Taleyin qəribə oyunu

Taleyin qəribə oyunu

13 İyun 2016, 10:40 3692
Artıq bir neçə ildir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rejissorluq fakültəsində təhsil alan tələbələrin buraxılış işi kimi diplom tamaşaları Səda Tədris Teatrının səhnəsində nümayiş olunur. Bu dəfə növbəti iş ADMİU-nun "Musiqili Teatr Rejissoru” ixtisası üzrə IV kurs tələbəsi Fəridə Əlizadənin diplom tamaşası oldu. Tamaşa Yolanda Varqas Duçenin "Yeseniya” telenovellası əsasında hazırlanmışdı. Tamaşa – Diplom işi eyni vaxtda həm sadəcə seyrçilər, həm də ADMİU-nun Dövlət İmtahan Komissiyası qarşısında - Universitetin rektoru, professor Fərəh Əliyeva, xalq artisti, professor İlham Namiq Kamal, dekan Əsəd Rzayev, Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, əməkdar incəsənət xadimi Fikrət Sultanov oynanılırdı.
Əvvəldən də qeyd olunduğu kimi tamaşa telenovella əsasında hazırlanmışdı. Ona görə də səhnədəki hadisələr həqiqətən də bir serial qədər gərgin, mürəkkəb məcrada baş verirdi. Rollarda Yeseniya - Nərgiz Əlizadə (Azərbaycan Dövlət Musiqili Teatrının balet truppasının artisti), Osvaldo - Əmrah Dadaşov (ADMİU MTA IV kurs tələbəsi, eyni zamanda Musiqili Teatrda aktyor), Luissita - Günel İmanova (ADMİU TKA IV kurs tələbəsi, eyni zamanda Akademik Milli Teatrda aktrisa), Bardo - Ümman Budaqov (ADMİU TKA III kurs tələbəsi), Maxsita - Təhminə Ənvəroğlu (ADMİU MTR III kurs tələbəsi), Don Xuan - Mir Qabil Əkbərov (ADMİU Dram.rej. I kurs tələbəsi), Marisella - Həcərxanım Cavanşir (ADMİU MTR IV kurs tələbəsi), Don Rolan - Murad Əliyev (ADMT balet artisti), Hakobo - Orxan Abışov (ADMİU Estr.akt. III kurs tələbəsi), Amparo - Şərəf Yusifova (ADMİU MTR IV kurs tələbəsi), Başçı - Fərid Muradoğlu (ADMT xor artisti), Keşiş - Sənan Fərzəliyev (ADMİU Ədəbi iş, IV kurs tələbəsi) və başqaları çıxış edirdilər.
Tamaşanın illər öncə körpə qızın zadəgan babası tərəfindən ad-sanlarını qorumaq üçün qaraçılara verilməsindən, ikinci bacının ağır xəstə olmasından və onların sevgi hehayəsindən bəhs edir. Tale elə gətirir ki, varlı ailənin qaraçılara verilmiş qızı, sadəlöv, şıltaq Yeseniya ilə Osvaldo adlı zabit bir-birini sevir və evlənirlər. Lakin Osvaldonun tapşırıq dalınca göndərilməsi, sonradan qayıtmaması və Yeseniyanın bacısı Luissita ilə nişanlanması, Yeseniyanın kimin qızı olmasının üzə çıxması hadisələri daha da dərinləşdirir. Sonda həqiqətin üstü açılır, sevgililər qovuşur və Luissita xeyir-duasını verib, müalicə almağa gedir.
Tamaşanı izləyərkən hiss olunurdu ki, rejissor xeyli zəhmət sərf edib – aktyor işi, musiqilər, rəqs-balet səhnələri, geyim, qrim hamısı bir-birinə uyğun seçilmişdi. Əslinə qaldıqda səhnədə hadisələr iki xətt üzrə cərəyan edirdi. Hadisələr elə zalda da iki məkanda vaqe olurdu – gah səhnədə, gah da səhnədən aşağıda (birinci hissədə). Amma bəzən bir hadisədən digərinə keçidlərdə arada boşluq yaranırdı, ələlxüsus da zadəgan ailəsinin təsvirində. Yeri gəlmişkən zadəgan ailəsindən Don Xuan, Marsiella və digərlərinin oyunlarında həyəcan aşırı hiss olunurdu. Qəribəsi o idi ki, zadəgan ailəsinin təsvirində özünü tamaşa izləyirmiş kimi hiss edirdinsə, qaraçı qızı Yeseniya və Osvaldo ilə bağlı səhnələrdə çox zaman bunu unudurdun. Sanki film seyr edirsən kimi bir təəssürat yaranırdı. Tamaşada "Klon”, "Qaraçı qanı” teleseriallarından seçilən musiqilər romantik səhnələri daha da dərinləşdirirdi. Rejissor ara-sıra qaraçı qızlarının rəqsləri vermişdi ki, bununla da tamaşada qaraçılara məxsus abı-havanı yaratmağa müvəffəq olmuşdu. Onların içərisində bir qaraçı qızın oyunu daha canlı və dəqiq alınırdı ki, bu da Yeseniya idi. Rejissor maraqlı bir əlavə də etmişdi - tamaşa boyu bəzi məqamlarda balet səhnələrinə yer vermişdi. Sonda toy səhnəsində baş qəhrəmanlarla yanaşı bir tərəfdə də gənc balet ifaçıları Osvaldo və Yeseniyanın sevgi həyatlarını pantomim şəkildə təsvir edirdilər.
Tamaşanın ərsəyə gəlməsi xeyli zaman sürmüşdü və gənc rejissor bu işi görərkən bir sıra çətinliklərlə rastlaşmışdı. Bunu rejissorla söhbət zamanı Fəridə Əlizadə özü belə ifadə etdi: "Əlimizdə əsərin heç bir dramaturji materialı, mətni yox idi. Ona görə də əsər tamamilə kinodan tərcümə olundu, hətta yeri gəldikdə, ispan dilindən belə tərcümələr edildi. Bəlkə də, yeganə tələbəyəm ki, diplom işim bu qədər uzun olub, başqalarından fərqli olaraq mənim tamaşam iki pərdə və iyirmi şəkildən ibarətdir. Hələ baxmayaraq ki, xeyli hissələr, obrazlar, sözlər ixtisara salınıb. Tamaşadan tam da olmasa istədiyimi demək olar ki, almışam. Texniki səhvlər təbii ki, var. Bu tamaşanı 9 aydır ki, Musiqili teatrda məşq edirik, Səda Teatrında göstərişdən yalnız bir gün öncə icazə verilib ki, məşq olunsun. Və yalnız həmin gün bütün iştirakçıların birlikdə məşqini edə bilmişik. Qalan vaxtlarda alınmırdı, bəzilərinin işi, dərsi, dərs cədvəlləri üst-üstə düşmürdü. Üstəgəl geyim - yarısı Musiqili Teatrdan, yarısı Milli Teatrdan alınıb, Səda Teatrının öz geyimləri demək olar bərbad vəziyyətdədir. Qrimə gəlincə özüm şəxsən Azərbaycanfilm kinostudiyasından professional qrim ustası gətirtmişəm. Axı hadisələrin XIX əsrə aid olduğunu təsvir etmək, yaş fərqini göstərmək aktyorlarda təkbaşına alınmayacaqdı. Lakin onlardan istədiyimin çox hissəsini alsam da tam istədiyim də olmadı. Ancaq yenə də münsiflər çox razı qaldılar, hətta belə bir təklif də irəli sürdülər ki, bu tamaşanı üzərində ciddi şəkildə işləyib Musiqili Teatrın repertuarına da salmaq olar. Əslində bu mənim ilk sənət yollarında ən böyük arzumdur. Qismət... Fikirlərimə gəlincə, burada əsas iki nüansı götürmüşəm – sevgini tamaşaçıya aşılamaq, obrazların bir-birinə olan sevgisini göstərmək, sevgini üzə çıxarmaq, yəni əks cinsə və ailəyə. Fədakarlığı göstərmək, insanlar arasında ayrı seçkiliyə yox demək. İstər irqi olsun, istər milli – istər yəhudi olsun, istər də qaraçı olsun, insanları bir-birindən ayırmamaq lazım”. Olsun ki, tamaşada müəyyən qüsurlar vardı, lakin ümumilikdə tamaşa çox təsiredici oldu. Gənc rejissor Fəridə Əlizadənin bu işi nə qədər ürəkdən işlədiyi göz qarşısında idı. Doğurdan da bir az da işlənsə cari repertuara salınacaq bir tamaşadır... Uğurlar...
Nigar Pirimova
Teatrşünas