Teatr olmasa, dünyada nəsə dəyişərmi?
Sual qətiyyən ritorik deyil. Qiyamət gününün ağırlığı
sallanır bu sualdan. Günümüzün insanı üçün nə dərəcədə maraqlı olduğunu bilmirəm,
amma son günlər yaşanan olaylar, teatr həyatındakı durğunluq məni bu haqda
düşünməyə vadar etdi və düşündüklərimi dünya teatr sənətində gəlişən
tendensiyaların kontekstində sözə gətirməyə çalışdım.
XXI əsrin teatrı müasir qala bilmək üçün teatr olmaqdan
imtina etdi. Qeyri-teatra çevrildi. Teatrallıqdan uzaqlaşdı, hətta deyərdim ki,
teatrallıqla açıq mübarizəyə girişdi.
Haçansa Yuozas Miltinis belə bir ifadə işlətmişdi: "tamaşanı istənilən
ədəbi materialdan hazırlamaq olar. İstər telefon kitabçası olsun, istər
kulinariya kitabı, istərsə də təmir üçün göstərişlər”. Hərçənd ki, bu ifadəni
V.Meyerholdun adı ilə bağlayanlar da var. A.Efros isə epikrizdən tamaşa
hazırlamağın mümkünlüyünü vurğilamışdı. Əslində, rusların təbirincə desək, bu
"qanadlı ifadənin” kimin tərəfindən deyildiyi bir o qədər önəmli deyil. Önəmli
olan odur ki, illər öncə yarızarafat deyilən bu fraza XXI əsrdə Litvadan olan gənc
rejissor Vidas Bareykis tərəfindən səhnədə reallaşdırılıb.
Vidas Bareykis: "Telefon kitabçasının içində özünəməxsus ifadəlilik, effektiv
dramaturgiya var. Burada hər şey vacibdir. Adlar, soyadlar, ad və soyad
arasındakı boşluqlar, onların arxasında dayanan təşkilatlar. Hətta sözü yox,
sözlər arasındakı boşluğu, ağ ləkəni də tamaşaya qoymaq olar. Mən əlaqələri
pozmağı, sonra isə bu əlaqələri özümə uyğun şəkildə yenidən qurmağı sevirəm.Yer
üzündə mövcud olan hər şey arasında əlaqə var. Əsas odur ki, hər şeyin yerini
tapa biləsən və məhz bu mətnin realizəsində maraqlı olasan. Bir daha əmin oldum
ki teatrın bacarmayacağı heç nə yoxdur”.
Gənc
rejissorun yaratdığı No Theatre "Telefon kitabçası” adlı tamaşasını ədəbi əsas
olmadan hazırlayıb. Daha doğrusu, tamaşanın ədəbi əsası bilavasitə məşq
prosesində yazılıb. Çıxış nöqtəsi teatrın öz reallığı, gənc sənətçilərin
arzuları, ümidləri, qorxuları və etirazlarıdır. Nəticədə janr baxımından rəngarəng
1 saat 35 dəqiqəlik tamaşa-zarafat alınıb. Burada qrotesk də var, klounada da,
lirik ricətlər də, parodiya da.
"Telefon
kitabçası” teatr haqqında, səhnə haqqında, sənətin təbiəti, funksiyaları, sənət
arzuları və şübhələr haqqında tamaşadır, müasir teatrın problemlərinə və
funksiyalarına toxunan tamaşa... Teatrın adından kollektivin sənət təfəkkürünü
də oxumaq mümkün. Bu adla kollektiv "şərti şumda kəsib” bəri başdan ənənəvi
teatr qavrayışı ilə konfrantasiyada olduğunu bəyan edir və teatrın klassik, ənənəvi
formada yaşamaq imkanlarını şübhə altına alır. Bunun üçün rejissor mütləq şərtilik
metodundan istifadə edir. Təbir caizsə, V.Beraykis teatrın öz metodu ilə teatrı
tənqid edir, bir az da dərinə getsək, "baltalayır”.
Səhnədə
hərəkətli taxta konstruksiyalar evin karkasını xatırladır. Hadisələr səhnə məkanında,
səhnədə yaşayan və "oynayan” aktyorların əhatəsində baş verir. Tamaşa kiçik
intermediya ilə (bu da bir paradoks) başayır və bu hissə 15 dəqiqə davam edir.
