• cümə axşamı, 18 aprel, 17:32
  • Baku Bakı 22°C

Şıxı Yaqubov: “Mən o tamaşada özümü oynayırdım”

23.02.18 11:10 3159
Şıxı Yaqubov: “Mən o tamaşada özümü oynayırdım”
Bu il Mingəçevir Teatrının 50 yaşı tamam olur. 50 yaşlı teatrın yaranmasında və inkişafında xüsusi rol oynayan, öz obrazları ilə tamaşaçıların yaddaşında iz qoyan, sevgisini qazanan aktyorları sözün əsil mənasında sənət fədailəri adlandırmaq olar. Bu günkü müsahibimiz də ömrünün 43 ilini məhz Mingəçevir Teatrına həsr edən əməkdar artist Şıxı Yaqubovdur. Aktyor 43 il ərzində teatrda çox sayda rollara can verib. Bu gün teatrın tarixindən danışarkən gəncliyini xatırlayan aktyor o illərə yenidən qayıtmağı arzu edir. Deyir ki, bu gün teatrlarının sütunları olacaq yaşlı aktyorlardan yalnız əməkdar artist Ella Yaqubova və bir də o qalıb.
- Şıxı müəllim, ilk olaraq Mingəçevir teatrının 50 yaşı olması münasibəti ilə sizi təbrik edirik.
- Çox sağ olun, təşəkkür edirəm. Qəzetinizin teatrımızın yubileyinə göstərdiyi diqqətin fərqindəyik. Bunun üçün sizə minnətdarlığımızı bildiririk.
- Bizə bir qədər Mingəçevir teatrının yaranma prosesindən danışardınız.
- Mən teatr yaranandan bir neçə il sonra buraya gəlmişəm. İlk olaraq bu teatra bizim tanınmış və sevilən aktrisamız Ella Yaqubova gəlib. Ancaq bildiyim qədəri ilə sizə deyə bilərəm ki, Mərkəzi komitənin qərarı ilə 1968-ci ildə Mingəçevir xalq teatrının bazasında Dövlət Dram Teatrının yaradılması əmri verildi. Bu məqsədlə bütün teatrlara, ali təhsil ocaqlarına müraciət olundu, aktyorlar dəvət olunmağa başladı. Həmin ərəfələrdə Şəki Dövlət Dram Teatrı bağlanmışdı. Oradan Mingəçevir teatrına aktyorlar dəvət edildi. Nəinki Şəkidən, digər bölgələrdən də bizə aktyorlar gəldilər. Beləcə teatrın kollektivi yığıldı.. İlk tamaşamız isə Cəfər Cabbarlının "Almaz” əsəri oldu. Ella xanım orada baş rolu canlandırdı. Mən teatra gələndə burada böyük bir truppa ilə rastlaşdım. Gəray Gərayev, Qasım Qasımov, Lətifə Hüseynova, Sara Məmmədova, Gülsolmaz Qafarova kimi sənətkarla işləmək həqiqətən gözəl hisslər idi. Onlar sözün əsil mənasında əvəz olunmaz aktyorlar idi. Qasım Qasımovla biz televiziyaya çəkilişə gedirdik. Studiyada hər kəs onun başına yığılırdı. İndi onların bəziləri dünyasını dəyişib, bəziləri teatrı tərk edib. Biz teatra gələndə çox az, gənc aktyor var idi, yerdə qalanların hamısı yaşlı aktyorlar idi. Ancaq indi hər şey əksinədir. İki nəfər yaşlı aktyor qalmışıq- Ella Yaqubova və mən. Hesab edirəm ki, bugünün gəncləri teatrın gələcəkdə yükünü daşıya biləcəklər.
- Sizcə nə üçün bəzi bölgə teatları yaşlı aktyorlardan qıtlıq çəkir?
- Yaşları ilə əlaqədar bəzi aktyorlarımız işdən çıxdılar. Bəlkə də teatrda qalıb işləsəydilər təbii ki, bölgə teatrlarında da yaşlı aktyorların sayı çox olardı. Onların bir neçəsi Bakıya və başqa teatrlara getdilər. Bizdə yaşa dolanlardan Akif Mirabov işdən çıxdı. O, çox yaxşı aktyor idi. Yaxşı olardı ki, aktyorun sağlamlığı icazə verirsə, səhnədə olsun və gəncliyini bu sənətə fəda etdiyi kimi yaşlı zamanlarında da teatrda çalışsın. Əgər sağlamlığı icazə verirsə və səhnədə obrazlar canlandıra bilirsə, niyə də olmasın? Təki Allah hər kəsə can sağlığı versin.
- Qeyd etdiniz ki, teatrda iki qocaman sənətkar var. Bəs bu günün gənc aktyorları necə, özlərini doğrulda bilirmi?
- Əlbəttə. Onların bəziləri teatrın nəzdində fəaliyyət göstərən dərnəklərdə yetişib. Səhnə də onları püxtələşdirir və müxtəlif səpkili obrazlar canlandırırlar. Hələ gəncdirlər, davamlı olaraq öz üzərlərində işləyirlər. İşlərinə böyük məsuliyyətlə yanaşsalar, təbii ki, daha da yaxşı olar. Bu işdə bizim də məsuliyyətimiz az deyil.
- İndiki gənclərin timsalında öz gəncliyinizi görə bilirsinizmi?
- Bir neçə aktyor var ki, onlara böyük ümidim var. Həmin gənclər gələcəyin peşəkar aktyorları ola bilərlər. Mən öz işimi görmüşəm, əməyimiz də qiymətləndirilib. Amma dünyasını dəyişən o qədər aktyorlarımız var ki, heç bir adları yoxdur. Böyük bir məktəb keçmişəm. Qazanc əldə etmək üçün mütləq böyük əziyyətlər olmalıdır.
- Ömrünüzün 43 ilini Mingəçevir teatrında keçirmisiniz. Yəqin ki, bu şəhər sizin üçün doğmalaşıb.
- Mingəçevirə 1975-ci ildə gəlmişəm. O zaman ilk dəfə idi ki, buraları görürdüm. Həmin il şəhərimiz mənə çox qeyri-adi görünürdü. Çox gözəl və yaraşıqlı şəhərdir. Bu şəhərlə taleyimi bağladım və düşünürəm ki, nə yaxşı ki, doğru qərar vermişəm. İndiyə qədər də fikrim dəyişməyib. Çox şükür bu gün Prezident mükafatçısıyam, Respublikanın Əməkdar artistiyəm, nailiyyətlərimə görə evlə təmin olunmuşam. Bu mənim əməyimə verilən böyük qiymətdir. Bir aktyor bundan artıq nəyə nail ola bilər ki?
- Teatrda ən son hansı tamaşalar nümayiş olunub? Ümumiyyətlə Mingəçevir teatrında yaradıcı mühit hansı səviyyədədir?
- Bizim teatrda hər zaman yaradıcı mühit olub. İndi də teatrımızın direktoru da, baş rejissoru da bu mühitin qorunması üçün əlindən gələni edir. Teatrımızda hər rüb müxtəlif səpkili yeni tamaşalar hazırlanır. Həm də bu tamaşaları təkcə teatrımızın rejissorları hazırlamır. Bunun üçün digər teatrlardan, hətta paytaxtdan belə rejissorlar dəvət edirik .
İşini bəyəndiyim rejissorlardan olan Bəhram Osmanov bizim teatrda "Nənələr ərə gedir” tamaşasını hazırladı. Tamaşa çox maraqlı və bir o qədər də baxımlıdır. Bundan başqa Kərim Həsənlinin quruluşunda "Sadığın toyu” tamaşasını təhvil verdik, tamaşa barədə mətbuatda da geniş rəylər yazıldı. Teatrımızın baş rejissoru Xəzər Gəncəli artıq 3 ildir bizimlə işləyir. Çox yaxşı rejissordur. O bizə, biz də ona uyğunlaşırıq. Rejissor səhnədə aktyora sərbəstlik verəndə o tamaşa çox maraqlı və keyfiyyətli alınır. Adlarını sadaladığım rejissorlar bu xüsusiyyətə sahibdirlər.
- Bundan sonra özünüzü hansı tamaşada, hansı rolda görmək istərdiniz?
- İnsanlar yaşa dolduqdan sonra həyata baxışı dəyişir. Mən bir çox tamaşalarda oynamışam, demək olar ki nisgilli qaldığım bir obraz olmayıb. Sərvər Əliyevin quruluşunda Rafiq Rəhimlinin "Gizli məhəbbət” adlı tamaşasında rol aldım. O rolum ürəyimcə oldu. Ümumiyyətlə bir çox baş və epizodik rollar canlandırmışam. Demək olar ki, ürəyimdən keçən bütün rolları oynamışam. İndi aktyorluqdan əlavə Mingəçevir İcra hakimiyyətinin təşkil etdiyi bayram tədbirlərində aparıcı kimi çıxış edirəm.

