AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İ.Dadaşova: “Heç zaman internet kitabı əvəz edə bilməyəcək”

İ.Dadaşova: “Heç zaman internet kitabı əvəz edə bilməyəcək”

09 Mart 2016, 12:51 1829
Bu gün kitab və kitabxanaların fəaliyyəti məsələsi gündəmin əsas mövzularında birinə çevrilib. Kitabxana sistemi dövlətin həm təhsil, həm mədəniyyət, həm də informasiya siyasətinin üst-üstə düşdüyü sahədir. Təsadüfi deyil ki, bu gün bir çox mədəniyyət ocaqlarımızda kitabxanalar fəaliyyət göstərir. Ana teatrımız olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında da həmçinin.

Bu günlərdə Akademik Teatrın kitabxanasının qonağı olduq. Əvvəlcə onu deyək ki, Akademik Milli Dram Teatrı 1922-ci ildən birləşmiş dram truppasından ayrılıb və müstəqil teatra çevrilib. 1960-cı ildən isə teatrın tamaşaları indiki binada nümayiş olunur. 1966-cı ildən teatrda çalışan əməkdar artist Əlvida Cəfərovun dediyinə görə “mən bura işləməyə gələndə artıq teatrın kitabxanası vardı, oxu zalı indiki kimi geniş deyildi. O zaman kitabxana kiçik bir otaqda fəaliyyət göstərirdi. Orada yalnız pyeslər saxlanılırdı”.
2010¬-cu ildə teatrın əsaslı təmirindən sonra kitabxana daha geniş və işıqlı otaqda yenidən qurulub. Əvvəllər kitabxananın yerində geyim sexi olub. Bu gün isə böyük otaqda yerləşən kitabxana təmiz və səliqəli şəkildə ziyarətçilərin istifadəsindədir. Kitabxanada kompyuter masası, işıqlı, pəncərə ətrafı masalar və səliqəli şəkildə yerləşdirilmiş qəzet, jurnallar yer alıb. Burada həmçinin divar boyu qurulmuş müxtəlif rəflərdə pyeslər, xarici və yerli ədəbiyyat nümunələri, görkəmli teatr xadimlərinin yaradıcılığına həsr edilmiş əsərlər və sair kitablar səliqəli şəkildə yerləşdirilib.
Bizi kitabxananın rəhbəri İlhamə Dadaşova qarşıladı. O, deyir ki, artıq 6 ilə yaxındir ki Akademik Milli Dram Teatrında çalışır. Kitabxanaya daxil olduqda buradakı səliqə-sahman kitabxananın işini sevən, əsil mütəxəssisə həvalə olunduğu gözdən yayınmır.
Əvvəllər daha zəngin olmuş kitabxanada təmir və daşınma vaxtı çoxlu kitablar “yoxa” çıxdığından onların sayı xeyli azalıb. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin və teatr kollektivinin hədiyyə etdiyi kitablarla kitabxananın fondu yenidən zənginləşdirilir.
İ.Dadaşovanın sözlərinə görə, o, davamlı olaraq dövrü mətbuatı izləyir və teatr haqqında çıxan məqalələri vaxtaşırı toplayır: “Hər gün 12 qəzet qəbul edirik. Qəzetlərdən əlavə, “Mədəniyyət.az” və “Qobustan” jurnalına da abunəyik. Mütəmadi olaraq qəzet və jurnallarda çap olunan məqalələri oxuyub onlardan xəbərdar oluram. Daha sonra onları siyahılaşdırıb arxivə yığıram. Teatrın yaradıcı heyətindən hər hansı birinə həmin material lazım olduqda, onu oxumaq üçün müvəqqəti veririəm”.
Söhbət zamanı aydın oldu ki, kitabxanada iki minə yaxın Azərbaycan və xarici ədəbiyyata məxsus kitab saxlanılır. Bundan əlavə, 500-ə yaxın əlyazma yığılıb. Pyeslərin çoxu arxivdə saxlanılır. Çox istifadədən sonra sıradan çıxan kitablar isə yenidən nəşrə verilir. Onlar səliqəli şəkildə cildlənir və kitab halında saxlanır.
Özümüz də şahidi olduq ki, “Azərbaycan” və “Mədəniyyət” qəzetləri illərdir ki, cildləşdirilərək kitab halında qorunub saxlanılır. Kitabxanada diqqətimizi çəkən daha bir rəf isə teatrın yarandığı vaxtdan bu günə qədər onun tarixini əks etdirən salnamə oldu. Demək olar ki, bir rəf dolusu yerləşdirilən həmin kitabda teatrda oynanılan tamaşalar, zamanında orada işləmiş aktyorlar, hətta tamaşanın necə başlaması və necə bitməsi qeyd olunub. Müasir standartlara uyğun şəkildə hazırlanmış bu kitabdan teatrda çalışan bütün yaradıcı heyətə, həmçinin teatra gələn xarici qonaqlara bağışlanıb. Bundan başqa, teatrın yaradıcı kollektivi getdiyi xarici qastrollarda bu kitablardan əcnəbi həmkarlara hədiyyə edirlər.
Kitabxanada diqqətimizi çəkən digər bir məqam isə bir bölmənin yalnız disklərə ayrılması idi. Bu disklərdə vaxtilə teatrda oynanılan və hazırda repertuarda olan tamaşalar yer alıb. Akademik Milli Dram Teatrında nə tamaşalar oynanılıbsa, hamısı diskə köçürülərək bu bölmədə saxlanılır. Hətta tamaşaların afişaları belə bu bölmədə yerləşdirilib. Müsahibimiz deyir ki, bəzən televiziyadan və başqa ölkədən gələn rejissorlar bu diskləri bizdən tələb edirlər. Onlar bu disk vasitəsilə aktyorların oyunlarını izləyir və onları öz tamaşalarına dəvət edirlər. Teatrın Azərbaycan Dövlət Televiziyası və “Mədəniyyət” telekanalı ilə birbaşa əlaqələri var. Belə ki, sözügedən kanallarda teatrın repertuarında olan tamaşalar nümayiş olunur.
Qonağı olduğumuz kitabxananın oxucuları əsasən teatrın yaradıcı heyətidir. Kənardan bura oxucunun gəlməyi qeyri-mümkündür. İlhamə xanım deyir ki, hər hansı bir tamaşanı qurarkən aktyor və rejissorlar bu kitabxanadan yararlanırlar: “Rejissorlar bizə müraciət etdikdə, əgər o kitab bizdə yoxdursa, biz həmin əsəri internetdən çıxarıb ona veririk. İstənilən halda internet bizə kömək edir”.
Bu kitabxanada aktyorlar haqqında çıxan kitablar da səliqəli şəkildə yığılır. Aktyorlar özləri haqqında hər hansı bir məlumatı gəlib məhz kitabxanadan alırlar. Saytlarda çıxan qalmaqallı xəbərlər isə arxivdə saxlanılmır. Əgər bu lazımlı bir yazıdırsa və o yazıda yaradıcılıqdan bəhs edilirsə, onun üzü çıxarılır və arxivdə qorunur.
Qeyd edək ki, kitabxana həftə içi saat 9-dan 17.00-a kimi fəaliyyət göstərir. Buraya teatrın qarderobunda işləyən işçilərindən tutmuş xalq artistlərinə qədər, hamı müraciət edir.
Öyrəndik ki, teatrın ən fəal oxucuları Bəsti Cəfərova və Nurəddin Mehdixanlıdır. İ.Dadaşova Bəsti Cəfərovanın çox yaxşı oxucu olduğunu bildirdi: “O, mütəmadi olaraq kitabxanaya müraciət edir, götürdüyü kitabları da vaxtı-vaxtında təhvil verir. Onun qədər heç bir aktyor bizimlə sıx əlaqədə olmayıb. Digər aktyorlar da bizə müraciət edirlər. Kitab qaytararkən cırılma, yazılma olmamalıdır. Bizim oxucularımızın hamısı tanınmış, ziyalı insanlardır. Kitabı necə alırlarsa, elə də qaytarırlar”.
İlhamə xanım bildirdi ki, teatrın kitabxanasında indiyə kimi itən kitab olmayıb. Mümkün deyil ki, burada hər hansı bir kitab itsin. Kimsə kitabı vaxtından bir-iki gün gec verirsə, onunla əlaqə saxlanılır, kitabı qaytarmağı xahiş edilir”.
Kitabxananın rəhbəri “indi kitab oxumurlar” fikri ilə heç də razılaşmır: “Əvvəllər insanlar teatra çox gedərdi. İndi isə onlar teatrı internetdən izləməyə daha çox üstünlük verirlər. Amma internetdən kitab oxuyanda o zövqü ala bilmirsən. İnsan işığın, şüanın qarşısında saatlarla gözünü zilləyib kitab oxuya bilməz. Heç zaman internet kitabı əvəz edə bilməyəcək. Dünyanın müxtəlif ölkələrində böyük kitabxanalar var. Özünə hörmət edən insanların xüsusi kitabxanaları var. Oxuyan insanların da dünyagörüşü, savadı tamam başqa cür olur. İnternetdən hansısa bir məlumatı əldə edə bilərik. Ancaq kitabxanaya istək hər zaman var və olacaq da. İnternet onu heç zaman məhv edə bilməz”.

Xəyalə Rəis