Müasir musiqinin müşayiəti ilə səhnəyə qorilla kostyumunda aktyorlar çıxır, bir
neçə dəqiqə qəribə "vəhşi rəqs” ifa edirlər. Telefon kitabçasının vərəqlərini
toplayır, yəhudilər haqqında danışır, İsa Məsihi unitazda təsvir edirlər. Teatr
bununla milli və dini mövzularla xəstələnmiş müasir intellektual Avropa teatrı
trendinə də ironiya edir.
İlk
baxışda ancaq teatrdan danışdığı güman edilən tamaşa, əslində, bir teatrda baş
verən hadisələrlə həm də ictimai-siyasi proseslərə işarə edir.
Tamaşaçıların
gözü önündə gah qədim insanların iştirakı ilə bəşəriyyətin tarixi
canlandırılır, gah sənəyə diktator Adolf Hitlerə işarə olan Adolf Klişe adlı simvolik personaj çıxarılır. Adolf Klişe
həm də ətalətli, rutin köhnə teatrın simvoludur. Aktyorlar "teatr nədir”, "necə olmalıdır” suallarına cavab axtarırlar və
mövcud cavab variantlarını tamaşaçının gözləri qarşısında yaradaraq göstərirlər.
Ayrı-ayrı
parodiya-səhnələr teatr tarixinin müxtəlif mərhələlərini simvollaşdırır. Səhnədə
Nyakröşüsün folklor performanslarını xatırladan səhnə ritualları, müxtəlif məşhur
teatr simalarının ünvanına atılan replikalar bir-birini əvəzləyir.
İlk
səhnələrdə tamaşaçı səhnədə baş verənlərin "postmodernist” teatra ironiya
olduğunu anlamır. Birdən ilk cərgədə oturmuş tamaşaçı ayağa qalxaraq qışqırır və
aktyorlardan hoqqabazlığa son qoymağı tələb edir. Qəzəblənmiş tamaşaçı
aktyorları hədələyərək deyir ki, əgər bir gün hakimiyyətə gəlsə, teatrları
yalnız həqiqəti göstərməyə məcbur edəcək və intellektual oyunların arxasında
gizlənən, konsepsiyalar uyduran aktyorları cəzalandıracaq, senzuranı bərpa edəcək.
Çünki teatr səhnədə göstərdiklərinə görə məsuliyyət daşımalıdır. Tamaşaçı bu
sözü deyib zaldan çıxır və intermediya sona çatır. Aktyorlar maskalarını
çıxarır, gündəlik teatr həyatlarını yaşayırlar.
Tamaşada
səhnə ilə (bəli, tamaşaçı ilə yox məhz səhnə ilə) ifaçıların dialoqu da olduqca
ifadəlidir. Aktyor səhnədə tək qalır və birdən o, yuxarıdan düşən damcı səslərini
eşidir, bu damcıların səsindən sözlər eşidilir (həmin sözlər ekran vasitəsi ilə
proyeksiya olunur). "Səhnənin ruhu” ilə söhbətində aktyor yorulduğunu, bəzən niyə
səhnəyə çıxdığını heç özü də bilmədiyini deyir. Düşünür ki, teatrdan həqiqət
gözləyən tamaşaçı, bəlkə də, haqlı imiş. "Səhnənin ruhu” aktyora bir arzusunu həyata
keçirəcəyini vəd edir. Aktyorsa bir qədər əvvəl qəzəblənmiş tamaşaçının sözlərinin
həyata keçməsini arzulayır.
Beləliklə,
tamaşanın ikinci hissəsi başlanır. Birinci hissədən tanıdığımız tamaşaçı
qolunda qırmızı sarğı, yanında iki qara geyimli adam yenidən zala daxil olur və
səhnədə quraşdırılmış tribunaya yaxınlaşır. Bu səhnənin özü də klassika ilə bir
oyundur. Bu mizanla rejissor "teatr tribunadır” metaforasını səhnə içrə görümlü
edir. Adolf Klişe metaforik tribunada - teatrda real tribunaya çıxaraq
metaforik tribunadan həqiqət tələb edir. İndi teatrlar ancaq həqiqəti deməyə məcburdurlar.
Bunu təftiş etmək üçün bütün teatrları nəzarətdə saxlayan xüsusi komissiya
yaradılacaq və tamaşa qpyulan tələblərə cavab vermədiyi təqdirdə teatr
bağlanacaq, truppanın üzvləri isə Sibirə sürgün olunacaqlar.
Beləliklə,
aktyorların həyatında yeni mərhələ başlayır. Onlar özləri üçün yaratdıqları hermetik
teatr dünyasından məhrum olurlar. Həqiqəti göstərmək üçün müxtəlif yollara əl
atırlar. Əvvəlcə əllərində qəzet səhnəyə çıxıb, qəzetlərdən parçalar səsləndirirlər
(burada sənədli teatra göndərmə də var). Aktyorlar həyəcanlanmağa başlayırlar.
Ölkədə bütün teatrlar bağlanıb. Komissiya gələndə nə göstərəcəklər? Onlar başa
düşürlər ki, bu zamana qədər göstərdikləri həqiqət meyarına uyğun gəlmir.
"Rejissor” tez-tez "oynamayın!..” deyə qışqırır. Ancaq bu tələbə necə əməl
edilməli olduğunu heç kəs bilmir. Beləcə, həqiqtəbənzər tamaşa hazırlığı
prosesində aktyorlar bir-bir teatrı tərk edirlər. Onlar deyir ki, düz-əməlli
bir işlə məşğul olmaq lazımdır, seçdikləri peşə qədim olsa da, faydasız peşədir.
Teatrdan getməklərinə haqq qazandırmaq üçün aktyorlar tribunaya yaxınlaşır, təsadüfi
bir nömrəyə zəng edir və telefona cavab verən adamla teatr haqqında danışırlar.
"Siz teatra gedirsinizmi?”, "Teatrı
sevirsinizmi?” "Teatr olmasa, dünyada nəsə dəyişərmi?” və s. bu kimi
suallara aldığı cavablardan sonra qəhrəmanlar teatrdan getmələrini əsaslandırırlar.
Nəticədə
səhnədə bircə aktyor qalır. Komissiya gəlir və ona təklif edir ki, əgər sağ
qalmaq istəyirsə, intihar səhnəsini inandırıcı oynasın. Bir neçə cəhddən sonra
aktyor başa düşür ki, pafoslu monoloqla intihar aktının inandırıcı ifasına nail
ola bilməz. Belə olan halda, onun qarşısında yalnız bir seçim qalır. Həqiqətən,
səhnədə intihar etmək.
Bununla
da, kollektiv teatrda həqiqət, inandırıcılıq axtarışında olanları cavabsız bir
sual qarşısında qoyur. Teatr həqiqətəbənzər
ola bilərmi, yaxud teatr həqiqətəbənzər olmalıdırmı?
Tamaşanın
qaldırdığı problem müasir teatr cəmiyyəti üçün aktualdır. "Həqiqət nədir” və "onun teatrda hansı meyarı var”? Rejissor bu
suala birmənalı cavab vermir. Yozumdan oxunan fikir bu məsələyə hər iki radikal
münasibəti - teatrın şərti təbiətə malik
olmasını və səhnədə həqiqətəbənzərlik tələbi ilə çıxış edənlərin yanaşmasını
şübhə altına alır.
Tamaşanın
aktuallaşdırdığı vacib anlayışlardan biri də zamandır.
Bütün tamaşa boyu səhnədən siferblat asılıb. Tamaşa getdikcə saatda dəqiqələr
geri sayılır. Finalda – saata görə əsl tamaşanın başlamalı olduğu zamanda
aktyorlar səhnəyə çıxır və səhnə modulunu (hərəkətli taxta konstruksiyaları)
sökməyə başlayırlar. Səhnə boşaldıqca sualın ağırlığını çiyinlərində duyursan,
zamanla ağrı böyüyür, ayağından asılan dəyirman daşına çevrilir. Hara getsən, o
daşı sürütləyə-sürütləyə özünlə aparırsan. Bir də baxırsan ki, "lənətlənmiş
sual” beyninin hansısa küncündə yenidən canlanıb, səndən cavab gözləyir – teatr olmasa, dünyada nəsə dəyişərmi?
Elçin Cəfərov
Teatrşünas