• cümə axşamı, 28 mart, 21:40
  • Baku Bakı 13°C

Onun ömür nağılı

16.04.20 10:55 2155
Onun ömür nağılı
Nə vaxt başladığını deyə bilmərəm, amma bu nağılın süjetində sehr də var, seyr də, dördüncü ölçünün rəngləri də, əcaib-qəraib məxluqların yaratdığı tilsimləri və həmin tilsimləri qırıb ətrafındakı dünyanı işıqlandıran, xoşbəxtliyin günəşində qəlbləri qızdırmağı bacaran qəhrəmanları da var.
O bu nağılda böyüdü, onun hikmətini ana südü kimi canına çəkdi, halal bir ömür yaşamağa üz tutdu. Onu uşaqlıq illərindən tanıdığım üçün illərdən bu yana yaşadığı həyat, üzləşdiyi tale, düşüncə və əməlləri, mənəviyyat və əxlaq, əqidə və məslək meyarları barədə fikir söyləyə biləcək bir neçə nəfərdən biriyəm.
O, yalanın nə olduğunu bilir, amma danışmır, sevməyi çoxumuzdan daha yaxşı bacarır. Vətənsevərlik, insanpərvərlik onun təbiətinin hüceyrə səviyyəsində qərar tutan, Şekspir sözləri ilə desək, namuslu olub on min adamdan seçilmək haqqı qazanan, allah vergisi olan istedadını tədqiqata və pedaqoqikaya sərf edib, alim fəhmini bu şərəfli missiyaya xərcləməklə yaşayan bu insanın ömür nağılı savabla doludur.
Bir ədibimizin "olanlar oldu” ifadəsi bu nağılın da epiqrafı ola bilər. Çünki onun baş qəhrəmanı olduğu bu nağılın hadisələri içərisində uğurlarla bərabər itkiləri xatırlasaq, valideynlərinin, canı qədər əziz qardaşının, ağlı kəsəndən həyat yolunda bərabər addımladığı sevincini, kədərini, ən məhrəm düşüncələrini bölüşdüyü unudulmaz ustadlarının və dostlarının itkisi göz önünə gələcək. Bu xatirələrdə göz yaşı, niskil, yeri heç zaman dolmayacaq boşluqlar, məyusluq yer alsa da, o öz yoluna davam etməkdədir. Çünki öz çarəsiz xəstəliyi onu nikbin bir coşqu ilə yaşamağa çağırır.
Adı teatr olan bu çarəsiz xəstəliyə nə vaxt tutulduğu dəqiq bilinməsə də, yüzlərlə insanı da yoluxdurduğu çoxlarına bəllidir. Ən maraqlısı budur ki, onun yoluxdurduğu həmin "xəstələr” öz aqibətlərindən məmnundurlar və "giriftar” olduqları xəstəliyə görə hər dəfə ona minnətdarlıq bildirirlər.
Mən izah edilməyəcək bir qürurla deməliyəm ki, bir türk mahnısında səsləndiyi kimi "bərabər yürüdük biz bu yollarda”, büdrədiyimiz oldu, amma yıxılmadıq, sınmadıq vicdanımız və məsləyimizlə möhtəkirlik etmədik. Odur ki…
Nağıl davam edir. Göydən üç alma gözləməyin, çünki sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm xanım Əlizadənin nağılı davam edir. Və nə yaxşı ki, o davam edir…
İsrafil İsrafilov
Sənətşünaslıq doktoru, professor

banner

Oxşar Xəbərlər