Gecikmiş yazı
Ötən həftə dostlarla asudə vaxtı səmərəli keçirmək
üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının repertuarında uzun müddətdir
ki, yer alan "Hasarın o üzü” tamaşasını izləməyə yollandıq. 21 dekabr 2013-cü il
tarixdə premyerası gerçəkləşən tamaşa
haqqında nə üçün belə gec yazdığımı da sual edəcəksiniz. Tamaşa repertuara
daxil edilən ərəfələrdə zaman qıtlığından onu izləmək
şansım
olmamışdı. Düşünürdüm ki, üzərindən çox vaxt keçdiyi
üçün tamaşa haqqında yazı yazmaq bir qədər etik çıxmaz. Ancaq tamaşanı
izləyərkən qazandığım təəssüratlar məni
bu tamaşa haqqında yazmağa məcbur etdi.
"Hasarın o üzü”-ndən baxanda bu üzündə gördüklərimiz
Nədənsə məndə elə təsəvvür yaranmışdı ki, sözügedən
tamaşada acı talelərdən, qəmli hadisələrdən, ölümlə nəticələnən fəryadlardan bəhs ediləcək. Lakin tamaşanın süjet xətti mənim düşündüyüm kimi olmadı. Hətta rejissor əsərdə
o qədər maraqlı nüansları tutub, ona səhnə həlli vermişdi ki, tamaşanın birinci
hissəsində zaldan gülüş sədaları əksilmirdi.
İlk olaraq onu qeyd edim ki, təkcə teatrın ştatında olan aktyorlarla deyil, eyni zamanda, digər
teatrların aktyorları ilə işlədiyi üçün Gənc Tamaşaçılar Teatrına alqış düşür.
Bu, çox
sevindirici haldır. Teatrın müxtəlif
aktyorlarla əməkdaşlıq etməsi tamaşaçılar tərəfindən də
müsbət qarşılanır.
Sonuncu dəfə Gənc Tamaşaçılar Teatrında "Müharibə”
tamaşasını izlədikdən sonra anlamışdım ki, səhnədə 4-5 nəfərin ifası ilə möhtəşəm
tamaşa hazırlamaq mümkündür. Bu dəfə də bunun şahidi oldum. Belə ki, 4 nəfər
aktyor heyətinin iştirakı ilə möhtəşəm bir tamaşanın şahidinə çevrildim. Teatr camesinin
bir sözü var: Deyirlər ki, tamaşa çox
oynanıldıqca oturuşur, obrazlar, mizanlar öz yerini tapır. Deyəsən, mənim gəlişim tamaşanın lap "bişmiş”, "yetişmiş” dövrünə təsadüf etmişdi. Tamaşanı izləyərək özümü qınayırdım
ki, indiyə qədər nə üçün bu tamaşaya baxmamışam.
Tamaşanı analiz etməmişdən əvvəl onu da diqqətinizə
çatdırım ki, "Hasarın o üzü”nün quruluşçu
rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar
rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir. Tamaşada əsas obrazları xalq artistləri
Həmidə Ömərova (Humay), Nurəddin Mehdixanlı (Qərib), teatrın gənc aktrisaları
Günel Məmmədova (Zərif) və Asya Atakisiyeva (Şəbnəm) ifa edirdilər.
İşıqlar
söndü, səhnədən namaz sədaları eşidildi....
Diqqətimi
çəkən digər bir məqam isə tamaşa başlamazdan öncə əsərin müəllifi Əli Əmirlinin
zala daxil olaraq kənar oturacaqların birində əyləşməsi oldu. Tamaşa
zamanı ara-sıra onu müşahidə edirdim. Müəllif tamaşanı diqqətlə izləyir, tez-tez üz mimikaları dəyişirdi. O, hərdən gülür, hərdən isə aktyorların hansısa jestinə
görə onları alqışlayırdı da.
Beləliklə, tamaşa Həmidə Ömərovanın canlandırdığı
Humay obrazının namaz qılması ilə başlayır. Onun həyat yoldaşı Qərib həkim otağa daxil olur. Həyat yoldaşının namaz qılmasından
şikayətlənən Qərib həkimin dili ilə evdə baş verən hadisələr tamaşaçılara
çatdırılır. Qapıda rastlaşdığı atasını saymayıb sürətlə onun yanından ötüb keçən
qızı Zərifə şikayətlənən həkim hirsini xanımın üzərinə tökür. Çox tanınmış və
peşəkar həkim olan Qərib obrazı şən, mehriban və mülayim insan təsiri bağışlayır.
