• çərşənbə axşamı, 19 mart, 15:40
  • Baku Bakı 8°C

Teatrlarımızın son 5 ili

16.05.19 14:30 38774
Teatrlarımızın son 5 ili
Tamaşanın ərsəyə gəlməsində əsas fiqurlardan biri rejissordusa, digəri ədəbi materialdır. Rejissor, adətən, yaşadığı dövrlə səsləşən əsərlərdən ədəbi əsas kimi istifadə etməyə çalışır ki, seyrçilərin diqqətini cəlb edə bilsin. Eyni zamanda məktəblilər üçün nəzərdə tutulmuş tamaşalar üçün çox vaxt onların dünyagörüşünə təsir edəcək, tərbiyəvi, nəsihətamiz səhnə əsərlərinə üstünlük verilir.
Teatrlarda son 5 ildə hazırlanan tamaşaları araşdırmaq üçün belə bir sorğu ilə tearlarımıza müaciət etdik: "Son beş ildə rejissorlarımız hansı tamaşaları hazırlayıblar?”
Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı: "Son beş ildə Akademik Milli Dram Teatrında 40-a yaxın tamaşa hazırlanıb. Buraya həm dünya dramaturgiyası, həm də Azərbaycan dramaturgiyasına aid səhnə əsərləri daxildir. Hazırlanan tamaşalar təkcə böyüklər üçün deyil, eyni zamanda, azyaşlı tamaşaçılarımız üçün nəzərdə tutulub ki, Novruz və Yeni il bayramlarında, o cümlədən məktəblilərin yay tətillərində nümayiş olunub. Bu illər ərzində Akademik Milli Dram Teatrının kollektivi dünyanın müxtəlif ölkələrində, o cümlədən regionlarımızda qastrol səfərlərində olub, repertuarda olan səhnə əsərləri müxtəlif mükafatlara layiq görülüb.
2014-cü ildən bu günə qədər bizim teatrda ondan artıq rejissor tamaşa hazırlayıb. Onlardan Azər Paşa Nemətovun, Mərahim Fərzəlibəyovun, Bəhram Osmanovun, Ramiz Həsənoğlunun, Mehriban Ələkbərzadənin, Firudin Məhərrəmovun, Mikayıl Mikayılovun, Nicat Kazımovun, Gümrah Ömərin, Ər Toğrulun, Ərşad Ələkbərovun, Anar Babalının, Əlif Cahangirlinin adlarını çəkə bilərəm.
Azər Paşa Nemətov "Ölülər”, "Almaz”, "Cəhənnəm sakinləri”, "Şah Qacar”, "Sinif yoldaşları”, "Ah, bu uzun sevda yolu” tamaşalarının müəllifi, bədii rəhbəri və quruluşçu rejissorudur.
Mərahim Fərzəlibəyov "Nazirin xanımı”, "Qətibə İnanc”, Bəhram Osmanov "21:15 qatarı”, Ramiz Həsənoğlu "Generalın son əmri”, Mehriban Ələkbərzadə "Herostratı unudun”, Firudin Məhərrəmov "Vəsiyyət”, Mikayıl Mikayılov "İlahi oyun”, "Müfəttiş”, Nicat Kazımov "Kölgə”, Gümrah Ömər "Nadir Şah”, Ər Toğrul "Keçmişdən zəng”, Ərşad Ələkbərov "Müsyo İbrahim və Quran çiçəyi”, Anar Babalı "İuda”, "Manqurt”, "Buzlar ölkəsi”, "Keçəlin şahlığı”, "Kosanın qızı”, "Rəqs edən pinqivnlər”, "Nindza tısbağalar və kapitan Cekin macəraları”, Əlif Cahangirli "Bir, iki, bizimki”, "Buratino”, "Çipollino” tamaşalarına quruluş verib.
Bu gün Akademik Milli Dram Teatrı Xalq artisti, görkəmli rejissorumuz Azər Paşa Nemətovun rəhbərliyi ilə bir çox böyük uğurlara imza atır. Bura həm uğurlu tamaşalar, həm müvəffəqiyyətli qastrol səfərlər, həm də teatrın maddi-texniki bazasının zənginləşməsi daxildir. Hazırda teatrımızın repertuarında olan "Ölülər”, "Almaz”, "Boy çiçəyi”, "Cəhənnəm sakinləri”, "Şah Qacar”, "Sinif yoldaşları”, "Ah, bu uzun sevda yolu”, "Qətibə İnanc”, "Bir, iki, bizimki...”, "Manqurt”, "Müfəttiş” "Xanuma”, "Vəsiyyət”, "Mənim günahım”, uşaqlar üçün olan "Buratinonun macəraları”, "Çipollino” və başqa səhnə əsərlərinə böyük tamaşaçı marağı var.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova: "2014-cü ildən repertuarımızda olan tamaşaları sizin diqqətinizə çatdırmaq istəyirəm. 2014-cü ildə dövlət sifarişi üsulu ilə rus xalq nağılı əsasında Rusiyadan dəvət almış rejissor Eduard Qaydanın quruluşunda "Qoğal” tamaşası hazırlanıb. Abdulla Şaiqin məşhur "Tıq-tıq xanım” nağılı əsasında "Tıq-Tıq və Taq-Taqın nağılı” tamaşası da həmin ilin sentyabrında təqdim olunub, səhnələşdirən və quruluşçu rejissoru Qurban Məsimovdur. Xalq nağıllarımızın motivləri əsasında hazırlanan "Sehirli üzük” tamaşasının rejissoru Anar Məmmədovdur. Azərbaycan xalq nağılları əsasında hazırlanan digər bir tamaşamız "Ağ babanın nağılları” tamaşası (rejissor Qurban Məsimov) 2015-ci ilin martında tamaşaçılara təqdim olunub. Şarl Perronun məşhur "Çəkməli Pişik” nağılına da müraciət etmişik və bu tamaşanı Anar Məmmədov səhnələşdirib. Azərbaycan dilində kukla tamaşalarından biri də teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda təqdim olunan "Tilsimli meşə” tamaşası olub. Teatrımız uşaqlarla yanaşı, böyük yaş qrupu üçün də tamaşalar təqdim edir. Bunlardan biri də pantomim üslubunda hazırlanan "Melodiya” tamaşasıdır. Tamaşanın rejissoru Qurban Məsimovdur. Vladimir İlyuxovun məşhur "Oyaq gözəl” nağılının tamaşasına isə quruluşu Anar Məmmədov verib. Böyüklər üçün nəzərdə tutulmuş səhnə əsərlərindən biri də Qurban Məsimovun quruluşunda hazırlanan "Zəng” adlı bir hissəli tamaşadır. Leprens de Bomonun məşhur nağılı "Gözəl və Bədheybət”ə Anar Məmmədov quruluş verib. Məşhur "Qırmızı papaq” nağılı isə Qurban Məsimovun yozumunda təqdim olunub. Stefan Sveyqin "Unudulmuş kukla” adlı məşhur əsəri əsasında hazırlanan monotamaşamız da böyüklər üçün nəzərdə tutulub və rejissoru Anar Məmmədovdur. Hər il ənənəvi olaraq yeni il tamaşaları hazırlayırıq. 2017-ci ildə Samural Marşaqın "Pişiyin evi” əsərinə də müraciət etmişik və tamaşaya Anar Məmmədov quruluş verib. Məşhur rus nağılı "Turpun nağılı”na isə quruluşu Qurban Məsimov verib. Kukla Teatrının rus bölməsi üçün nəzərdə tutulmuş tamaşalardan biri də rus xalq nağılı olan "Durna balığı”dır. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədovdur. Bir neçə müəllif var ki, onların əsərləri daima bizim repertuarımızda yer alır. Onlardan biri də, Mir Mehdi Seyidzadədir. Onun "Cırtdan” nağılı Azərbaycan Dövlət Kukla Teatrında bir neçə quruluşda səhnələşdirilib, son quruluşu da Qurban Məsimov verib. Rejissor eyni nağıl əsasında rus bölməsi üçün Mir Mehdi Seyidzadənin "Cırtdan” nağılı əsasında rus bölməsi üçün "Üç cəsur” tamaşasını da hazırlayıb. "Qış nağılı” adlı yeni il tamaşamıza isə Anar Məmmədov quruluş verib. "Min bir gecə” nağıllarından olan "Əlibaba və qırx quldur” da teatrımızda sevilən tamaşalar sırasındadır. 2018-ci ildən repertuarda olan bu tamaşaya da Anar Məmmədov quruluş verib. Mikayıl Müşfiqin "Şəngülüm, Şüngülüm, Məngülüm” nağılına da müraciət etmişik. "Şəngülüm, Şüngülüm”, adı ilə təqdim olunan tamaşanın rejissoru Anar Məmmədovdur”.
Opera və Balet Teatrının mətbuat katibi İradə Qaraçayeva: "Son beş ildə teatrımızda bir-birindən rəngli operalar və baletlər səhnələşdirilir. Belə ki, 2014-cü ildə rejissor Hafiz Quliyevin quruluşunda Şəfiqə Axundovanın "Gəlin qayası”, Firəngiz Əlizadənin "İntizar” operası, İnarə Babayevanın quruluşunda Covanni Perqolezinin "Qulluqçu xanım” və baletmeyster Tamilla Şirəliyevanın quruluşunda Niyazinin "Rast” baleti, eyni zamanda dəvət olunmuş rejissorlar Lüdviq Bauman (Almaniya) Cakomo Puççininin "ll Tabarro" operasını, baletmeyster Liliya Sabitova (Rusiya) Astor Pyatsollanın "Məhəbbət tanqosu" baletini səhnələşdiriblər. 2015-ci ildə rejissor Lüdviq Bauman (Almaniya), Pyetro Maskanyinin "Kənd namusu" operasını, baletmeyster Nadejda Malıgina (Rusiya) Polad Bülbüloğlunun "Eşq və Ölüm" baletini, baletmeyster Pellumb Aqalliyay Oqtay Zülfüqarovun "Sehirli alma" baletini, baletmeyster Pellumb Aqalliyay Elnarə Dadaşovanın "Səyalı" baletini, 2016-ci ildə rejissor Hafiz Quliyev Ramiz Mustafayevin "Vaqif” operasını, rejissor Mikola Tretyak (Ukrayna) Pyotr Çaykovskinin "Qaratoxmaq qadın" operasını, baletmeyster Samir Səmədov Əşrəf Abbasovun "Qaraca qız" baletini, baletmeyster Pellumb Aqalliyay Pyotr Çaykovskinin "Françeska da Rimini" baletini, 2017-ci ildə rejissor Hafiz Quliyev Cahangir Cahangirovun "Xanəndənin taleyi" operasını, baletmeyster Sergey Moxnaçev (Rusiya) Aleksandr Borodinin "Qıpçaq rəqsləri" baletini, 2018-ci ildə rejissor Mikola Tretyak (Ukrayna) Cakomo Puççininin "Manon Lesko" operasını, baletmeyster Vasili Medvedyev (Rusiya) Qara Qarayev-Fərəc Qarayevin "Qoyya" baletini, baletmeyster Kamilla Hüseynova Sərdar Fərəcovun "Cavad xan" baletini, 2019-cu ildə isə baletmeyster Kamilla Hüseynova Frans Şubertin "Dahi hekayəçi" baletini, rejissor Hafiz Quliyev Nazim Əliverdibəyovun "Cırtdan" operasını hazırlayıb. May ayının 25-də isə baletmeyster Kamilla Hüseynova quruluşunda Fikrət Əmirovun "Nəsimi” baletinin premyerası olacaq”.
Bakı Uşaq Teatrının mətbuat katibi Leyla Həşimova: "Bu beş il ərzində teatrımızda olan tamaşalardan rejissor - İntiqam Soltanın quruluşunda "Günahsız günahkarlar" (müəllif Arzu Soltan) "Göyçək Fatma" (Azərbaycan xalq nağılı), "Dovşanın evi" (müəllif Arzu Soltan), "Kələkbazlar" (müəllif İntiqam Soltan), "Sevgi şimşəyi" (müəllif Rövşən Ağayev), "Sıravi Dursun" (müəllif S.M.Qənizadə), "Sehirli tütək" (xalq nağılı əsasında Maarif Məmmədov ssenari işləyib), "Ballı" (müəllif Arzu Soltan), Rejissor İlhamə Əhmədovanın quruluşunda "Maşa və Ayı" (rus xalq nağılı), "Bir yoxsul olsaydım" (Tüncer Cücenoğlu), "Danışan Gəlincik" (müəllif Abdulla Şaiq), "Pəltək Cücə" (türk nağılı), "Əyriqulaq dovşan" (müəllif Arzu Soltan), rejissor-aktrisa Könül Şahbazova-Qasımovanın quruluşunda "Humayın yuxusu" (müəllif Elçin), "Kibritsatan qız" (müəllif Anderson), "İblis" (müəllif Mopassan), "Mən səni gözləyirəm, əzizim" (D.Fo, F.Rame), "Çay dəstgahı" Cəlil Məmmədquluzadə, rejissor Elşən Zeynalı dəvət olunmuş rejissor kimi "Kimdir müqəssir?!" (Əbdürrəhim bəy Haqverdiyev) əsərini tamaşaya qoyub”.