AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Onlayn, yoxsa virtual?

Onlayn, yoxsa virtual?

26 İyun 2020, 09:15 490
Karantin günlərində sənətsevərləri evdə qalmağa vadar etmək üçün mədəniyyət ocaqlarımız, xüsusən də, teatrlarımız onlayn tamaşa adı altında tamaşalar nümayiş etdirdilər. Əslində isə, nümayiş olunan tamaşalar onlayn tamaşalar belə deyildi. Tamaşaçıya sırınan köhnə, arxivdə qalan, heç repertuarda belə olmayan tamaşaların nümayişi onlayn tamaşa xarakteri daşımır. Onlayn canlı, birbaşa bağlantı deməkdirsə və bu tamaşalar, ən azı, 5 il bundan qabaq çəkilibsə, bunun harası onlayn tamaşa oldu? Mövzu ilə bağlı ekspertlərimizə müraciət etdik. Onlarla onlayn və virtual tamaşaların fərqini aydınlaşdırmağa çalışdıq.  

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Elçin CəfərovAzərbaycan dilinin izahlı lüğətində onlayn sözünün birbaşa, canlı kimi tərcümə edildiyini bildirdi: "Onlayn sözü İKT-də real vaxt rejimini də ifadə edir. Bu sözün daha bir mənası, internetə bağlantısı olan kompüter şəbəkəsi və telekommunikasiya sistemini də bildirir. İngiliscədən çırpışdırdığımız bu söz "on” ("üstündə, da, də”) söz önüsüvəxətt anlamına gələn "line” sözlərinin birləşməsindən törəyib və demək olar ki, günümüzün, ən çox istifadə olunan kəlmələrindəndir. 

Virtual sözü xəyali, fiziki baxımdan mövcud olmayan, lakin müəyyən şəraitdə meydana çıxa bilən nəsnələrə aid edilir. Çağımızda virtual termini daha çox İKT ilə, internetlə, telekommunikasiya şəbəkələri ilə bağlı məqamlarda işlədilir.  İndi görək bu sözlərdən hansı karantin günlərində teatrlarımızın internet resursları, sosial şəbəkələr vasitəsi ilə nümayiş etdirdikləri tamaşalara daha çox yaraşır. Hərçənd belə görünür ki, teatr caməsi, artıq öz seçimini edib və onlayn sözündən daha çox xoşlandığına görə yeri gəldi-gəlmədi bu kəlməni gen-bol istifadə etməkdədir. Amma və lakin… Elə bu faktın özü də təsdiqləyir ki, "bizimkilər” hələ onlayn tamaşa ilə tamaşanın onlayn, yaxud oflayn nümayişini, tamaşanın video yazısının sosial şəbəkə hesablarında paylaşılmasını fərqləndirə bilmirlər. Bunun onlayn teatrla heç bir əlaqəsi yoxdur. Teatrlarımızın etdiyi, tamaşaların video yazısının virtual nümayişidir. Daha dəqiq desək, əslində, reallıqda bu tamaşaların nümayişi dayandırılıb. Teatrlar isə əllərində-ovuclarında olan tamaşaların video yazılarını yutub platforması və sosial şəbəkə hesabları vasitəsi ilə yayımlayırlar. 

Virtual sözünün lüğəti mənasını yadımıza salsaq, deyə bilərik ki, bu aksiyalar xəyali, fiziki baxımdan mövcud olmayan tamaşaların müəyyən şəraitdə - yəni, teatrlarda İKT-dən bir azca başı çıxan kimsə, tamaşaçılarda isə internet şəbəkəsinə qoşulu kompüter, planşet, yaxud telefon olduğu təqdirdə meydana çıxa bilməsidir. Bu cür yanlış təqdimatın səbəbi isə, yəqin ki, ölkəmizdə artıq çoxdan trendə çevrilmiş "gözə kül üfürmək” və "quş qoymaq” virusunun teatrlarımıza və teatr rəhbərlərimizə də yoluxması ilə əlaqəlidir. Belə olmasa, teatrlar 50-60 tamaşaçı baxdığı tamaşalarına yüzlərlə, hətta minlərlə insanın baxdığını niyə aləmə car çəksinki?". 

Onlayn teatr tamam başqa bir məsələdir. Bunun üçün teatrlar məxsusi çəkiliş və yayım avadanlıqları ilə təchiz edilməli, tamaşa oynanılan zaman canlı şəkildə internet resurslarında yayımlanmalıdır. Bizim gördüyümüz, olsa-olsa tamaşaların adi videoyazılarının internet vastəsi ilə onlayn, yaxud oflayn rejimdə yayımıdır".
 
E.Cəfərov kasıb itinin adını Gümüş qoyan kimi, teatrlarımız da virtual platformalarda nümayiş etdirdikləri tamaşaları niyə onlayn teatr adlandırmasını açıqladı: "Birinci və ən böyük səbəb, heç şəksiz, teatrda məsul vəzifələrdə çalışanların fövqəladə İKT bacarıqları, yaxud hər müəssisədə bir və ya bir neçə nəfər "kompüteri söküb sonra yığa bilməyən” mütəxəssislərin "üyüdüb-tökdükləri”nə inanmaları ilə bağlıdır. Teatrlarımızda hələ də fayl göndərmək üçün email istəyəndə loqinlə birlikdə şifrəni də verən adamlar müxtəlif sahələrə, nə qədər qəribə səslənsə də, hətta virtual nümayişlərin həyata keçirilməsi işinə rəhbərlik edirlər. Bunun isə əsaslı səbəblərindən biri odur ki, bu Mədainə bənzətmək istədikləri sahədə heç kəs (!) dediyi sözə görə məsuliyyət hiss etmir. Praktiki də, nəzəriyyəçisi də ağzına nə gəldi, necə gəldi danışır, nənəm demişkən, "pülüyür”. Onsuz da, "heç kəs heç kəsin kitabını oxumur”, onsuz da çoxunun başı çıxmır, başı çıxanlar da abrına, kəsdikləri duz-çörəyə, əməkhaqqı kartına, nəbilim mükafatına, fəxri adına sığınıb dillənməyəcək, dillənsə də, uzaq başı, bir-iki ali təhsilli trolu, mürəbbəli çay jurnalistini, ya da lap pis yeri, iki şiş kabab teatrşünaslarından birini salarlar canına, onu qeyri-obyektivlikdə, milli mənəvi dəyərləri tapdalamaqda, düşmən dəyirmanına su tökməkdə, gözügötürməzlikdə, qeyri-peşəkarlıqda ittiham edərlər, vəssalam. İnanmırsız, inanmayın, bizdə sözün düzünü deyəni homo, bi, transseksual, sadist, mazoxist, sadomazoxist, sesksist, feminist, perfeksionist, terrorist, hətta qatil də çıxararlar. Hələ bir az da dərinə getsələr, onda qərəzi-mərəzivirus tapıb, salarlar sosial izolyasiyaya. Bu qədər bəsit. Ən pisi isə odur ki, sistem özü bunu stimullaşdırır, himayə edir və hətta tələb edir. Nəticədə rəhmətə gedən prosesin yerini prosesin imitasiyası tutur. Kim yaxşı "püləsə”, olur yaxşı rəhbər, yaxşı rejissor, yaxşı aktyor, görkəmli sənətşünas. İndi belə olan halda, istəyirsiz ki, bir kəlmə sözə görə irad bildirim. Yox, haşa. Eləmərəm, axı… Özləri bilərlər, istərlər onlayn deyərlər, istərlər virtual, lap istəyirlər desinlər ki, dünyada onlayn teatrı biz yaratmışıq. Rober Lepaj da, Qazax teatrında stajirovka keçib. Tom Stoppard "Rozenkrants və Gildernstern ölüdürlər” əsərinin ideyasını "Dursunəli və Ballıbadı”dan oğurlayıb. İnanmayan daşa dönsün…". 

Rejissor Ərtoğrul Kamalov8 il bundan öncə Akademik Milli Dram Teatrında Teatrın o zamankı direktoru İsrafil İsrafilovun gənclərlə söhbətində onlayn tamaşaların hazırlanması ilə bağlı öz təklifini bildirmişdi. Bu gün mövzu ilə bağlı danışan rejissor zamanında addım atılmalı olduğunu vurğuladı: "8 il bundan öncə heç onlayn tamaşa haqqında düşüncə belə yox idi. O zaman təklif etdim ki, onlayn teatr yaradaq. Belə ki, tamaşa hər zamankı kimi canlı şəkildə oyaynılan zaman parterdə, lojalarda, səhənin önündə kameralar yerləşdirək və tamaşaçılar o yerin qiymətinə uyğun ödəniş etməklə tamaşaya baxa bilsinlər. Məsələn, parterdən baxmaq üçün 10 manat kartdan ödəniş olunsun. Kamera açılsın, canlı tamaşa gedə-gedə mən evimdən baxım. İşdən yorğun şəkildə gələn insan öz evində rahat şəkildə tamaşaya baxmaq imkanı qazanmış olacaq. 10 manat ödəyib, teatrda tək gedib tamaşaya baxıram, amma kartdan 10 manat ödəməklə ailəvi şəkildə yoldaşım, övladılarımla birlikdə tamaşaya baxmaq imkanı əldə edirəm. Belə olduqda həm də pula qənəat etmiş oluruq. İki nəfərin teatra gedib tamaşa izləməsi üçün 20 manat ödəniş edilməlidir. Yol xərcini də əlavə olduqda, 25-30 manat xərclənmiş olacaq. Dediyim şəraiti yaratsaq, bəlkə orta əmək haqqı alan gənclər də bu üsulla bir neçə dəfə onlayn tamaşaya baxar. Bir dəfə də onlayn tamaşa izləyən ailənin övladı tələb edəcək ki, məni apar tamaşaya canlı baxım, qəhrəmanları canlı görüm".

Rejissor 8 il bundan qabaq səsləndirdiyi fikirləri indi teatrlarımız məcburiyyətdən etdiklərini bildirdi: "İstəsə də, istəməsə də, bu gün pandemiyadan dolayı bütün müsəssələr onlayn fəaliyyət rejiminə keçiblər. Səsləndirdiyim həmin fikirlərdən bir neçə il sonra  xarici teatrların onlayn tamaşaları ilə də rastlaşdım. Mənim qeyd etdiyim bu üsul onlayn tamaşa idi, ancaq bu gün teatrlar virtual  tamaşa nümayiş etdirirlər. İndi deyirlər ki, teatrlar onlayn rejimə keçid edilər. Bu tamaşaların onlaynla heç bir əlaqəsi yoxdur. Onlayn birbaşa, canlı nümayiş deməkdir. Əgər teatrın 5 gün bundan qabaq çəkib internetdə yerləşdiridyi videoya baxırsınızsa, bu virtual kontakdır. Ancaq biz hazırda canlı danışırıqsa, bu onlayndır. Virtual hər zaman ümumi nəzərdə tutulub. "Facebook"da, "vatsap"da kimisə bağlantıda olduğunu görəndə onlayn yazılır, demək ki, onlayn bu dəqiqə anlamını verir. Ancaq internetlə birbaşa əlaqəsi olan bütün nümayişlərə virtual deyilir".

İT mütəxəsissi Rəşad Əliyev"virtual" sözünü termin olaraq istifadə etdiyimizi bildirdi: "Onlayn anlayışı çox zaman alış-verişdə istifadə edirilir. Daha çox birbaşa və canlılıq ifadə edir. Əgər hər hansı tamaşanı indi, hazırkı zamanda nümayiş etdirirlərsə, ona onlayn əvəzinə nümayiş olunan tarix qeyd olunmalı və "arxivdən götürülüb" yazılmalıdır. Onlayn  internet şəbəkəsi üzərindən yayımdırsa, virtuala bütün internet televiziya və internet resurslarını daxil etmək olar. Terminlərin xırdalıqlarını dilçilər daha düzgün deyə bilər. Necə ki bir zamanlar elektron internet, ya da internet resursları anlayışı mübahisəli məsələ idisə, bu da onun kimi. Onun üçün xüsusi informasiya resursunun fərqini bilmək lazım idi. Sonda belə qərara gəlindi ki, elektron resurs internet üzərində olan resurslara deyilir, amma informasiya resurslarına bütün hamısı daxildir. Virtual və onlayn da onun kimi bir şeydir".
 
Xəyalə Rəis