• çərşənbə axşamı, 19 mart, 14:04
  • Baku Bakı 8°C

Səhnədə 400 qərənfili öldürən ingilis tamaşası

20.06.19 16:45 37727
Səhnədə 400 qərənfili öldürən ingilis tamaşası
Alister Louni: "Klassik əsərə müasir yanaşma tərzi eyni yeməyi dadmaq kimi bir şeydir”
Katerina Radeva: "Teatr qadağasız olmalıdır”
İyunun 1-dən 5-nə qədər Lənkəranda I Beynəlxalq Lənkəran Teatr Festivalında iştirak etdik. Əvvəlcə eşitdik ki, bu festival 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar təşkil edilir. Daha sonra aydın oldu ki, festivalın formatı dəyişdirilib. Ona görə ki, xarici teatrlardan - Böyük Britaniyadan və Gürcüstandan gələn heyətlərin göstərəcəkləri tamaşalar uşaqlar üçün nəzərdə tutulmayıb. Babalları öz boynuna, bəlkə də burada başqa bir söhbət vardı, amma eşitdiklərimi də yazmasam klaviaturam dinc durmur.
Hər nə isə,festivalın ilk günündə dövlət rəsmilərinin çıxışından sonra həsrətlə gözlədiyimiz an gəlib çatdı, tamaşa başlayır. Festivalın adından "uşaq” sözünü götürməyə vadar edən Böyük Britaniyanın "Two Destination Language” teatrının aktyorları Katerina Radeva və Alister Louninin ifasında "Near Gone” tamaşasını izləyirik. Səhnədə dekorasiyaların olmadığını görüb, "inkişaf etmiş dünya teatr prosesi dekorasiyadan imtina edir” prinsipinə əsaslanıb, özümüzü buna hazırladıq. Sözsüz ki, tamaşa ingilis dilində olduğu üçün əlimizdə tamaşanın tərcümə olunmuş variantı vardı. Səhnədə hər iki tərəf qərənfillərlə əhatələnmişdi. Nəhayət, Katerina Radeva və Alister Louni səhnəyə çıxdı. Dedilər ki, indi sizə bir əhvalat danışacağıq və danışdıqları əhvalat Katerinanın başına gəlib. Belə ki, Bolqarıstanda yaşayan 4 yaşlı bacısı böyük bir hasarın altında qalıb və ölümlə pəncələşib. Yaşadığı bu hadisədən sonra bacısı uzun müddət komada olub. Onun komada olduğu müddət ərzində Katerina keçirdiyi hissləri və həyəcanı tamaşaçılara danışmağa başladı. Arada danışdığı hadisənin ən həyəcanlı yerlərində səhnənin kənarlarına səpələnmiş qərənfilləri dəstə şəklində əlinə alıb, çılğın rəqs edirdi. O bu rəqsi hardasa 3-4 dəfə təkrarladı.
Katerina qeyd edir ki, atam təcili yardıma zəng edir, təcili yardım isə zamanında gəlmir, düz 20 dəqiqə gecikir. Hələ səhnədən bizi ittiham da edir ki, siz anlaya bilməzsiniz ki, ölüm ayağında olan biri üçün 20 dəqiqə nə qədər böyük bir zamandır. İstədim zaldan durum deyim ki, vallah bizdə təcili yardım hərdən 50 dəqiqəyə gəlir, heç səsimizi çıxarmırıq.
Tamaşa boyu hekayə danışıb, rəqs edən Katerina yerə səpələdiyi qərənfilləri tamaşadan sonra seyrçilərə payladı və bildirdi ki, onun rəqs edərək yerə tökdüyü və həyatlarına son verdiyi bu qərənfilləri evimizə aparıb, suya qoyaq və onlara bir can bəxş edək. Siz necə də humanistsiniz, əziz Katerina Radeva.
Tamaşa bitdi, aktyorlarla teatrın həyətində oturub, samovar çayı içərək qonaqlarımızla söhbət etməyə davam etdik. Söhbətə onların Azərbaycanla bağlı ilkin təəssüratları ilə başladım. Katerina Radeva deyir ki, Azərbaycan xalqı qonaqpərvərdir: "İnsanlarınız gülərüz, mehriban və ən əsası səmimidirlər. İlk dəfədir ki, Azərbaycana gəlmişik. Lənkəranın təbiətinə, gözəlliyinə heyran qaldıq. Bir tərəfdə dəniz, digər tərəfdə gözəl şəhər. Adət-ənənələrinizi öyrənmək və bunların tarixi ilə maraqlanmaq istəyirəm, çünki buranın qədim bir şəhər olduğundan, özünəməxsus bir sehrinin varlığından xəbərdaram”. Alister Louni isə deyir ki, Azərbaycanda bir çox mədəniyyətlər birləşib. Burada özünü doğma hiss edir.
