Qohumlar

Qohumlar

04 İyul 2016, 11:44 3153

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında B.Basanqovun "Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Vera Şuqrayeva və Əli Əmirlinin düzüb qoşduğu, Kalmık Respublikasının əməkdar incəsənət xadimi, rejissor Boris Manjiyevin quruluşunda "Qohumlar” tamaşasının premyerası oldu. İki ölkənin teatr rəhbərləri arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən hazırlanmış yeni səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Kalmık Dövlət Filarmoniyasının baş direktoru Arkadi Mandjiyev, rəqslərin quruluşçu Vüsal Mehrəliyev, rejissoru Elşən Zeynallı, rejissor assisenti Günay Qasımovadır.

 

Yazdıqlarım yetərincə qəliz oldu. Daha dəqiq, qəliz deyil, həftəbecər. Ancaq bu işdə mən bəndəniz günahkar deyiləm. Tamaşa zamanı yanımda əyləşən həmkarımdan "Səncə bu tamaşanın yeri Musiqili Teatr deyilmi?”-deyə soruşdum. Heç xəbərim də yoxdur ki, rejissor tamaşanın janrını iki hissəli müzikl kimi müəyyənləşdirib, ancaq nədənsə, GTT-də təqdim olundu. Olsun. Yəqin məsləhət belə imiş.

Aydın olsun deyə qeyd edim ki, mövzu qohum-əqraba, qızların ərə getməsi, evdə qalmış qadınlar, bir-birini sevən gənclər, yəni gündəlik məişətimizdir. Tematika çox rahat, yüngül işlənib, yormur, düşündürmür, sadəcə güldürür. Burada Əli Əmirlinin bizə yaraşan tərzdə sanki Bakı kəndlərinin birində baş verən olaylara dadlı-duzlu yanaşması, insanı uğundurub güldürən replikaları, bir də heç nədən hay-küy və sonuc hay-küydən ibarət "Qohumlar” tamaşası...

Rejissor hadisələri kiçik toplumda, əyalətdə əks etdirir. Sadə insanlar, bəsit problemlər, primitiv konfliktlər və mənasız qarşıdurmalar... Rejissor işinin ən zəif məqamı kütləvi səhnələrdə idi ki, kütləvi səhnələr sanki tamaşaçının qulağına - uğultulu səslərlə, gözünə - hər məqamda eyni kütləvi səhnələri işlətməklə mənəvi hücum idi.

"Bu dünya bir tələdir, yemi də arzular...”

Arzuların qəhrəmanları: bir tərəfdə Dorjinin ailəsi, digər tərəfdə Nyaminin ailəsi, Saqananın, Namsanın, Buqanın illərdir ürəklərində qalan arzuları, bu arzulardan doğan çox cılız planlar. Dorji beş qız atasıdır, elə bu səbəbdən də Dorji oğul arzusundadır. Dorjinin (əməkdar artist Şövqi Hüseynov) o səfeh, becəriksiz (turklər demişkən) simasında bu qızlardan canını qurtarmaq istəyən, yəni onlara "yaxşı yerə” ərə vermək istəyən qayğıkeş ata, arvadından qorxan, ona məhkum olunmuş ər, yaşadığı həyatından tam razı olan yazıq bir kəndçi təsvir olunub. Dorjinin arvadı Amulanqanın (əməkdar artist Naibə Allahverdiyeva) həyat fəlsəfəsi doğmaqdır, rejissor da tamaşa müddətində Amulanqanı məhz bu vəziyyətdə - hamilə qadın kimi görükdürür. Naibə xanım da dünyanı vecinə almayan doğub-törəyən, övladlarını sevən ana, qız doğduğuna görə hər dəqiqəbaşı onu qınayan ərinə sədaqətini əksik etməyən həyat yoldaşıdır. Digər ailə Nyaminin (əməkdar artist Qurban İsmayılov) özündən və səfeh oğlundan ibarətdir.

...Tamaşa haqqında qeydlərimi burada dayandırıb qeyd etmək istəyirəm ki, mən bu tamaşanı səhnədə çıxış edən aktyor Qurban İsmayılovun benefisi, doğum günü şərəfinə kiçik bir kutlama kimi qəbul etdim. Zatən bu tamaşa bir bayram, kiçik yığıncaq idi. Bayram varsa, səbəbi də olmalıdır. Səbəbkarı da mən tapdım. Qurban İsmayılov Azərbaycan teatrosunun simalı-siması olan aktyorudur. Q.İsmayılov səhnənin hər istənilən hissəsində varolmağı bacaran, səhnəni duyan, tərəfmüqabilini görən, istənilən vəziyyətdə tamaşaçı ilə açıq ünsiyyətdə bulunan aktyor-qəhrəmandır. Və ən ümdəsi hələ tükənməyən, enerji və hərəkət aktivliyi yükək olan bu qəhrəmanın doğum günü kutlu olsun!..

Tamaşanın Saqana (əməkdar artist Nəsibə Eldarova), Namsa (əməkdar artist Şəfəq Əliyeva) və Buqa (Zemfira Əbdülsəmədova) kimi qızları var ki, aləmin altını-üstünə çevirib, hadisələri bir-birinə toxuyub, konfliktləri şişirdib elə bir həngamə çıxardırlar ki, artıq burada sakit durmaq olmaz. Oyun qızışır, o bunun sevgilisini, bu o birisinin arvadını qucaqlayır - heç tamaşaçı da anlamır, qarmaqatışıq səs, gurultu; məncə Kalmık teatrının rejissoru bizi çox yaxşı tanıyır, ya da müşahidələri çox yüksək olub. Müşahidə edib ki, biz küysüz bayram keçirdə bilmirik.

Tamaşa haqqında yazarkən gənclərin də üstünlük təşkil edən oyunundan yazmamaq günah olardı. Onu da qeyd etməmək günah olardı ki, Venera (Mehriban Hüseynova), Afrodita (Könül Əbilova), Afina (Sevinc Mehrəliyeva), Artemida (Zümrüd Quliyeva) və Kema (Səbinə Məmmədova) ayrılıqda səhnənin zərif oyunçuları kimi görünsələr də, birlikdə dördlüyün çıxışları olduqca effektli idi. Onların səhnədən yaratdıqları assosasiya orkestrin eyni zamanda etdiyi çıxışa bənzəyirdi.

Tamaşanın ümumi fonu müsbətdir, enerjilidir. Aktyorların səhnə dinamikası göz önündədir. Rejissor illərin təcrübəsini uğurla realizə edib. Hay-küy isə məncə bizimkilərin səs-küysüz oynamağı, bayram kutlamağı bacarmadıqlarından irəli gəlirdi. Bütövlükdə tamaşanın uğuruna isə söz ola bilməz.

Aygün Süleymanova

teatrşünas