Mayın 11-də qəzetimizin "Teatr” əlavəsinin 8 yaşı
tamam oldu. Bu münasibətlə paytaxt teatrlarımızda fəaliyyət göstərən teatr
direktorlarının bəziləri ünvanımıza təbriklər səsləndirdilər. Təbrikdə həftədə
bir gün teatr cameəsində baş verən bütün hadisələr qəzetin "Teatr” əlavəsində
yer almasını müsbət qiymətləndirdiklərini qeyd etdilər. Azərbaycanda teatrda
baş verən bütün proseslərin hamısını burada izləmək imkanı əldə etdiklərini,
yeni səhnə uğurlarını, tamaşa və kollektivlərinin yaradıcı üzvləri ilə bağlı
yenilikləri görmək istəklərini məhz burada reallaşdırdıqlarını dedilər. Çünki
bu mətbu orqanın ərsəyə gəlməsində peşəkarlıq, teatra sevgi və yanğının daim
hiss olunduğunu vurğuladılar.
Teatr
Xadimləri İttifaqının rəhbəri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, baş
rejissoru Azər Paşa Nemətov
qəzetin teatr əlavəsinin 8 yaşı üçün xoş arzular səsləndirdi: "Qəzetinizin
"Teatr” əlavəsinin 8 yaşı münasibəti ilə təbrik edirəm. "Kaspi” oxunaqlı qəzetlərdəndir.
Xalq arasında ona böyük hörmət, sevgi və sayğı var. Danılmaz faktdır ki, xalqın
bu qəzetə böyük rəğbəti var. Sevindirici haldır ki, üç əsr yaşı olan qəzetdə
"Teatr” əlavəsi mövcuddur və bu əlavədə mədəniyyətə, teatra xüsusi yer verilir.
Azərbaycan teatrı ağır və məşəqqətli yollar keçib. Bu zaman çərçivəsində o çox
şərəfli ömür yaşayıb. Zaman-zaman biz bu şərəfli ömür yolunu "Kaspi” qəzetinin
"Teatr” əlavəsində oxumuşuq. Qəzetiniz hər zaman oxucularla dolu olsun, heç
zaman köşklərdə qalmasın, hər zaman "Kaspi” qəzetinin "Teatr” əlavəsini
axtaraq”.
Azərbaycan DövlətAkademik Musiqili Teatrındirektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoruƏliqismət Lalayev "Kaspi” qəzetinin "Teatr” əlavəsinin peşəkar teatr işçilərinin sevimli bir mətbu orqanına çevrildiyini bildirdi: "Qəzetinizin "Teatr” əlavəsinin 8 yaşı tamam olması münasibətilə bu səhifədə əməyi keçən hər kəsi təbrik edir, sizə yaradıcılıq uğurları arzulayıram. Ona görə ki, biz bu səhifədə milli teatrımızın həyatında baş verən nə yeniliklər varsa, dünya teatrından müəyyən hadisələr barədə, aktyorlarımızın, rejissorlarımızın, teatr rəssamlarımızın, teatrda çalışan, səhnə arxasında olan, səhnədə görünməyən insanların həyatından, yarıdıcılığından məlumatlar alırıq və ən xoş, yaddaqalan, sevindirici bir məsələdir ki, bu səhifəni gənclər hazırlayırlar. Gənclik yenilik deməkdir, gənclik sabahımız deməkdir. Ona görə də düşünürəm ki, teatrımızın sabahını biz belə istedadlı insanlara ərməğan edəcəyik. "Gənclər teatr necə olmalıdır?”, "onlar teatrdan nə istəyirlər?”, "onlar teatrı necə görmək istəyirlər?” kimi suallara cavab axtarırlar. Deyim ki, bunun da cavabını öz yazılarında, fikirlərində tamaşaçılara çatdırmağı bacarırlar. Qəzetin bu səhifələrində Akademik Musiqili Teatra həmişə yer ayrılıb. Ən əsası isə, teatrın uğurları, teatrda baş verən yeniliklər barədə biz teatr əlavəsindən sevə-sevə oxuyuruq. Düşünürəm ki, eyni zamanda "Teatr” əlavəsi bizləri daha işgüzar olmağa səsləyir. Ona görə ki, gənclərin qeyd etdikləri müəyyən tənqidi məsələlərdən də nəticə çıxarırıq. Məhz onların dedikləri bütün gəncliyin arzusudur. Bir daha təbrik edir, sizlərə cansağlığı arzulayıram. Əsas odur ki, yolunuz açıqdır. O mənada ki, sizə, gənclərə etimad göstərilir. Uğurunuz özünüzdən asılıdır, uğurlar olsun!”.
Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının direktorudirektoruAkif Məlikov teatrdan yazmağın məsuliyyətli bir missiya
olduğunu xatırlatdı: "Dövri mətbuatımızın oxucular tərəfindən çox sevilən nümunələrindən
biri "Kaspi” qəzetidir. Qəzetin səhifələrində
həyatımızın bir çox sahələrinə aid dərc edilən maraqlı yazılar hər zaman
diqqətimizdədir. Lakin bizim daha çox izlədiyimiz "Kaspi”nin "Teatr” əlavəsidir.
Burada digər teatrlarla yanaşı, Akademik Opera və Balet Teatrının fəaliyyətinə
də geniş yer verilir ki, buna görə bu işdə əməyi olan bütün qələm sahiblərinə dərin
təşəkkürümüzü bildiririk. Fürsətdən istifadə edərək bu günlərdə 8 yaşını qeyd
edən "Teatr” əlavəsini təbrik edir, bütün jurnalist kollektivinə və şəxsən Xəyalə
xanıma peşə fəaliyyətində uğurlar diləyirik”.
Gənc
Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə "Teatr” əlavəsinin artıq möhürünü vurduğunu, teatr
camesində sözünü deyən bir mətbuat orqanı hesab etdiyini dedi: "Azərbaycan mədəniyyətinin
təbliğatına ciddi şəkildə təsir edərək, bir çox uğurlara imza atıb. Müasir
dünyada, belə bir zamanda mədəniyyətə
xidmət etmək və əsl dəyərləri göstərmək, oxucuya doğru, dürüst çatdırmaq heç də
sadə məsələ deyil. Bu mənada, "Teatr” əlavəsi mədəniyyətə birbaşa xidmət edərək
qısa müddətdə bu sahənin adamları arasında nüfuz qazanıb. Gənc Tamaşaçılar
Teatrının kollektivi də "Teatr” əlavəsini izləyir və aktyorlarımızla müsahibələri,
tamaşalarımız haqqında resenziyaları bu qəzetdən oxuyur. Tamaşalarımızın təbliğatı
zamanı "Kaspi qəzetinin "Teatr” əlavəsi çox yardımçı olur. Mən bu işdə əməyi
keçən hər kəsə, hər bir əməkdaşınıza təşəkkürümü bildirirəm və ən səmimi
arzularımı çatdırıram”.
Abdulla
Şaiq adınaDövlətKuklaTeatrının direktoruRəşad Əhmədzadə qəzetimizin, eləcə də onun "Teatr” əlavəsinin həyatımızın
ən müxtəlif sahələri ilə yanaşı, mədəniyyətə xüsusi diqqəti və sevgisi ilə
seçildiyini qeyd etdi: "Artıq illərdir ki, "Kaspi” qəzeti, sevilən mətbu
orqanın əməkdaşları ən yaxın dostumuza çevriliblər. Təbii ki, buna səbəb daim
sevgi və qayğı ilə təbliğata ehtiyacı olan teatr sənətinə, onun spesifik sahə
olan kukla sənətinə xoş münasibətdə olmasıdır. Təsadüfi deyil ki, bizim
tamaşalar, qastrollar, festivallarda qazandığımız uğurlar, ümumilikdə
teatrımızın həyatında baş verən hər bir hadisə bu qəzetin səhifələrində yer
alır. Mən bu qəzetə uzun ömürlü dərc və tükənməz oxucu sevgisi arzulayıram. Onu
ərsəyə gətirənlərə isə uğurlar diləyirəm və sonsuz təşəkkürümü ifadə edirəm”.
YUĞ
Dövlət Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənov "Kaspi” qəzetinin "Teatr” əlavəsini 8 yaşı münasibətilə
təbrik edərək, bunun çox gözəl təşəbbüs olduğunu bildirdi. "İllərdir ki,
"Teatr” əlavəsini məmnuniyyətlə oxuyuruq. Müxtəlif teatrlarda çalışan həmkarlarımız
teatr sahəsində baş verən yeniliklərdən xəbər tutmaq üçün "Kaspi” qəzetinin
"Teatr” əlavəsini ən mötəbər mənbə hesab edirlər. Çünki burada çalışan insanlar
öz işlərini gözəl bilən və sevən peşəkar teatrşünaslardır. Teatrın isə hər
zaman peşəkarların fikrini eşitməyə ehtiyacı var.