İlkin təəssüratlarını xəbər aldıqdan sonra birbaşa mətləbə keçirik. Az əvvəl izlədiyimiz tamaşanın real hadisələr əsasında hazırlandığını və dünya teatr prosesində real hadisələrin teatr səhnəsinə yansımasından danışırıq. Katerina deyir ki, bacısının başına belə bir hadisə gələndə onunçün bir anlıq dünya dayanıb: "Ölüm hər an gələ bilər. İstəyirdim ki, bu tamaşada yaxınlarımız, doğmalarımız ölümlə çarpışarkən keçirdiyimiz hissləri nümayiş etdirim. Bacımın hadisəsini eşidəndə mənim üçün dünya dayandı. Bu hadisə ailəm üçün bir faciə idi. Təsəvvür edin ki, ən çox sevdiyiniz insanlardan biri həyatdan getmək üzrədir və siz heç nə edə bilmirsiniz. Hadisəni eşidəndə heç nə edə bilmirdik, sadəcə ora-bura qaçırdıq. Bacım komada olanda ölə də bilərdi, sağ qala da bilərdi. Biz ölümü gözləyirdik, hər şeyə hazır idik. Teatr bizim başımızı çox qarışdırdı”.
- Necə olub ki, siz ailənizdən uzaq düşmüsünüz?
K.Radeva: Atam qədimi əşyaların bərpası ilə məşğuldur. Mənim isə hər zaman öz dünyam olub. Uşaqlıqdan incəsənətin içərisində böyümüşəm, rəsm dərslərinə gedmişəm, teatra böyük marağım olub. Bu istəyim məni teatra gətirdi. 16 yaşımda İngiltərədə oxumaq qərarına gəldim və oraya köçdüm. Çox yaxşı təqaüd alırdım. Daha sonra universitet təhsilimi İngiltərədə aldığıma görə burada qaldım. Biz Alisterlə birlikdə işləyirik. İrili-xırdalı bir çox layihələr həyata keçiririk. Qastrol səfərlərimiz olur. Hətta elə olur ki, 6 ay bir yerə gedib orada yaşayır və müxtəlif icmalara kömək edirik.
- Alister Louni, hadisələr baş verən zaman Katerinanın yanındaydınızmı və hansı hissləri keçirirdiniz?
A.Louni: Katerina ilə bir-birimizi müqayisə etsək, çox fərqliyik. O, bolqarıstanlı, mənsə şotlandiyalıyam. Mən çox emosional idim. Biz məsələni eşitdik, ancaq heç nə edə bilmirdik. Nə baş verdiyini anlamırdıq. Hadisə baş verəndə biz İngiltərədə balaca bir kənddə yaşayırdıq. Əvvəllər yanğınsöndürmə mərkəzində işləyirdim və artıq bilirdim ki, nə hadisəsi baş verib. İşə peşəkar şəkildə yanaşırdım. Katerina da sanki tornadodur, emosional idi.
- Keçək diqqətimi çəkən o rəqsə. Bu rəqsin hazırlanma prosesi mənə maraqlıdır.
K.Radeva: Şou üçün fərqlilik çox maraqlıdır. Biz məşq otağında idik, kimsə bizə bir buket gül göndərmişdi. Mən də həmin an məşq edirdim. Gülləri görəndən sonra başladım onlarla rəqs etməyə və bu an otağa Alister daxil oldu. Məndən nə etdiyimi soruşdu, mən də nə etdiyimi anlamadığımı dedim. O isə davam etməyimi və bunun səhnədə maraqlı görünəcəyini bildirdi. Tamaşanın xoreoqrafiya hissəsi belə hazırlandı. Biz tamaşanı güllərlə bağlı qurduq. Hansı ki, o güllər sizə dəfn mərasimini xatırladır. Maraqlandıq, sizdə qəbir üstünə qərənfil güllərinin aparıldığını öyrəndik. Ona görə səhnədə qərənfil güllərindən istifadə etdik. Rəqs edərək gülləri öldürürdüm. Bu tamaşa üçün qərənfil olması vacib idi. 400 gül xüsusi ilə bu tamaşa üçün alınmışdı. Onların yaşayacağı həyat tamaşaçıların onları evə apararaq diriltməyi ilə başlayacaq.
- Çalışdığınız teatrda yaşadığınız hadisələri səhnələşdirə biləcək qədər azadsınızmı?
A.Louni: İncəsənət adamı azad ruhda olmalıdır ki, içindəkiləri rahat şəkildə ifadə edə bilsin. Biz ölümün gətirdiyi o qorxu ilə bağlı bir sənət əsəri nümayiş etdirmək istəyirdik. Amma istəmirdik ki, bu əsərdə özümüzdən bəhs edək. Ancaq Katerinanın başına belə hadisə gələndən sonra niyə də olmasın deyə düşünməyə başladıq. Biz məşqlərdə müzakirələr etdik. Əsas məsələ o idi ki, yaşadığımız bu hadisəni insanlara necə göstərə bilərdik? Qərara gəldik ki, bu hekayəni tamaşaya çevirək. İngiltərədə teatrlar insanların başına gələn hekayələrdən tamaşa hazırlayır, film çəkirlər. Çünki, müasir dövrdə nə klassika, nə də digər şablon əsərlər o qədər də maraq kəsb etmir. İnsanların yaşadıqları nümayiş olunanda bu daha canlı və təbii görünür. Heç kim teatr səhnəsindən nağıla baxmaq istəmir. Teatr canlılığını ancaq belə qoruya bilər.
