AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Cəmiyyət və  teatr

Cəmiyyət və teatr

29 Fevral 2016, 10:06 2800
Teatr da, səhnə də dialoqda mövcuddur, dialoqla nəfəs alır, dialoqla yaşayır: teatr iki nəfər - seyrçi və oyunçu olduğu zaman mövcuddur. Teatr tamaşaçı ilə aktyorun dialoqudur, dünya, sosial mühit, onun törətdiyi qanunlar haqqında dialoq-söhbətidir. Gəlin, düşünək, görək teatrda tamaşanın sonunda səslənən alqışlar nəyi bildirir. Əlbəttə ki, seyrçi təşəkkürünü. Əlbəttə ki, tamaşaçı coşqusunu, tamaşaçı yaşantılarını. Lakin bütün bunlarla yanaşı alqışların mahiyyəti teatrda ikitərəfli əlaqənin mövcudluğunu xatırlatmaqdan ibarətdir. Görkəmli alman dramaturqu və rejissoru Bertolt Brext yazırdı: “Mən soruşaraq və cavab verərək, sualdan və cavabdan mövcud oluram”. Məgər teatrda tamaşa zamanı bu proses davamlı surətdə gerçəkləşmirmi? Məhz dərin psixoloji qatlarda rellaşan sual – cavabda, Mən və Sən dialoqunda tamaşa yaşayır, canlı olur, təsirləndirmək qüdrəti qazanır. Mən və Sən arasındakı ünsiyyətin, dialoqun, qarşılıqlı təsir və zənginləşmənin psixoloji, kulturoloji xarakteri, ritmi, dinamikası təbiəti toplumun strukturunu, onun qanunlarının mahiyyətini, etik – estetik normalarını müəyyənləşdirir. Mənin “mən”ə çevrilməsini Sən şərtləndirir və əksinə: bu, həqiqətin özüdür.
Dialoq isə, ilk növbədə, mübadilədir, informasiya, fikir, enerji mübadiləsidir. Fikrimizi bir qədər daha dəqiqləşdirək: belə ki, dialoqun özü mübadilə ehtiyacından doğur, mübadilə ehtiyacını rəmzləşdirir. Hətta adicə təmənnasız ünsiyyətdə, yəni söhbətdə, dialoqda olmağın özü ünsiyyət ehtiyacıdır, ünsiyyət mübadiləsidir, Mən – Sən asılılığıdır. Teatrın tarixi başlanğıcı Allaha olan itaətdən başlamışdır. Təbiətdə, həyatda baş verən hadisələri önəmləyən insanlar müxtəlif dini və şaman ayinlərinin personajları vasitəsilə Allaha vəsf olunan tamaşalar nümayiş etdirir və maraqlı burasıdır ki, bu tamaşaların ilk “seyrçisi” də Allahın özü olur. Allahla dialoqa girən bəndə düşünür ki, bu vasitə ilə Tanrının öz qullarına qarşı mərhəməti artır. Nəticədə isə kahinlər kütlə üzərində öz hakimiyyətini möhkəmləndirdi. Bütün bunlar bizə deməyə imkan verir ki, teatrın sosial nəzəriyyə kontekstindən ideoloji funksiyası danılmazdır. Fikrimizcə, teatr ideoloji funksiyasını əsrlərdən bəri ötürüb və bu günlərə qədər qoruyub saxlamışdır.
Teatr nədir? Sualına cavab verərkən onu gah “məbədgah”, gah da “məktəb” adlandırmışlar, təbii ki, hər bir anlamın izahı var. Bu məsələ ilə bağlı yazıların birində Stanislavskinin bir fikri diqqətimizi cəlb etdi. O, deyir ki, teatrı məktəb adlandırmayaq. Qoy tamaşaçı buranı əyləncə məkanı kimi qəbul etsin. Lakin o (tamaşaçı), bu məkana daxil olduqda və arxasınca qapılar örtüldükdə onun qəlbi, ruhu qarşısında lazım olduğu qədər biz də ürəyimizi boşalda bilərik. Yəni reformatorun sözlərindən aydın olur ki, asudə vaxtını yaxşı keçirmək, əyləncə üçün gələn tamaşaçının şüuruna, təfəkkürünə teatrın təsiretmə gücü hədsizdir. Biz bu gün tam əminliklə hesab edirik ki, teatr incəsənət ocağıdır. Teatr özünəməxsus meydandır. Burada konfliktli vəziyyətlərin, situasiyaların insanlarla qarşılıqlı halda yaranması baş verir. Tamaşaçı qismən bu hadisələrin iştirakçısı ya da kənardan təklif olunan vəziyyətlərin müşahidəçisi rolunda çıxış edir. Teatr mədəniyyətlərin, monoloqların, sözlərin, rəftarların kəsişdiyi nöqtədir. Səhnə cəmiyyətdəki flüidləri özünə hopduran lakmus kağızı kimi bir şeydir. Obraz məhz bu kağızın üzərində flüidlərin bir-birinə qarışdığı məqamda meydana gəlir. Toplumun vətəndaşının ruhsal ovqatı haqqında bu obraz hər şeyi danışmağa qadirdir. Bədii obraz istər mənfi, istərsə də müsbəti eyni səlahiyyətlərlə, eyni hüquqlarla xalqı və insanlığı təmsil edir. Bu baxımdan səhnə güzgüsü elə bir şeydir ki, orada bütöv bir toplum özünə baxa bilər, özünü görə bilər, özünü tanıya bilər Qeyd edək ki, teatr çoxfunksialı bir sahədir. Tək ideoloji funksiyadan danışsaq unutmamalıyıq ki, hər hansı bir tamaşanın yaranmasında rejissorun və aktyor kollektivinin mənəvi mövqeyi vacib məsələdir. Təcrübə göstərir ki, tamaşanın təsirli alınması üçün səhnə, aktyor bacarığının imkanlarından və s. istifadəsi yetərli deyil. Müasir tamaşaçının səviyyəsinə, düşüncə tərzinə uyğun olan və insanların mənəvi əxlaqına təsir edə bilən səhnə təcəssümünün yeni formalarını axtarıb tapmaq lazımdır. Mənəvi-ideoloji və intellektual amillər arasında balansın qorunması vacib şərtlərdəndir. Teatr tamaşaçı istəyinə, tələbinə etinasız qalmamalıdır. Əyər bu münasibət, mübadilə pozulursa, tamaşaçı teatrdan ayrı düşür. Bu da teatr üçün arzuolunmaz hadisələrlə nəticələnir. Deyirlər ki, teatr artıq dövrünü ötüb. Yox, bu bele deyil. Teatra qarşı ictimai maraq o vaxt zəifləyir ki, o, müasir tələblərin, bədiilik və obrazlılıq meyarından ayrılır, funksiyalarını yerinə yetirə bilmir. Teatrın orqanikasından danışarkən onun "asılqandan" səhnəyə gedən yolundan, ərsəyə gələn tamaşa tamaşaçı münasibətındən cox deyirik. Lakin teatr və tamaşaçı münasibətini tənzimləyən vacib olan amillərdən biri də teatr tənqididir. Fikrimizcə, düzgün, sağlam tənqid yalnız teatr kollektivinə yox, oxucu və tamaşaçı kontingentinə təsir edə bilir. Teatr tənqidinin sosial-ictimai həyatda rolu və funksiyası özəl olaraq qalır və ayrı bir yazının mövzusudur. Bu gün gənclər arasında teatrın qeyri-populyar olması məsələsi də çox müzakirə olunur. Bu məqamın müxtəlif izahları var. Biz isə bu problem haqqında nikbin düşüncədəyik. Məsələn, təxminən bir-iki il bundan əvvəl professor Aydın Talıbzadə müsahibələrinin birində bu məsələ ilə bağlı maraqlı fikir söyləmişdi. Bu da tamaşaçı auditoriyasının yaş kateqoriyası ilə bağlı idi. Bizə elə gəlir ki, teatrın ideoloji təsir problemlərinə bu məsələnin də müəyyən qədər təsiri vardır.
Baxın, Elçinin "Qatil" əsərini nümunə olaraq gətirsək görürük ki, tamaşanın baş qəhrəmanı olan müəllimənin müəyyən yaşdan sonra tənhalığı, sevgidən uzaq düşməsi, müəyyən hisslərə ehtiyacı olması və bunların hamısını öz keçmiş tələbəsində tapması onun faciəsinə çevrilir. İnandığı insandan gördüyü şiddət onu tələbəsinin qatilinə çevrilməyə məcbur edir. 30-40 yaşında qadının düşdüyü durum bizə elə gəlir ki, 18-20 yaş arasında olan gənc tamaşaçının gəncliyinin, həyatının coşub-daşan bir vaxtında heç də düşündürə bilməz (fikrimizcə Elçinin yaradıcılığı oxucudan kifayət qədər savad tələb etdiyi kimi, o qədər də oxucuda geniş dünya görüşünün formalaşmasında və həyat təcrübəsinin artmasında böyük rol oynayır). Lakin olduqca dərin psixoloji təsir qüvvəsinə malik olan bu əsər səhnədə böyük uğur qazanmış və hər bir yaş kateqoriyasına aid olan tamaşaçı auditoriyası toplaya bilmişdir. Əsərin səhnə taleyinin uğurlu alınmasında rejissor və aktyor kollektivinin zəhməti danılmazdır. Gənclərin teatra cəlb edilməsi olduqca ciddi problemdir. Normal cəmiyyətdə hər bir gəncin, hər bir yaşlı nəsil nümayəndəsinin mənəvi zənginləşməsinə, ruhun yeniləşməsinə, hər zaman şüurun inkişafına, dünya görüşünün genişlənməsinə ehtiyacı vardır. Bu baxımdan mənəviyyatın yüksəlişini anlayan və tələbinə cavab verməyi bacaran tamaşaların teatr səhnələrində görünməsi, sadalanan müddəalara cavab verən teatr afişalarının şəhər əhalisini sevindirməsi, özünə cəlb etməsi zəruridir. Teatr sintetik sahədir. Bu baxımdan tamaşa müxtəlif sənət sahələrində çalışan adamların zəhməti nəticəsində ərsəyə gəlir. Və bu sənətlər bir-biri ilə harmonik şəkildə sintez edəndə təbii ki, mükəmməl iş yaranır. Müəllif, rejissor və aktyorlar, rəssam, bəstəkar ... və sonda tamaşaçı auditoriyası birliyi produktiv çalışanda incəsənət baş tutmuş olur.
