Kukla sənətində radikalizm

Kukla sənətində radikalizm

10 Oktyabr 2019, 13:45 275
Tarix boyu kukla teatrlarında, bir qayda olaraq, müharibə dönəmində özündə inqilabi elementlər əks etdirən tamaşalara rast gəlirik. Cəmiyyət kukla obrazlarında özünün kəskin mövqeli xarakterini müşahidə ediridi. Kuklaların bu cür siyasi rolu ilk olaraq XVII əsrdən başlayır. İngiltərədə İtalyan kukla obrazı Pulçinellodan təsirlənərək yaradılan Panç müharibə yaşayan bir ölkədə tezliklə xalq sevgisini qazanmışdı. 

1643-cü ildə İngiltərə hakimiyyəti inqilabi propoqandaların yayılmasından təşvişə düşərək, teatrların bağlanması haqqında əmr vermişdi.  Kukla sənəti bu zaman aktyorların işsiz qalmasından və teatr yasaqlarından qurtulmaq vasitəsi kimi meydana çıxmışdı. İlk başlarda buna qarşı tədbir görülməsə də, Panç obrazının meydana gəlişi hakim dairələrdə narahatlıq doğururdu. George Speight "Panç və Cudi: bir tarix” adlı kitabında Pançın məhvedici xarakterə sahib kloun olduğunu qeyd edirdi. O yepiskopa və krala cavab qaytaran, hər kəsi ələ salmaq səlahiyyətinə malik təlxək idi. Panç əvvəlcə marionet, daha sonra əlcək kukla kimi nümayiş olunurdu. 

XVIII əsrin sonunda isə Fransada bu xarakterə Ginyol adı ilə rast gəlirik. Tədqiqatçılar Ginyol tamaşalarının cəmiyyətin içindən doğan, xalqa yaxın ünsürlərlə zəngin olduğunu vurğulayır. Burada tamaşalar sərt siyasi məzmunlu dialoqlarla müşayət olunurdu. Bu tamaşalar inqilabın qaynar bölgəsi olan Lionda tez-tez qalmaqalla nəticələnirdi. Yoxsul mədənçi və toxucuların iştirak etdiyi kütləvi ixtişaşdan sonra Ginyol tamaşaları dövlətin nəzarəti altına alındı, artıq kukla tamaşaları ilə məşhurlaşan Lionda kuklaçılar tamaşaçılardan uzaq düşdülər. Bu tamaşalar XVIII əsrin sonları qadağan olundu və XIX əsrin ortalarına qədər tamaşaların mətnləri də məhv edildi.

İlk gündən etibarən radikal kuklaçılıq cinayət əməli kimi qəbul olunurdu. Həm İngiltərədə, həm də Fransada kuklaçı aktyorlara lisenziya verilməməsi onları acınacaqlı durumda qoymuşdu. Artıq səyyar kuklaçılar insanlar tərəfindən şübhə ilə qarşılanır və cinayətkar əməlləri  yaymaqda ittiham olunurdular.

XIX əsrdə isə radikal teatr ənənəsini dövrün ən məşhur nümayəndələrindən olan anarxist Alfred Jarri davam etdirirdi. Gənclik illərindən kukla teatrına maraq göstərən Alfred Jarri burjuaziyanın bayağılığına kəskin reaksiyası ilə seçilirdi. Onun Ren liseyində yoldaşları ilə birgə yazdığı, daha sonralar düzəliş edərək öz adından nəşr etdirdiyi "Kral Ubyu” pyesi Avropa teatr tarixində avanqardın başlanğıcı hesab olunur. 1896-cı ildə Evr teatrında tamaşanın premyerası keçirildi. Tamaşada Firmen Jemye ilə yanaşı kukla obrazları da yer alırdı. Qalmaqalla nəticələnən "Kral Ubyu” XIX əsrin sonu XX əsrin əvvəllərində Alfred Jarrinin avanqardın atası adlandırılmasına səbəb oldu.

XX əsrdə isə Vyetnam müharibəsinə etirazını bildirən Piter Şuman radikal mövqeli yeni teatrın əsasını qoyur. O, ilk əvvəl Vyetnamda inqilabi çıxışların aktiv iştirakçısı olsa da, daha sonra əlində plakat bütün şəhəri dolaşmaq əvəzinə, bunu daha effektiv üsul vasitə olan küçə şousu ilə göstərməyin tərəfdarı kimi çıxış edir. Bu baxımdan antimilitarist mövzulu tamaşaların müəllifi olur, Şounun qəhrəmanı qismində nəhəngliyi ilə diqqət çəkən, protesto sərgiləyən marionetlər yaradır. 
 
Amerikada 1963–cü ildə yaranmış "Çörək və Marionet” teatrı dünya miqyasında yetərincə tanınmasa da, Amerikanın siyasi həyatında çox önəmli yer tuturdu. Amerikan rəssam, heykəltaraş və rejissoru Piter Şumanın "kasıb incəsənət” axtarışı bu teatrın meydana gəlməsi ilə nəticələnmişdi. Teatrın adının seçilməsi təsadüfi olmayıb Şumanın məqsədinə xidmət edirdi. O, deyirdi: "İncəsənət - çörəkdir. İncəsənət hər kəs üçün çörək qədər gərəkli olmalıdır”. Çörək sözü burada simvolik əhəmiyyət daşımaqla yanaşı, həm də praktikada tətbiq olunurdu. Tamaşaların sonunda tamaşaçılara çovdar çörəyi paylanırdı. 

Teatrın ilkin məqsədi siyasi hadisələrə öz etirazını fərqli şəkildə ifadə etmək olsa da, zamanla əyləncəvi xarakter üstünlük təşkil etdi. 1998-ci ildə isə tamaşa zamanı bir nəfərin ölümü ilə nəticələnən hadisədən sonra hökumət pulsuz tamaşaların göstərilməsinə qadağa qoydu. Hazırda bu teatrın ev muzeyi fəaliyyət göstərir.