AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kukla Teatrının toruna düşən “Qızıl balıq”

Kukla Teatrının toruna düşən “Qızıl balıq”

21 Fevral 2020, 12:34 1403
Keçmiş zamanlarda bir qoca varmış
Qoca qarısıyla birgə yaşarmış
Geniş göy dənizin sahillərində
Köhnə daxmasında, uçuq evində
Onlar otuz üç il ömür sürmüşdü,
Nə xoş bir güzəran, nə gün görmüşdü.
 
Uşaq yaşlarımızdan Aleksandr Puşkinin "Balıqçı və balığın nağılı”ndan  əzbər bildiyimiz bu nağıl bizi keçmişə aparır. Nağıllarımızın ənənəvi sonluğu olan göydən düşən 3 alma, bu dəfə dənizdən çıxan balığın balıqçının 3 arzusunu yerinə yetirməklə hasil olur. 

Abdulla Şaiq adına Kukla Teatrı bu klassikanı yaşatmaq üçün həmin nağıl əsasında "Qızıl balıq” tamaşası üzərində çalışır. Biz də tamaşanın hazırlıq prosesinə şahidlik etdik. 

Teatrda daxil olduqda bizi teatrın sözçüsü Həmidə Rüstəmova qarşıladı. Onunla  teatrda yaradıcı prosesdən, hazırlanan tamaşalardan danışaraq səhnəyə doğru yol aldıq. H.Rüstəmovadan teatrın nə üçün belə tanınmış bir nağıla, rus klassikasına müraciət etdiyini xəbər alıram: "Kukla Teatrının  həm  Azərbaycan,  həm də  rus dili bölməsinin izləyiciləri üçün bu əsərə müraciət etdik. Puşkinin sözügedən əsəri bu gün də sevilir və biz bu əsərə fərqli yöndən baxmağa çalışacağıq. Belə ki, nağılda qoca kişinin qadınına olan məhəbbəti, sevgisi, ailədə özünü göstərməkdədir. Bu tamaşaya səhnə həlli verməklə var-dövlətin,  pulun, dəbdəbənin  heç də önəmli olmaması, əsas mənəvi zənginliyin ön plana çıxmasını göstərməyə çalışırıq. Uşaqlara da ailə modelini bu kontekstdə göstərməyə çalışacağıq ki, ömrünü başa vurmaqda olan qoca qarısına necə hörmət etdiyini göstərə bilək”. 
 


Demək ki, yeni səhnə əsəri daha çox ailədə qarı və qocanın bir-birlərinə qarşı olan sevgi, hörmət və ailə dəyərləri üzərində hazırlanacaq”. 

Səhnəyə yaxınlaşdıqca isə rejissor Anar Məmmədovun 4 aktyor heyəti ilə çalışdığını görürük. Burada Yuğ Teatrının aktyoru Elgün Həmidov, filmlərdən daha yaxşı tanıdığımız Günay Əhməd, Kukla Teatrının istedadlı aktyorları Cavid Telman, Aygül Ağayevanı gördük. 

Klassik üslublu tamaşada masaüstü və troslu kukla texnikaları tətbiq olunmaqla ümumilikdə 13 kukla (səhnələrə uyğun dəyişmələrlə) hazırlanıb. Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev bu dəfəki səhnə tərtibatı və kuklalar üzərində işdə bütünlükdə ənənəvi üsluba əsaslanıb. Bir hissəli kukla tamaşasının bəstəkarı Əməkdar incəsənət xadimi Vüqar Camalzadədir. Musiqi müəllifi bu tamaşada daha çox rus xalq musiqisi üslubunda mahnılar hazırlamaqla səhnə işinin ümumi harmoniyasını təmin edib.

Fasilə zamanı isə aktyorlarla söhbət etmək imkanını dəyərləndiririk. Qarı obrazını canlandıran Günay Əhməd bu obrazın onun Kukla Teatrında ikinci tamaşası olacağını qeyd edir: "Bu mənim Kukla Teatrında ikinci işimdir. İlk işim yeni ildə uşaqlar üçün nümayiş etdirdiyimiz "Qış nağılı” idi. Bu tamaşada isə qoca qarını oynayacam. İlk dəfədir ki, kukla ilə səhnəyə çıxacam və səhnədə kukla vasitəsi ilə obraz canlandıracam. Bu çox sevindirici və həyəcanlıdır. Düzdür hələ ki, kukla ilə məşq edirəm və hesab edirəm ki, bu obraz mənim ifamda yaxşı alınacaq. Hazırda öyrənmə prosesindəyəm. Hələ ki, bu mərhələyə qədər mənə çətin gələn kuklanı oynatma prosesidir”.
 


