• çərşənbə axşamı, 19 mart, 07:22
  • Baku Bakı 8°C

Bakı Bələdiyyə Teatrının yaratdığı Nəsimi - Fotolar

14.11.19 19:09 4761
Bakı Bələdiyyə Teatrının yaratdığı Nəsimi - Fotolar
Bakı Bələdiyyə Teatrı cari mövsümdə ilk premyerasını təqdim etdi. Teatr yenə öz binasında deyil, fərqli teatrın səhnəsində tamaşaçıların görüşünə gəldi. Bu dəfə fərqli olan təkcə teatr binası deyildi, kollektivin Bələdiyyə teatrının qurucusu olan Amaliya Pənahovasız ilk premyerası idi. Bakı Bələdiyyə Teatrı deyiləndə ilk ağla gələn insanın - mərhum sənətkarımız Amaliya Pənahovanın yeri görünürdü.
Noyabrın 7-də 27 yaşı tamam olan Bələdiyyə Teatrının aktyorlarını teatr səhnəsində çox az görürük. Səbəb isə bəllidir, teatr binasının əlverişli olmaması. Teatrın yaradıcı heyəti hər dəfə yeni tamaşa hazırladıqda onu müxtəlif teatrlarda, əsasən də, Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdirirlər. Qonşu teatrda çıxış hər nə qədər ürəkaçan olmasa da, bu, Bələdiyyə Teatrının taleyidir və görünən odur ki, onlar öz taleyi ilə barışıblar. Bu səbəbdən teatrın aktyor heyətini daha çox filmlərdən, seriallardan tanıyırıq. Bələdiyyə Teatrının aktyorlarının potensialına hər kəs bələddir. Çünki onlar Amaliya Pənahova məktəbi keçiblər. Mərhum sənətkarın dəst-xətti bu aktyorların oyununda özünü büruzə verməkdədir.
Keçək əsas məsələyə. Noyabrın 12-də teatrın hazırladığı İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan "Nəsimi” adlı yeni tamaşanı izlədik. Uzun müddətdir ki, teatrda belə bir tamaşanın hazırlandığından xəbərdar idik. Amaliya Pənahovadan sonra teatrın tamaşaya qoyduğu ilk səhnə əsərini görmək, yeni Nəsimini tanımaq üçün biz də seyrçilər arasında idik.
Tamaşa başlamazdan əvvəl İsa Hüseynovun "Məşhər” romanı əsasında yeni səhnə redaksiyasının müəllifi dramaturq Çingiz Ələsgərli, quruluşçu rejissor Mərahim Fərzəlibəyov səhnəyə çıxaraq tamaşaçıları salamladılar. Nəsimi yaradıcılığından bəhs edib, bu dəfə başqa bir Nəsimiyə şahidlik edəcəyimizi bildirdilər. Nə yalan deyək, İ.Hüseynovun "Məşhər” romanı əsasında çəkilən "Nəsimi” filmindəki bir çox fraqmentləri gözləsək də, qarşımıza başqa bir "Nəsimi” çıxdı. Yəni, onların dediklərində, haradasa, həqiqət vardı. Amma və lakin necə, hansı formada?
Əvvəla, ondan başlayım ki, tamaşadan öncə bizə gözəl dizaynda hazırlanmış, üzərində Nəsiminin öz rəsmi və şairin obrazını canlandıran Tural Əhmədin Nəsimi qiyafəsində fotosu, içərisində aktyorların şəkilləri və adları qeyd olunan broşürlər təqdim edildi. Broşürdən da görünürdü ki, bu tamaşaya ciddi hazırlıq görülüb.
"Nəsimi” filmindən, eləcə də il ərzində Nəsimi haqqında yazılan kitablardan, keçirilən tədbirlərdən şairin həyat və yaradıcılığı ilə bağlı məlumatları hər kəs əzbər bildiyindən əsərin xırdalıqlarına varmaq istəmirik. Yeni tamaşada Nəsimi hürufiliyin təbliğatçısı kimi deyil, daha çox insani keyfiyyətləri özündə ehtiva edən bir şəxsiyyət kimi təqdim edilir. Eyni ədəbi əsas üzərində hazırlansa da, tamaşanın "Nəsimi” filmi ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Tamaşada tarixi faktlara çox az yer verilib. Əsərin konfliktini gücləndirmək üçün müxtəlif üsullardan istifadə edilib. Misal üçün, tamaşada Əmir Teymurla Nəsiminin görüş səhnəsində aydın şəkildə görünür ki, Teymur özü də Nəsimiyə inanır. O, Nəsiminin fikirlərini sual şəklində təkrarlayır. Bu isə o deməkdir ki, Teymur, haradasa, Nəsiminin fikirlərini, insanın Tanrıya yaxınlığını qəbul edir. Əmir Teymur kimi bir xaqanda müəyyən cücərtilər baş qaldırır.
Nəsimi böyük ədib olmaqla yanaşı, eyni zamanda bir şəxsiyyət olaraq cəmiyyət tərəfindən sevilib. Tarixi mənbələrdə isə qəzəllərinə görə daha çox xanımlar tərəfindən sevildiyi yazılır. Tamaşada təqdim olunan Nəsimi bizim gözümüzün alışdığı Rasim Balayev deyildi. Hərçənd ki, döyüşkən, qəhrəman aşiq obrazı bu rolu canlandıran Tural Əhmədin əyninə biçilib desəm, yəqin ki, yanılmaram. Tamaşada Nəsiminin səhnəyə ilk gəlişi çox adi təqdim olunur, onun ağırlığı, özünəməxsus sanbalı o qədər də diqqəti cəlb etmir.
Tamaşa başlanğıcı və sonluğu ilə daha çox diqqət çəkər deyiblər. Bu tamaşanın timsalında isə bunun əksini gördük. Tamaşanın əvvəlindəki uzun-uzadı dialoqlar çox soyuq və yorucu təsir bağışlayırdı. Daha sonra eyni templə davam edən tamaşada biz qəzəllər, maraqlı xoreoqrafik həll gözləyirdik. Təəssüf ki, gözləntilərimiz elə gözlənti olaraq da qaldı. Ancaq tamaşada yeniliklər də kifayət qədər idi. Tamaşaçıların sevərək qəbul etdiyi Fatma obrazını Əməkdar artist Hüsniyyə Mürvətovanın ifasında izlədik. Əvvəla, onu qeyd edim ki, bu teatrın bütün aktyorları istedadlıdır. Hüsniyyənin isə öz dəst-xətti, oyun tərzi, səhnə plastikası var. Hər obrazı asanlıqla canlandırmağı bacaran Hüsniyyə xanımın Fatma obrazı yeni bir ab-hava bəxş etdi.
Tamaşada kütləvi səhnələr azlıq təşkil edir. Səhnə, sözün əsil mənasında, boşluğun içərisində qalır, monoloqlara isə daha çox yer verilmişdi.
Mənim üçün tamaşanın kuliminasiya nöqtəsi Əmir Teymurla Nəsiminin dialoqu oldu. Nə yalan deyim, Əmir Teymur obrazının müəllifi İlqar Musayev bizi çox təəccübləndirdi. Sanki bu obraz məhz onunçün yaradılmışdı. Aktyorun potensialı, qəzəb hissi, gözlərindəki nifrət tamaşaya ayrıca bir rəng qatırdı. Yəni hiss edirdin ki, bu, həqiqətən, Əmir Teymurdur, özüdür ki, var. Aktyordan o enerjini almaq mümkün idi. Bu tamaşada İlqar Musayevi özüm üçün yenidən kəşf etdim. Aktyorun daxili potensialı, obrazını mənimsəməsi, mimikaları, jestləri, xüsusilə Nəsimi ilə dialoq səhnəsi zərgər dəqiqliyi ilə işlənmişdi.
Əvvəldə də vurğuladığımız kimi, bu, bir başqa Nəsimidir. Müəllif əsərə fərqli, tanımadığımız qəhrəmanlar da əlavə etmişdi. Onların rolları epizodik olsa da, yaddaqalan idi. Buraya Nəsimini sevən, bunu dilinə gətirməkdən qorxmayan, onun qəzəllərini sevərək oxuyan Zəhra obrazı da daxildir. Zülfiyyə Qurbanovanın canlandırdığı Zəhra obrazı rejissorla müəllifin tapıntısı idi. Onlar tamaşaçıya Nəsimi yaradıcılığının vurğunu olan qızlardan sadəcə birini göstərməyə çalışmışdı.
Bələdiyyə Teatrının aktrisaları, ümumiyyətlə, səhnə plastikası ilə bərabər, gözəl fakturaya və gözəl görkəmə malikdirlər. Onlardan biri də tamaşada Nəsimiyə hədiyyə olunan kəniz Əzra obrazıdır. Bu rolu canlandıran Ülviyyə Rza səhnədə qısa müddət olmasına baxmayaraq, maraqlı plastikası və dolğun ifası ilə tamaşaçıların ürəyinə yol tapa bilir.
Tamaşada İbrahim şahı Əməkdar artist Rafiq İbrahimov, Gövhər şahı Toğrul Rza, Şeyx Əzəmi İsmayıl Atakişiyev, Həmzəni Əməkdar artist Əhməd Salahov, Yusif obrazını isə Mehman Abdullayev canlandırırdı.
Səhnə sadə dekorlarla bəzədilmişdi, arxa hissədə asılmış dəmir halqalar yeri gələndə keçid, yeri gələndə dekor və zirzəmi kimi istifadə olunurdu. Səhnənin hər iki tərəfində Nəsiminin yazdığı qəzəllər əks olunmuşdu. Hazırlanan səhnə isə saray, küçə, zindan rolunu oynayırdı.
Tamaşada Nəsimini fərqli şəkildə görmək mümkün olur. Belə ki, rejissor insanın Tanrıya yaxınlığını, Nəsiminin bu fikirlərinin bütün insanların, hətta dünyada ən amansız xaqanların belə fikirlərini dəyişməyə qadir olmasını göstərməyə çalışılıb. Bu tamaşada Nəsimi həm insan, həm şair, həm də bir aşiq kimi tamaşaçılara təqdim olunur.
"Nəsimi” tamaşası Nəsimiyə fərqli bir baxış bucağıdır. Belə ki, dahi Azərbaycan şairinin zəngin yaradıcılığı ilə tanış olduqdan sonra insanların təxəyyülündə bir Nəsimi formalaşıb. Bu tamaşada isə Nəsiminin daha çox insani keyfiyyətləri və yaradıcılığı önə çəkilib. Filmdəkindən fərqli olaraq, tamaşanın sonunda Nəsiminin dərisi soyulmur. Hər kəsin gözlədiyi o sonluq baş tutmur. Sonda Nəsimi öz davamçılarını ardınca aparır.

Xəyalə Rəis
Teatrşünas







banner

Oxşar Xəbərlər