Sonaxanım Mikayılova: “Bu sənət çətin olsa da həm gözəldir, həm də şərəfli”
İnsan yaşlandıqca kövrəkləşir deyirlər. Ancaq sənət
əhli onsuz
da hər zaman kövrək və incə qəlbli olur. Elə
bu gün (2 fevral) 60 yaşını qeyd edən Əməkdar artist, prezident
mükafatçısı Sonaxanım Mikayılova kimi. O, ömrünün 38 ilini məhz Azərbaycan
kinosuna, teatrına həsr edib.Sonaxanım MikayılovaMoskva Dövlət
Kinematoqrafiya İnstitutunubitirib. Yaradıcılığa "Onun bəlalı sevgisi”filmiilə başlayıb. "Azərbaycanfilm”
kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında
çalışıb. Kino fəaliyyəti ilə
kifayətlənməyən aktrisa1989-cu ildə "Yuğ" teatrına gəlib və ifa
etdiyi obrazlarla teatr ictimaiyyətinin də diqqətini özünə cəlb edə bilib.
Fərdi ifa tərzinə, səhnə mədəniyyətinə və duyumuna
malik olan aktrisa "Yol”, "Dəli
Domrul”, "Yuxu”, "Salam”, "Savalan”, "Can üstə”, "Olsun” və s. tamaşalarda
maraqlı obrazlar yaradıb. Türkiyədə, Rusiyada,
Tatarıstanda keçirlmiş Beynəlxalq Teatr festivallarının iştirakçısı olub.
Biz də sənətkarımızı təbrik etmək üçün onunla görüşdük.
Söhbətdən əvvəl kiçik
araşdırma apardım.
Çəkildiyi filmlərin siyahısına baxdıqda isə gözlərimə inanmadım. Sən demə
Sonaxanım Mikayılovanın kinoda qazandığı
nailiyyətlər səhnədki işlərini ötüb keçibmiş və təəssüf ki,
biz gənc nəsil onu sadəcə Yuğçu Sonaxanım kimi tanımışıq. Bu işdə əslində özümü
də bir növ qınayıram. Nə isə
...
Müsahibim
"Alo, mənəm Arşınmalçı”
, "Babək” , "Bəyaz
həyat” ,
"Cavid ömrü”,
"Fikirləşmək
lazımdır” , "Hədiyyə” , "Xəbərdarlıq”
, "İmtahan” , "Köhnə bərə”
, "Qala” , "Qaladan tapılan mücrü” , "Qəm
pəncərəsi” , "Onun
bəlalı sevgisi” , "Ölüm
növbəsi” , "Park” , "Pəri qala”
, "Sahə” , "Sahilsiz
gecə” ,
"Sonuncu
dərviş”, "Şahid qız”
, "Şərikli
çörək” ,
"Tərsinə çevrilən dünya” , "Təzə evlənənlər üçün çətir” , "Yalan” , "Yaramaz” , "Yay gününün xəzan yarpaqları” kimi filmlərdə rol alıb.
Biz də
müsahibimizi bu özəl gündə təbrik edib, söhbətə başladıq.
- Sizi 60 illik yubileyiniz münasibəti
ilə təbrik edir və can sağlığı arzu edirik.60 yaş bir aktrisa üçün nə deməkdir?
- 60
yaş mənim üçün yaradıcılığın pik nöqtəsi demək deyil. 60 yaş elə bir vaxtdır ki, bu yaşda sən daha maraqlı işlər
görə bilərsən. Topladığın təcrübəyə əsasən daha çox, maraqlı işlər görə bilərsən.
Doğrudan da bu yöndə məndə böyük istək var. Bir dəfə mərhum sənətkarımız Vaqif İbrahimoğlu mənə sual verdi ki, "görəsən
nə üçün yaşa dolmuş aktrisalar bu sənəti atıb gedirlər?” İndiyə qədər də onun
bu sualı haqqında düşünürəm. Səfurə İbrahimova, Zərnigar Ağakişiyeva və bir çox
aktrisalarımız yaşlı vaxtında bu sənəti atıb gediblər. Düzdür, kimisi xəstəliyi
ilə bağlı, kimisi digər səbəblərə görə atıb gedib. Amma bu yaşdan sonra sənəti atıb
getsək, bizim üçün yaşamaq çox çətinləşər. Axı bu bizim həyat tərzimizdir. Sevdiyimiz
sənətdir, ruhi qidamızdır.
- Ömrünüzün 28 ili məhz "Yuğ”
teatrı ilə bağlıdır. Bu teatr psixosof teatrıdır və bir qədər fəqli üsluba
malikdir. Geriyə baxanda heç peşmançılıq hissi keçirmisinizmi?
- Geriyə
boylananda bu teatra gəldiyim üçün heç də heyfslənmirəm. Vaqif müəllimlə çalışmağı
mən özüm seçmişəm. Mən Moskvada Kinematoqrafiya İnstitutunu bitirib gələndə bizi
kinostudiyaya göndərdilər. O zaman bizdə Kinoaktyor teatrı var idi. Oraya Vaqif
İbrahimoğlunu dəvət etdilər ki, kino aktyorları üçün tamaşa qursun. Orada Rasim
Balayev, Həsən Məmmədov, Əminə Yusifqızı, Muxtar Maniyev, Leyla Bədirbəyli, Ənvər
Həsənov, Eldəniz Rəsulov və b. kino aktyorlarımız cəmləndi. İlk dəfə Vaqif müəllimlə
orada tanış oldum. Təzə vaxtlarda onun danışığını başa düşmürdük (gülürük). Ancaq
onunla daha yaxın tanış olandan sonra dedim ki, bu mənim rejissorumdur. Beləliklə
mən onu özümə rejissor, o isə məni aktrisa kimi seçdi.
- Necə?
-Bir gün
Fəxrəddin Manafov mənə yaxınlaşıb dedi ki, Vaqif müəllim teatr açmaq istəyir, əgər
istəsən sən də orda olacaqsan. Tale elə gətirdi ki, kinoaktyor teatrı bağlandı.
Direktorla danışdım və öz istəyimlə teatra getdim. Oradan Fərhad İsrafilov, Vəliyyət Vəliyev, Həmidə Ömərova və
bir sıra sənətkarlarımız bizimlə gəldi. O zaman Vaqif İbrahimoğlu Musiqili Teatrın
baş rejissoru idi. Biz hələ
teatrı yaratmamışdıq, labaratoriya kimi fəaliyyət göstərirdik. Vaqif
müəllim bizimlə "Koroğlu” tamaşası, Ramiz Rövşənin şeirləri əsasında kompozisiyalar
hazırladı. Bir müddətdən sonra teatrı açmağa özümüzü hazır hiss etdik. O Musiqili
Teatrdan ayrıldı, Azdramanın 4-cü mərtəbəsində YUĞ teatrını yaratdı. Əvvəl studiya
kimi fəaliyyət göstərdik. Sonradan Dövlət Teatrı statusu aldıq.
Mənim intellektual
səviyyədə yetişməyimin səbəbi Vaqif müəllimin yanında çalışmağım oldu. O, bizə müəllim,
ata, ana, qardaş, yaxın dost idi. Biz nəinki ondan sənəti öyrənir, hər hansı bir
çətinliklə üzləşəndə onun yanına gəlirdik. Vaqif müəllim yavaş-yavaş öz məktəbini
yaradırdı. Bizə deyirdilər ki, o bir laboratoriyadır, Vaqif İbrahimoğlu sizdən istifadə edir, siz onun əlində
sadə bir oyuncaqsınız. Ancaq onlar başa düşmürdülər. O zamanlar Vaqifi sevənlər
də vardı, sevməyənlər də. Vaqif müəllimin yanında yetişən tələbələr bu gün öz istiqamətləri
üzrə seçilirlər. Bizim belə müəllimlərimiz çox azdır, demək olar ki yoxdur. O nəinki
məni, oğlum Mikayılı da yetişdirdi. Mən ona yarızarafat deyirdim ki,
öz nəvəmi də sizin yanınıza gətirəcəyəm. O deyirdi ki, heç olmasa onu gətirmə.
- Səhnədə olduğunuz müddətcə Azərbaycan teatrının, kinosunun əfsanələri ilə bir yerdə çalışmısınız. Bu gün onların yoxluğu
teatr səhnəsində hiss olunurmu?
- Əvəzolunmaz insan yoxdur deyirlər. Əlbəttə
ki, hər birinin yeri görünür. Kiməsə baxıb demək olmaz ki, bu Həsən Məmmədovdur, ya filankəsdir.
Mənim bir çox filmlərdə çəkildiyim
aktyorlar çoxdan dünyasını
dəyişib. Hərdən dünyasını
dəyişmiş aktyorlar haqqında deyirəm ki, hanı Nəsibə Zeynalova,
Barat Şəkinskaya, Hacıbaba
Bağırov, onların
hamısı rəhmətə gedib. Onlar artıq yoxdur, indi bizim növbəmizdir. Onlar bizim qəlbimizdə
yaşayacaqlar böyük sənətkarlar kimi. Ancaq pessimizmə qapılmağa ehtiyac yoxdur, bu gün Fuad Poladovumuz və bu qəbildən olan
aktyorlarımız var. İndi tamam başqa nəsil gəlir. Misal üçün gənclərin arasında Hikmət var. O dərəcədə güclü
aktyordur ki... Həmin gənclər hələ yolun başlanğıcındadır.
- Siz çoxlu filmlərə çəkilmisiniz. Bu gün Azərbaycanda kino sahəsi inkişafa doğru
gedir. Belə bir zamanda sizi niyə seriallarda, yeni çəkilən filmlərimizdə görmürük?
- Sevindirici haldır ki, bu gün seriallarımız, filmlərimiz çəkilir. Hazırda daha çox gənclər kino çəkirlər. Onların çəkdiyi filmlər, yazılan ssenarilər – yəqin
ki, məni orda görmürlər, mən də özümü orda görmürəm. Çox zaman mənə təklif edəndə
bundan imtina edirəm. Bu yaxınlarda İranlı rejissor Babək Şirinsifət bir obraz təklif
etdi. Onunla münasibətim çox yaxşıdır. Dedim ki, mən bir aktrisa kimi həvalə
etdiyiniz obrazda sözümü deyə bilməyəcəm. Mənə bu maraqlı deyil. Bir çox təşkilatlardan da müraciətlər
var. Əgər istədiyim obraz mənə təklif olunsa, o zamana razılıq verərəm. Seriallardan
çox təkliflər gəlib. Sadəcə olaraq özümü orda görməmişəm.
Seriallarımızın da çəkilməsi sevindirici
haldır. Dünya, Avropa kinosunda bizim yaşda aktrisalar üçün ssenarilər yazılır.
Bizim üçün yazan yoxdur. Ancaq ana, nənə obrazları verirlər, onlar da ya çay gətirir qoyur, ya da balasının
başını sığallayıb gedir. Axı biz bu vaxtımızda elə rollar oynamamalıyıq. Aktrisa kimi
özümüzə hörmət ediriksə, arxa planda epizodik obrazla çıxış etməməliyik. Ona görə
yox ki, mən özümdən razıyam, bu mənə maraqlı deyil.
- Yuğ teatrında gənclərin yetişməsində sizin fəaliyyətiniz
danılmazdır. Gənclər Yuğ
ənənəsini nə dərəcədə yerinə yetirməyə çalışırlar?
