biz tamaşamızı dekabrın 5-də təqdim
etdik. Həmin gün truppamız üç dəfə çıxış etdi. Dekabrın 1-dən 5-nə kimi olan
müddətdə həm xarici ölkələrin, həm də İran teatrlarının tamaşalarına
baxdıq. Bu, təcrübə baxımından bizim
üçün çox faydalı oldu.
Eyni zamanda, Festivalda dünyanın, həmçinin İranın
nüfuzlu teatrlarının yaradıcılığı, müxtəlif teatrların rəhbərləri, aktyor və
rejissorları ilə tanış olmaq şansı əldə etdik, xaricdən gələn və İranlı teatr xadimləri
ilə görüşlərimiz oldu. Biz onlara Azərbaycan teatrının tarixindən, ənənələrindən,
bugünkü vəziyyətindən, Lənkəran teatrının yaradıcılıq yolundan, iş prinsipindən
danışdıq.
Həm də İranın Həmədan vilayətinin mədəniyyət idarəsinin
rəhbəri ilə görüşümüz baş tutdu. Bu görüşdə Azərbaycan-İran teatr əlaqələrinin
daha da genişləndirilməsi məsələlərindən danışdıq. Belə ki, gələcəkdə keçiriləcək
festivallarda iştirakımız, eyni zamanda İran İslam Respublikasına qastrol səfərləri,
iranlı teatr xadimlərinin Azərbaycana gəlmələri, teatr sahəsində müəyyən işlərin
görülməsi, rejissor mübadiləsi barədə səmərəli müzakirələr etdik. Bundan başqa
Həmədanın teatr rəhbərləri ilə görüşlərimiz oldu. Bir aydan sonra orada yeni
bir görüşün keçirilməsi ilə bağlı söhbətlər etdik. Bütün məsələlərin sənədləşdirilməsi,
müqavilə halına salınması üçün yeni görüşlərin keçirilməsi lazımdır. Bu da Azərbaycanla
İran teatrları arasında böyük bir təcrübə mübadiləsinə zəmin yaradacaq.
- Bu
festivallar teatrımıza nə qazandırır?
- Bu gün biz dünya teatrına inteqrasiya olunuruq.
Belə festivallar dünya teatr prosesini, onların təcrübəsini, iş prinsiplərini müəyyən dərəcədə
öyrənməyimizdə və xəbərdar olmağımızda bizə yardımçı olur. Təbii ki, biz də həmin
təcrübələrdən faydalanmağa çalışırıq. Onu
da qeyd edim ki, Azərbaycanı həmişə uğurla təmsil edən Lənkəran Teatrı bu dəfə
də festivaldan əliboş qayıtmadı. Festivalın bağlanışı mərasimində teatrımız diplom
və xatirə hədiyyələri ilə mükafatlandırıldı. Aktyorlarımızın hər birinə hədiyyələr
verildi. Biz də öz növbəmizdə iştirakçılara Azərbaycan haqqında teatrımızın
aktyorlarının şəkilləri ilə birgə broşürlər, bukletlər payladıq. Bu da Azərbaycan,
Lənkəran teatrının geniş sferada tanınmasına xidmət idi. Lənkəran teatrı olaraq
Azərbaycan incəsənətinin tanınmasında bizim də bir az rolumuz və əməyimiz oldu
ki, bu da bizi sevindirir.
- İranda
artıq bir neçə beynəlxalq festivalda iştirak etmisiniz. "Beynəlxalq Uşaq və Gənclər
Teatr Festivalı” neçə ildir keçirilir və beynəlxalq nüfuzu nə dərəcədədir?
- Bu festival 24 ildir ki keçirilir. Festivalda Azərbaycanla
bir yerdə 9 ölkənin - Almaniya, İtaliya, Rusiya, Danimarka, Cənubi Koreya,
Fransa və s. kimi böyük dövlətlərin teatr kollektivləri iştirak edirdi. Beynəlxalq
statusa malik olan festivalın miqyası və nüfuzu çox böyükdür. Festivalın
bağlanış mərasimində İranın Mədəniyyət nazirinin müavini cənab Muradxani də
iştirak edirdi. Xorasan vilayətinin deputatları, dövlət adamları orada idilər.
Bu festival onların da maraq dairəsindədir. Festival yüksək səviyyədə təşkil
olunmuşdu. Bizi sevindirən əsas məsələ isə Azərbaycana, bizim teatra olan məxsusi
münasibət idi. Tədbirlərdə Azərbaycan
öndə gedən bir ölkə, bir teatr kimi dəvət olunurdu. Bu da bizdə xoş təəssürat
yaradırdı. İran teatr aləminin bir qismi ilə yaxşı əlaqələrimiz olduğu üçün
onların Azərbaycan, Lənkəran teatrları və teatr xadimləri haqqında müəyyən məlumatları
var. Festifalda Avropanın böyük ölkələrindən, böyük teatr ənənəsi olan ölkələrindən
nümayəndələrin iştirak etməsi festival əhəmiyyətini və nüfuzunu daha da
artırırdı. Bizim üçün əhəmiyyəti ondan ibarətdir ki, böyük təcrübə mənbəyi
oldu. Festival müddətində gün ərzində iki-üç tamaşaya baxırdıq. Yəni, burda dünya
teatrları ilə bizim teatrın iş prinsipi arasında olan fərqləri biz araşdırdıq,
müəyyən məsələləri müzakirə etdik, öyrəndik.
Öyrəndiyimiz məsələləridə biz ordan gələn nümayəndəliklərə çatdırdıq.
Çox önəmli və dünyada qəbul olunmuş bir festivaldır.
- Yəqin ki, Lənkəran
teatrının aktyorları İranda tanınmış simadırlar. Çünki artıq neçənci dəfədir
ki, orada olursunuz.
- (gülürük) Təbii… İran teatrları ilə çox yaxşı əməkdaşlığımız
var. Dilimiz daha uyğundur. Sərhəd baxımından bizə çox yaxındırlar. Ona görə də
böyük məmnuniyyətlə onlarla işləyirik. Biz onların təcrübəsini öyrənirik. Onlar
bizim teatr sistemini, iş prinsipimizi çox normal qəbul edirlər. Onların da
bizimlə əməkdaşlıq etməyə çox böyük istəkləri var. Biz mart ayının axırında,
apreldə İranın bir teatr truppasını iki
günlük qastrola dəvət etmək istəyirik. Hələlik Parsabad teatr truppası nəzərdə
tutulub. Biz orda qastrol səfərində olmuşuq. Yəni, qarılıqlı mübadilənin
aparılması üçün çox böyük zəmin var. Bu tək bizim istək deyil, həm də İran tərəfinin
istəyidir. Onlar da Azərbaycanla İranın teatr, mədəniyyət, incəsənət məsələlərinin
genişləndirilməsində maraqlıdırlar. Bizə də bu işlərdə Azərbaycan Mədəniyyət və
Turizm nazirliyi dəstək verir. Elə festivalda iştirakımızda da dəstəkçimiz Mədəniyyət
nazirliyi oldu. Bunun üçün cənab nazirə təşəkkürümü bildirirəm.
- Tofiq müəllim,
Lənkəran Teatrı dram teatrdır. Dram Teatrının beynəlxalq festivalda uşaq
tamaşası ilə çıxış etməsi bir az qəribə deyilmi?
- Dram teatrı olsa da lənkəranlı uşaqların istəklərini
də nəzərə alırıq. Böyüklərlə bərabər, uşaqlar üçün də tamaşalar hazırlayırıq. Uşaqlara
ildə 2-3 yeni uşaq tamaşası təqdim edirik. Bunu da onun üçün edirik ki, gələcəkdə
teatr tamaşaçısı yetişdirək. Hazırda uşaqların
yeni il tətili gəlir. Bununla əlaqədar yeni tamaşa hazırlanır. Uşaqların tətil
günlərində aşağı sinif uşaqları üçün bu tamaşanın göstərilməsi nəzərdə tutulur.
- Lənkəran
Teatrında ümumiyyətlə vəziyyət necədir, teatrda hansı yeni tamaşalar
hazırlanır?
- Bilirsiniz ki, Əməkdar İncəsənət xadimi Oruc
Qurbanov teatra baş rejissor təyin olunub. Hazırda onun quruluşunda teatrın
repertuar planına əsasən Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi”
tamaşasının məşqləri gedir. Tamaşa yekunlaşmaq üzrədir, dekabrın sonuna kimi bu
tamaşanın premyerasını planlaşdırırıq.
- Yeni təyinatdan
söz düşmüşkən, teatrın yaradıcı heyəti Oruc Qurbanovun iş prinsipinə öyrəşə
bilirlərmi?
- Oruc Qurbanov Lənkəran Teatrında 1970-ci illərdə
işləyib. Lənkəranda doğulub boya-başa çatmış sənətkardır. Onun dəfələrlə bizim
teatrla əlaqəsi olub. Müəyyən yaradıcılıq əlaqələrimiz baş tutub. Onun gəlişi
teatrın yaradıcılığına bir az da stimul verib. Yeni səs, yeni nəfəs gətirib. Yaradıcı heyətlə də yaxşı dil tapır.
Xəyalə Rəis