Teatr çox böyük və əhəmiyyətli canlı orqanizmdir. Bu canlı orqanizmə həyat verən faktorlar çoxdur. Lakin teatr canlı orqanizm olmaqla yanaşı çox kövrək, bəzi halda kəskin, sərt, qəddar duyğularla dolu dahidir. Lakin o, eyni zamanda o qədər zərif və incə məxluqdur ki, daxildən “orqanının” birinin yüngül zədələnməsi, onu əhəmiyyətsizləşdirir, məhv edir. Teatrda harmoniya itdikdə hər hansı bir tamaşa (pyes müəllif tərəfindən uğurlu işlənsə də) baxımsızlaşır, məhv olur. Əksinə olduqda isə, teatr əsərə uğurlu səhnə həyatı verməyə qadirdir.
Bu halda teatr kollektivi, hətta müəllifin “rəqibinə” çevrilə bilər. Zəif ssenari belə səhnədə yüzlərlə tamaşaçı ürəyinə yol açar. Texniki tərəqqinin tuğyan etdiyi bir dövrdə, kompyuter texnologiyalarının teatr və kino sənətinə müdaxilə etdiyi bir zamanda cəmiyyətin novator, düzgün, həddini aşmayan formalardan istifadə etməyi bacaran teatr lazımdır. Tamaşaçı intellekti, səhnə əsərlərində səslənən ideya, qoyulmuş problemlər arasında balans qorunduğu halda teatrın böyük ideoloji quvvəyə necə malik olduğunu biz aydın görə bilərik. Bəs novatorliq nədir? Bu haqda teatr tənqidçisi M. Allahverdiyev deyir: “... bütün məna və mündəricə ilə bağlı olan formanın obrazlı təzahüründə özünü göstərir. Forma və məzmunun vəhdətində həyat fəlsəfəsinin dolğun təcəssümü görünür. Gözəllik, bədiilik, obrazlı ifadə ayrılmaz amillərdir. Rejissor və aktyor işinin ahəngi müasir həyatın tələblərinə, zamanın tərz və düşüncələrinin tələbinə cavab verirsə qəbul olunur və novator iş birliyi kimi rəğbətini qazanır.” Müəllifin fikrincə, əsl novatorluq sünilikdən uzaq, bütövlük ahəngi, harmoniya yaradan amildir. Forma və məzmun vəhdəti sənət gözəlliyinə bağlıdır və səhnədə gözəlliyi bədiilikdən, hər ikisini obrazlı ifadədən ayırmaq olmaz. Tamaşa rejissor və aktyor işinin harmoniyasından ibarətdir. Ən əsas da bu is birliyi müasir həyatın , zamanın tərz və düşüncələrinin tələbinə cavab verirsə qəbul olunur və novator iş birliyi kimi tamaşaçının rəğbətini qazanır. Aktyor və rejissor öz üslub və yaradıcılıq manerasına biganə, heç də dəyişilməz baxdıqda bu iş birliyi maraqsız və qəbuledilməz olur. Lakin unutmaq lazım deyil ki, novatorluq həm də ənənə prinsipinə söykənir. Ənənə prinsiplərini gözləmək vacib şərtlərdən biridir. Teatr elə bir sənətdir ki, ictimai fikrin formalaşmasında, milli dəyərlərin qorunmasında müstəsna rol oynayır, estetik zövq yaradır. Bu sənətin funksiyalarından biri də məhz estetik zövqün yaranmasıdır.
Tamaşa və aktyor oyunu yüksək zövqlə işlənib yeni yaradıcılıq nailiyyəti kimi meydana gəlirsə, o, tamaşaçıların da mənəvi təkamülünə, bədii, estetik zövqünün yüksəlməsinə fəal təsir göstərir. Hər bir müvəffəqiyyətli tamaşa, hər bir müvəffəqiyyətli aktyor oyunu bədii təfəkkürün sintezi kimi diqqəti cəlb edir, tərbiyəvi təsirə malik olur. Biz çox qısa bir məqalə çərçivəsində teatrın insanın həyatında əhəmiyyətindən danışmaq istədik. Lakin sonda deməliyik ki, bu qocaman sənətin nəzəri və praktik fəaliyyətinə nəzər saldıqda “XXI əsrin teatrı necə olmalı” və “XXI əsrin tamaşaçısı bu sənətdən nə gözləyir” sualının cavabını hələ axtarmalıyıq.

Gülnarə Məmmədova
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent