AZE | RUS | ENG |

Teatr olmasa, dünyada nəsə dəyişərmi?

Teatr olmasa, dünyada nəsə dəyişərmi?
Sual qətiyyən ritorik deyil. Qiyamət gününün ağırlığı sallanır bu sualdan. Günümüzün insanı üçün nə dərəcədə maraqlı olduğunu bilmirəm, amma son günlər yaşanan olaylar, teatr həyatındakı durğunluq məni bu haqda düşünməyə vadar etdi və düşündüklərimi dünya teatr sənətində gəlişən tendensiyaların kontekstində sözə gətirməyə çalışdım.  
 
XXI əsrin teatrı müasir qala bilmək üçün teatr olmaqdan imtina etdi. Qeyri-teatra çevrildi. Teatrallıqdan uzaqlaşdı, hətta deyərdim ki, teatrallıqla açıq mübarizəyə girişdi.

Haçansa Yuozas Miltinis belə bir ifadə işlətmişdi: "tamaşanı istənilən ədəbi materialdan hazırlamaq olar. İstər telefon kitabçası olsun, istər kulinariya kitabı, istərsə də təmir üçün göstərişlər”. Hərçənd ki, bu ifadəni V.Meyerholdun adı ilə bağlayanlar da var. A.Efros isə epikrizdən tamaşa hazırlamağın mümkünlüyünü vurğilamışdı. Əslində, rusların təbirincə desək, bu "qanadlı ifadənin” kimin tərəfindən deyildiyi bir o qədər önəmli deyil. Önəmli olan odur ki, illər öncə yarızarafat deyilən bu fraza XXI əsrdə Litvadan olan gənc rejissor Vidas Bareykis tərəfindən səhnədə reallaşdırılıb.

Vidas Bareykis: "Telefon kitabçasının içində özünəməxsus ifadəlilik, effektiv dramaturgiya var. Burada hər şey vacibdir. Adlar, soyadlar, ad və soyad arasındakı boşluqlar, onların arxasında dayanan təşkilatlar. Hətta sözü yox, sözlər arasındakı boşluğu, ağ ləkəni də tamaşaya qoymaq olar. Mən əlaqələri pozmağı, sonra isə bu əlaqələri özümə uyğun şəkildə yenidən qurmağı sevirəm.Yer üzündə mövcud olan hər şey arasında əlaqə var. Əsas odur ki, hər şeyin yerini tapa biləsən və məhz bu mətnin realizəsində maraqlı olasan. Bir daha əmin oldum ki teatrın bacarmayacağı heç nə yoxdur”. 

Gənc rejissorun yaratdığı No Theatre "Telefon kitabçası” adlı tamaşasını ədəbi əsas olmadan hazırlayıb. Daha doğrusu, tamaşanın ədəbi əsası bilavasitə məşq prosesində yazılıb. Çıxış nöqtəsi teatrın öz reallığı, gənc sənətçilərin arzuları, ümidləri, qorxuları və etirazlarıdır. Nəticədə janr baxımından rəngarəng 1 saat 35 dəqiqəlik tamaşa-zarafat alınıb. Burada qrotesk də var, klounada da, lirik ricətlər də, parodiya da. 

 "Telefon kitabçası” teatr haqqında, səhnə haqqında, sənətin təbiəti, funksiyaları, sənət arzuları və şübhələr haqqında tamaşadır, müasir teatrın problemlərinə və funksiyalarına toxunan tamaşa... Teatrın adından kollektivin sənət təfəkkürünü də oxumaq mümkün. Bu adla kollektiv "şərti şumda kəsib” bəri başdan ənənəvi teatr qavrayışı ilə konfrantasiyada olduğunu bəyan edir və teatrın klassik, ənənəvi formada yaşamaq imkanlarını şübhə altına alır. Bunun üçün rejissor mütləq şərtilik metodundan istifadə edir. Təbir caizsə, V.Beraykis teatrın öz metodu ilə teatrı tənqid edir, bir az da dərinə getsək, "baltalayır”.

Səhnədə hərəkətli taxta konstruksiyalar evin karkasını xatırladır. Hadisələr səhnə məkanında, səhnədə yaşayan və "oynayan” aktyorların əhatəsində baş verir. Tamaşa kiçik intermediya ilə (bu da bir paradoks) başayır və bu hissə 15 dəqiqə davam edir. Müasir musiqinin müşayiəti ilə səhnəyə qorilla kostyumunda aktyorlar çıxır, bir neçə dəqiqə qəribə "vəhşi rəqs” ifa edirlər. Telefon kitabçasının vərəqlərini toplayır, yəhudilər haqqında danışır, İsa Məsihi unitazda təsvir edirlər. Teatr bununla milli və dini mövzularla xəstələnmiş müasir intellektual Avropa teatrı trendinə də ironiya edir.  

İlk baxışda ancaq teatrdan danışdığı güman edilən tamaşa, əslində, bir teatrda baş verən hadisələrlə həm də ictimai-siyasi proseslərə işarə edir. 

Tamaşaçıların gözü önündə gah qədim insanların iştirakı ilə bəşəriyyətin tarixi canlandırılır, gah sənəyə diktator Adolf Hitlerə işarə olan Adolf  Klişe adlı simvolik personaj çıxarılır. Adolf Klişe həm də ətalətli, rutin köhnə teatrın simvoludur. Aktyorlar "teatr nədir”, "necə olmalıdır” suallarına cavab axtarırlar və mövcud cavab variantlarını tamaşaçının gözləri qarşısında yaradaraq göstərirlər. 

Ayrı-ayrı parodiya-səhnələr teatr tarixinin müxtəlif mərhələlərini simvollaşdırır. Səhnədə Nyakröşüsün folklor performanslarını xatırladan səhnə ritualları, müxtəlif məşhur teatr simalarının ünvanına atılan replikalar bir-birini əvəzləyir. 

İlk səhnələrdə tamaşaçı səhnədə baş verənlərin "postmodernist” teatra ironiya olduğunu anlamır. Birdən ilk cərgədə oturmuş tamaşaçı ayağa qalxaraq qışqırır və aktyorlardan hoqqabazlığa son qoymağı tələb edir. Qəzəblənmiş tamaşaçı aktyorları hədələyərək deyir ki, əgər bir gün hakimiyyətə gəlsə, teatrları yalnız həqiqəti göstərməyə məcbur edəcək və intellektual oyunların arxasında gizlənən, konsepsiyalar uyduran aktyorları cəzalandıracaq, senzuranı bərpa edəcək. Çünki teatr səhnədə göstərdiklərinə görə məsuliyyət daşımalıdır. Tamaşaçı bu sözü deyib zaldan çıxır və intermediya sona çatır. Aktyorlar maskalarını çıxarır, gündəlik teatr həyatlarını yaşayırlar.  

Tamaşada səhnə ilə (bəli, tamaşaçı ilə yox məhz səhnə ilə) ifaçıların dialoqu da olduqca ifadəlidir. Aktyor səhnədə tək qalır və birdən o, yuxarıdan düşən damcı səslərini eşidir, bu damcıların səsindən sözlər eşidilir (həmin sözlər ekran vasitəsi ilə proyeksiya olunur). "Səhnənin ruhu” ilə söhbətində aktyor yorulduğunu, bəzən niyə səhnəyə çıxdığını heç özü də bilmədiyini deyir. Düşünür ki, teatrdan həqiqət gözləyən tamaşaçı, bəlkə də, haqlı imiş. "Səhnənin ruhu” aktyora bir arzusunu həyata keçirəcəyini vəd edir. Aktyorsa bir qədər əvvəl qəzəblənmiş tamaşaçının sözlərinin həyata keçməsini arzulayır. 

Beləliklə, tamaşanın ikinci hissəsi başlanır. Birinci hissədən tanıdığımız tamaşaçı qolunda qırmızı sarğı, yanında iki qara geyimli adam yenidən zala daxil olur və səhnədə quraşdırılmış tribunaya yaxınlaşır. Bu səhnənin özü də klassika ilə bir oyundur. Bu mizanla rejissor "teatr tribunadır” metaforasını səhnə içrə görümlü edir. Adolf Klişe metaforik tribunada - teatrda real tribunaya çıxaraq metaforik tribunadan həqiqət tələb edir. İndi teatrlar ancaq həqiqəti deməyə məcburdurlar. Bunu təftiş etmək üçün bütün teatrları nəzarətdə saxlayan xüsusi komissiya yaradılacaq və tamaşa qpyulan tələblərə cavab vermədiyi təqdirdə teatr bağlanacaq, truppanın üzvləri isə Sibirə sürgün olunacaqlar.  

Beləliklə, aktyorların həyatında yeni mərhələ başlayır. Onlar özləri üçün yaratdıqları hermetik teatr dünyasından məhrum olurlar. Həqiqəti göstərmək üçün müxtəlif yollara əl atırlar. Əvvəlcə əllərində qəzet səhnəyə çıxıb, qəzetlərdən parçalar səsləndirirlər (burada sənədli teatra göndərmə də var). Aktyorlar həyəcanlanmağa başlayırlar. Ölkədə bütün teatrlar bağlanıb. Komissiya gələndə nə göstərəcəklər? Onlar başa düşürlər ki, bu zamana qədər göstərdikləri həqiqət meyarına uyğun gəlmir. "Rejissor” tez-tez "oynamayın!..” deyə qışqırır. Ancaq bu tələbə necə əməl edilməli olduğunu heç kəs bilmir. Beləcə, həqiqtəbənzər tamaşa hazırlığı prosesində aktyorlar bir-bir teatrı tərk edirlər. Onlar deyir ki, düz-əməlli bir işlə məşğul olmaq lazımdır, seçdikləri peşə qədim olsa da, faydasız peşədir. Teatrdan getməklərinə haqq qazandırmaq üçün aktyorlar tribunaya yaxınlaşır, təsadüfi bir nömrəyə zəng edir və telefona cavab verən adamla teatr haqqında danışırlar. "Siz teatra gedirsinizmi?”, "Teatrı sevirsinizmi?” "Teatr olmasa, dünyada nəsə dəyişərmi?” və s. bu kimi suallara aldığı cavablardan sonra qəhrəmanlar teatrdan getmələrini əsaslandırırlar.

Nəticədə səhnədə bircə aktyor qalır. Komissiya gəlir və ona təklif edir ki, əgər sağ qalmaq istəyirsə, intihar səhnəsini inandırıcı oynasın. Bir neçə cəhddən sonra aktyor başa düşür ki, pafoslu monoloqla intihar aktının inandırıcı ifasına nail ola bilməz. Belə olan halda, onun qarşısında yalnız bir seçim qalır. Həqiqətən, səhnədə intihar etmək.  

Bununla da, kollektiv teatrda həqiqət, inandırıcılıq axtarışında olanları cavabsız bir sual qarşısında qoyur. Teatr həqiqətəbənzər ola bilərmi, yaxud teatr həqiqətəbənzər olmalıdırmı? 

Tamaşanın qaldırdığı problem müasir teatr cəmiyyəti üçün aktualdır. "Həqiqət nədir” və "onun teatrda hansı meyarı var”? Rejissor bu suala birmənalı cavab vermir. Yozumdan oxunan fikir bu məsələyə hər iki radikal münasibəti  - teatrın şərti təbiətə malik olmasını və səhnədə həqiqətəbənzərlik tələbi ilə çıxış edənlərin yanaşmasını şübhə altına alır.

Tamaşanın aktuallaşdırdığı vacib anlayışlardan biri də zamandır. Bütün tamaşa boyu səhnədən siferblat asılıb. Tamaşa getdikcə saatda dəqiqələr geri sayılır. Finalda – saata görə əsl tamaşanın başlamalı olduğu zamanda aktyorlar səhnəyə çıxır və səhnə modulunu (hərəkətli taxta konstruksiyaları) sökməyə başlayırlar. Səhnə boşaldıqca sualın ağırlığını çiyinlərində duyursan, zamanla ağrı böyüyür, ayağından asılan dəyirman daşına çevrilir. Hara getsən, o daşı sürütləyə-sürütləyə özünlə aparırsan. Bir də baxırsan ki, "lənətlənmiş sual” beyninin hansısa küncündə yenidən canlanıb, səndən cavab gözləyir – teatr olmasa, dünyada nəsə dəyişərmi?
 
Elçin Cəfərov 
Teatrşünas
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN