Elnarə Xəlilova ilə Opera və Balet Teatrı arasındakı məsələ öz həllini necə tapacaq?
İncəsənət, şou-biznes, xüsusən də teatr camesinin
nümayəndələri kövrək, yumşaq qəlbli olur deyirlər. Onlar özlərinə qarşı daima
diqqət, qayğı, tamaşaçı sevgisi görmək istəyirlər. Teatrda çalışan rejissordan
tutmuş kulisdə çalışan yaradıcı heyətə qədər istəyər ki, onların gördükləri işlər
yüksək səviyyədə medianın diqqətində olsun və dəyərləndirilsin. Teatrlarımız da
maraqlıdır ki, onların tamaşaları haqqında televiziya və media vasitəsi ilə
tamaşaçılara informasiya ötürülsün. Teatr rəhbərləri çox zaman komandalarına
göstəriş verirlər ki, efirdə, mətbuatda çıxış edərkən qalmaqala səbəb ola biləcək
məsələlərə toxunmasınlar. İstənilən baxımdan bu, teatrın nüfuzuna xələl gətirir.
Odur ki, teatr rəhbərləri işçilərinə efirə çıxarkən daha çox oynadığı
rollardan, teatrdakı yaradıcı mühitdən danışmağı məsləhət görür.
Mütəxəssislər isə televiziyaya daha çox şou nümayəndələrinin
dəvət edilməsi, teatr kollektivlərinin isə efirlərə az çıxması ilə bağlı öz
haqlı şikayətlərini bildirirlər. Axı təbliğin bir qolu da məhz
televiziyalarımızdan keçir.
Bu dəfəki mövzumuz da məhz televiziya və teatr
münasibətlərinə həsr olunub. Söhbət "Space” televiziyasının aparıcısı Elnarə Xəlilova
ilə Opera və Balet Teatrının yaradıcı heyəti arasında ötən günlərdə baş verən
qalmaqaldan gedir.
Nazirə məktub
Daha çox müğənni kimi tanıdığımız, "Space”
telekanalında yayımlanan "Xanımlar və cənablar” adlı proqramın müəllifi və
aparıcısı Elnarə Xəlilova Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayevə açıq məktub yazıb və bu məktub medianın diqqətinə
səbəb olub. Belə ki, həmin məktubda ötən həftə Opera və Balet Teatrında "Arşın
mal alan” tamaşasına baxmağa getdiyini və tamaşadan olduqca böyük zövq aldığını
qeyd edən aparıcı tamaşa bitdikdən sonra kulisdə aktyorlarla görüşdüyünü və
onları böyük məmnuniyyətlə proqramına dəvət etdiyini yazıb: "Mayın 13-ü teatrın
mətbuat xidmətinin əməkdaşı Şükufə xanımla əlaqə saxlayıb, rəhbərlik səviyyəsində
aktyorların proqramda iştirakına icazə aldım. Ondan sonra mətbuat xidmətindən
bir-bir aktyorların telefon nömrəsini alıb şəxsən özüm onlara zəng edib
verilişimə çağırdım. Hər kəsin razılığını aldıqdan sonra 76 yaşlı, çoxdan təqaüdə
getməli olan rejissor işləri müdiri Tamara Eyvazova mənə zəng vurub aktyorları
buraxmadığını söylədi. Səbəbini soruşduqda həmin gün saat 4-də aktyorlardan
üçünün "Sevil” operasının məşqində olmalarını dedi. Mən də öz növbəmdə
aktyorların məşqinə heç bir şəkildə mane olmayacağımı söylədim. Belə ki,
veriliş bir saatlıqdır və mən 13:00-da proqrama başlayıb, 14:00-da onları
buraxacağıma dair söz verdim. "Bu televiziyadır, gecikmələr olur” bəhanəsi isə
bizə aid deyil. "Xanımlar və cənablar” proqramına ayrılmış günlərdə 2-3 veriliş
çəkdiyimi və bu səbəbdən də gecikmənin qeyri-mümkün olduğunu Tamara xanıma
bildirdim. Qısacası, hər nə qədər aktyorların məşqə gecikməyəcəklərinə dair
faktlar sadalasam da 76 yaşlı bu xanımın "icazəsini” ala bilmədim. O, mənim heç
bir fikrimi dinləməyərək "aktyorlarımı proqrama buraxmıram” dedi. Bundan sonra
mən çəkilişi saat 12:00-a təyin etdim və ehtiyatda bir əlavə saatın olmasın ona
bildirdim və dedim ki, çəkiliş və sizin məşq günü ayrı-ayrı saatlardadır. Üstəlik
aktyorların saat 13:00-da artıq studiyadan çıxacağına söz verdim. Bu isə o deməkdir
ki, saat 16:00-dək aktyorların istirahət etməyə vaxtları da qalacaq. Bununla da
Tamara xanımı razı sala bilmədim. Ancaq yersiz və səbəbsiz "yox” cavabı
eşitdim. Əhvalımı pozmadım. "Sevil” operasında oynayan hər üç aktyora vəziyyəti
başa saldım və dedim ki, sizin proqramda iştirak etməyinizə icazə vermirlər.
Sonra proqramın çəkilişi günü məşqi olmayan yerdə qalan üç aktyora dəvətli
olduqlarını bildirdim. Onlara proqramda Azərbaycan incəsənəti, Opera və Balet
Teatrının təbliği istiqamətində söhbətlər edəcəyimizi və yeri gəldikcə
tamaşalardan musiqi nömrələri ifa edə biləcəklərini dedim. Mayın 14-də isə mənə
bildirdilər ki, Opera və Balet Teatrının rəhbərliyi iclas edib və bütün
aktyorların "Xanımlar və cənablar” proqramında iştirak etməyini qadağan edib.
Teatrın direktoru bildirib ki, hansı aktyor proqrama getmək istəyirsə, ərizəsini
yazıb işdən çıxsın. Rəhbərlik aktyorları şantaj edib”.
Əslində aparıcının məktubda qeyd etdiyi məsələ çox
ağır ittihamdır. Böyük tarixə malik və eyni zamanda kifayət qədər nüfuzlu bir
teatrın adının belə məsələlərdə hallanması heç də təqdirəlayiq hal deyil. Amma
bir neçə ay bundan qabaq da Opera və Balet Teatrının adının bir qalmaqalda
hallanması ilə rastlaşmışdıq.
Məsələnin nə yerdə olduğunu tam şəkildə öyrənmək
üçün Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva ilə
danışdıq.Şükufə
Ağamirzəyeva: "Belə bir şey olmayıb”
Şükufə xanım isə burada heç bir problemin
yaşanmadığını, əslində kiçik bir anlaşılmazlığın olduğunu bildirdi: "Bilirsiniz
ki, Opera və Balet Teatrı hər zaman söz-söhbətlərdən uzaq olub. Biz hər zaman
media ilə işimizi yaxşı qurmuşuq. İndiyə qədər də heç bir problem yaşamamışıq.
Sizin qeyd etdiyiniz mövzuya gəlincə isə Elnarə xanıma bizə belə bir təklif
etdikdə bildirdik ki, həmin gün komandanın məşq prosesləri olacaq. Müsahibə
başqa vaxta qalsın. Biz Elnarə xanımla yalnız bu şəkildə danışmışdıq. Ancaq
birinci gün işə gələndə gördük ki, aparıcı açıq şəkildə nazirə məktub yazıb.
Allah canını sağ eləsin. Nə deyək? Hətta nazirə yazdığı məktubda qeyd edilib
ki, guya teatr rəhbəri istirahət günündə komandanı yığıb, onlara qadağa qoyub.
Axı, istirahət günündə nə iclas? Yeri gələndə solistlər verilişlərə də qatılır,
çox zaman da bizdən icazə almırlar. Bizim xəbərimiz də olmur. Bizim teatrda elə
bir qayda yoxdur. Biz buna çox təəssüf edirik”.
Şükufə xanımın mətbuat nümayəndələrinə də səsləndi:
"Buradan mətbuat nümayəndələrinə bildirmək istəyirik ki, Opera və Balet Teatrı olaraq
bütün KİV-lər, o cümlədən televiziya kanalları ilə hər zaman sıx əməkdaşlıq etmişik.
Mayın 13-də E.Xəlilovanın bir qrup solisti "Space” telekanalında müəllifi
olduğu verilişə qonaq dəvət etmək haqqında təklifinə də teatr tərəfindən müsbət
cavab vermişik. Solistlərlə əlaqə
saxlayıb çəkiliş üçün münasib vaxt təyin etmək haqqında onunla razılıq əldə
edilib. Elnarə Xəlilova solistlərlə telefon danışığı zamanı onlara mayın 16-sı
saat 13:00-14:00 radələrində çəkiliş təyin etmək istədiyini bildirmişdi. Lakin
mayın 16-sı saat 14:30-da 17 mayda baş tutacaq
"Sevil” operasının orkestr məşqi keçirilməli olduğundan və verilişə dəvət
olunanlardan 4 nəfər (Fərid Əliyev - Balaş, İnarə Babayeva - Dilbər, Tural
Ağasıyev - Atakişi, Hafiz Quliyev - tamaşanın rejissoru) məşqdə və tamaşada məşğul
olduqlarından Elnarə Xəlilovaya çəkilişi başqa vaxta təyin etmək təklif olundu.
Elnarə xanım isə çəkilişin vaxtını dəyişməklə bağlı heç bir güzəştə getməyərək
təkidlə məhz həmin gün və həmin saatda çəkiliş etməli olduğunu bildirdi. Opera və Balet Teatrı olaraq tam məsuliyyətlə
bildirmək istəyirik ki, E.Xəlilovanın iddia etdiyi kimi, Teatrda həmin çəkilişdə
iştirak etməklə bağlı heç bir iclas keçirməmişik. Nəinki iclas keçirmək, bu
haqda heç bir solistə xəbərdarlıq etməmişik. Orada qeyd edilib ki, biz kimisə
işdən çıxarmaqla hədələmişik, belə bir şey olmayıb”.
Tamara Eyvazovanın məsələsinə gəldikdə isə teatrın
sözçüsü bildirdi ki, E.Xəlilovanın məktubda adını çəkdiyi truppa rəhbəri Tamara
Eyvazova mədəniyyət dairələrində hamının hörmət etdiyi bir əməkdaşdır: "Tamara
xanım Respublikanın Əməkdar mədəniyyət işçisi fəxri adını daşıyır, öz vəzifəsini
məsuliyyət və vicdanla yerinə yetirir. Onun yaşının məsələyə heç bir dəxli
olmasa da, bildirmək istəyirik ki, T.Eyvazovanın yaşı məktubda göstərildiyi kimi deyil və təcrübəsi,
qüvvə, bacarıq və enerjisi bu vəzifəni yerinə yetirməyə imkan verir”.
Son olaraq isə Şükufə xanım bütün KİV nümayəndələrinə,
televiziya kanallarına müraciət edərək, onları ədalətli olmağa, respublikada
yeganə olan və mədəniyyətimizin qabaqcıl nümayəndələrinin çalışdığı bir Teatr
haqqında, onun işgüzar nüfuzunu ləkələyən,
həqiqətə uyğun olmayan məlumatlar yaymaqdan çəkinməyə çağırdı.
Xəyalə Rəis