Əvvəllər aktrisa olmaq ağlımdan belə keçməyib - Aysel Yusubova
Bu yaxınlarda sosial
şəbəkələrdə çoxlarının marağına səbəb olan bir filmin epizodları yayımlandı.
İlk görünüşdən çoxları bunun bir hollivud filmi olduğunu düşünsələr də, əslində,
Azərbaycanda, daha dəqiq desək, gözəl Şəkimizdə və öz aktyor və
aktrisalarımızın iştirakı ilə çəkilən yerli filmdir. Biz də, "Aporia. Cəhənnəm
təcrübəsi” adlanan filmin baş qəhrəmanlarından olan Zaqatala Xalq Teatrının gənc
və istedadlı aktrisası Aysel Yusubova ilə onun yaradıcılığı və filmin çəkiliş
prosesi barəsində söhbət etdik.
- Aysel xanım, sizi
yaxından tanıyaq?
- Mən, Aysel Yusubova 1992-ci ildə Zaqatala şəhərində
anadan olmuşam. Uşaq vaxtından rəqs dərnəyinə getmişəm. Hazırda Zaqatala Mədəniyyət
Mərkəzində işləyirəm. Zaqatala Xalq Teatrı məhz bu Mərkəzin tərkibində fəaliyyət
göstərir. Mən də bu teatrın üzvüyəm. Məktəbi bitirdikdən sonra Mingəçevir
Turizm Kollecində reklam işi üzrə təhsil almışam. Hazırda isə Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasında Sənətşünaslıq fakültəsi üzrə qiyabi təhsil alıram.
- Zaqatala Xalq
Teatrına gəlişiniz necə olub?
- İş üçün müraciət etmişdim. Təbii ki, mərkəzə əvvəlcə
rəqs üzrə müraciət etdim. Təklifimi müsbət qəbul etdilər, çünki buna ehtiyac
var idi. İşə qəbul olduqdan sonra rəqs dərnəyi açdım, dərs deməyə başladım və
burada teatrın olduğunu gördükdə özüm də iştirak etmək istədim. Teatrımızın
rejissoru Bayram Qurbanov məni tamaşalarda oynamağa dəvət etdi. Aktrisalığa
uşaq tamaşaları ilə başladım. Düzünə qalsa, heç vaxt özümü böyük əsərlərdə
sınamamışdım, çəkinirdim, qorxularım vardı. Əvvəllər aktrisa olmaq ağlımdan belə
keçməyib.
- Bu günə qədər hansı
tamaşalarda rol almısınız?
- Teatra yeni gəldiyimdə nağıl tamaşalarında özümü
bir neçə dəfə sınadıqdan sonra, böyüklər üçün tamaşamız oldu. 2017-ci ildə
Bakıda Xalq Teatrları Festivalı keçirilirdi. Festivalın zona üzrə ilk yarışması
İsmayıllıda baş tutdu və biz qalib olduq, daha sonra final mərhələsi Bakıda
keçirildi. Burada isə Hüseynbala Mirələmovun əsəri əsasında hazırlanmış
"Vicdanın hökmü” tamaşasını oynadıq. Mən də bu tamaşada baş qəhrəmanlardan olan
Güllünü canlandırırdım. Festivalda teatr olaraq ikinci yerə layiq görülsək də, ən
yaxşı aktrisa kimi diplomla mükafatlandırıldım. Bu mənim ilk böyük tamaşam, ilk
festivalım və ilk uğurum oldu. Yeri gəlmişkən, qeyd edim ki, bu il də teatr
festivalı var. Bir neçə ay əvvəl İsmayıllıda zona turunda Bakıya, finala vəsiqə
qazandıq. Bu yaxınlarda Xalq Teatrlarının final mərhələsinə Bakıya yola düşəcəyik
və ümid edirik ki, bu dəfə də uğurlu olacaq. Festivalın finalında " Beş
manatlıq gəlin" komediyası ilə çıxış edəcəyik. Mən bu tamaşada Səlvi
rolunda çıxış edirəm.
- Zaqatala Xalq
Teatrının vəziyyətini necə qiymətləndirirsiniz?
- Teatrımızın vəziyyəti o qədər də ürəkaçan deyil.
Çünki xalq teatrları öz-özünü maliyyələşdirir. Maddi problemlər yaşayır,
tamaşaçı problemlərimiz də çoxdur. Yeni il, Novruz bayramı ərəfəsində uşaq
tamaşaları oynanılan zaman valideynlər uşaqları tamaşalarımıza gətirirlər.
Ancaq di gəl ki, böyüklər üçün olan tamaşalarımızda çox az sayda seyrçimiz
olur. Elə ən son oynadığımız tamaşaya haradasa 30-40 nəfər tamaşaçı gəlmişdi.
Ona görə də xalq teatrı özünü çətinliklərlə saxlaya bilir.
- Paytaxt
teatrlarından təklif gəlsə, necə qarşılayarsınız?
- Əlbəttə ki, müsbət qarşılayıram. Zənnimcə, bu təklifi
rayon teatrlarında olan hər bir aktrisa yüksək qiymətləndirər. Mənə belə bir təklif
gəlsə, niyə də olmasın, gedərəm (gülür).
- Qısa müddətdir
sosial şəbəkələrdə "Aporia. Cəhənnəm təcrübəsi” filminin epizodları böyük
marağa səbəb olub. Filmə gəlişiniz necə oldu?
- Bəli, artıq filmin fraqmentləri sosial şəbəkədə
yerləşdirilib. Bu iş mənimçün gözlənilməz oldu. Film başlamadan öncə rejissor Rəvan
Cabbarov kastinqlər keçirirdi. Mən də bu kastinqə qatıldım və mənim çıxışımı,
potensialımı bəyəndilər və seçdilər. Onu da qeyd edim ki, Rəvan Cabbarov ARB Şəki
televiziyasının rejissorudur. Filmin həm senari müəllifi, həm də operatoru
özüdür. Film Şəkinin Daşbulaq kəndində çəkilib. Orada səsləndirmə bizə məxsus
olsa da, sonradan Türkiyə bu filmi bəyəndiyindən, dublyaj etdilər və ilk
nümayişin iyul ayında Türkiyədə, daha sonra Amerikada olacağı gözlənilir. Azərbaycanda
isə oktyabr aylarında göstəriləcək. Düzünə qalsa, bu yerə gələcəyimizi gözləmirdim.
Çəkilişlər zamanı isə məni düşündürən ən böyük sual o idi ki, bu film necə olacaq,
özümü layiqincə göstərə biləcəyəmmi, bəyənəcəklərmi? İlk dəfə olduğu üçün böyük
məsuliyyət vardı çiyinlərimdə.
- Çəkilişlərdə hansı çətinliklərlə
qarşılaşdınız?
- Çəkilişlərə 2018-ci ilin avqust ayının 1-dən
başladıq və tam üç ay – oktyabrın sonuna qədər davam etdik. Filmin əvvəlində,
avqust ayında çəkilişlərdə daha çox heyətlə çəkilmişdik, sona doğru çətinliklər
artırdı. Çəkilişlərin sonuna doğru çətinliklərdən ən böyüyü su səhnələri oldu,
oktyabrın son günləri idi, hava və su soyuq idi. Çəkilişlər həm aktyor heyətinə,
həm də texniki heyətə böyük çətinliklər yaradırdı. Qısacası, əziyyətimiz çox
olsa da, komanda olaraq bu çətinliklərin öhdəsindən layiqincə gələ bildik.
- Filmdəki obrazınız
haqqında nə deyərdiniz?
- Filmin özü haqqında çox da geniş danışmaq istəməzdim
ki, marağı itməsin, hamıya maraqlı olsun. Obraza gəlincə, film tək bir obrazın
üstünə yüklənməyib. Senari elədir ki, insanlara iynə vurub, üzərlərində təcrübə
aparırlar, uğursuz olanları isə öldürmək istəyirlər. Lakin Ejla və Arvin
onların əlindən qaçır. Ejla obrazını mən ifa edirəm. Onlar qaçdıqlarını, xilas
olduqlarını düşünsələr də, qaçarkən dərin bir çuxurun içinə düşürlər. Bütün
qorxulu və dəhşətli günləri bundan sonra başlanır. Ejla özünü artıq sona
hazırlamış obrazdır, onu yalnız ölüm gözləyir və çox qorxur.
- Ejla sizin kinoda ilk
işinizdir?
- Bəli, bu mənim ilk ekran işimdir və daha əvvəl heç
bir filmdə oynamamışam. Ona görə də hər kəsin fikrini, danışılanları, yazılan rəyləri,
film haqqında düşüncələri diqqətlə izləyirəm. Yəqin ki, film ekranlara tam
çıxdıqdan sonra tamaşaçıların münasibətini tam aydınlaşdıra biləcəyik.
- Teatr aktrisası kimi
tanınmaq, ekranlara gəlmək, ələlxüsus paytaxtdan uzaqda elə də asan deyil. Bu
yolda ən böyük dəstəkçiniz kimdir?
- Teatrımız rayondadır, yalnız festivallar müddətində
başqa rayonlara və paytaxt Bakıya gedirik. Film isə ilk işim oldu ki, Şəkidə çəkildi,
məsafə cəhətdən çətinliyim olmadı. Dəstək məsələsinə gəlincə ətrafımda olan, məni
sevən hər kəsdən dəstək gördüm. Təbii ki, ilk növbədə, ailəm.
- Bəs, bu yolda qarşılaşacağınız çətinliklər sizi
qorxutmur?
- Ekran işlərinin ardı gəlirsə, aktrisa kimi davam
edəcəyəmsə, əlbəttə ki, çox problemlərlə qarşılaşacağımı bilirəm. Lakin bu çətinliklərə
hazır olduğumu düşünürəm. Çalışacağam ki, hər atdığım addımda, hər gördüyüm işdə
öz üzərimdə işləyərək daha yaxşısını və mükəmməlini yarada biləm.
- Gələcəyə dair arzu və
istəyiniz?
- İstəyirəm kino sahəsində fəaliyyətimi davam
etdirim. Hələ ki böyük planlarım yoxdur, amma inanıram ki, zamanla olacaq.
Nigar Pirimova
Teatrşünas