Ancaq nə fayda ki, onun daxilində Allaha
inam, Allah sevgisi yoxdur. Dinə çox
bağlı olan Humay xanım həyat yoldaşının hər nə qədər fikrini dəyişdirməyə
çalışsa da o buna nail ola bilmir. Hə kəsə örnək olan Humay xanımın ailəsində
vəziyyət heç də ürəkaçıcı deyil. Belə ki, ailənin yeganə övladı yaşlı kişi ilə eşq
macərası yaşayır. Ana bundan xəbər tutsa da o öz qızı Zərifə təsir edə bilmir. Tamaşa bir ailə daxilində, dinə ikili
münasibətdən bəhs edən səhnə əsəri olaraq
düşünülüb. Dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet
və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi
ilə bədii obrazlar vasitəsilə önə çəkilir.
Qərib həkim
kimsəsizlər evindən çıxmış Şəbnəm adlı qızı əməliyyat etməklə ona yardım göstərir.
Humay xanımın inadı sayəsində onu evlərinə gətirirlər. Humay xanım qızı dinə
gətirir, dua və nəvazişlə o ölümdən xilas olur. "Hasarın o üzü” obrazlı adı
ilə hazırlanan tamaşada əslində Ali Qüdrətin insanlardan tələb etdiyi mənəvi
saflıq, insanpərvərlik kimi gözəl bəşəri duyğular tərənnüm olunur. Allaha
tapınmağı hər nemətdən üstün tutan bir ziyalı ailəsində baş verən dramatik
hadisələr tamaşanın əsas süjet xəttini təşkil edir.
Namazla
başlayan tamaşa...namazla da bitir...
Tamaşanın musiqi dramatirgiyası, işıq effektləri diqqəti cəlb edir. Belə bir fonda gözəl aktyor ifası
hər şeyi tamamlayır. Səhnədə yalnız istifadə olunan masa, stol və səhnənin
kənarlarında qapıya bənzəyən divarlar qurulmuşdu. Sadə dekorlarla bəzədilən
səhnəni yalnız 4 aktyorun oyunu tamamlayırdı.
Tamaşada bir an belə olsun seyrçi sıxılmırdı. Rollarının öhdəsindən
ustalıqla gələn Nurəddin Mehdixanlı ilə, Həmidə Ömərova
tamaşaçıların diqqətini özlərinə cəm edirdilər. Zərif obrazını canlandıran aktrisa Günel Məmmədova ərköyün qız övladı rolunun öhdəsindən peşəkarcasına
gəlirdi. Tamaşanın ikinci hissəsində gözüyaşlı qalan
Zərifin makiyajı axır, üzü gülmür. Amma nədənsə tamaşa boyu qızların geyimləri dəyişmir. Zərif ərköyün qız olarkən də, hamilə qadın rolunu oynayarkən də eyni geyimdə səhnəyə
çıxır. Tamaşanın ikinci hissəsində göz yaşları üzündən əksik olmayan aktrisanın
üzü yalnız
tamaşanın finalında, nişanlısı
ona sevgisinin rəmzi olan qızıl gül
təqdim etdikdən sonra gülür.
Beynində problem yaranan xəstə qız rolunu canlandıran
Asya Atakişeyva da obrazının öhdəsindən layiqincə gəlir. Sakit təbiətli,
taleyi ilə barışan bir obraz olan Şəbnəmin dinə inancı onu ölümdən xilas edir. Səhnə boyu başı
sarğılı gəzən aktrisa hər zaman
ailəsini yuxusunda görür. İlahi bir varlığın onunla danışdığını deyir.
Qərib həkimin
evində iki böyük əks qütb yaranır – biri dinə, Allaha inanan Humay xanımla,
Şəbnəm, digər tərəfdə isə Allahı tanımayan, onu inkar edən, dini lağ obyektinə çevirən
Qərib həkimlə, onun qızı Zərif. Nəticədə, ailə qurmadığı halda bir kişidən
hamilə qalan Zərif çarəsiz şəkildə özünə qapılır. Qərib həkim isə bunu biləndən
sonra beynində xərçəng əmələ gəlir və xəstəlikdən əziyyət çəkir. Tamaşanın
sonunda Qərib həkim Şəbnəmi anlayır və Allahım mövcudluğuna inanır. Humay
xanımın namazı ilə başlayan tamaşa Qərib həkimin namaz qılması ilə başa çatır.
Xəyalə Rəis
Teatrşünas