- Eşitdiyimizə görə həm də yaxşı səsiniz var?
- Bəli, boş vaxtlarımda hətta toylara da getmişəm (gülürük).
- Bəs səhnədə necə, bu səsdən istifadə etməmisinizmi?
- Vaqif Əsədov bizdə hansı əsəri səhnələşdirirdisə orada səsimdən istifadə edirdi. Keçən il Rəhman Rəhmanov bizdə tamaşa hazırladı, orda da mahnı ifa etdim. Yeni il şənliyinin tamaşalarının hamısında canlı oxumuşam. Bəhram Osmanovun "Son reportaj” tamaşasında da mahnı ifa etmişəm. Yeri gəlmişkən biz bu tamaşa ilə Türkiyənin Giresun şəhərində keçirilənBeynəlxalq "Giresun Aksu” Festivalı çərçivəsində tanınmış teatr ustası Fevzi Bayazitoğlunun xatirəsinə həsr olunmuş 23-cü Beynəlxalq Giresun Teatr festivalında iştirak etdik. Tamaşamız uğurla nümayiş olundu. Bu tamaşa mənə uğur gətirən tamaşalardandır.

- Nə mənada?
- Bu tamaşada canlandırdığım qəhrəmanı özümə çox bənzədirəm. Tamaşada Arif Babayevin repertuarında bir mahnını oxuyurdum. Mənim bu ifam da tamaşaçıların diqqətini çəkdi. Tamaşa yaşlı aktyorun kölgədə qalmasından və heç də layiq olmayan bir aktyorun daim diqqət mərkəzində olmasından bəhs edirdi. Jurnalistlər isə həmin yaşlı aktyorun ifasını dinləyir və diqqətin əslində həmin aktyora yönəlməsinin tərəfdarı olurlar. Mən o tamaşada özümü oynayırdım. Bəlkə də bu tamaşadan sonra mənə fəxri ad verdilər. İndi uzun müddətdir ki, həmin tamaşanı oynamıram..

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər