AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kərəm Hadızadə: “Aktyoru repertuar yetişdirir”

Kərəm Hadızadə: “Aktyoru repertuar yetişdirir”

29 Fevral 2016, 10:09 1046
Bu günkü qonağımız Gənc Tamaşaçılar Teatrının istedadlı aktyor Kərəm Hadızadədir. Müsahibimiz bizimlə söhbətində Türkiyədə iştirak etdikləri festivaldan ağız dolusu danışdı.

- Kərəm bəy, eşitdik ki, bu yaxınlarda Türkiyədə festivaldan qayıtmısınız. Festival barədə təəssüratlarınızı öyrənmək maraqlı olardı.
- Biz Türkiyədə iki festivala dəvət almışdıq. Ona görə işi elə planlaşdırdıq ki, hər iki festivalda iştirak edə bilək. Beləliklə, biz on gün ərzində Türkiyənin Bozüyük şəhərində keçirilən “Metristepe Teatr festivalı”nda və Antalya Böyükşəhər Teatrı tərəfindən təşkil olunan “Konuk Teatro” layihəsində Elçin Hüseynbəylinin “Qaçaq qocalar” tamaşası ilə iştirak etdik. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nofəl Vəliyevdir. Hər il orada festival keçirilir. Biz də bu festivalda axırıncı çıxışçılardan olduq. Tamaşada Bozüyük Bələdiyyəsinin başqanı da iştirak edirdi. Festival çox yüksək səviyyədə təşkil olunmuşdu. Biz orada gözəl qarşılandıq. Türk xalqı teatraldır. Orada festivaldan sonra Bursanın özündə və Mudanyada tamaşalar oynadıq. Zallar demək olar ki, dolu idi. Bursadan sonra Antalya Böyük şəhər teatrında yanvarın 28, 29 və 30-da 3 gün tamaşa oynadıq. Tamaşalardan sonra seyrçilər qalıb yaradıcı heyətlə söhbət edir və öz fikirlərini bölüşürdülər.
Oynadığımız tamaşanın məğzinə gəlincə isə tamaşamız hər bir millətin başına gətirilə biləcək bəladan bəhs edir.
- Bəs, festivallara təklif kimdən gəlmişdi?
- Bu onların bələdiyyə Teatrının layihəsidir. Bizdən sonra Almaniya Teatrı gəlməli idi. Bundan sonra da əməkdaşlığımız davam edəcək. Antalya Böyük şəhər Teatrının bədii rəhbəri, tanınmış aktyor Mehmet Özgür Nofəl Vəliyevə dedi ki, belə bir tamaşanı bizdə də quraq. Çünki orada da qaçqın həyatı yaşayanlar var. Maraqlı mövzudur. Bilirsiniz ki, bundan bir az əvvəl Nofəl Vəliyev Türkiyədə tamaşa hazırlamışdı. Nöfəl müəllimin quruluş verdiyi Pərvin Ünalpın “Gec qalanlar” tamaşası orada çox sevilir. Həmin tamaşa hər ay oynanılır. Antalya Bələdiyyə Teatrında hər ayın axırıncı həftəsi xarici ölkələrin müxtəlif teatrlarını dəvət edirlər. Yaradıcı heyəti yerləşdirmək və digər xərcləri onlar özləri ödəyirlər. Yolpulu və bir sıra təşkilati məsələləri isə Azərbaycan Teatr Xadimləri İttifaqı (TXİ) həll etdi. Bu işdə TXİ-nin sədri, xalq artisti Azərpaşa Nemətov, sədr müavini Rafiq Əliyev bizə kömək etdilər. Buna görə də TXİ-nin hər bir işçisinə minnətdarıq. Yeri gəlmişkən bizim səfərimizin gerçəkləşməsində Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovun da rolu böyük oldu. Belə ki, o, bizə görə teatrın aylıq repertuarını dəyişdi. Mən, Məsumə Babayeva, Nofəl Vəliyev və Zaur Abbasov- 4 nəfərin Türkiyədə festivalda iştirak etməsinə icazə verdi.
- 25 ildən artıqdır ki, sənətdəsiniz. Bu 25 ildə həyatınızda nələr dəyişib?
- Bu sənətdə olduğum üçün çox şadam. Sənətimi sevirəm. Allahıma şükürlər olsun teatr aləmindəyəm. Bir yerdən başlayıb yavaş-yavaş inkişaf etməyə başlayırsan. İl ötdükcə möhkəmlənirsən. Belə olan halda insanda yeni düşüncə, həyata baxış dəyişir. 20 il bundan qabaq oynadığım tamaşanı indi başqa cür oynayaram. Çünki püxtələşdikcə insanın dünya görüşü artır, səhnə fəaliyyəti genişlənir. Obraza yanşama tərzi başqa cür olur. İndi köhnə oynadığım video lentləri izləyirəm və düşünürəm ki, indi o obrazları oynasam tamam başqa cür olardı. Bu sənətə böyük diqqət və hörmət var. Tamaşaçı alqışı nəyə desən dəyər.
- Geriyə baxanda, peşmançılıq hissi keçirirsinizmi?
- Heç də peşman deyiləm. Hər bir sənət gözəldir. Mənim aləmimdə aktyor sənəti sənətlərin ən gözəlidir. Aktyor olmaq o demək deyil ki, sözü əzbərlədin, səhnəyə çıxıb onu dedin və bununla da işin bitdi. Aktyorsansa, inan psixikasına bələd olmalısan. Hər bir obraza yeni həyat verməlisən. Aktyor obraza ürəyini, qəlbini qoyur. Daxildən gələn enerji tamaşaçıya gedib çatmırsa, tamaşaçı onu qəbul etməyəcək. Gərək elə edəsən ki, tamaşaçı onu qəbul etsin. Sənə inansın. Tamaşaçı bilir ki, aldanmağa gəlib. O, səhnəyə baxır, yeri gələndə ağlayır, gülür, kövrəlir. Gərək elə edəsən ki, tamaşaçı peşman olmasın və səndə olan oyunu qiymətləndirsin və oyuna inansın.
- Kərəm bəy, təxmini nə qədərə obraza can vermisiniz?
- Çox olub. Açığı desəm heç oturub hesablamamışam (gülür). Gərək bir dəfə siyahı tutum. Universitetin 2-ci kursunda oxuyanda mənim sənət müəllimim, ikinci anam Cənnət Səlimova Kamera Teatrını açdı. Mən də orada işləməyə başladım. 1991-ci ildən bu işlə məşğulam. Kamera teatrının açılışı Fevralın 13-də Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsəri əsasında hazırlanmış “Məkkə yolu“ tamaşası ilə oldu. Sonra Molyerin “Skapenin kələkləri” və saysız sayda obrazlar.
- Canlandırdığınız obrazların içində ən çox sevdiyiniz hansı olub?
- Obrazlarımın hamısını sevirəm. Seçmək bir az çətindir. Onların hamısı mənim üçün doğmadır. Onlara pis deyə bilmərəm. Oynadığım obrazların içində nökər də var, baş rol da. Aktyor öz övladlarının heç birinə pis deməməlidir. Hansısa problemlər olur, ona adaptasiya ola bilmirsən. O, da bir ya da iki tamaşada olur. Başqa cür ola bilməz. Hər bir obrazın özü yükü, ağırlığı var.
- Müxtəlif rejissorlarla işləmisiniz. Kiminlə işləmək sizə rahatdır?
- Müəlliməmin Cənnət Səlimovanın başqa dəsti xətti var. Artıq onun dəsti xəttinə bələdəm. Cənnət xanım başqa aləmdir. Mərhum xalq artisti İrina Perlovanın işini də çox bəyənirdim. O, aktyoru hər hala salmağı bacarırdı. Aktyoru plastilin kimi edirdi. Əminliklə deyə bilərəm ki, İrina xanımın bizim səhnədə işləməyimizdə, obrazın daxili aləminə varmağımızda böyük rolu olub. Onun bizim üzərimizdə əməyi danılmazıdır. Xalq artisti Vaqif Əsədovla da işləmişəm. O, zövqlü rejissordur. Sonra bizim teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovla işlərimiz çox olub. Onun əsərə tamam başqa yanaşma tərzi var.
- Sizcə aktyor rejissorluq edə bilərmi?
- Əlbəttə. Edə bilər. Amma hər adam onu bacarmaz. Şəxsən mən bacarmaram. Bəlkə də bacararam. Ona risk etmək, yoxlamaq lazımdır. Rejissorluq özü tamam ayrı sənətdir. Aktyor rejissor olanda o daha yaxşı olur. Daima səhnədə olan adam, səhnənin bütün qayda-qanunlarını öyrənən insan səhnənin hər bir sirrini bildiyinə görə edə bilər. Misal üçün əməkdar artist Nicat Kazımov həm rejissordur, həm də aktyor. Hər iki işin öhdəsindən peşəkarlıqla gəlir. Nofəl Vəliyevin özü. Bunların sıralarını artıra da bilərəm.
- Qocalmaqdan qorxursunuzmu?
- Xeyr. Heç zaman. Hər bir yaşın öz gözəlliyi var. Qocalanda oynanılan obrazların ayrı yeri var. Mən Məhəmmədhəsən əmini oynayanda gənc idim. İndi onu ayrı cür oynayaram. İndi qoca hərəkətləri edə bilmərəm, çünki mənim özüm artıq yaşlanmışam. Qocalıq heç də pis şey deyil. Mən səhnəmizdə qocaman aktyor, aktrisalarımızı görəndə fərəhlənirəm. Yaxşı ki, onlar var. Onlar səhnənin bəzəyidir, səhnəmizə gözəllik verirlər.
- Uzun müddətdir ki, səhnədəsiniz. Biz sizi nə üçün seriallarda görə bilmirik?
- Serialla dəvət edirlər. Ancaq xırda rollara. Mən gedib deyə bilmərəm ki, məni baş rola çəkin. Əgər məsləhət eləsələr, çəkərlər. Məsləhət deyilsə, nə edək? Bu mənim problemim deyil. Serialda 4-5 seriallıq obraza dəvət edirlər. Bir şey də var. Hər şey bölünür, əla gedir. Aktyora gələndə deyirlər ki, qonorar azdır. Deyirlər ki, verə bilmirik. Ona görə də bəzən razılığa gələ bilmirik.
- Kamera Teatrından gələn sayılı aktyorlardan biri də sizsiniz. Cənnət Səlimova ilə söhbətimiz əsnasında qeyd edirdi ki, bu gün teatrın bağlanmasına razılıq verdiyi üçün çox peşmandır.
- Gənc Tamaşaçılar Teatrı da pis deyil. Burada gözəl dostlarımız, aktyor kollektivimiz var. Amma hərənin öz məktəbi var. Hərənin öz dili, yeməyi var. Kamera Teatrı yığcam bir teatr idi. Biz bir ailəyə çevrilmişdik. Orada hamı mehriban idi. Hamı bir-birini sevirdi. Tələbə vaxtından başladıq. 18 il işlədi teatr. Sərbəst, zəngin repertuarı vardı. Heç bir qadağalar yox idi. Repertuarla püxtələşdik. Aktyor gözəl repertuarla böyüməlidir. Kim nə deyirsə desin repertuar gözəl olmalıdır. Aktyorun yetişməsi üçün bu çox vacibdir. Biz o teatrı heç nədən yaratmışdıq. Bizim otağımızı kordonla bölüb, ondan qrim, qonaq otaqları düzəltmişdik. Hər şey var idi. Amma vəziyyət elə gətirdi ki, biz o teatrdan çıxası olduq. Qismət...
- Sonda tamaşaçılara nə demək istəyirsiniz?
- Hər şey göz qabağındadır və çox gözəldir. Əmin amanlıq istəyirəm. Əsas can sağlığıdır. İnsanlara can sağlığı arzu edirəm. Övladlarımızın canı sağ olsun. Bir də dövlətdən diqqət, qayğı daha çox lazımdır. Çünki teatr ən canlı sənət növüdür. Ölkəni tanıdan incəsənət, mədəniyyət və idmandır. İstəyirik ki, hu sahəyə qayğı daha çox olsun.

Xəyalə Rəis