Geridə qoyduğumuz teatr mövsümü sənət adamlarının yaddaşında necə qaldı?

Geridə qoyduğumuz teatr mövsümü sənət adamlarının yaddaşında necə qaldı?

28 İyun 2016, 11:51 3986
Bir mövsümü də beləcə başa vururuq. İyul ayının ortalarında artıq bütün teatrlar pərdələrini mövsüm sonu ilə əlaqədar bağlayacaq. Teatrlarda çalışan yaradıcı kollektivlər istirahətə yollanacaqlar.  Yeni mövsümdə daha çox enerji ilə işə başlamaları üçün onların buna ehtiyacı var. Əvvəla ona görə ki, incəsənət sahəsində çalışan şəxslər nəinki fiziki və zehni, hətta psixoloji cəhətdən də yorulduqları üçün onların istirahətə daha çox ehtiyacları var.
Mövzudan çox da kənarlaşmayaq. Geridə qoyduğumuz mövsüm mədəniyyət aləmində bir çox hadisələri ilə yaddaşlarımıza həkk olundu. Göz qırpımında gəlib keçən bir il ərzində gündəmi zəbt edən, maraqlı və kədərli hadisələrlə qarşılaşsaq da deyə-gülə bu mövsümü də beləcə yola salmağa hazırlaşırıq. Bunu nəzərə alaraq teatr camesinin bir neçə üzvünə müraciət etdik. Onlara yola saldığımız mövsümü necə keçirdiklərini xəbər aldıq. Sənət adamlarından kimisi bu mövsümü uğurlu başa vurduğunu desə də, kimisi ili o qədər də uğurlu hesab etmədi. Bunu isə müxtəlif səbəblərlə əsaslandırdılar. 
 
Xalq artisti Ramiz Novruz bizimlə söhbətində  geridə qoyduğumuz mövsümü o qədər də uğurlu hesab etmədi. Bildirdi ki, bu mövsümdə teatrımın uğurlu-uğursuz işləri oldu: "Bu çox normal haldır. Geridə qoyduğumuz mövsümdə çox az tamaşa hazırladıq. Belə ki, teatrda "Ölülər” tamaşası hazırlandı. Hansı ki, mən orada iştirak etmirəm. Yaxın günlərdə "Müfəttiş” tamaşasını nümayiş etdirəcəyik. Hesab edirəm ki, o tamaşa da uğurlu tamaşalar siyahısına əlavə olunacaq. Ən azından uzun müddət tamaşa üzərində işlədik. Ümid edirəm ki, keyfiyyətli şəkildə onu tamaşaçılarımıza təqdim edəcəyik. Hələ ki, teatrda stabillik hökm sürür. Hər kəs öz işi ilə məşğuldur. Əvvəllər il ərzində bir çox tamaşalar işləyirdik, ərsəyə gətirirdik. Ancaq tamaşanın keyfiyyəti ikinci planda olurdu. İndi daha çox keyfiyyətə üstünlük veririk. Uğurlu işlərimiz həddindən artıqdır”.
Xalq artisti yeni mövsümdə ona təklif olunan layihələrindən də danışdı: "Sentyabrdan  etibarən yeni seriala çəkiləcəyəm. Teatrdan yeni mövsüm haqqında danışa bilmərəm. Sentyabrdan hər şey bəlli olacaq. Ola bilsin ki, sentyabrdan Rövşən İsaxın "Vicdan haqqı” serialında da çəkildim. Bir bədii film söhbəti də var”. 
 
 
 
 
Agdam Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev geridə qoyduğumuz mövsümü uğurlu hesab edir. Deyir ki, bu mövsüm Ağdam Teatrı üçün çox uğurlu keçdi: "Teatrımız mövsüm sonuna yaxınlaşmasına baxmayaraq səhnəmizdə hələ də iş gedir. Belə ki, Süleyman Rüstəmin "Çimnaz xanım yuxudadır” pyesi tamaşaya hazırlanır. Yeni mövsümü bu tamaşanın premyerası ilə açacağıq”. 
O, ki, qaldı uğura Sərvər müəllim deyir ki, hər işin uğurlu və uğursuz məqamları olur. Özünü tərifləməkdən yan qaçan, təvazökar insan olan S.Əliyev teatra təyin olunduqdan sonra il ərzində teatrda  6 tamaşa hazırlayıb. Hansı ki, indiyə qədər Ağdam Teatrında belə bir göstərici olmayıb. O, deyir ki, son 25 il ərzində  teatrda belə hal olmayıb. Müsahibim bir il ərzində Ağdam Teatrında 6 tamaşanın hazırlanmasını uğur hesab edir. Yeni mövsümdə daha çox yeniliklər edəcəyini vəd edən rejissor qeyd etdi ki,  Noyabr ayında Bakıya qastrol səfərinə gələcəklər. 
 
Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev  geridə qoyduğumuz mövsümü uğurlu hesab edir. Bunu isə uzun müddətdir ki, teatrın dostluq etdiyi Gürcüstan Pantomima Teatrının 50 illik yubileyi ilə əlaqədar festivala dəvət aldıqları ilə əsaslandırır: "Bu festivalda iştirakımızı çox uğurlu hesab edirəm. Biz o festivalda dünyanın müxtəlif ölkələrinin pantomima teatrları ilə tanış olduq. Onların iş prosesinə nəzər yetirdikdə gördük ki, pantomimçi olaraq biz çox irəlidəyik”.
E.Rəfiyev deyir ki, uzun müddətdir ki, teatrın yaradıcı heyəti böyük həvəslə mövsümün bağlanışına hazırlaşır: "Hər il mövsümü yeni tamaşa ilə bağlayırıq.  Misal üçün  ötən il mövsümü Uilyam Şekspirin "Hamlet” tamaşası ilə bağladıq.  Bu il isə Bəxtiyar Xanzadənin özünün yazdığı, spesfik xüsusiyyətə malik olan "Adajo” tamaşası ilə başa vuracağıq. Yeni mövsümdə yeni layihələrimiz, tamaşalarımız olacaq”. 
 
Azərbaycan Kukla Teatrının baş rejissoru Qurban Məsimov da geridə qoyduğumuz mövsümü uğurlu hesab edənlərdəndir. O, bizimlə söhbətində bildirdi ki, teatrın yaradıcı heyəti mayın 28-dən iyunun 6-dək Yunanıstanda keçirilmiş Azərbaycan mədəniyyəti həftəsində iştirak edib. Teatr bir həftə ərzində müxtəlif şəhərlərdə on tamaşa nümayiş etdirib. Onların arasında K.Şahmərdanın "Ağ və Qara”, müsahibimizin "Çanta trio və ...”, eləcə də "Zəng” adlı mono-tamaşası da nümayiş olunub. Eyni zamanda, teatr Afinadakı Uşaq Onkoloji Mərkəzində də tamaşa ilə çıxış edib və YUNESKO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoya tərəfindən "ELPİDA” Uşaq və Dostlar Assosiasiyasının təşəkkür məktubu, hər bir üzvə isə dostluq medalları təqdim olunub.  Ən son yenilikləri bizə xatırladan teatrın baş rejissoru geridə qoyduğumuz mövsümün onlar üçün nə qədər uğurlu bir olduğundan danışdı. Bildirdi ki, bu mövsümdə "Gözəl və bədheybət”, "Oyaq gözəl” kimi maraqlı tamaşalar hazırlayıblar. 
 
Q.Məsimov  bu mövsümü  Kukla Teatrı üçün  uğurlu hesab etdi: "Bu mövsüm iki sözsüz tamaşa hazırladıq. Onlardan biri "Melodiya”, digəri isə "Zəng” adlanır.  O ki, qaldı yeni mövsümdən gözləntilərimə ümid edirəm ki, yeni mövsümdəki uğurlarımız daha çox olacaq. Teatr kollektiv sənət olduğu üçün  uğur əldə etmək üçün bizim bir birimizə ehtiyacımız var. Yeni mövsümdə hər kəsə uğur arzulayıram”. 
 
İrəvan Teatrının aparıcı aktyoru Əjdər Zeynalov  bizimlə söhbətində bildirdi ki, geridə qoyduğumuz mövsüm onun yaddaşında xoş xatirələrlə qalıb: "Bu mövsümün bir ayını Türkiyədə qastrol səfərində keçirdim. Sizi məlumatlandırım ki, ötən mövsümdə qastrol səfərlərimiz bol oldu. Hazırda üç tamaşa üzərində məşq prosesi gedir. Həmin tamaşaların baş rolunda isə bəndəniz - mən oynayacağam. Bir sözlə işlərimiz çoxdur”.
O ki, qaldı kino, serial aləminə aktyor deyir ki, hələlik bu sahədə durğunluq yaşayır: "Növbəti mövsüm üçün böyük layihələrimiz var. Sadəcə maddiyyata görə ilişib qalib. Geridə qoyduğumuz bu mövsümü yaradıcılıq baxımından çox uğurlu bir il hesab edirəm. Düzdür bundan daha böyük işlər görmək mümkündür. Amma bir çox məsələlər var ki, onlar bizdən asılı deyil. Biz rejissorlardan asılıyıq. Onlar da çox vaxt düzgün seçim etmirlər”.
 
Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova  isə deyir ki, bu mövsüm onun üçün o qədər də fərqli keçməyib. Belə ki, rejissor mövsümün əvvəlində Gəncə Dövlət Dram Teatrında "Dəli yığıncağı”  tamaşası ilə işə başlayıb. Sonra Mirzə Ələkbər Sabirə həsr olunmuş Səxavət Mehdiyevin "Sabir” adlı əsəri üzərində çalışıb: "Bu mövsüm mənim üçün səmərəli keçdi. Gəncə Dövlət Dram Teatrında bir neçə əsəri tamaşaçılarımıza təqdim etdik. Bir çox qastrol səfərlərimiz oldu. Bundan başqa mövsümün sonuna yaxın Musiqili Teatrda "999-cu gecə” tamaşamız nümayiş olundu və bu tamaşa da çox uğurlu alındı”. 
Lənkəran Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Təvəkkül Əliyev də bu mövsümü çox uğurlu hesab edir. O, bizimlə söhbətində qeyd etdi ki, bu mövsüm əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovla çalışıb və onun işindən də çox razı qalıb: "Belə ki, B.Osmanovun Lənkəran teatrında E.Vəlioğlunun "Əsrlərin harayi" əsəri əsasında hazırladığı tamaşada mən Midiya hökmdarını ifa edirəm.Yeri gəlmişkən, iyunun 27-si bu tamaşanın premyerasıdır və bütün teatrsevərləri tamaşaya baxmağa dəvət edirəm. Düşünürəm ki, tamaşamız uğurlu alınıb. Yeni mövsümdə isə mən  "Kral Lir” tamaşasında Kral Liri canlandıracağam.” 
 
Xəyalə Rəis