Elməddin Dadaşov: “Sehrbaz olmaq arzusunda idim”

Elməddin Dadaşov: “Sehrbaz olmaq arzusunda idim”

02 May 2019, 14:07 12040
14 ildir ki, Akademik Musiqili Teatrda rejissor assistenti vəzifəsində çalışır. Həmin teatrda böyüyüb, boya-başa çatıb. Bu teatr onu, bir rejissor və  aktyor kimi yetişdirib. Yeri gələndə uşaq tamaşalarında aktyor kimi səhnəyə çıxıb, yeri gələndə böyük tamaşalarında biri-birindən maraqlı obrazları ilə səhnədə özünə tamaşaçı sevgisi qazanıb. İlk olaraq, səhnə maşinisti kimi işə düzələn Elməddin Dadaşov indi teatrda tamaşalara quruluş verir. Deyir ki, insan işinə sevgi ilə yanaşanda ondan aldığı enerjini heç nə ilə əvəz etmək mümkün deyil. 
 
- Elməddin bəy,  niyə rejissorluq?
- Ümumilikdə uşaqlıqdan incəsənətə böyük marağım olub. Kinooperator Mirzə Mustafayev  qohumumdur. Hesab edirəm ki, bu istedad gendən gələn bir şeydir. Uşaq yaşlarımda kloun olmağı arzulayırdım. Müəyyən bir yaşa çatdıqdan sonra mənə aydın oldu ki, peşəkar kloun olmaq üçün gərək Moskvada təhsil alım. O zaman üçün Bakıda peşəkar şəkildə klounada ilə məşğul olan sənətçi yox idi.
 
- Bizim cəmiyyətdə klouna baxış bir az fərqlidir. Kloun təlxək kimi qəbul olunur.
- Mən belə düşünmürəm. Klounada böyük bir sənətdir. Onun qrimi, geyimi, aksessuarları var. Uşaqları sehirli bir aləmə aparan, onları bu aləmə inandıran bir peşəyə sahib olmağı arzu edirdim.  Kloun sanki bir sehrbazdır. Mən də belə bir sehrbaz olmaq arzusunda idim. 
 
- Əslində, bu gün kloun sənəti işbazların əlindədir. Bu restoran, kafe səviyyəsində yüngül bir sənətə çevrilib.
- Mən kloun sənətinin belə bir vəziyyətə düşməsi üçün təəssüf edirəm. Baxır, kim bu sənətə necə yanaşır. Kloun olmağı arzu etmişəm. Lakin sonralar xaricdə təhsil alacağım üçün fikrimdən daşındım. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor sənəti” ixtisasına daxil oldum və novator rejissorlardan olan YUĞ teatrının yaradıcısı Vaqif İbrahimoğlunun kursunda təhsil aldım. Vaqif müəllim bizi həm rejissor, həm də aktyor kimi yetişdirirdi. 
 
- Bəs, nə üçün YUĞ teatrına gedib, orada çalışmadınız?
- Vaqif İbrahimoğlu hər zaman istəyirdi ki, yetişdirdiyi tələbələr yanında olsun. O, təkid etdi ki, YUĞ teatrında qalım. Ancaq mənim janr olaraq komediyaya böyük həvəsim var idi. Uşaqlıq arzum  məni Musiqili Teatra gətirdi. Vaqif İbrahimoğlu məndən nə üçün Musiqili teatra getdiyimi soruşanda bildirdim ki, zamanında siz də məhz bu teatrın baş rejissoru olmusunuz. İllər sonra mən Vaqif İbrahimoğlunun xeyir-duasını aldım. 
 
- Musiqili Teatrla tanışlığınız necə oldu?
 - 2005-ci ildə mərhum sənətkarımız Hacıbaba Bağırovun dəstəyi və dəvəti ilə işə qəbul oldum. O dövrdə həm universitetdə təhsil almaq, həm də işləmək çox çətin idi. Xoşbəxt gənclərdənəm ki, burada çalışdığım qısa zaman kəsimində böyük layihələrdə iştirak imkanı qazandım. İlk olaraq, teatrda səhnə maşinisti kimi qeydiyyata düşdüm.   Hacıbaba Bağırov məni işə qəbul edəndə dedi ki, "görək, teatra olan sevgisi özünü doğruldacaqmı?” Heç üç ay keçməmişdi, "Bir dayan canavar” tamaşasında rejissor assistenti olaraq çalışdım. Hacıbaba Bağırov kulisə keçdi və mənə yaxınlaşaraq "Sən bu gündən etibarən rejissor assistenti kimi çalışacaqsan”- dedi. O gündən sonra mənim Musiqili Teatrda macəralarım başladı. Daha sonra böyüklər üçün "Qısqanc ürəklər” tamaşasının rejissor assistenti olaraq çalışdım və ardı gəldi. Musiqili Teatr mənə hərtərəfli cığır açdı. Burada həm rejissor assistenti, həm də aktyor olaraq mənə hər cür şərait yaradıldı. İrili-xırdalı bir çox tamaşalarda rol aldım. İşlədiyim müddət ərzində "Aldın payını, çağır dayını”, "Talelər qovuşanda”, "Bir günlük siğə və ya keçmiş ola, arkadaş”, "Əlin cibində olsun”, "Məsmə xala dayımdır” kimi tamaşaları idarə etdim. "Nu volk, poqodi”, "Qısqanc ürəklər”, "Milyonçunun dilənçi oğlu”, "Yeddi məhbusə anası”, "Bayadera”, "Mən dəyərəm min cavana”, "Yağışcığın macərası”, "Arşın mal alan”, "Kimdir müqəssir?”, "Kimyagər”, "Evlənmə" kimi tamaşalarda rejissor-assistenti kimi fəaliyyət göstərdim. Bundan başqa, "Milyonçunun dilənçi oğlu” tamaşasında Şair, "Yeddi məhbusə anası” komediyasında Qamət və Cin, "Şeytanın yubileyi” tamaşasında Cangüdən və Polis, "Aldın payını, çağır dayını” musiqili komediyasında Tarik Tərlan (Tərgəldi), "Kimdir müqəssir?” əsərində Pişik obrazlarını ifa etdim.
 
- Əliqismət Lalayev teatrınıza direktor təyin olunandan sonra karyeranızda hansı dəyişikliklər oldu?
- Obrazlarımın sayı çoxaldı. Biri-birindən maraqlı obrazlar yaratdım. "Silva” tamaşasında Roberto, "Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanmış "999-cu gecə” əsərində Tutuquşu obrazını canlandırdım. Elçinin "Baladadaşın toy hamamı” əsərinin tamaşasında Peyin satan  obrazını oynadım. 
 
- Sizin üçün rolun böyüyü və ya kiçiyi varmı? Adətən, aktyorlar epizodik obrazda oynamaqdan imtina edirlər.
- Əsla. Tamaşaçı pul verib tamaşaya baxmağa gəlirsə, bizim buna ixtiyarımız yoxdur. Əsas odur ki, sən üzərinə düşən obrazı tam şəkildə tamaşaçıya ötürə biləsən. Rejissorun göstərişinə uyğun olaraq, mizanları doğru şəkildə yerinə yetirəsən.  
 
- Adətən, müəyyən müddət teatrda işləyəndən sonra aktyorlar uşaq tamaşalarında oynamaq istəmirlər. Elə rejissorlar da. Bəs, sizdə elə bir kompleks varmı?
- Mən belə düşünmürəm. Martın 10-da milli teatr günündə Aleksey Tolstoyun  "Buratino” əsərini tamaşaya qoydum.
 
- Niyə siz rejissorlar həmişə eyni əsərlərə müraciət edirsiniz?
- "Buratino” əsəri Gənc Tamaşaçılar Teatrında və Akademik Milli Dram Teatrında səhnələşdirilib. Ancaq bizim tamaşamız onlardan tamamilə fərqli bir üslubda hazırlanıb. Bizim tamaşamızda filmdə olan orijinal musiqidən istifadə olunub. Mənim hazırladığım bu tamaşada özəlliklərdən biri də odur ki, filmdə səslənən orijinal musiqilər məhz bu tamaşada var. "Buratino” əsərinin filmi rus dilində çəkilib, sözlər də rus dilindədir. Ancaq mən bu tamaşanı Azərbaycan dilində hazırlamışam. Musiqili teatr olduğumuz üçün biz tamaşada musiqini daha çox önə çəkmişik. "Buratino” tamaşasına baxsanız, müasir səhnə həlli görəcəksiniz. Tamaşada aktyorların geyimi, musiqi tərtibatı hamısı yenidir. Bu tamaşada üzərimə böyük bir məsuliyyət götürdüm. Bu tamaşada Əməkdar artistlər Nahidə Orucova, Səmayə Musayeva, Məhərrəm Qurbanov oynayırlar. Mölə Mirzəliyevlə mən o sənətkarları dəvət etdim və onlar böyük məmnuniyyətlə tamaşada iştirak etdilər. Düşünə bilərdilər ki, tamaşanın rejissoru gəncdir, bəlkə də istədiyini edə bilməyəcək və s. Ancaq nəticədə ortaya çox gözəl bir tamaşa çıxdı. Orada bir çox yeniliklər etdim. Hətta yeni səhnələr yazdım. 
 
- Həm teatrda, həm də  film sahəsində hər bir rejissorun öz komandası olur və hər dəfə onlar öz komandasına müraciət edirlər. Bəs, sizin iş prinsipiniz necədir? 
- Bizdə elə rejissorlar var ki, tamaşanı hazırlayır və gedir. Tamaşa müəyyən müddət oynanılır və hansısa aktyor həmin tamaşadan çıxır. Rəhbərliyin göstərişinə uyğun olaraq, ora hansısa bir aktyoru təyin edirlər. Yəni, teatr sistemində bu mexanizm bir az fərqlidir. Siz dediyiniz məsələyə gəldikdə isə, mən hər dəfə fərqli aktyorlarla işləyirəm. Qeyd etdiyiniz rejissorlar isə yəqin özünə əziyyət vermək istəmir. 
 
- Adi bir gənci götürüb onu cilalamaq, ondan aktyor yaratmaq necə?
- O qədər olub ki... Təsəvvür edin, bizdə Rauf Hacıyevin "Talelər qovuşanda” tamaşası var və mən o tamaşaya 17 aktyor hazırlamışam. Elə aktyorlar olub ki, teatrdan gediblər və mən təəssüf hissi keçirmişəm ki, onları hazırlayana qədər çox əziyyət çəkmişəm. Ən xırda nüanslara qədər onları öyrətmişdim. Ancaq onu bilirəm ki, əlimi vicdanıma rahat qoya bilərəm ki, öz işimi şərəflə yerinə yetirmişəm. 
 
 - 14 ildir ki, Akademik Musiqili Teatrda çalışırsınız. Canlı əfsanələrlə ünsiyyətdə olmaq, onlarla bir səhnəni paylaşmaq necə hissdir?
- Əlbəttə ki, Akademik Musiqili Teatrda, sözün əsil mənasında, neçə-neçə istedadlar yetişdirib. Onlar bizim sənət dostlarımız olub. Biz o sənətkarlarla bir səhnəni bölüşmüşük. Bir zamanlar teatrımızda Hacıbaba Bağırov, Siyavuş Aslan, Münəvvər Kələntərli, Ofelya Aslan, Elçin Həmidov, Xanım Qafarova kimi sənətkarlar çalışıb.  İndi bu estafeti bizlər daşıyırıq. Elə sənət nümunələri yaratmalıyıq ki,gələcək nəsil  bizi qiymətləndirsin. Bu gün bir çox sənətkarlarımızla çiyin-çiyinə çalışırıq. Xanımlığı, böyüklüyü ilə bizə hər zaman dəyər verən Xalq artisti Afaq Bəşirqızı ilə çalışmağın məmnunluğunu yaşayıram. Onunla "Diqqət şəhərdə manyak var”,  "Mən dəyərəm min cavana”, "7 məhbusə anası”, "Məhəbbət oyunu”, "Aldın payını, çağır dayını”, "O olmasın, bu olsun”, "Bankir adaxlı" kimi əsərlərdə rejissor assistenti olaraq çalışmışam. Bəzi tamaşalarda isə aktyor kimi onunla tərəf-müqabili olmuşam. Gənc olaraq ABŞ-da qastrol səfərində olmuşam.
 
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü zamanı  Afaq xanımın çıxışını necə qiymətləndirirsiniz?
- Mən də həmkarlarım kimi, Afaq xanımın cənab prezidentin qarşısında nitqini dinlədim. Çox məqsədyönlü, təsirli bir çıxış idi. Bu çıxış xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı. Əməkhaqlarının artırılması, aktyorların rifahı, eyni zamanda, teatrımıza akademik statusu verilməsi üçün gözəl təşəbbüs oldu. Afaq xanım böyük aktrisa olmaqla yanaşı, həm də çox maraqlı insandır. O  bizə yalnız həmkar kimi yanaşmır, həm də ana qayğası, göstərir. 
 
 Xəyalə Rəis