AZE | RUS | ENG |

Qocalıq, günahların əvəzini ödəmək üçündür...

Qocalıq, günahların əvəzini ödəmək üçündür...
Can şirin şeydir, yəni heç kəs (istisnalardan başqa) ölməyə tələsmir. Əgər səksən yaşlı qoca da ahıl yaşında zəifləmiş gözlərini əməliyyat etdirirsə, demək bu həyatdan doymayıb, hələ də işıqlı dünyanı görmək istəyir. Yazıma nahaqdan bu sözlərlə başlamadım. Bir həftədir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mono-tamaşalar paradı keçirilir. Parad günlərində izlədiyimiz əsərlərdən biri də mərhum dramaturq Rövşən Ağayevin "Sonluğun sonu” monopyesi əsasında, Nofəl Vəliyevin quruluşunda hazırlanan eyniadlı tamaşa oldu.
Tamaşada Zəhra nənə (Güşvər Şərifova) ayaqlarının duzlaşmasına, güclə hərəkət edib yeriməsinə baxmayaraq bu həyata az qala dördəlli yapışıb. Qısa müddət ərzində Zəhra nənə yaşadığı həyatı danışaraq kino lenti kimi bizim gözlərimiz önündə canlandırdı. Əslində Zəhra hardasa bədbəxt qadındır. Ancaq bu bədbəxtliyin təməl daşını özü qoyub, vaxtilə "kor” aşiq, nankor övlad, aldadılmış həyat yoldaşı, övlad acısı yaşayan ana, indi isə tərk edilmiş bir qarıdır. Dörd divar arasında tək darıxmasın deyə gün ərzində elə hey ya gileylənir, ya da keçmişdən acı-acı danışır. Amma və lakin...həyatı, yaşamağı sevir - əli ürəyinin üstündə bir kəlmə də demədən, gözlərini ondan ayırmadan. Dazbaş professor həyat yoldaşı öldükdən sonra Zəhra onu hər gün yuxusunda görməkdən bərk narahatdır. Yuxudan "dəli kimi” oyanıb durur, onsuz yaman darıxan ərinin yanına getmək istəmir. Cavanlıqda o qədər qara gün görüb ki, elə bilir ora getsə kişi yenə də ona gün verməyəcək. 
Zəhra hələ də sevir - bütün günü ərinin şəkli ilə danışıb gileylənməsinə, bəzən hətta qarğış etməsinə baxmayaraq qarı, hisslərə qapılan kimi şəkli yaylığı ilə vura-vura ərini gah atası, gah qardaşı, gah da balası deyə sevib bağrına basır.
Zəhranın ruhu hələ də gəncdir - bütün günü elə hey şikayətlənsə də, bəzən papağını başına qoyub, çəkmələrini geyinib gənclik günlərini yad edir, bəzən ləçəyin başına bağlayıb, önlüyünü taxıb cavan "sulu” vaxtlarını, xoşbəxt ailəsini xatırlayır. Belə anlarda bükülmüş qəddi də düzəlir, yerişi də. 
Zəhra nankor övladdır - özü də etiraf edir, yoldaşına ilk görüşdən necə aşiq olubsa gözü dünyada qeyrisini görməyib. Bu nikaha qarşı olan valideynlərinin üzünə ağ olmaqdan, hətta, sonunda evi də tərk etməkdən çəkinməyib. İndi uşaq kimi yatağın önündə diz çoküb körpəykən anasının yumşaq əlləri ilə saçlarını necə oxşamasından danışır, ana deyib ağlayır.
Zəhra bədbəxt ana, tənha qocadır - beş övlad anası ən sevimli körpəsini qəzada itirib, dördü tərəfindən isə tərk edilib. Atalarının ölümündən sonra biri qızıllarını, biri brilliantını, biri də qiymətli əşyalarını aparıb, bircə evini əlindən almalarına isə Zəhra daha razılaşmayıb. İndi gözü qapıda övlad, nəvə həsrətindədir. Amma o, bir anadır, ürəyi sızlayır, bəzən olanlara layiq olduğunu düşünsə də, bu fikirdən tez daşınır, xəyal edir ki, övladları xəstə, yaxud vaxtsız olduqları üçün gəlmirlər.
Tənhalıq Zəhranı bir qədər "havalandırıb”. Gah səhərlər bərkdən "yenə səhər açıldı” deyə təkrar edir, gah "binada yanğın var” deyə köməyə bəni-adəm çağırır, gah da ətraf qonşuların səs-küyündən şikayət edir. Özünün də dediyi kimi ən azından onlarda həyat var - əri tərəfindən döyülən qadın da, gecələr o baş-bu başa gəzən üst qonşu da, hamamda əriylə birlikdə çimib, gülüşən yan qonşu da...Onlara paxıllıq, qibtə edən Zəhra bəzən hər şeydən usanır, sükutu pozmaq üçün özünün acı halına ağı deyir. Onsuz da ölsə, xəbər tutanı, üstündə ağlayanı olmayacaq. Sanki ölümünü də qıraqdan izləyir. Lakin yenə də ümidini itirmir, bu yaşında işləmək, dayəlik etmək  istəyir. Ancaq kimdir bu halında onu övladına dayə istəyən? Hamı cavan axtarır...
Tamaşanın sonunda çamadanlarını yığıb bir müddətlik getməyə hazırlaşan Zəhra yenə də ərinin şəklini tənbeh edir ki, barı indi gedəcəyi yerdə onu rahat buraxsın. Deyir ölüm gözlə qaş arasındadır, əcəlin nə vaxt, harada gələcəyini bilməz insan. Sonsuzluqdan gələn işıq seli Zəhranın gözlərinə görünəndə o, heyrətlə yaşarmış gözləri ilə donub yerində qalır. Qollarını rahat açıb, sevincək o nura doğru irəliləyir. Bəlkə, onun əsl istədiyi də elə budur, kim bilir...
Nofəl Vəliyevin psixoloji-dram janrında hazırladığı tamaşada Güşvər xanımın ifası, yaratdığı obraz zaldakıları təsirləndirdi. Aktrisa Zəhranın istər gənc, xoşbəxt anlarını, istərsə də qoca, dərdli vaxtlarını, deyingənliyini elə incə ştrixlərlə göstərirdi ki, onun halına acımamaq və bəzən isə gülməmək qeyri-mümkün idi. Dizləri tutulmuş qocalar kimi ayağına bağladığı yaylıqla, tumanının altından çıxardığı köynəklə, gənclik çağlarını xatırlayarkən rəqsiylə, atmacalı ifadələri ilə, əzab çəkərkən qovrulub acı-acı ağlamasıyla obrazı bütün tərəflərdən təqdim edən Güşvər xanım, Zəhranın daxili aləmini incəliklə sərgiləyirdi.
Həyat ağ və qara rənglərdən ibarətdir, qalan rəglər isə bu iki rəngin arasındadır - ölüm ağ, dünya qara, əbədiyyət ağ, yaşamsa qaradır. Bunlar qoşa yaranıblar, biri olmadan digəri də yoxdur. Zəhra da qara dünyadan nə qədər bərk yapışmağa çalışsa da, əsl xoşbəxtliyə az sonra bəyaz dünyaya gedərkən qovuşacağının fərqindədir....
 
Nigar Pirimova
Teatrşünas

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6904
GBP 1 İngilis funt sterlinqi 2.4037
TRY 1 Türk lirəsi 0.4521
KWD 1 Küveyt dinarı 5.6833
SEK 1 İsveç kronu 0.2150
EUR 1 Avro 2.1335
CHF 1 İsveçrə frankı 1.8490
USD 1 ABŞ dolları 1.7001