Aktrisa teatrın filmdən daha fərqli olduğunu deyir: "Teatr sehirli bir aləmdir. Burada çalışmaq, həqiqətən, insana zövq verir.  Kuklalarla işləmək  isə məni uşaqlığıma, o illərə geri qaytarır. Uşaqlara sevinc bəxş etməkdən gözəl heç nə yoxdur”. 

Azərbaycan Dövlət Yuğ Teatrının aktyoru kimi tanıdığımız istedadlı aktyor Elgün Həmidovu Kukla Teatrının səhnəsində qoca obrazını canlandıracaq. Elgün bildirir ki, Kukla Teatrının kollektivi bir-birinə qarşı çox doğmadır və bəlkə də bu, uşaqlarla çox ünsiyyətdə olmaqdan irəli gəlir: "Sevgi qarşılıqlı bir duyğudur. Səhnədə yaradıcı insanların uşaqlara olan sevgisini duyan uşaqlar da aktyorlara qarşı sevgi hissi duyurlar. Kukla Teatrının səhnəsində gözəl enerji atmosferi var. Bu çox gözəl hissdir. Burdakı iş prosesinə gəldikdə isə, hər teatrın öz çətinlikləri var. Düşünürəm ki, teatrların təməl bilgiləri eynidir. Əsas da odur ki, bu səhnədə çalışmaq mənə maraqlıdır. Kukla janrını mənimsəmək, onu öz üzərimdə tətbiq etmək mənim üçün bir təcrübə olacaq. Yeni tamaşaçı qarşısına çıxmaq və özünü fərqli tərəfdən sınamaq maraqlıdır. Digər tərəfdən isə, mənə görə, uşaqlar daha səmimi tamaşaçılardır”. 

Elgün canlandırdığı balıqçının yaşlı insan olduğunu və qarısını çox sevdiyini bildirir: "O, insan yalnız balıq tutmaqla məşğuldur. Bir gün onun toruna qızıl balıq düşür”. 

Aktyora toruna qızıl balıq düşsəydi, hansı arzularını həyata keçirmək istədiyini soruşuruq: "Hələ ki, toruma qızıl balıq düşməyib. Düşəndə deyərəm (gülürük). Hərdən olur ki, hansısa bir vəziyyətə düşəndə deyirik ki, filan şey olsaydı, bunu edərdim. Ancaq həmin an o vəziyyətə düşməyənə qədər sən bunu bilə bilməzsən. Ola bilər ki, bir şeyi illərdir arzulayaram, ancaq həmin an fərqli hərəkət edərəm”.

Fərqli tamaşaçı auditoriyasının qarşısına çıxacaq olan aktyor uşaqları təəccübləndirmək məsələsindən daha çox tamaşaçıya mənəvi hissləri ötürməyi əsas bilir: "Bu gün uşaqların xəyal etdikləri, görmək istədikləri hər bir yenilik əllərinin altında olan internetdə var. İndiki uşaqlar istər texnologiya, istər həyat baxımından hər şey əldə edə bilirlər. Ancaq onlar üçün hazırda mənəvi zənginlik daha yüksəkdir. Bu gün uşaqlar məktəbdə də, evdə də çox yüklənirlər. Əlavə tapşırıqlar, dərslər, yeni məlumatlar alırlar. Ancaq biz hərdən unuduruq ki, onlar qayğıdan, sevgidən, mənəvi zənginlikdən uzaqlaşırlar. Bəzən də ailə üzvləri tərəfindən böyük sevgi görür, ancaq özləri o sevgini ötürməyi bacarmırlar. Teatr uşaqlara bu zənginliyi aşılayır”. 
 
