• cümə, 29 Mart, 16:57
  • Baku Bakı 14°C

Ceyhun Dadaşov: “Bədən aktyorun alətidir”

30.01.20 14:30 5326
Ceyhun Dadaşov: “Bədən aktyorun alətidir”
"Aktyorun əyninə plaş geyindirib, başına şlyapa qoymaqla əsər müasirləşmir”
Onu pantomimçi kimi tanıyırdım. Daha sonra teatrlarda hazırlanan tamaşaların afişalarında plastik həll üzrə rejissor kimi görməyə başladım. Hansı teatra gedirdimsə, qarşıma yenə də o çıxırdı. Hətta yaradıcı kadrlar yetişdirən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində belə qarşıma çıxırdı. Sonralar öyrəndim ki, o, həm də bu ali təhsil ocağında pedaqoq kimi fəaliyyət göstərir. Artıq zamanı yetişmişdi. Onunla görüşmək qərarına gəlmişdim. Bu dəfə o mənim qarşıma çıxmayacaqdı, mən onu qarşılayacaqdım. Beləliklə, müsahibim istedadlı pantomimçi, plastika mütəxəssisi, "Rebus” teatrının rəhbəri, aktyor, rejissor Ceyhun Dadaşovdur.

- Plastika nədir və ümumiyyətlə plastikadan harada, necə istifadə etmək lazımdır?
- Plastika bu gün teatrımızın bəlalı problemlərindən biridir. Hələ də Azərbaycanda tamaşanın plastik həllinin nə olduğunu anlamayan aktyorlar və rejissorlar var.

- Plastik həll, sadəcə, rəqsdən və xoreoqrafiyadan ibarətdirmi?
- Əsla. Bu, sadəcə, rəqsdən ibarət deyil. Tamaşanın plastik həlli aktyorla sıfırdan işləmək, rejissorla müştərək iş deməkdir. Aktyor səhnəyə çıxıb, hər hansı bir obraz yaradırsa, həmin obrazın davranışı, hərəkətləri və özünəməxsus plastikası olmalıdır. Plastik həll üzrə rejissor aktyora obraza uyğun hərəkətləri nizama salmağa kömək etməlidir.

- Sizdə bu təməl, plastikanın alt qatı məhz Pantomima teatrında qoyulub?
- Pantomima teatrının yaradıcısı Bəxtiyar Xanızadə bu təməl üçün zəmin yaradıb. Mən ondan çox şey öyrənmişəm. Uşaq olduğumuz vaxtlarda müxtəlif dərnəklər var idi. Mən rəqs dərnəyinə gedirdim. Bir il Xoreoqrafiyada oxudum. Ancaq Pantomima teatrı mənim üçün bir məktəb oldu. Mən ora gələndə plastika ilə bağlı kifayət qədər məlumatım yox idi.

- Bu gün Ceyhun Dadaşov olmağınızda Pantomima teatrının rolu və yeri nə qədərdir?
- Ceyhun Dadaşov olmağımda Pantomima teatrının rolu ölçüyə gəlməz dərəcədə böyükdür. Baxmayaraq ki, teatrdan uzaqlaşmışam, hələ də mənə "bu pantomimçidir” deyirlər. Pantomima Teatrı ilə adımın qoşa çəkilməsi mənim üçün qürurvericidir.
- Aktyor səhnədə mükəmməl performans göstərmək üçün öz bədəninə nə qədər hakim olmalıdır?
- Aktyor bədəninə yüzdə yüz hakim olmalıdır. Fərqi yoxdur, opera, dram, pantomima, kukla aktyorudur. Çünki bədən aktyorun alətidir. Aktyor bədəni ilə işləyir. Stanislavski deyir ki, aktyor səhnəyə gələndə yeriməyi də öyrənməlidir, baxmayaraq ki, ömrümüz boyu yeriyirik.

- Burda istək nə qədər rol oynayır?
- İstəyin olması "sən peşəkar aktyorsan” demək deyil. Əgər mən məşq etməmişəmsə, öyrənməmişəmsə, milyon dəfə də istəsəm, onu edə bilmərəm. Çünki bədənim hazır deyil, aktyor sənəti də elədir. Əsas odur ki, aktyor o hissi tamaşaçıya çatdıra bilsin. Aktyorun nə hiss etdiyini görmək üçün vizual ifadə lazımdır. Bu da aktyorun gözü, mimikası, jesti, hərəkəti və dediyi sözdür. Sözün özü də fiziki hərəkətdir. Səs telləri, ağız quruluşu, dilin ağız boşluğunda hərəkəti və s. hamısı gəlib texniki vərdişlərin üzərində dayanır. Əgər aktyor səhnəyə çıxıb "c” "ç” problemi yaşayırsa, təbii ki, tamaşaçı ona güləcək.
- Bu gün teatrlarımızda hind ritmləri əsasında hazırlanan tamaşadan zövq almaq mümkündürmü?
- Bu, kəmiyyət və keyfiyyət məsələsidir. Tamaşa yalnız danışıq üzərində qurulmur. Aktyor səhnəyə çıxıbsa, göz üçün də çalışmalıdır. Tamaşaçı üçün vizuallıq da lazımdır. Sizin qeyd etdiyiniz məqam isə teatrın və rejissorun zövqündən asılıdır. Nəyinsə xatirinə ara mahnılarını teatra gətirib kassa doldurmaq zövq üçün nəzərdə tutulmayıb. Plastikanın bundan xəbəri yoxdur (gülürük). Bəzən olur ki, nəinki musiqilər, hətta tamaşada istifadə edilən mətn də səviyyəsiz zarafatlardan ibarət olur. Hərdən elə olur ki, məşq prosesində bir zarafat edirik, bu zarafatı bəyənib məşqə salırıq. Sonra onu tamaşaya salmaq istəyən an düşünürük ki, bu bizim zarafatımızdır, biz bunu öz aramızda edib gülürük. Ancaq bunun tamaşaçıya aidiyyatı varmı və bu zarafat tamaşaçı üçün nə qədər maraqlıdır? Hər nə qədər aktual yumor olsa da, bu yumor bizə lazımdırmı? Edilən zarafatlar Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun səviyyəsindədirmi?


-Klassiklərdən söz düşmüşkən, teatrlarımızın repertuarındakı klassik əsərlər bu gün öz aktuallığını itirib. Sizcə, səhnəyə müasir geyimlə çıxmaq tamaşanın müasirliyindənmi xəbər verir?
- Paltar dəyişdirməklə tamaşa müasir olmur. Biz "Hamlet” tamaşasına quruluş verəndə səhnəyə qara şalvar, qara köynəklə çıxdıq. Ona görə yox ki, belə daha gözəldir. Ona görə ki, mənim nəzərdə tutduğum libas çox xərc tələb edirdi. Müstəqil teatr olaraq, bu xərcləri qarşılamağa imkanımız çatmırdı. Ancaq dövlət teatrlarında belə bəhanəni qəbul etmirəm. Aktyorun əyninə plaş geyindirib, başına şlyapa qoymaqla əsər müasirləşmir. Əsərin müasirləşməsi üçün ya orada stilistika dəyişməlidir, ya da baxış bucağı, əgər bunlar olmursa, klassik əsər hansısa müasir mövzu ildə bağlanmalıdır. Təbii ki, teatrda klassik tamaşa olmalıdır. Hansısa bir xarici gələndə Şekspirə, Dümaya deyil, yerli klassiklərə baxmaq istəyir. Bəli, bu gün həmin klassik əsərlər aktual deyil.
- Sizcə, bu gün teatrlar məktəb rolunu oynayırmı?
- Mən heç vaxt teatrı məktəb kimi görməmişəm. Teatra həmişə zövq və ləzzət kimi baxmışam. Düşünməmişəm ki, nümayiş etdirdiyim tamaşa ilə seyrçiyə nə isə öyrədəcəyəm. Həmişə istəmişəm ki, tamaşaçı baxdığı tamaşada nəyisə hiss etsin. Səhnədən birbaşa olaraq tamaşaçıya deməyim ki, "sən bu qızı oxutmadın, gedib bədbəxt oldu”. İstəyim odur ki, tamaşaçı həmin qəhrəmanın çəkdiyi əzab-əziyyəti özündə hiss etsin. Məncə hisslər izləyiciyə daha çox təsir edir.

- Teatrlarımız oturuşmuş bir planla işləyir. Onlar öz qəliblərini sındıra bilmirlər ya da istəmirlər.
- Teatrlarımızda janr və istiqamət problemi mövcuddur. İstərdim ki, teatrlarımızda müasir yerli və xarici əsərlər səhnələşdirilsin. Xarici ədəbiyyat deyəndə gedib Molyerdə, Dostoyevskidə qalırıq. Teatrlar üçün də müasir pyeslər yazılmır. Məsələ burasındadır.

- Məsələ, pyes də deyil. Bu gün elə ətrafımızda yaşanan gündəlik hadisələrin özü bir pyesdir. Kiçik hekayələrin əsasında da tamaşa hazırlamaq olar. Vacib deyil ki, iki saatlıq tamaşa olsun.
- Dediklərinizi səhnələşdirməyin özü də çətin bir prosesdir. Hər kəs öz işi ilə məşğul olmalıdır. Rejissor dramaturq deyil. Əslində, bu mövzunu müzakirə edirsən, çox boş bir söhbətə gəlib çıxır. Teatrlar deyir ki, müəllif yoxdur, dramaturqlar isə yazdıqlarını heç kimin səhnələşdirmədiyini bildirirlər. Bunların hamısı bir-birinə bağlıdır və bütün bu suallar içərisində insan çaşıb qalır.

- "Rebus” müstəqil teatrının rəhbəri olaraq, bu teatrdan gözləntiləriniz nədir? Gəlir əldə edə bilirsinizmi?
- Sənətə gəlir mənbəyi kimi baxanda teatr bağlanmağa məhkum olur. Özəl teatr 30 nəfəri yığıb, iki ay sərf edərək tamaşa hazırlayır, tamaşadan əldə olunan gəlirlə 30 nəfəri saxlaya bilməz. Bu heç vaxt olmayacaq. Çox nadir hallarda tamaşa tutur.
- Məsələn, hansı hallarda?
- Əgər sənin tamaşanda məşhur simalar varsa, tamaşaçı ona görə gəlib baxacaq. Məşhur simalar yoxdursa, o zaman şou göstərməlisən. Bu gün heç bir teatr öz hesabına yaşaya bilməz. Müstəqil teatrlar çabalayır. Onlar aktyora maaş vermək gücündə deyillər. Teatr prosesinin canlandırılması üçün müstəqil teatrların olması müsbət haldır. Müstəqil teatrlar sərbəstdir, istədiyi hər sözü deyə bilirlər.

- Ceyhun bəy, heç zaman adınızı qalmaqallarda görməmişik. Niyə məşhur olmaq istəmirsiniz?
- Qalmaqal məşhur adamlarla olur, mən o qədər də məşhur biri deyiləm. Heç kimlə konfliktə girmirəm. Uzağı, bir az söhbət edərəm, görsəm ki, konflikt yaranır, oradan uzaqlaşaram. Əgər nəyisə öyrənmək, ya da hansısa şübhəli bir məqamı dəqiqləşdirmək istəyirəmsə, o zaman müzakirədə iştirak edərəm. Əgər görsəm ki, qarşı tərəf mübahisə edib qalmaqal yaratmaq istəyir, ona o şəraiti yaratmaram. Qarşı tərəf özünü ağıllı kimi sübut etmək istəyirsə, qoy, elə ağıllı görünsün. Bəlkə kiminsə mənimlə problemi var, amma mənim heç kimlə problemim yoxdur. Sözlərim bəzən kiminsə xətrinə dəyir. Ancaq hər zaman çalışmışam ki, heç kimin şəxsiyyətinə toxunmayım. Səhv etdikdə isə kiçikliyindən, yaxud böyüklüyündən asılı olmayaraq, "bağışla” deməyi bacarmışam.

- Boş zamanlarınızda gitarada ifa edir, şeir, hekayə yazırsınız. Sizcə, bu bekarçılığın əlamətidir, yoxsa bir istedaddır?
- Əvvəla, onu deyim ki, heç birinə iddialı deyiləm. Mən nə müğənni, nə şair, nə də musiqiçi olmaq arzusunda olmamışam. Rejissorluğa və aktyorluğa iddiam var. Özümü yaradıcı şəxs hesab edirəm. Kimsə xətrimə dəyirsə, özümdən asılı olmayaraq, içimdəkiləri şeirlə ifadə edirəm. Hansısa hadisə ilə rastlaşıramsa, həmin hadisəyə uyğun hekayə yazıram. Bu mənim düşdüyüm əhvaldan asılıdır.

- Azərbaycanda ilk pantomim aktrisalarından olan Nargilə Qəribova ilə ailəli olmağın avantajları nələrdir?
- Hərdən sənətdən də söhbət edə bilirik (gülürük). Evlilikdə avantaj düşünmək doğru deyil. Əgər bir insanı nəyə görə sevdiyini bilirsənsə, orda düşünmək lazımdır. Mənim üçün sevgi o zaman dəyərli olar ki, onun səbəbini bilmirsən. Nargilə ilə çox yaxşı yola gedirik və bir birimizi anlayırıq. Bəzən olur ki, mən hansısa fikirlə razı olmuram, o mənə kömək edir, mən onun fikirlərindən yola çıxaraq, nələrisə özüm üçün aydınlaşdırmış oluram. Biz onunla eyni "operanı oxuyuruq”.

- Sizcə, "Cırtdan şou” teatrlarımıza rəqibdirmi?
- Dünyada da bu üslubda hazırlanan belə böyük şoular var. Hər zaman təmiz rəqabətin tərəfdarı olmuşam. Heç kim kimsənin ayağını dartmır, qarşısını kəsmir, ortaya məhsul qoyur. Tamaşaçı kimi bəyənirsə, ona da üstünlük verir. "Cırtdan şou”nun yeni ildə Bakıda göstərdiyi şouda 79646 bilet satılıb. Əvvəla, onu deyim ki, "Cırtdan” tamaşa deyil, şoudur. Bunu hansısa teatrın tamaşası ilə müqayisə edə bilmərik. Oradakı ifaçılar da bizim teatrlarda çalışan aktyorlarımızdır.

- Bu da onu göstərir ki, teatrların özləri də şou yarada bilərlər. Amma təbii ki, istəsələr. Madam ki, oradakı aktyorlar bizim teatrların aktyorlarıdır. Niyə də olmasın?
- Əlbəttə ki, əvvəllər xaricdən "Maşa və ayı” kimi xarici animasiya filmlərin qəhrəmanları gətirilirdi və onların biletlərinin qiyməti 50 manatdan başlayırdı. "Cırtdan şou” isə bizim öz məhsulumuzdur və öz nağıl qəhrəmanımızdır. Bunun özü belə sevindirici bir haldır.

Xəyalə Rəis


banner

Oxşar Xəbərlər