Heç vaxt töhmət almayan aktyor

Heç vaxt töhmət almayan aktyor

13 İyun 2016, 10:58 3711

Bu həftə qəzetimizin qonağı Bakı Uşaq Teatrının aktyoru Niyaz Qasımovdur. Məlumat üçün bildirək ki, Niyaz 2009-cu ildə Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinin beynəlxalq mədəni əlaqələr ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2008-2009-cu illərdə Badamdar qəsəbə mədəniyyət evinin xalq teatrının rejissoru vəzifəsində çalışıb. 2010-cu ildən Bakı Uşaq Teatrında işləməyə başlayıb. 2007-ci ildə 2-ci Ümumrespublika bədii qiraət müsabiqəsində 2-ci yer tutub, 2008-ci ildə xalq teatrları arasında keçirilən ümumrespublika baxış müsabiqəsində "Ən yaxşı kişi rolunun ifasına görə” mükafatına layiq görülüb.

Bakı Uşaq Teatrında isə biri-birindən maraqlı obrazı ilə yadda qalıb. Bakı Uşaq Teatrı ilə yanaşı, bir müddət "Oda” teatrında da çalışıb.

- Artıq bir mövsümü də belə başa vururuq. Bu mövsüm sənin üçün necə keçdi?

- Bu mövsüm qastrollara getdik, maraqlı tamaşalarımız oldu. Bilirsiniz ki, ən çox ifa etdiyimiz "Həyatla oyun” tamaşasında əsas obrazlardan birini canlandırıram. Bu tamaşa getdiyimiz məktəblərdə, qastrollarda çox gözəl də qarşılanır. Bu tamaşanı Azərbaycanın demək olar bütün bölgələrində və Bakının müxtəlif kəndlərində nümayiş etdirmişik.

O ki, qaldı sualınıza, yaradıcılıq baxımından bu mövsümü özüm üşün o qədər uğurlu hesab etmirəm. Düşünürəm ki, ötən mövsüm daha çox uğurlarım olmuşdu. Bu mövsüm özümdə durğunluq hiss edirəm. Səbirsizliklə növbəti mövsümü gözləyirəm. Aktyor yaradıcılığı elədir ki, yaxşı rollar oynaya bilərsən, ancaq eyni tamaşanı oynayanda istər-istəməz yorulursan. İstəyirsən ki, yeniliklər edəsən. Çünki yaşımızın elə vaxtındayıq ki, indi özümüzü realizə etməliyik. Bu baxımdan geridə qoyduğumuz mövsüm mənim üçün çox sıxıcı oldu. İstədim ki, mövsüm tez qurtarsın.

Bu mövsüm ailə həyatımda da bəzi problemlərimiz oldu. Belə ki, sevdiyim xanımla ailə qurdum. Övladımız dünyaya gəldi, ancaq təəssüf ki, ilkimiz həyatda qalmadı. Ona görə yoldaşım Könül də, məndə də xəyal qırıqlığı yaşadıq. Şükürlər olsun ki, özümüzü tez ələ aldıq. Çünki həyat davam edir. İndi növbəti övladımızı gözləyirik. Bəlkə də yaşadığımız bu travma yaradıcılığımıza da təsir edib deyə bizim üçün geridə qoyduğumuz mövsüm o qədər də uğurlu olmayıb.

 

- Qeyd etdin ki, yeni mövsümün gəlməyini səbirsizliklə gözləyirsən. Yeni mövsümdən nələr gözləyirsən, nələr etməyi düşünürsən?

- Yeni mövsümdən maraqlı tamaşalar, yeni obrazlar, fərqli bir Niyaz görmək istəyirəm. Bütün aktyorların istəyi budur ki, seriallara dəvət alsın, filmlərə çəkilsin. Mən də yeni mövsümdə seriallara, filmlərə çəkilmək və maraqlı obrazlar yaratmaq istəyirəm. Bu il bir çox layihələrə dəvət aldım, ancaq alınmadı, yarımçıq qaldı. Ümid edirəm ki, bundan sonra hər şey yaxşı olacaq. Özüm də yaxşı bilirəm ki, o qədər də istedadsız aktyor deyiləm. İnsanın əlavə bir gəliri olanda, ailəsini hər şeylə tam təmin etdikdə çox rahat olur. O zaman ailəsinə də vaxt sərf edə bilir. İndiyə qədər xırda epizodik rollara çəkilmişəm. Ona görə də filmlərdə özümü tam göstərə bilməmişəm. Mənə qəribə gələn odur ki, özümüzün istedadlı aktyorları ola-ola rejissorlar xarici aktyorlara müraciət edirlər.

- Bakı Uşaq Teatrında çox maraqlı obrazların var. Bəlkə rejissorlar onlardan xəbərsiz olduqları üçün səni seriala, filmə dəvət etmirlər?

- Ola bilər. Teatrımız şəhərdən çox uzaqda yerləşir. Düzdür, Qaraçuxurda yaşayan tamaşaçılar mütəmadi olaraq tamaşalarımızı izləməyə gəlirlər. Ancaq teatr, kino sənayesinin mərkəzindən aralı olmaq, bizi bir çox şeylərdən uzaq salır. Ona görə də rejissorlar bizə çox az müraciət edirlər.

- Bəlkə özünüzə ayrıca bir biznes qurasınız?

- Ən pis xüsusiyyətim odur ki, aktyorluqdan başqa heç nəyi bacarmayacağımı düşünürəm. Təşkilatçılıq baxımından bir qədər zəifəm. Biznes qurmaq mənlik deyil. Mən istəyirəm ki, rahat işimi görüm, pulumu qazanım. Mən pula tərəf getməyim, pul mənə tərəf gəlsin. Əgər işimi görürəmsə, buna görə mənə yaxşı qonorar verməlidirlər. Axı mənim gördüyüm iş dünyanın müxtəlif yerlərində çox gəlirli sahələrdən biridir. O ki, qaldı biznesə, Könüllə bir çox layihələrin üzərində işləmişik. Ancaq alınmayıb. Hətta bir müddət uşaq verilişi aparmaq istəyirdik. Layihəni televiziyaya təqdim etdikdə dedilər ki, onu reallaşdırmaq üçün mütləq sponsor lazımdır. O da xəyallara qarışdı. Ümumiyyətlə, Könül çox aktiv insandır. Bu baxımdan ona qibtə edirəm.

 

- İmicinizdə dəyişikliklər var, nə ilə əlaqədardır?

 

- Ötən gün bir filmə çəkildim. Onlar məndən bığ saxlamağımı və belə bir obraz yaratmağımı tələb etdilər. Əslində, Könülün bığdan xoşu gəlmir. Deyir ki, çox yaşlı görünürsən (gülür). İstəyirəm yeni imicim bir müddət qoruyub saxlayım. Ola bilər o bığ nəyisə dəyişsin. Yeni film, serial təklifləri alım.

 

- Bakı Uşaq Teatrının istedadlı aktrisası Könül ilə ailə həyatı qurduqdan sonra həyatınızda nələr dəyişdi?

- Çox şey. Könülün mülayim xasiyyəti var, uşaq kimidir. Mən özüm də mülayim xasiyyətdəyəm. Kimsə kənardan bizim ailəyə baxsa, düşünər ki, bunlar dəlidir. Evdə çox sərbəstik. Tullanırıq, düşürük, nəyəsə sevinirik, durduğumuz yerdə kədərlənirik. Nə yaxşı ki, çox ciddi bir ailə deyilik. Sadə bir şeydən xoşbəxt ola bilirik. Ümumiyyətlə, bir insanla ömür boyu yol yoldaşı olmaq çətin məsələdir. Bir sözlə Könül ilə mən bir-birimizə tam uyğunuq. Belə ki, o məni, mən də onu başa düşürəm. Səhvlərimizi birbaşa üzümüzə deyirik və onları düzəltməyə çalışırıq.

 

- Bəs, yaradıcılıq müzakirələri necə olurmu?

- Əlbəttə, bəzən oynadığım tamaşanı izləyir və iradını bildirir. Deyir ki, bu rolu yaxşı oynamırsan, filankəs səndən daha yaxşı oynayardı. Mən də bir az inciyirəm, sonra düşünürəm ki, yəqin ki, bir bildiyi var ki, belə deyir. Elə olur ki, mən də onun səhvlərini deyirəm. Əslində bu təbii haldır.

 

- Hansınız daha çox istedadlısınız?

- (Gülür) Könül də bilir ki, mən daha çox istedadlıyam. Mən də bunun fərqindəyəm. Ancaq o, məndən daha çox çalışqandır. Mən istedadıma güvənib nəsə edirəmsə, o üzərində daima çalışır. Könül "Oda” teatrında özü tamaşa qurub özü də oynayırdı. Orada onun istedadını görənlər bildirirdilər ki, indiyə kimi Azərbaycanda belə bir aktrisanın varlığından xəbərsiz olublar. Hətta mən də onun bəzi istedadlarından xəbərsizəm. Gün keçdikcə, səhnədəki ifasını görəndə hər dəfə nələrisə kəşf etməyə başlayıram. Plastikası çox gözəldir, rəqsi çox mükəmməl bilir. Bir sözlə deyim ki, Könül mənə çox stimul verir. Əgər o passiv olsaydı, biz çoxdan batmışdıq. Aktiv olmağı yaxşıdır ki, özü ilə bərabər məni də önə çəkir.

 

- Bir müddət sizi "Oda” teatrında da gördük. Sonra həmin teatr qeybə çəkildi.

- Hazırda "Oda” teatrı mövcud deyil. O teatr 3 il davam etdi, müxtəlif tamaşalar oynadı, qastrola getdi. İndi onun yerinə "Ado” teatrı fəaliyyət göstərir. Həmin teatrın da bədii rəhbəri Elmin Bədəlovdur. Teatr bağlananda Elmin deyirdi ki, "Oda” öz missiyasını başa vurub. Əsas missiya isə Azərbaycanda müstəqil alternaiv bir teatr yaratmaq idi. Oda teatrı tamam başqa səpkidə olan teatr idi. "Ado”nun heç bir tamaşasında iştirak etmirəm. Ona görə də mən öz missiyamı başa vurmuşam. "Ado” tamam başqa bir missiyaya xidmət edir. "Ado”, "Oda”nın tamamilə hər bir mənasında tərsidir. Teatr yeni gənclərdən ibarətdir. "Oda” teatrı mənim də həyatımda gözəl rol oynadı. Mənə xoş olmayan, bəlkə də heç vaxt oynamayacağım fərqli üslubda tamaşalar oynadım. Odanın səhnəsi, ab-havası YUĞ effektini verirdi. Tamaşaçılarla üzbəüz, nəfəs-nəfəsə qalırdım. Uşaq tamaşasında "Əşxaz” tamaşasında da həmin abu-hava var idi.

 

- Bakı Uşaq Teatrı kassaya işləyən teatrdırmı?

- Bakı Uşaq Teatrı uşaqlara, yeniyetmələrə və gənclərə xitab edən bir teatrdır. Azərbaycanda Bakı Uşaq Teatrı qədər insan alverinə, narkomaniyaya qarşı tamaşa hazırlayan ikinci teatr yoxdur. Biz gənclərə örnək ola biləcək bu mövzulara müraciət edir, onu müxtəlif bölgələrdə nümayiş etdiririk. Hər il uşaqların istəyinə uyğun tamaşalar hazırlayırıq. Ancaq teatrda olan şəraitimiz o qədər də yaxşı deyil. Bakı Uşaq teatrı uşaqlar üçün işlədiyi üçün müasir dövrün uşaqlarının nəbzini tuta bilir. Biz heç zamana tamaşaçı baxımından əziyyət çəkməmişik. Məktəblərdə, müxtəlif bölgələrdə tamaşalarımız olub. Hətta elə olur ki, bir gündə 2-3 məktəbə gedirik, tamaşalar göstəririk və çox yoruluruq. Bir operativ işləyirik. Ola bilər ki, bizə axşam saat 9-10-da zəng edib desinlər ki, sabah filan saatda tamaşamız olacaq. Biz onu əlimizdə bayraq etmirik ki, bir ay qabaqcadan bizə cədvəl verilməyib. Çalışırıq ki, teatrda ailə prinsip ilə işləyək, bir-birimizi başa düşək. Bilirsiniz ki, teatr kollektiv sənətdir. Bir-birimizlə dost münasibəti saxlayırıq, mehriban kollektivik. Yeri gələndə ciddi, sərt tədbirlər də görülür. Ancaq çox sərbəstliyin qurbanı olan aktyorlarımız töhmət alırlar, düzdür onu gülərək yola veririk, hər şeyi faciə etmirik və biz o töhmətdən şirin nəticələr çıxarırıq.

 

- Bəs sən töhmət almısanmı?

- Beş ildir ki, Bakı Uşaq Teatrında çalışıram. İndiyə kimi heç bir töhmət almamışam. Yazarsınız ki, heç vaxt töhmət almayan aktyor (gülürük).

 

Xəyalə Rəis