- Vaqif müəllim gözəl rejissorlar yetişdirib. O, rejissorları
bizim üçün ərməğan qoyub gedib. Onların hər biri onun məktəbinin bir hissəciyini daşıyır. Teatrımızda 3-4 rejissor var ki, tamaşalar qurur. Vaqif
müəllimin estetikası o tamaşalarda duyulur, ancaq onlar özlərininkini də həmin tamaşaya əlavə edirlər. Çalışırlar ki, bu ənənənələri saxlasınlar.
- Teatr səhnəsində niskilli olduğunuz obrazlar
varmı?
- Əlbəttə, var. Çox istərdim ki, Çexovun «Qağayı» pyesində Arkadinanı oynayım.
Başqa obrazlar da var. Mən deyəndə nədənsə həyata keçmir. Digərlərin
adlarını çəkmək istəmirəm.
- Yuğ Teatrının binası
söküldü, truppa Kukla Teatrına köçürüldü. Yəqin ki, yaradıcı insan üçün
həmin binanın dağıdılması sizə də təsirsiz ötüşmədi.
- Bu bizim ağrılı yerimizdir. Vaqif müəllimin necə böyük
əziyyət, sevgi ilə yaratdığı bu teatr binası dağıdıldı. Biz Azdramanın 4-cü mərtəbəsində fəaliyyət
göstərərkən Vaqif müəllim dedi ki, gəlin gedək, təzə binamıza baxaq. Bilirsiz ki, Yuğ Teatrı
da Azdramanın arxasında yerləşirdi. Ora köhnə hamam olub. Binaya girəndə gördük
ki, içəri çox pis vəziyyətdədir, dağıdılıb. Daşlar, şalbanlar… Orada yaradıcılıqdan
heç bir əsər-əlamət yox idi. Ancaq biz o binaya sevə-sevə girdik. O gündən biz o
binaya vurulduq. O, bizim üçün Yuğ idi. Yuğun ürəyi idi. Heyf ki, belə oldu. Hərdən internetdə görürəm ki, Yuğun köhnə binasının
şəklini qoyublar. Bu ağrıverici bir şeydir. Amma mən gələcəyə inanıram. Yəqin ki,
nəsə düşünəcəklər və bizi bina ilə təmin edəcəklər.
- Oğlunuz Mikayıl
Mikayılov da tanınmış rejissorlardandır. Digər Oğlunuz Anar Mikayılov da
sevilən balet artistlərimizdəndir. Onların bu sahədə istiqamətlənməsində
bir ana kimi sizin rolunuz nə qədərdir?
- Mənim uşaqlarım teatrda böyüyüb.
Yoldaşım da teatrda işləyirdi. Biz ailəlikcə səhər-axşam teatrda idik. Balaca oğlum
Anar Opera-Balet
teatrının solistidir. Vaqif müəllim uşaqları dəhşət dərəcədə sevirdi.
O uşaqlarla səhnədə oynayırdı. Məni də anam teatra gətirmişdi. O xalq teatrına gedib-gəlirdi. Bu sənəti mənə anam sevdirmişdi. İnsan ki, uşaqlıqdan teatra gəlib-getdisə,
ordan qopa bilmir. Onlar aktyorların, rejissorların içində, səhnədə böyüyüblər və bu gün hər ikisi səhnədədir. Kiçik oğlum
balet sənəti ilə məşğul olur. Ayın (fevralın) 5-də «Yeddi
gözəl» tamaşasında Bəhram rolunu canlandıracaq. Sevinirəm ki,
onlar bu sənəti seçiblər. Çox zaman həmkarlarım
deyir ki, istəməzdik övladlarımız
bu sənəti seçsinlər. Əgər o istedadlıdırsa, sənətdə nəsə edə biləcəksə, qoy olsun.
Çünki bu sənət çətin
olsa da həm gözəldir, həm də şərəflidir.
Xəyalə
Məmmədova