Qızıl balıq obrazının ifaçısı istedadlı aktrisa Aygül Ağayeva bir insanın arzularını gerçəkləşdirməyin daha gözəl olduğunu deyir: "Mən tamaşada balıq olub babanın arzularını həyata keçirirəm. Düşünürəm ki, tamaşamız uşaqlara çox maraqlı olacaq. Çox rəngarəng tamaşadır. 4 nəfərik və inanıram ki, bu tamaşanın öhdəsindən lazımınca gələcəyik. Burada tamahkarlıq tənqid olunur, yəni nümayiş etdirdiyimiz tamaşa ilə uşaqlara göstərməyə çalışacağıq ki, çox istəyən azdan da olar”. 
 
Tamaşada nağılçı olan, bir növ, teatrın simasına çevrilən aktyor Cavid Telman duzlu-məzəli söhbəti ilə mövzunun istiqamətini dəyişməyə çalışır. Hərdən Elgün Həmidova "Bir az az danış, səsyazan aparat sənin səsinlə doldu, bizə yer qalmadı” deyərək öz çıxışına hazırlaşır. Artıq növbə onundur. "Hə, buyur görək, söz səndədir Cavid”. Özünü bir anlıq itirən aktyor, yenidən sözə başlayır: "Gördüyünüz kimi, mən nağılçıyam. Nağılçı nə etməlidir? Nağılı elə danışmalıdır ki, uşaqların əvvəldən bütün fikri tamaşaya yönəlsin. Yəni az əvvəl danışan aktyorların taleyi məndən asılıdır (gülürük) Əgər mən nağılı başdansovdu danışsam, uşaqların tamaşaya və göstərəcəyimiz nağıla heç bir marağı qalmayacaq”.
 
Cavid Telman Kukla Teatrının repertuarında əksər tamaşalarda rol alır. Aktyor bildirir ki, hər tamaşanın onun yaradıclığında özünəməxsus  yeri və rolu var: "Kukla Teatrının mənim həyatımda və yaradıclığımda xüsusi bir rolu var. Adətən, canlandırdığım hər bir obrazı bundan əvvəlki obrazlarımdan tamamilə fərlənməsi üçün çalışıram. Bu tamaşa da mənim yaradıclığımda xüsusi bir yerdə olacaq. Nağılçı olaraq çox şən əhval ruhiyyə ilə başlayıb, nağılı şeirlə davam edəcəm.  Siz burada yarı qəmli, yarı şən nağılçı görəcəksiniz”.
 
Son olaraq isə tamaşanın rejissoru Anar Məmmədovla söhbət edirik. Rejissor tamaşada əsas qəhrəman olaraq görünən kuklaların artıq hazırlandığını bildirir: "Biz uşaqlara bu əsəri sevgi haqqında nağıl kimi təqdim edəcəyik. Uşaqlar qarının hərisliyini, acgözlüyünü nağıllardan bilir. Bu dəfə isə onlara bu klassik əsərdən yola çıxaraq, nağılın fərqli tərəfini göstərməyə çalışacağıq. Baba qarının istəyi ilə hər dəfə balığın yanına gedib ondan nəsə istəyirsə, bunu qarısına olan sevgidən edir. Hazırladığımız tamaşa bu gün də çox aktualdır. Bu gün də tamahkarlıq, acgözlük, hərislik hər yerdə var. Sevgi isə istənilən dövrdə aktualdır. Uşaqlar bilməlidir ki, əllərində olanla yetinməyi bacarmalıdırlar. Tamaşa kuklalar vasitəsi ilə təqdim olunacaq. Şirmaarxası kuklalardan istifadə olunan tamaşa uşaqların marağına səbəb olacaq. Əslində, nağılın özündə nağılçı  obrazı yoxdur.  Bu obrazı biz əlavə etmişik”.

Rejissorla söhbətimizdən aydın olur ki, uşaqlara səmimiyyət, mehribanlıq və zəhmətsevərlik kimi mənəvi keyfiyyətləri təlqin edən tamaşada qəhrəmanların simasında var-dövlətə, şan-şöhrətə hərisliyin gətirdiyi uğursuzluq aydın detallarla təqdim olunur. Bununla da rejissor balacalara sahib olduqları ilə kifayətlənməyib, acgözlük edən qarının timsalında xudbinlik və azğınlığın acı sonluğunu göstərməyə çalışacaq.

Martın ortaları üçün təqdim olunacağı planlaşdırılan tamaşanın məşq prosesi hələ ki, davam edir. Bizə isə nəticəni gözləmək qalır. 
 
Xəyalə Rəis