Şuşa Teatrının dəlisi - “Dəli Domrul” - Fotolar
Sentyabrın 17-də Şuşa
Dövlət Musiqili Dram Teatrında 147-ci teatr mövsümünün açılışı baş tutdu. Açığı,
repertuara baxdıqda ədəbi əsasının Altay Məmmədovun "Kitabi-Dədə Qorqud”
dastanı əsasında qələmə aldığı "Dəli Domrul” adını gördükdə bir qədər tərəddüd
etdim. Düşündüm ki, yenə o pafos, Dədə Qorqud əlində qopuz səhnəyə çıxacaq? Yenə
də Dəli Domrulun qəhrəmanlıqlarından bəhs olunacaq, uşaqlıqdan bəri əzbərə
bildiyimiz eyni səhnələrə şahidlik edəcəyik. Ancaq biz saydığımızı sayaq, görək
tamaşanın rejissoru, Əməkdar artist Loğman Kərimov nə sayır. Dədə Qorqud əlində
qopuzu səhnəyə də çıxdı, tamaşada Dəli Domrulun qəhrəmanlıqlarından da bəhs
olundu, ancaq bizim gözlədiyimiz o pafosda, görməyə alışdığımız eyni üslubda
yox. Teatrın baş rejissoru əsərə tamam başqa bir don geyindirmişdi. Zalda
əyləşən tamaşaçılar yuxulamırdılar. Tamaşada bol gülüş və dinamiklik vardı.
Onu da qeyd edək ki, səhnə
əsərinin rejissor assistenti Zəhra Salayeva, rəssamı Valeh Məmmədov, musiqi
tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Körpü salan Dəli Domrul
Belə ki, Dəli Domrul bir körpü salır, yolu çayın üstündən keçən hər kəsə bu
körpüdən keçməyi məsləhət görür. Döyüşə getməkdən imtina edir, deyir ki, düşmən
mənim torpaqlarıma göz dikərsə, ona qan udduraram, amma döyüş başqa torpaqlarda
gedərsə, mən qan tökülməsinin əleyhinəyəm. Çünki döyüş bədbəxtlik gətirir, anların oğulları, gəlinlərin ərlərini itirir. Dəli Domrul hər kəsə, hətta Əzrayıla
belə meydan oxuyur. Əzrayıl müxtəlif cildlərə girərək Dəli Domrulun canını
almağa çalışsa da, səyləri boşa çıxır. Sonda isə Dəli Domrulu şərabla yuxuya
verir və ona canını alacağını söyləyir və qarşısına belə bir şərt qoyur: Dəli
Domrulu yalnız o təqdirdə azad edə bilər ki, ailə üzvlərindən, qanı qanından,
canı canından olan bir ailə üzvü onun əvəzinə canından keçməlidir. Ancaq Dəli
Domrulun nə anası, nə atası övladı üçün canından keçmək istəmir. Dəli Domrul
məyus olur və yoldaşı Banunun yanına gələrək onunla vidalaşmaq istədikdə Banu
öz canını ona qurban verməyə hazır olduğunu deyir. Əzrayıl bu sədaqəti görüb
Dədə Qorqud libasında geri dönür və Dəli Domrulun canını bağışlayır.
Axır ki, Şuşa Teatrının da
təmirli binası oldu
Tamaşa sonrası aktyorlar
səhnədə alqışlanır və foyedə tamaşa haqqında fikirlər səslənməyə başlayır. Tamaşa
bitdikdən sonra zalda və foyedə yaşanan hadisələr mənə tamaşadan sonra tamaşa
kimi görünür. Çünki səhnədə gördüyümüz əsas tamaşadan sonra əsas tamaşa
kulisdə, zalda və foyedə başlayır. Tamaşa bitdiksən sonra bir az seyr edib, az
öncə səhnədə gördüyüm aktyorları axtarmağa başladım. Tamaşanın rejissoru Loğman
Kərimovla əlaqə saxlayıb, aktyorların yerini öyrənməyə çalışdım. Loğman Kərimov
aktyorların onun otağında olduğunu, tamaşa haqqında ümumi yekun iclasın
keçirildiyini deyərək, məni yanlarına dəvət etdi. Bu da otağı tapmaq bəhanəsi
ilə həm yeni təmirdən çıxan binanı gəzmək üçün mənə bir imkan oldu. Bəli, ilk
olaraq teatrın birinci mərtəbəsini gəzməyə başladıq. Deməli, yeni binasının mövcud hissəsi 2 mərtəbəli, yeni
inşa edilmiş hissəsi isə 4 mərtəbəlidir. Teatr binası zal, vestebül, inzibati
otaqlar, qrim otaqları, mətbəx, sanitar qovşaqları və digər texniki
xidmətlərdən, həmçinin 110 nəfərlik tamaşaçı zalından ibarətdir. 2-ci mərtəbədə
professional səs, işıq apparaturaları və kinoproyeksiya otaqları yerləşir.