SumqayıtDövlət
Dram Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov "Kaspi” qəzeti onun ən çox maraqla oxuduğu qəzetlərdən
olduğunu qeyd etdi: "8 il bundan əvvəl bu qəzetdə "Teatr” əlavəsinin görünməsi
məni çox məmnun etdi. Bundan öncə çalışdığım teatrda da, Sumqayıt teatrında da
olan bütün yeniliklər, sənət hadisələri ilkin olaraq "Kaspi” qəzetinin teatr əlavəsində
işıqlandırılır. Bunun üçün də sizlərə təşəkkürümü bildirirəm. Sizin bütün əməkdaşlarınızı,
müxbirlərinizi, teatr yazarlarını səmimi qəlbdən təbrik edirəm. Sizə
yaradıcılıq uğurları arzulayıram. Siz teatrşünaslar teatrlarımıza gələcək
yaradıcılıq stimulu verirsiniz. Bəlkə də özünüz bunu hiss etmirsiniz, ancaq
verdiyiniz bu stimul sözlə ifadə edilə bilməz. Arzu edirəm ki, "Teatr” əlavəsinin
18-28 illini qeyd edəsiniz”.
Pantomima Teatrının
direktoru Əməkdar artist Elman Rəfiyev davamlı olaraq saytları, qəzetləri izlədiyini və
"Teatr” əlavəsinin onun üçün xüsusi önəm kəsb etdiyini dedi: "Mən qəzet oxumağı
çox sevirəm. Qəzetlərin içərisində məqaləsinə,
mövzuların aktuallığına,
dizaynına görə ən çox "Kaspi” qəzetini seçir və orada yazılan məqalələri
oxuyuram. Bu qəzetdə həm mədəni, həm iqtisadi, həm də digər sahələrdə çox
aktual məsələlərə toxunursunuz. Mənim diqqətimi çəkən məqam isə qəzetdə "Teatr”
əlavəsində çıxan materiallardır. Bu qəzetdə çalışan teatrşünaslar mənə əzizdir.
Sizinlə dostluq münasibətlərimizin olmasına baxmayaraq, sərbəst şəkildə öz
fikirlərinizi bildirir, "bu tənqidi edərsəm,
dostum küsərmi, xətrinə dəyərmi” kimi düşüncələrə qapılmırsınız. "Teatr” əlavəsində
bizdən daha çox yazılar yazan əməkdaşınız Xəyalə Rəisin bu xüsusiyyəti mənim
çox xoşuma gəlir. Bu da o deməkdir ki, "Kaspi”də hər şey olduğu kimi çap
olunur. Qəzetin "Teatr” əlavəsinin 8
yaşı münasibəti ilə sizi təbrik edirəm. Arzu edirəm ki, qəzetinizin həcmi daha
da böyüsün. Layihəniz uzunömürlü, oxucuların sayı çox olsun. Qəzetin yaşaması
oxuculardan, teatrın yaşaması isə tamaşaçılardan asılıdır. Ona görə də sizə bol
oxucu sayı arzu edirəm”.
Bakı Uşaq Teatrının
direktoru, bədii rəhbəri Əməkdar artist İntiqam Soltan teatrın əldə etdiyi uğurlar haqqında daha çox
"Kaspi” qəzetindən oxuduğunu qeyd etdi: "Bakı Uşaq Teatrının sadiq tərəfdaşı, fəaliyyətimizi
operativ və davamlı şəkildə işıqlandıran, eləcə də ölkənin mədəni həyatında əvəzsiz
rol oynayan "Kaspi” qəzetinin Teatr əlavəsini 8 yaşı münasibətilə ürəkdən təbrik
edirik. Maddi və mənəvi dəyərlərimizin tanıdılması yolunda yorulmadan uzun illər
fəaliyyət göstərməyinizi arzulayırıq. Bu münasibətlə teatrımızın dostu Xəyalə
xanımı da təbrik edir, işlərində uğurlar arzulayırıq”. Xəyalə
Rəis