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Rüstəmova: Ü.Hacıbəylinin "Ər və arvad” (qur. rej. Yusif Əkbərov), "O olmasın, bu olsun” (qur. rej. Xalq artisti Cənnət Səlimova), "Arşın mal alan” (qur. rej. Elvin Mirzəyev), R.Hacıyev, E.Ocaqov və F.Zöhrabovun "Talelər qovuşanda” (qur. rej. Faiq Zöhrabov), R.Mirişli və M.Haqverdiyevin "Qısqanc ürəklər” (qur. rej. Yusif Əkbərov), R.Mirişli, M.Haqverdiyevin "Amerikalı kürəkən” (qur. rej. Xalq artisti İlham Namiq Kamal), E.Sabitoğlu və T.Vəliyevanın "Bankir adaxlı” (qur. rej. Faiq Zöhrabov, bərpaçı rejissor Xalq artisti Afaq Bəşirqızı), F.Sücəddinov və T.Vəliyevanın "Mən dəyərəm min cavana” (qur. rej. Yusif Əkbərov), E.Sabitoğlu və C.Məmmədovun "www.Ferzeli-kef.com” (qur. rej. Əhəd Hacıyev), Ə.Haqverdiyevin "Kimdir müqəssir” (qur. rej. İradə Gözəlova), O.Kazımi və R.Heydərin "Qızıl toy (qur. rej. Yusif Əkbərov)”, Ə.Səmədlinin "Toya bir gün qalmış” (qur. rej. Əməkdar incəsənət xadimi Əsgər Əsgərov), F.Allahverdi və Elçinin "Baladadaşın toy hamamı” (qur. rej. Xalq artisti Cənnət Səlimova), F.Əmirovun musiqiləri əsasında "999-cu gecə” (qur. rej. İradə Gözəlova), İ.Əfəndiyevin "Mənim günahım” (qur. rej. İradə Gözəlova), M.F.Axundzadənin "Hacı Qara” (qur. rej. əməkdar artist Loğman Kərimov), İ.Sadıqovun, "Molla Nəsrəddinin beş arvadı” (qur. rej. Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, tərcümə D.Mustafayev), Ə.Əmirlinin "Nuri-didə Ceyhun” (qur. rej. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə), F.Qarayev, S.Bekketin "Qodonun intizarında (qur. rej. Yunus Vəlipur) əsərlərinə quruluş verilib. Bu müddət ərzində Akademik Musiqili Teatrda həmçinin rus bölməsi üçün də tamaşalar hazırlanıb. Bu tamaşalara M.Kamolettinin "Fransızsayağı qarnir”, J.B.Molyerin "Skapenin kələkləri”, R.Hacıyevin "Qafqazlı qardaşqızı”, İ.Kalmanın "Silva”, E.Sabitoğlu və V.Kolmanovskinin "Bir dəfə Bağdadda” tamaşalarını misal göstərmək olar. Bununla yanaşı, teatrımızda balacalar üçün repertuarımız da zəngindir. Azərbaycan və rus bölmələrində hazırlanan uşaq tamaşalarına Əli Səmədlinin "Meşə çaqqalsız olmaz” (qur. rej. Əhəd Hacıyev), Antuan de Sent-Ekzüperi və Ruslan Ağababayevin "Balaca Şahzadə” (qur. rej. Xalq artisti Cənnət Səlimova), Aleksey Rıbnikov və Aleksey Tolstoyun "Buratino” (tərc. Nicat Kazımov, qur. rej. Elməddin Dadaşov), O.Zülfüqarov və Ramiz Heydərin "Dəcəl çəpişlər” (qur. rej. Əhəd Hacıyev), "Cırtdanın sərgüzəştləri” (qur. rej. Ayla Osmanova), Hans Xristian Andersonun "Düyməcik” (qur. rej. Əməkdar artist Boris Lukinski), R.Ağayeva, A.Xayt və Kurlyanskinin "Bir dayan canavar” (qur. rej. Əhəd Hacıyev) adlarını çəkə bilərik”.

Nigar Pirimova




banner

Oxşar Xəbərlər