Çexov və Bekket dramaturgiyasında şübhə və tərəddüd motivi
XIX əsrin əvvəllərində dramaturgiyaya "Yeni dram” qədəm qoydu. "Yeni
dram” dramaturgiyaya yeni forma, yeni qəhrəman, yeni konflikt tipi və öz növbəsində
şübhə və tərəddüdlərin yeni motivini gətirmiş oldu.
Dramaturgiyada yeni konflikt tipini görkəmli rus yazıçısı Anton
Pavloviç Çexovun yaradıcılığında da görmək mümkündür. Çexovu Rusiyanın İbseni də
adlandıra bilərik. Dramaturqun "Qağayı”, "Albalı bağı”, "Üç bacı”, "Vanya
dayı” kimi məşhur pyesləri fikrimizi təsdiqləyə
bilər.
Çexov Rus dramaturgiyasına yeni qəhrəmanlarla yanaşı, yeni konflikt
tipini də gətirdi. O, pyeslərində oxucularına tamamilə fərqli dünya təqdim etdi.
Biz Çexovun pyeslərində nə aktiv əməl xəttinə malik qəhrəman görə bilərik, nə də,
açıqca bir-biri ilə şiddətli mübahisə zamanı toqquşan qüvvələri izləyə bilərik.
Çexovun pyesləri oxucuya qəhrəmanınpsixoloji-ruhsal durumunu və həmin durumda
baş verən dəyişikliyi göstərir. Əslində, bu məqam bizə yad deyil, həyatımızdan
qaynaqlanır. Onun qəhrəmanları sanki bizim dünyamızdan XIX əsrə atılır. Çünki,
bu gün müasir insanların əksəriyyəti eynilə Çexovun qəhrəmanları kimi iç
dünyalarına qapanmış, açıqca dialoqa girməkdən qaçan fərdlərdir.
Çexovun pyeslərində əsas diqqət
birbaşa olaraq, qəhrəmanın daxili dünyasına, onun vasitəli dialoqlarına istiqamətlənir.
Dramaturqun pyeslərində dialoqlardakı
bağlılıq əlaqəsinin obrazlar tərəfindən söylənilən,amma tamamilə mövzu xaricində
olan başqa bir fikir, yaxud sözlərlə qırıldığını tez-tez müşahidə edə bilirik. Dialoqu
yarımçıq qoyan mövzu xaricindəki həmin fikir isə bizləri dramaturqun pyesinə
qarşı müəyyən ovqata kökləmiş olur.
Çexov əsərlərində duyğuları, qəhramanının yaşadığı psixoloji gərginliyi,
onun keçirdiyi hissləri ön planda verməyi sevir. Bu səbəbdən Çexovun pyeslərində
şübhə, tərəddüd gözlənilən hisslərdir.Dramaturqunyaratmış olduğu personajlarda
bizeynilə yeni dramdamüşahidə edilən əsas keyfiyyəti - qəhrəmanların özlərininözləri
ilə mübarizəsini görürük. Obrazların şübhələri də, tərəddüdləri də, xarakterin
fərdi təzahürü kimi daha çox özlərindən, daxili dünyalarından qaynaqlanır.
Dramaturqun qəhrəmanları hər şeyi anlayır, lakin hərəkətə keçmir, tərəddüd
edirlər. Bu baxımdan, onun qəhrəmanlarının şübhə və tərəddüdlərini əməl xəttində
deyil, xarakterin düşüncə və fikirlərinin fonunda axtarırıq. Fikirlərimizi əsaslandırmaq
üçün dramaturqun "Qağayı” pyesinə müraciət edə bilərik.
Çexovun "Qağayı” pyesi tərəddüdlərlə olduqca zəngindir. Pyes bir qədər
də melodramatik situasiyalar üzərində qurulmuşdur. Qəhrəmanlar bir-birlərinə
qarşı sevgi hissi bəsləyirlər, lakin qarşı tərəfdən cavab almadan. Elə bu məqamda
da, Konstantin Qavriloviç Treplev, Nina Mixaylovna Zareçnaya, Boris Alekseyeviç
Triqorin, Maşa kimi qəhrəmanların tərəddüdləri ortaya çıxmış olur.
Maşa Treplevəsevgi hissləri bəsləyir. Amma Treplevdən bu hissə qarşı
bir addım yoxdur. Maşa ətrafında onu sevənlər dəstəsinə laqeyd qalır, çünki
Treplevi sevir. Lakin Maşa duyğularına cavab almadığından, artıq onda tərəddüd
hissi yaranır. Qadın qəhrəmanımızın daxilində "Görəsən, bu sevgi hissi ilə tənha
yaşammı sürüm, yoxsa məni sevən, mənə qiymət verən biri ilə yoluma davam edim?”
kimi suallar baş qaldırır. Seçim qarşısında qalan Maşa bu sevgini unutmağı,
içində dəfn etməyi qərara alır.
