AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Əngəlsiz, Sərhədsiz, Azad-günümüzün uğurlu ƏSASI və ya həyat dəyişdirən teatr

Əngəlsiz, Sərhədsiz, Azad-günümüzün uğurlu ƏSASI və ya həyat dəyişdirən teatr

09 Aprel 2020, 22:49 689
Bəzən təkcə inanmaq kifayət etmir.Əgər, doğrudan da,dünyanı dəyişmək istəyirsinizə,inandığınız arzuları həyata keçirin.
Nik Vuyçiç
 
2016-cı ilin sentyabr ayı idi. "Nəhayət, bizdə də o əjdahadan oldu", "Ölkəmizdə fiziki məhdudiyyətli insanlardan ibarət müstəqil teatr yaradıldı”- kimi xəbərlər yayıldı. Qəribə bir adı vardı- ƏSA. Bu teatrdan gözləntilərimiz o qədər də çox deyildi. Çünki özəl teatrların çox yaşamadığının, müəyyən səbəblərdən ömürlərinin qısa olduğunun şahidinə çevrilmişdik. Üstəlik, teatrın yaradıcıları da gənclər idi. Belə ki, rejissor və sosial novator Nihad və Nicat Qulamzadələr tərəfindən yaradılan bu teatrın ayaqda qalması, özü özünə əsa olması gözlənilirdi. Kim bilir 2 ay, 3 ay, bəlkə 6 ay yaşayacaq deyə müakirələrə başlamışdıq.
Axı, hardan biləydik ki, Əngəlsiz, Sərhədsiz və Azad (ƏSA)sözlərinin birləşməsindən yaranan bu teatr gün gələcək, Azərbaycanın və Qafqazın fiziki məhdudiyyətilərdən və peşəkar aktyorlardan ibarət ilk inklüziv teatrı kimi tarixə düşəcək.
 
ƏSA hansı zərurətdən yarandı?

Bir dəfə fiziki məhdudiyyəti olan bir şəxsin müsahibəsini oxumuşdum. Bir insan psixoloji olaraq yaşaya biləcəyi bütün travmaları almışdı.Bir həyata bu qədər yük necə sığa bilər, deyə düşünməyə başladım. O gündən sonra digər fiziki məhdudiyyətli insanların müsahibələrini də oxudum. Demək olar ki, hamısının taleyi  bir-birinə bənzəyirdi. Anladım ki, problem onlarda deyil. Biz fiziki məhdudiyyətli insanlara fərqli olmadıqlarını hiss etdirmək üçün heç nə etməmişik, onlara şərait yaratmamışıq. Bu, bir az da milli şüur, təfəkkür məsələsi olduğundan kimisə qınamağa da haqqım yox idi. Ancaq bir şeyi dəqiq bilirdim. Heç kimin sabahısığortalı deyil. Elə mənim də. ƏSA Teatrı bu insanlar üçün bir nəfəslik oldu. Onlar ƏSA vasitəsi ilə nəfəs almağı öyrəndilər.
Teatrın yaradıcılarının sözlərinə görə bu teatr fiziki məhdudiyyətliolan insanların cəmiyyətə inteqrasiyasını,peşəkar aktyorlarla birgə fəaliyyətini təmin etmək, onların sosial rifahını yüksəltmək, nəinki teatrla, incəsənətin digər sahələri ilə də məşğul olmalağa təşviq etmək məqsədi ilə yaranmışdı. Fizikiməhdudiyyətli insanlar özlərini realizə etmək üçün ƏSA-ya müraciət etdilər. Onların bir qismi küsdükləri həyatları ilə barışdılar və arzularına bir addım daha yaxın oldular. 5 nəfərlik heyətlə yola çıxan teatr bu gün 30 nəfər üzvü ilə fəaliyyətini davam etdirir.
 
Arzuların ardınca...

ƏSA ilə özünü tapanlardan İmran Lalayev (ayaqlarını qatar qəzasında itirib, protez ayaqlardan istifadə edir), Cəmilə Məmmədli (əlil arabasından istifadə edir), Elvin Mirzəyev (2-ci qrup əlilliyi var), Rəsul Zəkiyev (əlil arabasından istifadə edir), Orxan Əliyev (2-ci qrup əlilliyi var. Serebral iflic), Fərid Əliyev (1-ci qrup əlilliyi var. Beyin serebral iflici), Bəhram Rəhimli - (daun sindromlu), Günay Məmmədova (tamamilə görmə məhdudiyyətli), Gülnar Əlfidatlı (serebral iflic), Aysel Əliyeva (vokal ifaçısı, görmə məhdudiyyətli) kimi nümunələr çəkmək mümkündür.Məni daha çox sevindirən dostlarını səhnədə tək qoymayan və onlara dayaq olan, birlikdə sevə-sevə çalışan müxtəlif teatrların aktyorları və ADMİU-nun tələbələridir.Onlardan Könül Şahbazovaya,Niyaz İlyasoğluna, Elşən Əsgərova, Elsəvər Rəhimov, Aysel Feyziyevaya, Səmayə Ağayarovaya, Rafael Şahbəyliyə xüsusi təşəkkür düşür. Bəzilərinin yan qaçdığı, bəlkədə qorxduğu bir işdə adlarını sadaladığım istedadlı aktyorlar yorulmadan çalışırlar. Xüsusən,"And" tamaşasında bu birliyi daha çox gördüm. Aktyorlar zəncir kimi bir olub, tamaşanı müdhiş idarə etdilər.Gənc və istedadlı aktyorlar Elşən Əsgərov, Elsəvər Rəhimov, Səmayə Ağayarova,Aysel Feyziyevanın tərəf-müqabilləri ilə anlaşması, xüsusəndə, Elsevər Rəhimovla Mariana obrazının ifaçısı Cəmilə Məmmədəlinin bir-birinə bağlılığı,gənc aktyorun həmkarına dəstəyi alqışa layiq idi.
ƏSA teatrının əsas özəlliyi odur ki, bu ailənin hər üzvünü bir-birlərinə sevgi,  dostluq və sədaqət bağlayır. Onlar möcüzənin gücünə inandıqları kimi, sevginin, birliyin də  gücünə inanırlar. Çünki onlar bir möcüzəyə inanıb yola çıxıbdılar.

Möcüzəyə inanlar...

Hər işin çətinliyi onun başlanğıcıdır, deyirlər. Əsa teatrı fəaliyyətə başlayan gündən  maraqlı repertuarı ilə ətrafına tamaşaçı toplaya bildi. Teatrın repertuarına baxan zaman orada Azərbaycan və dünya ədəbiyyatında mühüm yer tutan görkəmli yazıçıların əsərlərini görmək olar.Bu həmdə böyük və məsuliyyətli işdir.Çünki bəzi əməkdaşların aktyorluq sahəsi üzrə peşəkar təhsili yoxdur. Teatrın repertuarına nəzər yetirdikdə kollektivin müxtəllif zamanlardatamaşçılara"DUMB” psixodraması,Kapoeyra üslubunda inkluziv performans,"Yuxum” (V.Şekspir "Yay gecəsində yuxu" romantik komediyası) "Adamlar və siçanlar” (C.Steynbek "Siçanlar və insanlar haqqında"),"Adamlar və siçanlar – 2” (C.Steynbek "Siçanlar və insanlar haqqında"),"Paris partladı” (M.F.Axundzadə "Müsyö Jordan və Dərviş məstəli şah" komediyası), "Göy quş” (Moris Meterlink),"Sirri Ənəlhəqq" ("Nəsimi ili"nə həsr olunmuş modern plastik tamaşa),"Bərabərik" (Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününə həsr olunan tamaşa),"AND" (J.B. Molyer "Xəsis" komediyası) kimi maraqlı işlər təqdim etdiyinin şahidi oluruq.
ƏSA Teatrının rəhbəri, rejissor Nihad Qulamzadə "Adamlar və siçanlar - 2" tamaşasının quruluşunda Azərbaycanın teatrına yeni bir üsul gətirərək, tamaşanın quruluşunda fləşbəklər texnikasından istifadə edib.
 
Uğurlu teatrın böyük nailiyyətləri

Əsa Teatrının kollektivi tək tamaşa təqdim etməklə kifayətlənmir, eyni zamanda,sosial videoçarxlar çəkərək cəmiyyətə öz sosial ismarıclar ötürməyi bacarır.Prezident İlham Əliyevin 2018-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncamında 6 istedadlı gənc arasında ƏSA Teatrının aktrisası Gülnar Əlfidatlının da adı vardı. Bu, möcüzəyə inanan gənclər üçün böyük dəyər idi.
ƏSA Teatrı nə edib ki? -deyənlərin nəzərinə çatdırım ki,Azərbaycanda ilk dəfə teatr tamaşasını sinxron surdotərcümə ilə təqdim edib. Bu, nitq və eşitmə məhdudiyyəti olan şəxslər üçün atılmış vacib addımlardan idi. Beləcə, hazırda tamaşaçılar arasında eşitmə və nitq məhdudiyyətli şəxslər üstünlük təşkil edirlər.ƏSA hətta ölkə hüdudlarından kənara çıxmağı da bacarıb. 2018-ci ildə teatrın rəhbəri, rejissor Nihad Qulamzadə Amerika Konqresinin üzvü Mark Amodei tərəfindən "Konqres mükafatı”na layiq görülüb.
 
Laməkan teatr

"Oğlanlar var, şərait yoxdur"-sözününü ƏSA teatrının əyninə biçildiyini düşünürəm. Burda qızlar da, oğlanlar da bir amal uğrunda mübarizə aparırlar. Ancaq di gəl ki, məkanlarının olmaması bəzən onları ruhdan salır. Hazırda fəaliyyətdə olan müstəqil teatrların əsas problemlərindən biri binasızlıqdır.Amma son vaxtlar Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin "Özəl teatrlara dəstək” lahiyəsi nəticəsində fəaliyyətdə olan özəl teatrlar ayda bir dəfə dövlət teatrlarının səhnəsində tamaşa oynamaq imkanı qazanıblar.Əsa Teatrıda bu layihə çərçivəsində müxtəllif vaxtlarda S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı,Akademik Milli Dram Teatrı və Gənc Tamaşaçılar Teatrının səhnəsində tamaşalar oynayıblar. Amma bu yetərli deyil. Ümudvaram, ƏSA Teatrında öz binası olar və məkanı olmayan uğurlu teatr öz binasında daha maraqlı işlər təqdim edər.
 
Və sonda... Əziz oxucular və teatrsevərlər, ƏSA Teatrının repertuarını izləmək və tamaşalarına getməklə,inanın ki, heç nə itirməyəcəksiniz. Bununla həm də azad yaradıcılığa və mədəniyyətimizin gələcəyinə dəstək olarsınız.
 
Turan Etibaroğlu