- Hesab edirsiniz ki, indi real həyat hekayələri klassikanı sıradan çıxarıb?
A.Louni: Klassika hər zaman olub və bu gün də var. Hələ də elə teatrlar var ki, klassik mətnlərlə işləyir. Ancaq yeganə canlı sənət növü olan teatrda bunlar o qədər də təbii görünmür. Biz istədik ki, insanlara həyatın içindən nələrisə göstərək. Bəzi klassik əsərlərə yeni baxış, müasir yozum tərzi verilsə də buna başqa bir don geyindirməyə çalışırlar. Misal üçün, dünyaca məşhur olan U.Şekspirin "Romeo və Culyetta” əsərini səhnələşdirəndə ona hər nə qədər müasir baxışla, yozumla yanaşırsınızsa yanaşın, müasir aparatlar, avadanlıqlar qoyun yenə də ssenaridən kənara çıxa bilməyəcəksiniz. Hər kəs bilir ki, bu tamaşa necə bitir. Bunun üçün, klassik əsər artıq tamaşaçıya o qədər də maraqlı gəlmir. Siz hər nə qədər klassik əsərə müasir baxış ilə yanaşsanız da bu eyni yeməyi dadmaq kimi bir şeydir. Və belə yanaşma olanda bu əsər Şekspirin əsəri kimi qəbul olunmur. Əsər "müasir” yanaşma başlığı ilə o qədər dəyişdirilir ki, Şekspirlikdən çıxır. Teatrlar klassik əsərləri orijinalından fərqli hazırlayırlar. Bu isə qəbul edilməzdir. O zaman əsər klassikliyini itirir.
- Nümayiş etdirdiyiniz tamaşada bir üsyan var. Misal üçün yaşadığınız ölkənin təcili yardımı zamanında gəlmir, insanlar dünyasını dəyişir, sistem o qədər də güclü işləmir və bu sahədə bəzi boşluqların olduğunu qeyd edirsiniz. Mənə maraqlıdır, sizin teatrlarda senzura varmı?
K.Radeva: Təəssüf ki, bəzən acı həqiqətlər xoşumuza gəlmir. Bunu hər dəfə desək də heç bir dəyişikliklər olmur. Yenə də təcili yardımlar gecikir, insanlar dünyasını dəyişir. Biz bu tamaşanı bir çox ölkələrdə nümayiş etdirmişik. Hər yerdə bu, müxtəlif cür qəbul olunur. Bizi ölkələrinə dəvət edən teatrlar tamaşamızı senzuradan keçirəcəklərsə biz o ölkəyə getmirik. Senzura edənlərdən xoşumuz gəlmir. Biz sərbəst olmalıyıq. Teatr qadağasız olmalıdır. Ancaq təəssüf ki, biz bu qadağalarla rastlaşırıq.
A.Louni:20 il bundan əvvəl böyüyən insanlar həyata tamam başqa cür baxır, gənclərin isə baxışı tamam fərqlidir. Bizim göstərdiyimiz tamaşa insanları düşünməyə vadar edir. Bəzi insanlar bu tamaşaya öyrəşməyiblər. Ancaq bir çoxları fərqli baxa bilir. Teatr sadəcə ağ və qara rəngdən ibarət deyil, burada fərqli rənglər də var.
- Sizin ölkədə teatr prosesi hansı dövrü yaşayır, teatrlarda hansı yaradıcı proseslər gedir?
A.Louni:Klassikadan çox az istifadə edirik. Düzdür, lazım olsa klassik tamaşalarda da oynaya bilərik, ancaq dövrün, zamanın tələbi başqadır. Bizim İngiltərədə teatr çox fərqlənir. Tamaşaları bir şou kimi hazırlayırıq. Tamaşanın içinə rəqs, xoreoqrafiya, musiqi, poeziya - hər şey daxildir. Müasir teatr anlamı tamam fərqlidir. Əvvəllər səhnəyə çıxıb yalnız bir söz deyib gedirdinsə, indi həm rəqs, həm plastika, həm avadanlıqlar – hamısı vəhdət təşkil edir.
K.Radeva:Klassika hər zaman dəbdədir. 150 il bundan əvvəlki klassika da o zaman klassika deyildi. Bəlkə bizim tamaşamız 100 ildən sonra klassik bir əsər oldu.
İngiltərədən ölkəmizə təşrif buyuran aktyorlarla söhbətimizi yekunlaşdırıb, onlarla vidalaşdıq. Onlar mənim digər müsahiblərimdən tamamilə fərqli idilər. Danışarkən özlərini rahat, sərbəst ifadə edirdilər, gözlərində "Bunu bu şəkildə desəm mənə problem olmaz ki?” ifadəsini görmürdüm. Bunun özü belə məni rahatladırdı.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər