İki sıfıra qalan ümid
2020... İddialı səsləndiyi
qədər də nəhəng görünür. İki rəqəmi və onun sayı qədər də yanında saxlamağa
çalışdığı sıfırları ilə göz oxşamağa çalışır. Bu yaşıma qədər öyrəndiyim əsas
şeylərdən biri də zahirin aldadıcı olmasıdır. Bəzən görünən heç də həqiqəti əks
etdirmir. O qədər zahiri gözəllərin batinində pisliklərin, eybəcərliklərin
gizləndiyinin şahidi olmuşuq ki... İndi 2020-yə baxdıqda da eyni düşüncələr
məni narahat edir. 2020, kim bilir bizim üçün nələr hazırlamısan? Özünlə bərabər
gətirdiyin bu yeni ildə hansı sürprizlərlə təəccübləndirəcəksən? Bəlkə də artıq
kimlərinsə evini yıxmaq üçün yeni planların belə hazırdır. Bəlkə də, kimlərinsə
üzünə gülümsəmək üçün ona şans kimi gəlirsən. Ancaq nədənsə elə bil ki, bizi
unutmusan. Bir neçə ildir şans qapımızı döyən də yoxdur. Birdən uğur gətirərkən
yolunu azıb, biz tərəfə keçərsən, fələyin karıxar, yolundan muğayat ol.
2020, gəlirsən gəl e, biz
nə karəyik ki, sənə nəsə deyək?! Gedənə
qardaşıq, gələnə də yoldaş. Yalandan da olsa üzünə gülmək, "xoş gəldin” deyib
səninlə birlikdə addımlamaqdan başqa çarəmiz yoxdur. Geridə qoyduğumuz bu ili
kiminə görə nəhs il adlandırırıq. 2019-dan o qədər töküntülər qalıb ki, onların
əlini-ayağını bir yerə yığmaq 2020-yə bir qədər çətin olacaq. Bəlkə də, elə
2020 də bivecin, əhlikefin biri oldu. Kim bilir?..
Yadımdadır 2019-cu il yeni
başlayanda ondan teatrlarımızla bağlı böyük gözləntilərim vardı. Bilmirdim
teatrlarımızdan çox şey gözləyirdim, yoxsa 2019-dan. Elə, deyəsən, hər ikisinə
aşırı ümid bağlamışdım. Mətbuatda, kitablarda yazıldığı kimi, ötən ildə
teatrlarımız güzgü rolunu oynayacaqdı. Teatrlarımızın repertuarında klassik pyeslərlə
yanaşı, çağdaş əsərlər əsasında hazırlanan yeni tamaşalar, fərqli simalar, yeni
aktyorlar görəcəkdik. Yəni fərqli nələrəsə şahid olacaqdır. Elə tamaşalar ki,
içində bugünümüzlə səsləşən problemlər qoyulacaq, o problemlərin həlli yolları
göstəriləcəkdi. Daha Sevilin başından yaylığını çıxarması, Kefli İsgəndərin
insanlara gülməsi hadisə deyil. Klassikadır, amma bu günün insanları üçün
deyəcək bir sözü yoxdur. Biri çıxıb teatrlarımızda repertuar hazırlayanlara
xatırlatsın ki, ay bacım, ay qardaşım, XXI əsrdir e. Müsyö Jordanla indi Paris də partlamır. Sən
bu əsərlərlə hansı tamaşaçını teatrda tutub saxlamağa çalışırsan?!. Nə qədər "klassik
əsərə müasir baxış” deyib dursanız da, o deyil. Alındıra bilmirsiniz, axı. Elə
köhnə hamam, köhnə tasdır.
2019-dakı əsas
gözləntilərimdən biri də bu idi ki, rejissorlar eynilikdən bezib, fərqli
aktyorlarla çalışacaqdı, yaradıcılıqlarında yeniliklər edəcəkdilər. Daha öz
dostlarına, əzizlərinə hər tamaşada təkrar-təkrar baş rolları həvalə etməyəcəkdilər.
Elə tamaşalar hazırlanacaqdı ki, baxdıqca doymayacaqdıq. İzlədikcə
düşünəcəkdik, düşündükcə rejissorun səhnə yozumuna, əsərin səhnə həllinə heyran
qalacaqdıq. Sənətçilər bir-birilərinin üzlərinə gülüb, arxalarınca
danışmayacaqdı. Teatrlarımızda hazırlanan yeni tamaşalara təkcə kollektivin özü
və qohum-əqrəbaları baxmayacaqdılar. Teatrın biletləri fərasətli inzibatçıların
"yekə” dost-tanışları sayəsində sırınmayacaq, açıq kassadan satılacaqdı. Rejissorlar
biri-birilərinin hazırladıqları tamaşalardan xəbərdar olacaqdılar. Yaxşı mənada,
bir-birinin bəhsinə gözəl tamaşalar qoyacaqdılar. Daha, məsələn, Xəyalə adlı
bir teatrşünas onlara "Mövsüm ərzində hansı həmkarınızın tamaşasına
baxmısınız?” sualını verəndə "Mənim adımı qeyd etməyin”, "Öz tamaşamdan başqa
heç kimin tamaşasına baxmamışam”, "İstəyirsiniz, dostlarımın hazırladıqları
tamaşaların adlarını öyrənim yazım”, "Mən bu mövzuda danışmaq istəmirəm” kimi
cavablar almayacaqdı. Verilən suallara açıq olacaqdılar, hər şeyi olduğu kimi
danışacaqdılar, hər sözlərinin başına "möhtəşəm” ifadəsini dolayıb
gəzdirməyəcəkdilər. Heç bir sualdan yayınmayıb, tənqidə açıq olacaqdılar.
Hazırladıqları tamaşanı yüngülvari tənqid etdikdə odlu-alovlu hədələri ilə
qarşı tərəfi ittiham etməyəcəkdilər. İfa etdikləri obrazlar alınmayanda "bu
yazı sifarişlə yazılıb” deyilməyəcəkdilər.
Hələ sizə eyni kollektivdə
çalışıb, həmkarlarının torbasını tikənləri görməyi heç arzulamazdım. Bilirəm,
indi deyəcəksiniz, durub-durub söz danışdın də, onsuz da belələri hər sahədə var.
Ancaq teatr göz önündə olan sənətdir. Əbəs yerə teatrın yeganə canlı sənət
olduğunu demirik. Geridə qoyduğumuz ildə bu gözlər nələr gördü, bu qulaqlar
nələr eşitdi, ilahi. Kim kimdən boşandı, kim kimə böhtan atdı, kim kimə kimdən
yanlış xəbər çatdırdı, kimin rolu kimə verildi, kim hansı rejissorun
sevgilisidir və sair və ilaxır. Əsl tamaşa bax, budur e. Otur seyr elə. Əslində,
siz səhnədə baş verənləri gördüyünüz üçün sizə o qədər də klassik əsərlərin
"müasir” baxışı cazibəli gəlməyə bilər. Ancaq o tamaşa hazırlanana qədər
yaşanan proseslərə baxsanız, əsil tamaşanın məhz orada baş verdiyinin şahidi
olarsınız. Şou müxbirlərinin, yaxşı ki, bunlardan xəbəri olmur. Yoxsa gündəmdə
olardınız. Bunlardan xəbərləri olsaydı, onlar işi-gücü buraxıb bütün günü
teatra gələrdilər. Tamaşa izləmək üçün də yox ha, məşq zamanı aktrisanın
ətəyinin neçə qarış yuxarı qalxdığını görüb "Aktrisadan 18+” görüntülər, "Aktrisa
sinəsini açdı” kimi xəbərlər hazırlamaq üçün. Teatr dönüb olacaqdı əsil şou. Hərçənd ki, şou yazarları 2019-cu ildə də
teatrda qalmaqal yarananda, aktyor işdən çıxanda, kimsə çıxıb ağzına gələni
danışanda teatrın yerini öyrənməyə çalışırdılar. Hətta Akademik Musiqili
Teatrın dənizin içində yerləşdiyini zənn edənlər də var idi. Heç olmasa,
teatrın yolunu tutduqları üçün şükr etdiyimiz zamanlar da oldu. Bütün bunları
gözləməsək də, sən saydığını say, gör fələk nə sayır - deyirlər.
Doğrudur, geridə qoyduğumuz
ildə teatrlarımızda yaradıcı proses dayanmadı. Yeni tamaşalar, festivallar,
səfərlər, ölkəmizə gətirilən mükafatlar
da az olmadı. Mənim isə xatirəmdə daha çox Lənkəranda Beynəlxalq Teatr
festivalındakı iştirakımız qaldı. Paytaxt və bölgə teatrlarımızı (hətta bir
neçə xarici kollektiv də var idi) ətrafına toplayan festivalda isti və maraqlı
bir ortam yaranmışdı. Bu mənzərə çox ürəkaçan idi.
Geridə qoyduğumuz il Cəfər
Cabbarlının anadan olmasının 120 illiyi qeyd edildi. Paytaxt, eləcə də rayon mədəniyyət müəssisələrində yubileyə həsr olunmuş
ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, seminar, kitab sərgisi, bədii qiraət
və rəsm müsabiqələri ilə yanaşı, teatrlarımızda da Cəfər Cabbarlının əsərləri əsasında
hazırlanan tamaşalar da oldu. Hətta dramaturqun irsinə maraq o qədər güclü oldu
ki, Cəfər Cabbarlının eyni əsərinə üç teatrın eyni vaxtda müraciət etdiyi
anlarla da qarşılaşdıq. Cəfər Cabbarlı ilə yanaşı, geridə qoduğumuz il Cəlil
Məmmədquluzadənin 150 illik yubileyi qeyd edildi. Yubileydən söz düşmüşkən,
ədiblərimizin adını çəkib, teatrlarımızı unutsaq, qəbahət olar. Bu mövsüm Akademik Milli Dram Teatrının 100, Akademik
Musiqili Teatrın 110, Azərbaycan Dövlət Yuğ Teatrının 30, Şəki Dövlət
Dram Teatrının isə 140 illik yubileyi qeyd olundu. Hərçənd
ki, ölkədə teatr əlavəsi çıxaran yeganə qəzet olaraq dəvət olunmasaq da, bu
teatr üçün böyük hadisə idi. Ən
yaddaqalan məqamlardan biri isə Teatrlar
Xadimləri İttifaqının növbəti, XIV konfransı oldu. Açıq səsvermə yolu ilə Xalq
artisti, professor Azər Paşa Nemətov yekdilliklə növbəti dəfə Azərbaycan Teatr
Xadimləri İttifaqı İdarə heyətinin sədri seçildi. Siz də gözləmirdiniz, elə
deyilmi?
2020-dən isə gözləntilərimi
deməyə, açığı, çəkinirəm. Çünki bəzən arzularla reallıq üst-üstə düşmür. Belə
olduğu halda, ümid məhvə doğru gedir. Ümidin ən sonda öldüyünü deyirlər, ancaq
mənim ümidim yaşayaraq ölür. Çox hörmətli 2020, barı, bu il ümidimizi qırma...
Xəyalə Rəis
Teatrşünas