Səhnə yenidən qurulub və yeni mexaniki avadanlıqlar quraşdırılıb. Teatrın
fəaliyyətini təmin edən mebel, avadanlıq və inventarlar alınıb,
mərkəzləşdirilmiş istilik xətti çəkilib, havalandırma sistemləri qurulub və
soyutma avadanlığı ilə təchiz edilib. Videomüşahidə, yanğından xəbərvermə,
yanğınsöndürmə sistemləri quraşdırılıb və ərazidə 200 m3 tutumlu olan yanğın
və içməli su anbarı tikilib.
Aktyorların
təəssüratları
Və budur, üzüyuxarı
çıxdığım pilləkənlərdən aktyor Məmməd Məmmədov üzü mənə tərəf gəlir "Loğman
müəllim məni sizin arxanızca göndərib” – deyərək, yolu göstərir. Və geniş,
işıqlı, yeni mebellə təmin olunmuş bir otağa tərəf gedirik. Bir az əvvəl
səhnədə gördüyüm bütün aktyorlar burda idi. Tamaşa haqqında yaradıcı heyətin təəssüratlarını
öyrənmək üçün burada mənə lazım olan bütün müsahiblər vardı. Söhbətə ilk olaraq
tamaşanın rejissoru Loğman Kərimovdan başlamaq istəsəm də xatırladım ki, o
mətbuata açıqlama verməkdən hər zaman imtina edib. Bu dəfə də Loğman Kərimov öz
ənənəsinə sadiq qaldı. Biz də tamaşada Dəli Domrul rolunu canlandıran Məmməd Məmmədovdan
başladıq.
Aktyor deyir ki, Şuşa
Teatrının yeni binasına köçməmişdən əvvəl məşqlərə başlayıblar və bu günü uzun
müddətdir ki, gözləyiblər: "Biz bu tamaşada "Dəli Domrul” boyu ilə müasirliyin sintezini
yaratmağa çalışdıq. Bu yeni üslub tamaşaçılar tərəfindən gözəl qarşılandı, müsbət
reasiyalar aldıq. Dəli Domrul körpü tikir, insanları sülhə, barışa səsləyir. Deyir
ki, öz elimə kimsə hücum etsə, gedərəm, leşi-leşə söykəyərəm, ancaq başqa elə savaşa
getmərəm”.
Aktyor qeyd edir ki, tamaşada
müasir nüanslar öz əksini tapıb. Belə ki, Dəli Domrul yeri gələndə ingilis dilində
danışır, zamanın nəbzini tutmağa çalışır: "Xaricilərlə ingilis dilində danışan
Dəli Domrul müasir biridir. Tamaşaçı bu gün səhnədə müasir insan görmək
istəyir. Dəli Domrulu olduğu kimi göstərsəydik, bugünkü tamaşaçaların o qədər də
diqqətini çəkməzdi. Bu Loğman Kərimovun iş prinsipidir. Biz də bir qədər aktyor
tapıntıları, improvizələr edərək obrazlarımızı tamaşaçılara modern şəkildə təqdim
etməyə çalışdıq”.
Məmməd Məmmədov qeyd edir ki, mövsümün açılışını məhz Şuşa Dövlət Musiqili
Dram Teatrında baş tutması həm məsuliyyətli, həm də şərəfli bir missiya olub: "Neçə
vaxtdır bu gün üçün həyəcan keçirirəm. Tamaşanın baş rol ifaçısı olaraq, üzərimdə
böyük məsuliyyət hiss edirdim. Mədəniyyət nazirimiz Əbülfəs Qarayev, teatr cameəsinin
tanınmış nümayəndələri qarşısında yeni teatr mövsümünün açılışının məhz Şuşa teatrında
olması bizim üçün məsuliyyətli və şərəfli idi. Sağ olsun cənab nazirimiz ki, teatrımıza
belə diqqət göstərdi”.
Banu obrazının ifaçısı Zəhra Salayeva tamaşada yaşlı qadın, Əzrail və
Dəli Domrulun yoldaşı obrazını canlandırıb. O qeyd edir ki, bir tamaşada başqa-başqa obrazları oynamaq
aktrisa üçün çox çətindir: "Məşqlərdə düşünürdüm ki, 3 dəyişmə mənim üçün bir
qədər çətin olacaq. Ancaq heç də elə olmadı. "Dəli Domrul” tamaşası həyatımda müstəsna rol oynadı. Əslində, bütün obrazlarım mənim üçün əzizdir. Heç
bir roluma dırnaqarası baxmıram. Epizodik rollarım belə mənim üçün doğmadır”.
Zəhra deyir ki, real həyatda Banu
obrazı kimi böyük fədakarlıq etməyə hazırdır: "Əslində, hər kəs bilir ki, bu real
hadisə deyil. Əgər mən belə bir hadisə ilə
üz-üzə qalsaydım, yəqin ki, Banu kimi canımdan
keçərdim”.
Həyəcan,
məsuliyyət və şərəf...
Ana obrazının müəllifi Püstəxanım Zeynalova sevinir ki, nəhayət ki, neçə
illərdən sonra yeni binalarında mövsümün açılışını edə bildilər: "Bu vaxta qədər
müxtəlif teatrlarda tamaşalar oynamışıq. Çünki öz teatrımızın binamızda tamaşa oynamaq üçün
uyğun şərait yox idi. Binamızda belə bir mövsüm açılışının keçirilməsi bizim üçün
sevindirici haldır. Nəhayət ki, biz də öz binamızda yeni mövsümü açdıq və tamaşa
oynadıq. Bunun sevinci bizə yetər. Düzdür, səhnələrində çıxış etdiyimiz teatrlarda,
mədəniyyət evlərində bizi çox yaxşı qarşılayırdılar. Ancaq insanın öz səhnəsindəki
çıxışının yerini heç nə verə bilməz. Biz tamaşalarımızın məşqlərini hər zaman bu
binada etmişik. Buranın soyuğunu, qışını, şəraitsizliyini görmüşük. Ancaq indi bizə
yaradılan şərait bizi daha da ruhlandırır ki, yeni-yeni tamaşalar, yeni-yeni obrazlar
yaradaq. Mənə hər hansı bir obraz həvalə olunanda onu canla-başla ifa edirəm. Çünki
bu mənim borcumdur və mən aktrisayam. Mənim bundan başqa bir vəzifəm yoxdur. Mənə
həvalə olan obrazı mənimsəyirəm. Bu tamaşada üç obrazı canlandırdım. Nə yaxşı ki,
bu rol mənə həvalə olundu. Bunun üçün Loğman Kərimova minnətdarlığımı bildirirəm.
Çünki o hər zaman mənə maraqlı obrazlar həvalə edib”.
Əzrayıl rolunun ifaçısı Emin Sevdiməliyev mənfi obrazların vurğunu
olduğunu gizlətmir: "Biz bu teatrda hər çətinliyi görmüşük. Əvvəllər soyuq şəraitdə
işləyirdik. İndi isə bizə öz səhnəmizdə tamaşa göstərmək böyük zövq verir”.
Aktyor qeyd edir ki, bu tamaşada
5 obraz canlandırıb: "3 Əzrail, Dəli, Turist, İgid, Dədə Qorqud obrazlarını canlandırdım.
Aktyorda mənfi, müsbət kimi amplua olmamalıdır. Mənim üçün obrazın fərqi yoxdur.
Ancaq çox istərdim ki, mənfi obrazlar yaradım. Çünki mənfi obrazları oynamaq çətindir.
Mən isə bu çətinliyi dəf etmək istəyirəm. Rejissorun uğuru onda olur ki, o, müasir
tamaşaçının nə istədiyini bilir. Bu günün tamaşaçısı dinamik, canlı, adrenalin dolu
dəqiqə istəyir. Bu tamaşada tamaşaçılar onu hiss etdi. Dəli Domrul dövrün
tamaşalarının pafosundan çıxaraq, müasir dövrün tələblərinə uyğun tamaşa qurdu.
Biz də tamaşaçınan istəyi ilə ayaqlaşmalıyıq”.
Emin Sevdiməliyevlə söhbətdə
kənardan Loğman Kərimovun da fikirlərini eşidirik: "Bu günün tamaşaçısı temp və
ritm istəyir. Onun üçün Dəli Domrula müasirlik və fərqlilik qatdım.
Standartları sevmirəm. Bu günün tamaşaçısının görmək istədiyi şəkildə tamaşa
hazırlamağa üstünlük verirəm”.
Ata obrazının ifaçısı Mobil Qurbanov bildirir ki, rejissor hər
aktyora ampluasına görə obraz həvalə edib: "Mən də hər zaman tamaşalarda xırda obrazlar canlandırmışam. Mənə həvalə olan tapşırığın öhdəsindən
layiqincə gəlməyə çalışmışam. Loğman Kərimovun tamaşaları hər zaman uğurlu
alınıb. Mən də bu tamaşada bir neçə dəfə səhnəyə gəldim. Əsas obrazım Atadır.
Bir dəfə Ruh, daha sonra Əzizağa, ondan sonra Ata kimi səhnəyə çıxdım. Çalışdım
ki, tamaşa templi və aktiv olsun, tamaşaçılar darıxmasın”.
Sorğum bitdikdən sonra
xatırladım ki, tamaşada Dondar rolunun ifaçısı Hamlet Qəndərov və qadın rolunun
ifaçısı Əməkdar artist Azad Məmmədovun fikirlərini öyrənməyi unutmuşam. Neylək,
o da qalsın başqa səfərə.
Xəyalə
Rəis