• cümə, 29 Mart, 05:22
  • Baku Bakı 7°C

Teatrlarımızın yubileyi

27.09.19 15:30 3377
Teatrlarımızın yubileyi
147 sizə o qədər də az rəqəm kimi görünməsin. Hələ söhbət canlı sənət növü olan teatrdan gedirsə, gözlərimizin önündə böyük zəhmət, əziyyət, fədai, keçmişinə şahidlik edən yeri gələndə büdrəyən, yeri gələndə zamana meydan oxuyan bir tarix canlanır. Teatrımızın 147-ci mövsümünü yubileylər mövsümü də adlandırmaq olar. Belə ki, bu mövsüm Akademik Milli Dram Teatrının 100, Akademik Musiqili Teatrın 110, Azərbaycan Dövlət Yuğ Teatrının 30, Şəki Dövlət Dram Teatrının isə 140 illik yubileyi qeyd olunacaq.
Yubiley bir hesabatdır. Hansı ki bu hesabatda geriyə boylanıb, gedilən yola nəzər salıb, bu illər ərzində enişli-yoxuşlu, dar yollardan keçib gəlinən yola bir baxışdır. Bəs, görəsən, teatrlarımız yubileylərinə hazırdırlarmı? Yubiley mövsümündə nələri etməyi planlaşdırıblar? Qarşılarına qoyduqları məqsəd nələrdir?
Suallara cavab axtarmazdan öncə diqqətinizə çatdırım ki, sentyabrın 17-də Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümünün açılış mərasimindənazir Əbülfəs Qarayev çıxışında bu mövsüm bir neçə teatrın yubileyinin qeyd olunacağını xatırlatmışdı: "Bu mövsüm Akademik Milli Dövlət Dram Teatrının dövlət statusu səviyyəsində işləməsinin 100 illiyi tamam olur. Bu 100 illik yubiley bütün teatr ictimaiyyətində böyük maraq doğuracaq. Bu il, həmçinin, Azərbaycan Dövlət YUĞ Teatrının yubileyi qeyd olunacaq. Onunla bağlı bir neçə silsilə tədbirlər keçirməyi düşünürük. YUĞ Teatrını gözəl günlər gözləyir. Yaradıcı kollektivin şəraiti haqqında daha ciddi düşünəcəyik və bu məsələnin həlli üçün bir yol tapacağıq”.
Mövzu ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün Mədəniyyət nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova ilə əlaqə saxladıq. T.Cəfərova bizimlə söhbətində bu mövsüm Şəki Teatrının 140, Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd olunacağını və onların hələ ki, hansı tarix üçün nəzərə tutulduğunun dəqiq olmadığını bildirdi. T.Cəfərova yalnız Yuğ Teatrının ayında yubiley tədbirinin dekabr ayına nəzərə tutulduğunu qeyd etdi.
Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı teatrda ölkə başçısının imzaladığı Akademik Milli Dram Teatrının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncama əsasən, təntənəli yubiley tədbiri təşkil olunacağını və bunun üçün hazırlıq prosesinin başladığını bildirdi: "Prezident İlham Əliyev iyulun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, teatrın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının Azərbaycan Teatr Xadimləri İttifaqının təkliflərini nəzərə almaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb. 2019-cu ilin oktyabr ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Bilirsiniz ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yarandığı vaxtdan etibarən klassik ənənələrə əsaslanmaqla yanaşı, müasir səhnə mədəniyyətinin zirvələrinə doğru inamla irəliləyərək qısa müddətdə zəngin inkişaf yolu keçib. Milli Dram Teatrı, eyni zamanda, dünya dramaturji irsində fəxri yer tutan və ümumbəşəri ideallar ifadə edən qiymətli əsərləri səhnələşdirməklə Azərbaycan səhnə sənətinin dünya mədəniyyəti ilə daha da yaxınlaşmasında fəal rol oynayıb. Milli Dram Teatrında Azərbaycan səhnəsinin ən qüvvətli aktyorlar nəsli yetişib. Hazırda öz inkişafının yeni mərhələsinə qədəm qoyan teatr Azərbaycanın özünəməxsus teatr ənənələrinin qorunub saxlanılmasında və dövlətin mədəniyyət siyasətinin gerçəkləşdirilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir. Yubiley tədbirinə gəlincə isə, oktyabrda təntənəli şəkildə qeyd edəcəyik. Yubiley münasibəti ilə yeni bir film çəkilir. Bundan başqa, teatrın 100 illik inkişaf yolu haqqında kitab yazılır, albom hazırlanır”.
