AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gənclər onlara yaradılan imkan və şəraitdən razıdırlarmı?

Gənclər onlara yaradılan imkan və şəraitdən razıdırlarmı?

01 Fevral 2016, 09:26 978
Qarşidan fevralın 2-si - Gənclər günü gəlir. Bu gün, 1997-cı ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsis olunub. 1996-ci ilin məhz fevralın 2-si Azərbaycan Respublikası Gənclərinin I Forumu keçirilib.
Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd edilib. Dünyada isə yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si Gənclər günü elan olunub. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər bir növ gördüyü işlərə yekun vurur, hesabat verirlər.

Ölkəmizdə yaşı 14-dən 35-ə qədər olan əhali kateqoriyası gənc sayılır. Hazırda ölkə əhalisinin 31 faizi, yəni, təxminən 2,799 milyon nəfəri gənclərdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, gənclər arasında kişi və qadınların payı demək olar ki, eynidir. Gənc əhalinin 53 faizi şəhərdə, 47 faizi isə kənddə yaşayır. Müasir Azərbaycan gəncliyində ali təhsillilərin payı isə 60 faizdən çoxdur.
Bütün sahələrdə gənclərin rolu danılmazdır. Həmçinin Teatrda... Heç bir teatrı gənclərsiz təsəvvür etmək mümkün deyil. Biz də Gənclər günü münasibətilə teatrlarımızda çalışan gənc rejissor, aktyor və aktrisaları təbrik edərək onların hallarını xəbər aldıq. Bir birlərinin ünvanlarına xoş sözlər göndərən gənc teatr əhli onlara yaradılan imkan və şəraitdən razı olduqlarını bildirdilər. Qeyd etdilər ki, əgər zərrə qədər də olsa istedad deyilən bir varlığa sahibsənsə o zaman inkişaf etmək və öz sahəsində tanınmaq üçün heç bir problem yoxdur.

Gənc rejissor Günay Səttar bizimlə söhbətində bildirdi ki, bu gün gənclərin özlərini realizə etmələri üçün hər bir şərait var: “Hesab edirəm ki, inkişaf etmək və özünü göstərə bilmək üçün insanın potensialı əsas rol oynamalıdır. Yəni gənclərin özlərindən çox şey asılıdır. Mən özüm də xaricdə təhsil almışam. Vətəndən kənarda, xarici ölkələrə ustad dərslərinə göndərilmişəm. Mənim rejissor kimi püxtələşib yetişməyim üçün hər bir şərait yaradılıb. İnsan özü nələrəsə qadirdirsə şəraitsiz bir məkanda da yarada bilər. Yetər ki, onun istedadı olsun. Düzdür, münbit şərait olsa nə gözəl... Ancaq yoxdursa bu problem deyil. İçində potensial olan bir insan hər zaman özünü realizə etməyi bacarır”.
Rejissor qarşıdan gələn 2 fevral Gənclər günündə həmkarlarını təbrik edib, onlara öz arzularını bildirdi: “Gənclər özlərinə nə arzulayırlarsa, niyyətlərinə çatsınlar. Millətimizin gəncləri üçün gözəl şeylər arzulayıram. Biz gənclər dünyadan nümunə götürməyək, qoy bizdən nəsə götürsünlər. Hər mənada yenilikçi gənclərin olmasını arzulayıram. Rejissor elə bir sənətdir ki, ona dəstək olmaqdan çox özünün bu işdə potensialı olmalıdır. Münbit şəraitini də özü yaratmalıdır”.

Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Tural Mustafayev də gənc rejissorların teatrlara baş rejissor kimi təyin olunduğunu göz önünə gətirdi. O, qeyd edir ki, rejissorların xaricdə təhsil alması, ixtisaslarının artırılması kimi şəraitlər yaradılır ki, bu da hər kəsin diqqət mərkəzindədir: “Bununla yanaşı, bir neçə vacib məsələlər var. Bu, teatra yönəlmiş ümumi məsələlərdir. Gənclər arasında peşəkarlıq səviyyəsi bir qədər aşağıdır. Bu teatrla əlaqəli deyil, ümumi problemdir. Belə olan halda mədəniyyətin səviyyəsi də aşağı düşür. Biz hazırda gənclərlə olan işimizə baxanda enişdəyik. İnkişaf üçün lazım olan hər şey formalaşsa, gələcəkdə böyük nailiyyətlər əldə etmək olar. Dövlət bir struktur kimi gənclər üçün qanunlar hazırlayır. O qanunların işləməsi üçün mühit olmalıdır. Bu olmasa, heç bir qanun işləyə bilməz. Aktyor gərək özü formalaşsın. İndi hər hansı bir cavan aktyordan soruşsanız ki, nə üçün aktyor və ya rejissor olmusunuz, onlar sizə cavab verməkdə çətinlik çəkəcəklər. Bilikli aktyorları fərqliliyinə və peşəkarlığına görə səhnədə görə bilərik”.
Gənclərin özləri də aktivlik göstərirlər

Musiqili Teatrın aktyoru Əmrah Dadaşov isə açıqlamasında gənclər günü ilə bağlı həmkarlarını və özünü gənc hesab edənlərin hamısını təbrik etdi: “Bizim teatrda gənclərin ayrı yeri var. Belə ki, Teatrımızın rəhbəri Əliqismət Laleyev bizə öz potensialımızı realizə etmək üçün böyük imkanlar yaradıb. Misal üçün elə bu yaxınlarda Elçinin “Balaladadaşın toy hamamı” tamaşası teatrımızda nümayiş olunacaq. Həmin tamaşada əsas rolu canlandıracağam. Mən bizə yaradılan bu şəraitdən razıyam. Həmkarlarımın adından danışa bilmərəm. Mənə belə bir obrazın həvalə olunmasının özü böyük bir şansıdır. Bu sənətdə həmkarlarıma layiq olduqları yerləri tutmalarını arzu edirəm. İstedadlı gənclərə özlərini realizə etmək üçün imkan və şəraitin olmasını arzulayıram”.

Gənc Tamaşaçılar Teatrının gənc aktrisası Səbinə Məmmədova da qarşıdan gələn bayram münasibəti ilə həmkarlarını təbrik etdi. Onlara dəstək olan teatrın rəhbərliyinə də öz təşəkkürünü bildirdi: “Müasir Azərbaycan gənci olaraq özümü çox xoşbəxt və rahat hiss edirəm. Bilirsiniz ki, mən Universiteti bitirəndən sonra Gənc Tamaşaçılar Teatrında çalışmağa başladım. Mənim enerjimə və gücümə inanıb rejissorlarımız Bəhram Osmanov və Nicat Kazımov hazırladıqları tamaşalarda müxtəlif maraqlı obrazlar tapşırdılar. Mən rejissorlarımıza və ən başda teatrımızın direktoru Mübariz Həmidova minnətdarlığımı bildirirəm. Çünki onlar teatrın bütün gənc kollektivinə dəstək olmağa çalışırlar. Bizim teatrımızın gəncləri digər teatrın gənclərindən olduqca fərqlənirlər. Çünki teatrımızın rəhbəri bizə stimul verir. Keçən il fevralın 2-də Gənclərin bayramında Gənclər və İdman Nazirliyi məni “İlin gənc aktrisası” adına layiq gördü. Məni onlara direktorumuz təqdim etdi. Bu adı almağımın əsas səbəbi isə həmin il teatrda hazırlanan “Hasarın o üzü” tamşasındakı Çiçək obrazım oldu. Məhz Çiçək obrazıma görə bu mükafatı mənə verdilər. O zaman məni kim tanıyırdı ki? Yəni deməyim odur ki, bunun özü gənclərə dəstək deməkdir. Rəhbərlər öz gənclərinin tərəfini saxlamalıdır. Çünki biz gənclər teatrın gələcəyiyik. Sözsüz ki, hər sahədə çətinliklər olur. Amma gəncliyi düzgün yönləndirsələr, ona dəstək olsalar, o böyük işlərə imza atar”.
Gənc aktrisa onu da bildirdi ki, oktyabr ayında rol aldığı “Xortdanın cəhənnəm məktubları” tamaşasına görə də Teatr Xadimləri İtifaqanın diplomunu alıb: “Əgər teatrımızın rəhbərliyi olmasaydı istedadlı gənclərə bəlkə də bu cür yol açılmazdı. Şəxsən mənə çox dəstək olublar. Aldığım mükafatlar da mənə böyük stimul verir”.

Abdulla Şaiq adına Kukla Teatrının aktyoru Elnur Xəlilov qeyd etdi ki, teatrda gənclərin öz yeri var. Qocaman aktyor və aktrisaların biz gənclərə böyük qayğısını hiss edirik: “Baş rejissorumuz Qurban Mənsimovun, direktorumuz Rəşad müəllimin biz gənclərə yaratdığı şəraitdən razıyıq. Qurban müəllim tamaşalarda baş rolları gənc aktyorlara həvalə edir, onlara inanır. Biz burada böyük diqqətlə qarşılaşırıq. Teatrda bir çox tədbirlərdə biz gənclər önə çəkilirik. Bizim teatrda gənclərə böyük meydan verilib. Tamaşalarımızı izləyən tamaşaçılar da bunu təsdiq edə bilərlər”.

Xəyalə Rəis