Treplev isə Maşaya deyil, Ninaya qarşı sevgi hissi bəsləyir. Lakin
Nina yazıçıTriqorini sevir. Ninadan qarşılıqlı sevgini ala bilməyən Treplev keçirdiyi
tənhalıqdan gözəl yazıçı olur. Uzun müddətdən - Nina Triqorindən ayrıldıqdan
sonra Ninanı görən Treplevdə isə tərəddüd və şübhə hissi baş qaldırır. Nina ilə
söhbətdən sonra Treplev necə yaşayacağını bilmədiyinə əmin olur. Özündən,
yaşamından şübhələnməyə başlayır: "Nina nə istədiyini, nə edəcəyini bilir, bəs,
mən nə istəyirəm? Nə üçün yaşayıram? Necə yaşamalıyam?” kimi suallarla tərəddüd
içində qalır və sonda intihar etməklə bu şübhələrinə son qoyur.
O, əslində, bütün bu sualları dilinə belə gətirmir, susur. Dramaturq
qəhrəmanını susdurur ki, biz onun səssizliyinin səbəbini özümüz tapaq. Səbəb isə
aydındır: boş, sıxıcı və mənasız yaşam tərzi. Qəhrəmanlar bu yaşamdan iflic
durumundadır, hərəkətsizdirlər, onlar, sadəcə, düşünür, özlərinə suallar
ünvanlayırlar. Qarşı tərəfə nə şübhə bəsləyərlər, nə də onların münasibət və rəftarlarından
doğan tərəddüd kimi bir hissin caynağına düşərlər. Burada kiminsə sevgi
hissinin cavabsız qalmasında, intihar belə etməsində bir kimsənin günahı
yoxdur. Çexovun qəhrəmanları, sadəcə, özləri günahkardırlar və onlar yalnız özlərindən,
keçmiş yaşamlarından şübhəlidirlər.
"Qağayı”dakı Treplev qədər "Vanya dayı” da özündən şübhəlidir. Vanya
dayının şübhəsi, tərəddüdü isə Çexovun, demək olar ki, əksər qəhrəmanlarında
rast gəldiyimiz məqamdan - keçmişdə yaşanmamışlarvə bundan doğan təəssüf və
peşmançılıq hissindən qaynaqlanır. Vanya dayı da özündən, həyatından şübhəlidir.
Bu səbəbdən də, onda ətrafdakılara qarşı bir qədər laqeydlik hiss olunmaqdadır.
O, öz keçmişinin acısını, sanki onlardan çıxarır, bununla özünə təskinlik
verir, rahatlayır.
Çexovun qəhrəmanlarında, demək olar ki, tərəddüd hissi şübhəni üstələyir.
Çünki dramaturqun pyeslərində təqdim edilən dünya və həmin dünyada yaşam sürən
qəhrəmanlar üçün nə yaşanıbsa,artıq keçmişdə yaşanıb, geriyə isə, sadəcə, bütün
olanlardan sonra atılacaq addım, yaxud, veriləsi qərar, göstəriləsi münasibət
qalır. Bu isə öz növbəsində,Çexovun qəhrəmanlarında tərəddüd hissinin artmasına
səbəb olur. Tərəddüd hissindən isə durğunluq, hərəkətsizlik doğur ki, bu da
Çexov qəhrəmanlarını səciyyələndirən əsas keyfiyyət hesab edilir.
Buna görə də Çexovun qəhrəmanları içlərində var olan tərəddüd, şübhə
kimi hisslərin qarşısında acizdirlər. Onların kökünü məhv etmək, sonuna gedib
çıxmaq kimi bir niyyətləri yoxdur. Bəs, bu hisslərin sonu necə nəticələnir?
Düşünürük ki, dramaturqun çox zaman pyeslərindəki açıq final səhnələri, ya da
ölüm kimi çıxış yolu oxucuya, qismən də olsa, cavab verir.
Əgər Çexovun qəhrəmanlarının həyatında tərəddüd hissinin onlara qənim
kəsildiyini görürüksə, absurd dramaturgiyası qəhrəmanlarındabu hissinonlara yadlaşdığını
müşahidə edirik.Məsələn, elə Samuel Bekketin yaradıcılığına nəzər yetirməyimiz
fikrimizi dəstəkləyər, deyə düşünürük.
XX əsrin görkəmli İrland yazıçısı olan Samuel Bekket dünya çapında
böyük maraq yaratmış "Qodonun intizarında” adlı pyesin müəllifidir. Bekketabsurd
teatrın banilərindən hesab edilir. "Qodonun intizarında” pyesi absurd
dramaturgiyanın ən gözəl nümunələrindəndir. Bekketdə axtarışında olduğumuz şübhə
və tərəddüdlər olduqca maraqlı formadadır.
Absurd qəhrəman dünyanın puçluğunu, onun mənasızlığını, absurdluğunu
qəbul edir. Qəbul edirsə, deməli onun tərəddüd və şübhəsi də məntiqi olaraq
sıfıra yaxınlaşır. Amma absurd dramaturgiya heç də, həmişə məntqin qanunları ilə
oturub-durmur. Çünki qəhrəman yalnız məntiqinin ona istiqamət verdiyi yol üzrə
gedə bilmir, onun qarşısını daxilində gizlənən müxtəlif hiss və duyğular kəsir.
Bəzən isə həmin hiss və duyğular qəhrəmana təklifolunmuş vəziyyət qarşısında
necə hərəkət edəcəyini, nə kimi bir qərar verəcəyini müəyyən etməkdə yardımçı
olur. Ya da, tam tərsi, qəhrəmanın qərarvermə anını gecikdirir.
Beləliklə, hisslərinin təsiri altına düşən qəhrəman tərəddüd və şübhə hissi keçirməyə başlayır. Absurd
dramaturgiyası nümunələrində bu qərarsızlıq anını biz qəhrəmanların mürəkkəbləşmiş
dialoqlarında da görürük. Çünki, qəhrəmanların fikirləri özü-özlüyündə ziddiyyətlidir,
bu səbəbdən onların nitqi də mürəkkəbləşir, qarışıq hal alır. Sözügedən
dramaturgiyanın nümayəndəsi kimi bu məqam Bekketin qəhrəmanlarının dilində
özünü göstərir. "Qodonun intizarında” əsərinin qəhrəmanları Estraqon və
Vladimirin nitqində də, bu,əyani görünür. Əsər boyu Vladimir və Estraqon dediklərini
inkar edirlər. Çünki onlar dediklərindən əminlik duymurlar, hər şeyə daim şübhəylə
baxırlar. Xüsusilə Estraqonda bu şübhə hissi daha çox nəzərə çarpır:
" Estraqon: biz dünən
də burada olmuşuq.
Vladimir:
yox, burada sən səhv edirsən.
Estraqon: bəs, onda dünən nə edirdik biz?
Vladimir: sözün düzü.... Sən həmişə hər şeyə
şübhə ilə baxırsan”
Lakin buna baxmayaraq, qeyd etmək gərəkdir ki, onlardakı tərəddüd
hissi şübhə qədər yüksək deyil. Qəhrəmanlardakı tərəddüd hissi onların şübhə
hissi ilə müqayisədə çox aşağıdır. Əgər onlar tərəddüd etsəydilər, Qodonun gələcəyinə
inanmasaydılar hər gün onun yolunu gözləməzdilər. Bu səbəbdən Bekketin qəhrəmanları
Qodonun gələcəyinə inanırlar. Buna görə də Estraqon və Vladimirdə tərəddüd hissi onların şübhələri ilə müqayisədə,
demək olar ki, yoxdur. Yəni, Bekketin qəhrəmanları Çexovun qəhrəmanları qədər tərəddüd
hissi keçirmirlər.
"Yeni dram”ın görkəmli nümayəndəsi hesab edilən H.İbsen
yaradıcılığında qəhrəmanların qəfil şokla üz-üzə qalıdığını və həmin
situasiyadan doğan şübhə yaxud tərəddüd hissini görürdüksə, Çexov və Bekketin
yaradıcılığında bu hisslərobrazın "özünü tapma”sından sonrakı məqamında ortaya qoyulur.
Aydın məsələdir ki, özünü tapmış qəhrəman artıq yaşadığını yaşayıb, bütün gerçəkləri
görüb və bu səbəbdən onların nədəsə tərəddüd etməyə elə də bir ehtiyacı qalmır,
çünki hər şey onlaraaşikardır. Şübhə hissi təkcə dramaturqun yaratmış olduğu
obrazların xarakterində deyil, həm də biz oxucularda Qodonun kim olması ilə bağlı şübhələri yaradır:
"Bu Qodo kimdir, axı?” kimi suallar ortaya çıxır.
Bekketin əsərinin sonu açıq finalla bitdiyi üçün oxucu pyesdəki tərəddüd
və şübhələrin nə ilə sonlandığını görə bilmir. Eynilə Çexovun final səhnələri
kimi. "Həyatın yazarı” adlandırılan Çexov da pyeslərini elə həyatımızın son pərdəsinin
bizlərə məlum olmadığı kimi - naməlum açıq final səhnələri ilə sonlandırır...
Sənubər Həşimova
Tələbə-teatrşünas