YUĞ Teatrının ədəbi hissə müdiri Elçin Cəfərov bildirib ki, kollektiv dekabr ayının sonunda keçiriləcək yubiley tədbirinə hazırlaşır. Yubiley tədbirinə hazırda burada çalışan sənətçilərlə yanaşı, bir zamanlar bu teatrda işləyən, YUĞ-un yaranmasında və inkişafında rolu olan sənətkarlar da dəvət olunacaq. Yubiley tədbiri ilə yanaşı, teatrda yeni tamaşalar da hazırlanır. Hazırda teatrda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tamaşa hazırlanır.
Ötən mövsüm Akademik statusu ilə mükafatlandırılan Akademik Musiqili Teatrı 110-cu mövsümə qədəm qoyub. Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova qeyd edir ki, bu mövsüm də maraqlı repertuarla tamaşaçıların görüşünə gələcəklər: "Teatrımız artıq 110-cu dəfə tamaşaçılarını salamladı. Bu mövsüm bizim üçün əlamətdardır. Təkcə bu mövsüm deyil, pərdələrimizin açıldığı bütün mövsümlər biz tamaşaçılarımız üçün biri birindən maraqlı repertuarla onların görüşünə gəlirik. Bu mövsüm də beş tamaşa üzərində yaradıcılıq işləri aparılır. Teatrımız Qərb ədəbiyyatının klassik nümunələri və retro komediyaları ilə bu mövsüm də tamaşaçılarını sevindirməyi nəzərdə tutub. Akademik Musiqili Teatrda hazırda rejissor Samir Qulamovun quruluşunda Vüktor Hüqonun "Paris Notr-Dam kilsəsi” tamaşasının məşqləri gedir. Tamaşa Parisin möhtəşəm tarixi abidələrindən olan və yanğına məruz qalan Notr-Dam kilsəsinə ithaf olunub. Yeni mövsümdə retro tamaşalarını sevən teatrsevərlər üçün musiqisi Səid Rüstəmov, librettosu Məmməd Səid Ordubadiyə məxsus olan "Beş manatlıq gəlin” komediyası hazırlanır. Tamaşaya, Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov quruluş verib. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Stanislav Stratiyevin "Avtobus” pyesi əsasında "Çarəsiz sərnişinlər” tamaşasını hazırlayır. Rejissor Əhəd Hacıyev isə gürcü dramaturqu Nodar Dumbadzenin "Mən, Nənəm İliko və İllarion” tamaşasına quruluş verib. Qeyd edək ki, yeni başlanan teatr mövsümündə bütün tamaşaların məşqləri davam etdiriləcək. Akademik Musiqili Teatr oktyabrın 10-dan 15-dək Albaniyanın Elbasan şəhərində keçirilən "XXI-ci Skampa Beynəlxalq Müasir Teatr Festivalı" çərçivəsində, absurd teatrın yaradıcılarından biri Semuel Bekketin ''Qodonun həsrətində'' tamaşası ilə çıxış edəcək. Tamaşanın musiqilərini Xalq artisti Fərəc Qarayev bəstələyib. Əsərin quruluşunu Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayevin tələbəsi, əslən Cənubi Azərbaycandan olan Yunis Vəlipur verib. Yeni mövsümdə Akademik Musiqili Teatrda Xalq artisti Afaq Bəşirqızı tamaşaçıların qarşısına yeni ampluada çıxacaq. Belə ki, oktyabrda Afaq Bəşirqızının iştirakı ilə "İstintaq” tamaşası hazırlanacaq. Tamaşanın quruluşçu rejissoru Firudin Məhərrəmov, bəstəkarı Ceyhun Allahverdiyevdir. Musiqili Teatr noyabrda Balakəndə keçiriləcək III Beynəlxalq Xurma Festivalında da çıxış edəcək”.
YUNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilən Şəkidə fəaliyyət göstərən Şəki Dövlət Dram Teatrının bu mövsüm yubileyi qeyd olunacaq. Belə ki, 147 yaşlı yaşlı teatrımızın 140 il yanında olan Şəki Teatrı üçün bu mövsüm əlamətdar bir ildir. Onlar 140-cı mövsümündə Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibəti ilə "Sevil” pyesi, Altay Məmmədovun "Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında yazdığı "Dəli Domrul” əsərlərinin tamaşaya qoyulmasını planlaşdırırlar.
Bizə isə gözləmək və teatrların yubiley tədbirlərinə qatılmaq qalır.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər