• cümə, 29 Mart, 13:26
  • Baku Bakı 14°C

Nəsimi obrazının Azərbaycan teatrında səhnə təcəssümü

04.10.19 13:53 3832
Nəsimi obrazının Azərbaycan teatrında səhnə təcəssümü
İmadəddin Nəsimi yaradıcılığı Azərbaycanın dünya mədəniyyətinə işıq salan, onu zənginləşdirən ən uca zirvələrindən biridir.
Nəsimi sənətkarlığı Azərbaycan ədəbiyyatının, milli bədii təfəkkürünün, fəlsəfi idrakının dərinliyinin, genişliyinin və ucalığının göstəricisidir.
Nəsimi şəxsiyyəti insanı ən ali mərtəbədə tutan, əqidəsi uğrunda, haqq uğrunda həyatı boyu fədakarcasına mübarizə aparan qəhrəmanlıq mücəssiməsidir.
Böyük şairin 1973-cü ildə 600 illiyinin, bu il 650 illiyinin beynəlxalq səviyyədə qeyd edilməsini təkcə bir şairin sıradan bir yubileyinin keçirilməsi kimi dəyərləndirmək düzgün deyil. Bu, xalqımızın milli özünüdərkini yeni mərhələyə qaldıran, onun mədəni-mənəvi zənginliyini dünyaya sübut edən və bəlkə də ən mühümü – bizi təkcə dünyaya deyil, özümüzü özümüzə tanıtdıran çox böyük, əlamətdar bir hadisədir.
Bu mənada, milli özünüdərkin tərkib hissəsi olan tarixi mövzulara marağın artmasında Nəsimi yubileyləri, xüsusən də 1973-cü ildə keçirilən yubiley az rol oynamamışdır. Yaxın keçmişimizin sənət səlnaməsi göstərir ki, məhz həmin yubileydən sonra, 1970-ci illərin sonu 80-ci illərin əvvəllərindən etibarən bütün ədəbiyyat və incəsənət sahəsində, o cümlədən, milli teatr və dramaturgiyada tarixi mövzulara müraciət geniş vüsət almışdır. Həmin illərdə İ.Əfəndiyevin "Xurşudbanu Natəvan” (02.09.1981), "Şeyx Xiyabani” (20.12.1986), "Sevgililərin cəhənnəmdə vüsalı” (21.08.1989), N.Xəzrinin "Mirzə Şəfi” (23.02.1983), "Torpağa sancılan qılınc” (30.03.1985), "Mənsiz dünya” (10.09.1987), "Gecə döyülən qapılar” (30.09.1989), N.Həsənzadənin "Atabəylər” (24.12.1983), "Pompeyin Qafqaza yürüşü” (28.11.1997), B.Vahabzadənin "Fəryad” (24.03.1984), "Özümüzü kəsən qılınc” ("Göytürklər”) (10.04.1998), "Dar ağacı” (09.12.2000) və sair kimi tarixi mövzulu pyeslər yazılmış və tamaşaya qoyularaq milli teatrımızın repertuarını zənginləşdirmişdir.
Ölkəmizin teatr məkanında Nəsimiyə həsr edilmiş ilk əsər Fikrət Əmirovun "Nəsimi dastanı” bir hissəli baleti olmuşdur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baletmeyster Nailə Nəzirovanın quruluşunda səhnəyə qoyulan bu əsərin librettosu Anara, səhnə tərtibatı Toğrul Nərimanbəyova məxsusdur. İlk tamaşası 23 sentyabr 1973-cu il tarixində indiki Heydər Əliyev sarayında oynanılan balet, tamaşacıların böyük rəğbətini qazanmış, daha sonra Moskvada Böyük teatrın səhnəsində nümayiş etdirilmişdir. On səhnədən ibarət olan və "Əbədiyyət” səhnəsi ilə bitən baletdə Lütfiyar İmanovun ifasında Nəsiminin ariyası və dünyanı lənətləyən kiçik şeiri də səslənmişdir.
1974-cü ildə F.Əmirov, N.Nəzirova, T.Nərimanbəyov, dirijor N.Rzayev, baş rolların ifaçıları Vladimir Pletnyev və Çimnaz Babayeva bu baletdə əldə etdikləri yüksək sənət nailiyyətlərinə görə Respublika Dövlət mükafatına layiq görülmüşlər.
Bildiyimiz kimi, dramaturqlarımız zaman-zaman klassik şairlərimizin həyat və yaradıcılığına müraciət etmiş, onlara həsr olunmuş pyeslər yazmışlar. H.Cavidin "Xəyyam”, S.Vurğunun "Vaqif”, M.S.Ordubadinin "Qılınc və qələm”, M.Hüseynin "Nizami”, N.Xəzrinin "Mirzə Şəfi Vazeh” və sair pyeslər səhnəmizi bəzəyən əsərlər olmuşlar. Bu sırada sözsüz ki, B.Vahabzadənin Nəsimiyə həsr etdiyi "Fəryad” dramı xüsusi yer tutur.
Akademik Milli Dram Teatrında səhnəyə qoyulan "Fəryad” tamaşasının premyerası 24 mart 1984-cü il tarixində oynanılmışdır. Rejissor Hüseynağa Atakişiyevin qruluşunda hazırlanan səhnə əsərinin rəssamı Solmaz Haqverdiyeva, bəstəkarı Cavanşir Quliyev olmuş, rəqslərə Əli Əşari quruluş vermişdir. Rolları Səməndər Rzayev (Əmir), Fuad Poladov (Vəliəhd), Ramiz Novruzov (Loğman), Firəngiz Mütəllimova (Aypara), Kamal Xudaverdiyev (I Nəsimi), Hamlet Xanızadə (II Nəsimi), Mikayıl Mirzəyev (Zahid), Ramiz Məlikov (Dəyanət), Rüstəm Əliyev (Vəzir), Məzahir Cəlilov (Çalpapaq), Elxan Ağahüseynoğlu (Gözətçi), Yaşar Nuriyev (Rəhman), Sadıq İbrahimov (Qoca şair), Nurəddin Quliyev (Cavan şair), Əlvida Cəfərov (Sübhan), Elxan Quliyev (Kəramət), Abbas Qəhrəmanov (Mərvan), Saleh Babayev (Şübhələnən adam), Mirzə Ağayev (Lal) ifa etmişlər.
Dövri mətbuatdan da göründüyü kimi, həm pyes, həm də tamaşa uğurlu alınmış və böyük əks-səda doğurmuşdur. Tamaşa haqqında geniş resenziya yazan professor Qulu Xəlilov qeyd edirdi ki, "bizə görə B.Vahabzadə bir dramaturq kimi heç bir pyesində "Fəryad”dakı qədər yetkin, bitkin və dərin görünməmişdir”.
Əsərin bir sıra fərqli keyfiyyətlərə malik olması onun bədii-estetik dəyərini daha da artırırdı. Proloq və yeddi şəkildən ibarət pyes ilk növbədə, uzun müddət milli səhnəmizdə görünməyən mənzum dram janrında yazılması ilə diqqəti çəkirdi. Bu, bir tərəfdən klassik poeziyamıza, Nəsimi yaradıcılığına sayğıdan irəli gəlirdisə, digər tərəfdən, Nəsiminin poetik dünyasının, fəlsəfi baxışlarının daha dərindən açılması üçün münbit şərait yaradır və özünü forma əlaməti deyil, məzmun göstəricisi kimi əsaslandırırdı.
Əsərin başqa bir fərqli keyfiyyəti onun tarixi mövzuda yazılsa da bilərəkdən şərti şəkildə həll olunmasıdır. Belə ki, dramaturq konkret tarixilikdən qaçmış, hətta Nəsimiyə həsr etdiyi bir əsərdə onun öz obrazını belə yaratmamışdır. Əvəzində, Nəsimi fəlsəfəsinin ümumbəşəriliyi, onun həyat və yaradıcılığının, şəxsiyyətinin konkret zamana və məkana sığmazlığı ideyasını irəli sürən müəllif bunu bədii şəkildə əsaslandıra bilmişdir.
Q.Xəlilovun qeyd etdiyi kimi, "”Fəryad” fəlsəfi dramdır. Burada dramatik kolliziya ən çox insanın daxilində, düşüncələrində, mühakimələrində gedir”. Buna görə də pyesdə dramaturqu Nəsiminin sənətkarlığından daha çox, onun şəxsiyyəti, dünyagörüşü və fəlsəfəsi maraqlandırır. Nəsimidən – hürufilik dini-fəlsəfi təliminin önündə gedən şair-filosofdan yazan B.Vahabzadə özü də sanki filosofa çevrilir. O, da həyatı, dünyanı, insanı dərk etmək üçün personajların, xüsusən də "mənəm Nəsimi” deyib, Nəsimi ideyaları uğrunda, onu qorumaq naminə ölümə getməyə belə hazır olan I və II Nəsimi obrazlarının dili ilə müxtəlif suallara cavab axtarır və çox vaxt gəldiyi qənaətlərdə dahi sələfi ilə həmfikir olur. Bu səbəbdən də B.Vahabzadə:
"İnsana məhəbbət olmayan yerdə
Allahı axtarma düşüncələrdə.
Allaha çatmağın yolu nəhayət
İnsan ürəyindən keçir duyğutək.
Allaha məhəbbət, ona itaət
İnsana sevgidən başlasın gərək”, - deyir.
Və ya I Nəsiminin dilindən:
"İdrakda yol açmış gecədən gündüzə Allah,
Güldürməsən öz könlünü, gülməz üzə Allah.
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,
Qəlbin gözü yanmazsa, görünməz gözə Allah” misralarını söyləyir.
"Nəsiminin ikiləşmiş obrazları olan I Nəsimi və II Nəsimidə K.Xudaverdiyevin və H Xanızadənin ifasında insanın idrakına, ləyaqətinə, öz məsləkindən dönməzliyinə bəslənilən inam güclüdür. ...Hər iki obraz insanın özünü və dünyanı dərketmə imkanına malik olması üçün onun azadlığını zəruri saymaqla tamaşaçını yüksək məqsədlərə və mərdanə hərəkətlərə çağırır” [M.Əlizadə].. Və tamaşanın müəllifləri onu vurğulayırlar ki, "nə qədər ki, Nəsimi yolunda, onun tapındığı inam yolunda qurban gedənlər var, o qədər də Nəsimiyə ölüm yoxdur” [F.Sofiyeva].
B.Vahabzadənin əsərdə tətbiq etdiyi yeniliklərdən biri də Antik yunan dramaturgiyasında olduğu kimi, pyesin kompozisiya strukturuna xoru daxil etməsidir. Burada xor sadəcə forma daşıyıcısı olmayıb, ideyanın təqdimi və açılması planında çox mühüm funksionallıq daşıyır. Müxtəlif səhnələrdə xorun dilindən səslənən:
"Allah adlı ülviyyəti
Öz qəlbində, gör, demişik.
O qüdrəti, o hikməti
Görməyənə kor demişik.
Haqq yolunun cəfasına
Dözənlərə ər deyirik.
"Allahu-əkbər” deyəndə
"İnsanü-əkbər” deyirik” .
- misraları əsərin ideya leytmotivi rolunu oynayır. Professor Məryəm Əlizadənin vurğuladığı kimi, "Tamaşanın təlqin etdiyi əsas fikir xorun ayrı-ayrı epizodlarda təkrar etdiyi "Allahu-əkbər” deyəndə "İnsanü-əkbər” deyirik” misralarında tam gücü ilə toplanır”.
Mətbuatın yazdığına görə, tamaşanın rejissoru "H.Atakişiyevin quruluşu sadə və sadə olduğu qədər də ifadəlidir. O, müəllif fikrini, nəzmlə yazılmış əsərin hər misrasını, hər gəlişi, mizanı, nidanı təmkinlə açmış, təhlil etmiş, işləmişdir. Bu səbəbdən də bitkin bir tamaşa alınmışdır” [Q.Xəlilov]. "Rəssam S.Haqverdiyeva Nəsimi dövrünü duymuş, o zamanın həyatını, bədii vüsətini səhnədə bacarıqla təcəssüm etdirmişdir” [Ş.Səfərov]. "H.Atakişiyevin quruluşunda hadisələrin musiqinin (bəstəkar C.Quliyev) köməyi ilə qabarıqlaşdırılmış temp və ritminin təşkili tapılmışdır.
Aktyorların oyunundakı itellektual tutum, realist üsluba sadiqlik, emosional yığcamlıq, bədii obraz yaratmağa yönəldilmiş ciddi axtarışlar onların əksəriyyətində yeni görünən və bu vaxta qədər üzə çıxmamış güclü dramatik imkanların aşkar edilməsi ilə nəticələnmişdir”) [M.Əlizadə].
Beləliklə, "zülmətdən işığa, məhkumluqdan azadlığa doğru mübarizə aparan insanların haqq səsi” (Ş.Səfərov) olan və Nəsimiçiliyin qələbəsi ilə başa çatan ”Fərhad” tamaşası təkcə B.Vahabzadə yaradıcılığında deyil, bütövlükdə, milli teatr və dramaturgiyamızın səlnaməsində əhəmiyyətli hadisələrdən birinə çevrilmişdir.
Ölkə Prezidenti Cənab İlham Əliyevin Sərəncamı əsasında dahi şairin 650 illiyi ilə əlaqədar 2019-cu ilin Azərbaycanda "Nəsimi ili” elan edilməsi böyük mütəfəkkirin irsinin öyrənilməsi, dərki və təbliği işinə yeni təkan vermişdir.
Azərbaycan Teatr Xadimləri İttifaqı və Bakı Uşaq Teatrının birgə təşkilatçılığı ilə 12-13 aprel 2019-cu il tarixində "Nəsimi ili – Nəsimi dili” adlı festival keçirilmişdir. Festivalda Bakı Uşaq Teatrı ilə yanaşı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Respublika İncəsənət Gimnaziyası təmsilçilərinin ifasında Nəsimi yaradıcılığını əks etdirən 20-dən çox tamaşa-kompozisiya nümayiş olunmuşdur.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı da "Nəsimi ili”nə öz töhfəsini vermişdir. Bu teatrın kollektivi Fikrət Əmirovun baletinə yenidən müraciət edərək onun musiqisi əsasında yeni "Nəsimi” baletini ərsəyə gətirmişdir. Mayın 25-də Opera və Balet Teatrının səhnəsində premyerası baş tutan bu səhnə əsərinin quruluşçu baletmeysteri Xalq artisti Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssamı Əməkdar rəssam Nüsrət Hacıyev, kostyumlar üzrə rəssamı Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılov olmuşdur.
Baletdə rolları teatrın balet truppasının aparıcı solistləri - Anar Mikayılov (şair Nəsimi), Əməkdar artistlər Nigar İbrahimova (Nəsiminin həyat yoldaşı), Samir Səmədov (Nəimi), həmçinin İslam Məmmədov (gənc Nəsimi) və Dinara Şirinova (Nəsiminin qızı) ifa etmişlər.
İmadəddin Nəsimi (1369-1417) cismani olaraq cəmi 48 il yaşasa da artıq 650 ildir ki, bizimlədir! Və Bəxtiyar Vahabzadə demişkən:
"Mərdliyə çağırır bu gün hər kəsi
Dərisi soyulan şairin səsi.
Uzaq əslərdən gəlir nəfəsi
Diri dünyamıza ölü dünyanın!”.
Akademik İ.Həbibbəyli haqlı olaraq yazır ki, ""Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrası ilə başlanan məşhur şeiri İmadəddin Nəsiminin mükəmməl avtoportretidir. Şeirdəki yenilməz dağlar kimi parlaq və əzəmətli görünən lirik mən "Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm” - deyən İmadəddin Nəsiminin cahana və zamana sığmayan proobrazıdır”.
"Mən bu cahana sığmazam” deyib əbədiyyətə qovuşan dahi şairin fikri bu yaxınlarda sanki öz maddi təsdiqini də tapıb. Böyük mütəfəkkirin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı (BAİ) kiçik planetlərdən birinə onun adının verilməsi barədə qərar qəbul edib. Və, bundan sonra Seyyid İmadəddin Nəsimi yalnız bizim aramızda deyil, həm də həmişə can atdığı göylərdə, səmanın ənginliklərində, sonsuz kəhkəşanda dolanaraq öz parlaq işığı ilə bizi nurlandıracaq.

Vidadi Qafarov
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

banner

Oxşar Xəbərlər