• cümə, 29 Mart, 09:32
  • Baku Bakı 5°C

İrəvan Teatrına yaraşmayan qalmaqal

21.09.17 13:48 11192
İrəvan Teatrına yaraşmayan qalmaqal
Yeni mövsüm yeni nəfəs, yeni xəbər, sözün həqiqi mənasında yeniliyin xəbərçisidir. Biz də bu mövsümə bol enerji və ruh yüksəkliyi ilə qayıtdıq. Lakin qayıdar-qayıtmaz bir məsələ əhvalımızı lap korladı. Belə ki, yeni mövsümü qədim tarixə malik olan, yerindən-yurdundan ayrı düşən, İrəvan Dövlət Dram Teatrında baş verən qalmaqallı xəbərlərlə açdıq.Əslində, bu barədə yayılan xəbərləri bir müddət kənardan izlədim. Nəhayətində, "danışmaq gümüşdürsə, susmaq qızıldır” prinsipini kənara qoydum. Çünki teatrda baş verən hadisələr kənardan gülünc görünür və bir o qədər də ikrah hissi yaradır.
Teatrın imicinə yaraşmayan qalmqal
Qalmaqalla bağlı qısa açıqlama verim ki, ötən həftə İrəvan Teatrında teatrın aktyoru Elçin Hacının qadın həmkarları tərəfindən döyülməsi xəbəri görüntülü şəkildə sosial şəbəkənin ən çox izlənilən videosuna çevrildi. Sözügedən hadisə həmin həftənin ən çox danışılan qalmaqalı oldu. Vəziyyət o dərəcəyə çatdı ki, televziyalar və elektron media nümayəndələri də bu məsələni aktuallaşdırdılar. Burada əsas məsələ kimin haqlı, kimin haqsız olmasında deyil. Mənə teatrşünas olaraq təsir edən tamam başqa məsələdir. İrəvan Dövlət Dram Teatrı öz tarixi, böyük keçmişi olan bir mədəniyyət ocağıdır. Bu teatra hərdən "qəhrəman teatr” da deyirəm. Çünki tələbəlik illərindən bu yana müəllimlərim hər dəfə İrəvan Teatrından elə bəhs edirdilər ki, mən bu ocağa müqəddəs bir yer, yaradıcılıq ünvanı kimi baxırdım. Axı İrəvan Teatrı heç nədən bu qədər böyük nüfuza sahib olmayıb! Bir neçə dəfə teatra reportaja gedəndə teatrın təmirsiz və şəraitsiz olması mənim qol qanadımı sındırıb. Özlüyümdə düşünmüşəm ki - "Bu idimi müəllimlərimin bəh-bəhlə mənə danışdıqları, böyük müharibə görsə də sınmayan, ayaqda duran İrəvan Teatrı?”.
Nə olsun təmirsizdir, ancaq tarixə boylananda elə teatrlar olub ki, onların heç qrim etməyə otaqları belə olmayıb. Ancaq yenə də teatr deyilən ocağa qıfıl vurub, qapılarını öz tamaşaçılarının üzünə bağlamayıblar. Elə İrəvan Teatrı kimi. Bu teatr öz vətənindən, torpağından ayrı düşməsinə baxmayaraq, hər zaman yaradıcılıq işləri ilə məşğul olub. Özü də vətənpərvərlik ruhunda, "bir gün o torpaqlara qayıdacağıq” ab-havasında repertuar planı hazırlayır bu teatr. Orada ömrünü məhz İrəvan Teatrına həsr edən o qədər sənət fədailəri çalışıb ki... Onlar bu teatrda gənclik illərini, ömürlərinin ahıl çağlarını, ilk sevgilərini yaşayıb, ilk tamaşalarını oynayıblar. Həmin insanlar üçün bu ocaq and içmək üçün bir məbəddir. Təsəvvür edə bilirsinizmi?
İrəvan Teatrının tarixinə bir nəzər
Tarixə nəzər salanda şahidi oluruq ki, bu teatr 1880-81-ci illərdən fəaliyyətə başlayıb. İrəvanda çıxan "Psak” ("Çələng") qəzeti 1882-ci il 10 aprel, 7-ci sayında "Fars teatrı” adlı geniş rəy dərc edib. Məqalədə yazılır ki, kasıb tələbələrə xeyriyyə məqsədilə İrəvan türklərindən ibarət teatr həvəskarları Vasaq Mədətov Nəzminin "Tamahkarlıq düşmən qazanır” tamaşasını 1881-ci ilin ikinci yarısında birinci dəfə, 1882-ci il aprelin 2-də ikinci dəfə oynamışlar. 1918-ci ildə daşnakların növbəti qətliamları, hücumları teatrı da yerindən-yurdundan edib. Teatrın rəhbəri və bir qrup aktyor İranın Xoy şəhərində məskunlaşıblar. Lakin sovet hökuməti qurulduqdan sonra 1922-ci ildə, didərgin düşmüş bütün insanlar kimi, onlar da geriyə dönüblər. Teatrın yenidən dirçəlməsi, inkişaf etməsi üçün yerli ziyalılardan — Bala Əfəndiyev, Əkbər Rzayev, Rza Şeyxzadə, Abbasəli Axundov, Əşrəf Yusifzadə, Yusif Ziya kimi milli mədəniyyət təəssübkeşləri xeyli iş görüblər. Hətta Bala Əfəndiyev öz arvadı Fatma Əfəndiyevanı teatra gətirərək ilk qadın aktrisa kimi səhnəyə çıxarıb. Fatma xanım həmin vaxtlar İrəvan türk qadınlar klubunun ilk müdiri olub. Əkbər Rzayev də öz arvadı Firəngiz xanımı Fatma xanımla birgə səhnəyə gətirib.
1928-ci ildə teatr dövlət statusu alıb.1935-ci ildə teatra görkəmli dramaturqCəfər Cabbarlının adı verilib.1948-ci ildən başlayaraq İrəvan və onun ətraf rayonlarında yaşayan türk əhalinin məcburi olaraq Azərbaycana köçürülmə prosesi teatra da öz acı təsirini göstərdi vəteatr 1949-cu ildəGöyçə mahalının Basarkeçər rayonuna köçürüldü. Oradakı bir illik fəaliyyətindən sonra isə teatrın işi dayandırıldı və əvəzində həmin bazada xalq teatrı təşkil olundu. Çünki həmin ərəfədə Göyçə əhalisini də "könüllü köçürmə” adı altında gecə-gündüz maşınlarda Azərbaycana - Mil, Muğan düzünə daşıyıb tökürdülər. Belə bir şəraitdə isə teatrın işini yenidən qurmaq, fəaliyyətini davam etdirmək çətin məsələ idi. Az sonra "köçürülmə siyasəti” dayansa da teatrın inkişafında yeni bir mərhələ açılmadı. Nəhayət,1967-ci ildə cəmi Ermənistan əhalisinin, o cümlədən bütün ziyalıların, Basarkeçər rayon partiya komitəsinin birinci katibi Yunis Rzayevin və Azərbaycan KP MK-nın katibiŞıxəli Qurbanovunciddi, birgə səyləri nəticəsində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı hökumətin qərarı ilə yenidənbərpa olundu və paytaxt İrəvan şəhərinə köçürüldü.
Teatra qalmaqal yaraşmır
Teatrın tarixini vərəqləməkdə məqsədim odur ki, belə kökü olan bir teatra bu gün elə cılız qalmaqal yaşamaq yaraşmır. Bu həm teatrın statusuna, həm də imicinə böyük zərbə vurur. Təbii ki, bu hadisələr teatrın bundan sonrakı imicinə də təsirsiz ötüşməyəcək. Qara ləkə elə bir şeydir ki, nə edirsən et, bu insanın üzərindən getmir ki, getmir. Bu gün də mətbuatda İrəvan Teatrında yaşanan qalmaqal yazılır və müzakirə obyektinə çevrilir. Bəs görəsən orda hazırlanan tamaşalar niyə uzun-uzadı müzakirə olunmur?
Bu qalmalı mətbuatdan izlədikcə həyatının 49 ilini məhz İrəvan Teatrına həsr edən Vidadi Əliyevin sözləri yadıma düşdü. Bir dəfə mənimlə müsahibəsində bu teatrdan danışarkən deyirdi ki, "İrəvan Teatrı orada yaşayan azərbaycanlıların yeganə mədəniyyət ocağı idi. Xalq oranı çox sevirdi. Oradakı soydaşlarımızın mətbuat baxımından yeganə ümid yeri azərbaycan dilində çıxan "Sovet Ermənistanı” qəzeti idi. Ədəbiyyatımız həmin qəzetdə dərc olunurdu. Bir də İrəvan Teatrı. Hansı məkanda bir xalq yaşayırsa, orada onun mədəniyyəti təmsil olunmalıdır. Başqa bir xalqın içində yaşayaraq öz mədəniyyətinin əksini görməyəndə istər-istəməz insanlarda bir küskünlük yaranır.
Bu baxımdan, İrəvan Dövlət Dram Teatrının o bölgədə yaranması çox vacib idi. İrəvanda ta qədimdən Azərbaycan teatrı olub. Fransız səyyahı Jan Lade 1655-ci ildə İrəvan xanlığında qonaq olanda görüb ki, orada insanlar saz çalır, oynayır. Sevən-sevilən, döyüşçü obrazları yaradan aktyorlar onun diqqətini cəlb edib. Jan Lade qeydlərinin birində yazıb ki, "onların hazırladıqları bir səhnəyə baxdım və soruşdum ki, bu göstərdiklərinizin adı nədir.Orada yaşayan insanlar mənə heç də teatr sözünə oxşamayan ad dedilər. Təəccüblüsü də o idi ki, bu Avropadakı operanın eynisi idi.Halbuki, Avropa mədəniyyətindən kənar düşmüş bu xalq teatr sözünün mənasını bilmir”.
Hərdən deyirlər ki, antireklamın özü də bir reklamdır, ancaq elə hesab etmirəm ki, İrəvan kimi bir teatr bu cür ucuz reklamla gündəmə gəlmək istəsin. Məsələnin başqa bir tərəfi isə odur ki, bu "konsert”i bədnam qonşularımız da yəqin ki, izləyir. Və görəsən bu "konsert” kənardan necə görünür? Problemin kökündə hər nə dayanırsa-dayansın, bu "konsert”ə bir son verilməsi lazımdır.
Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyindən də mövqe öyrənməyə çalışdıq. Sualımızı informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxməmmədova ünvanladıq. Nazirliyin nümayəndəsi məsələ ilə bağlı bir mövqe bildirmək istəmədi, bunun teatrın daxili problemi olduğunu vurğuladı. Onun sözlərinə görə, bu tip məsələlər teatr daxilində həll olunmalıdır. Nazirlik sözügedən məsələ ilə bağlı rəsmi mövqe bildirmək iqtidarında deyil...
...Amma çox təəssüf...
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər