Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar

Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar

İdman
20 Avqust 2019, 19:00 13093
Dünyanın sürətlə inkişaf edən ölkələrindən olan Azərbaycan həm də qabaqcıl idman dövlətlərindən biri kimi tanınır. Ölkəmizdə bütün sahələr kimi, idman da uğurla inkişaf edir. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanda fiziki və mənəvi cəhətdən hərtərəfli inkişaf etmiş istedadlı gənc nəsil yetişir. Yeniyetmə və gənc idmançılarımız beynəlxalq arenada böyük uğurlara imza atır, müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil edib, dövlət bayrağımızı yüksəklərdə dalğalandırırlar. Bütün bunlar Azərbaycanda idman siyasətinin düşünülmüş şəkildə aparıldığını bir daha təsdiq edir. Dövlətin məqsədyönlü idman siyasəti gələcəkdə də Azərbaycanın bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq etməsinə geniş imkanlar yaradacaq.

Bu sözləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, professor Yusif Babanlı AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

İdmanın maddi-texniki bazasının ən müasir standartlara uyğun qurulması böyük perspektivlər vəd edir

Ölkəmizdə Olimpiya hərəkatının və bütövlükdə idmanın inkişafında yeni mərhələnin əsasının 1997-ci ildə İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə qoyulduğunu bildirən Y.Babanlı bundan sonra Azərbaycanın idman uğurlarının yeni mərhələsinin başlandığını bildirib. O qeyd edib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin uğurla davam etdirilməsi nəticəsində ölkəmiz idmanda böyük nailiyyətlərə imza atıb. Qazanılan qələbələr Azərbaycanın hər bir gəncində qürur hissi yaradır. Bu sahənin inkişafı üçün ötən illərdə kompleks tədbirlər görülüb. İdmançıların təlim-məşq proseslərinin yüksək səviyyədə təşkili qazanılan nəticələrdə təsdiqini tapır. Federasiyalar, idman klubları, cəmiyyətləri uğurla fəaliyyət göstərir, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və digər müvafiq qurumlar dövlət idman siyasətinin uğurla reallaşmasına mühüm töhfə verirlər. Azərbaycanda idmanın maddi-texniki bazasının ən müasir standartlara uyğun qurulması və bu işin böyük sürətlə davam etdirilməsi böyük inkişaf perspektivləri vəd edir. Sevindirici haldır ki, indi klublar və federasiyalar da idman bazalarını yaradırlar. Bölgələrdə Olimpiya İdman komplekslərinin tikintisi rayonlarımızda idmanla məşğul olmaq üçün imkanları daha da genişləndirir. Təsadüfi deyil ki, beynəlxalq arenada qazanılan nailiyyətlərdə bölgə idmançılarının da böyük payı var.

Azərbaycanın zəngin mədəniyyəti, tarixi irsi, bugünkü reallıqları kifayət qədər geniş şəkildə təqdim edilir

Yusif Babanlı dünyanın idman mərkəzlərindən birinə çevrilən Azərbaycanın ən mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib: "Son illər respublikamızda təşkil olunan irimiqyaslı müxtəlif tədbirlər, yarışlar, sərgi, konsertlər həm də Azərbaycanın zəngin mədəniyyətini, tarixi irsini, bugünkü reallıqlarını kifayət qədər geniş şəkildə təqdim etmək üçün imkanlar yaradıb. Respublikamızda ən mötəbər beynəlxalq yarışların təşkili üçün hər cür şərait var. Birinci Avropa, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 və digər irimiqyaslı yarışlar bunu bir daha təsdiqləyib. Həm I Avropa, həm də IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilində Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın misilsiz xidmətləri var. Məhz Mehriban xanımın yüksək təşkilatçılıq qabiliyyəti nəticəsində bu yarışlar bütün dünyada geniş əks-səda doğurdu.

İrimiqyaslı tədbirlər zamanı ölkəmizə gələn qonaqlar, idmançılar, məşqçilər, idman mütəxəssisləri həm də yarışlardan sonra ölkəmizlə yaxından tanış olmaq imkanı qazanır, burada gedən sürətli inkişafın şahidi olurlar. Azərbaycana gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Şübhəsiz, bu cür mühüm əhəmiyyət daşıyan irimiqyaslı tədbirlərin turistlərin cəlb edilməsində böyük rolu var. İdman tariximizdə ilk dəfə olaraq, Bakı UEFA Avropa Liqasının final matçına ev sahibliyi etdi. Bundan başqa, ölkəmiz futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına da ev sahibliyi edəcək. Bu nüfuzlu turnirə ev sahibliyi hüququ əldə etmək o qədər də rahat deyil. Bir çox inkişaf etmiş şəhərlər çox istəyirlər ki, bu mötəbər yarış məhz orada baş tutsun. Azərbaycanın bütün sahələrdə inkişafı, mükəmməl infrastruktur, müasir idman obyektləri, möhtəşəm Bakı Olimpiya Stadionu, gözəl otellər, ölkəmizdə hökm sürən sabitlik və təhlükəsizlik kimi mühüm amillər bu qərarın verilməsində böyük rol oynayıb. Əldə edilən nəticələr göstərir ki, cəmi 28 illik müstəqillik dövründə biz ən yüksək zirvəyə çata bilmişik”.

Əldə edilən qələbələr cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır

Prorektor Yusif Babanlı idmanın yüksək sürətlə inkişafının ölkəmizin həm də ümumi inkişaf səviyyəsini göstərdiyini vurğulayıb. O qeyd edib ki, dünyanın ən mötəbər idman tədbirlərindən olan Olimpiya Oyunlarında Azərbaycan idmançıları möhtəşəm qələbələr qazanıblar: "Olimpiya Oyunlarında Azərbaycan komandasının əldə etdiyi nəticələrə nəzər salsaq, hər olimpiadada uğurların əvvəlki ilə müqayisədə artdığını görərik. Qeyd edim ki, Azərbaycan yığma komandası sonuncu - Rio Olimpiadasında əvvəlki olimpiadalarla müqayisədə daha geniş heyətlə – idmanın 18 növü üzrə 56 idmançı ilə təmsil olunub. "Atlanta 1996”da 1, "Sidney 2000”də 3, "Afina 2004”də 5, "Pekin 2008”də 7, "London 2012”də 10 medal qazanan Azərbaycan komandası "Rio 2016” Yay Olimpiya Oyunlarında tarixi qələbəyə imza ataraq 18 medal əldə edib. Bu nəticə ilə yığmamız medalların sayına görə 207 iştirakçı və 87 mükafatçı dövlət arasında 14-cü yeri tutub. Müxtəlif idman növləri üzrə dünya, Avropa çempionatları, nüfuzlu beynəlxalq yarışlarda da komandamızın əldə etdiyi nəticələr yüksəlməkdə davam edir. Bu qələbələrin hər biri cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, uşaq və yeniyetmələri idmanla məşğul olmağa sövq edir. Gənclərimiz Olimpiya, dünya, Avropa çempionlarına oxşamaq, dövlətimizin bayrağını onlar kimi yüksəklərdə dalğalandırmağı arzulayırlar.

Artıq Tokio Yay Olimpiya Oyunlarına hazırlıq həlledici mərhələyə qədəm qoyub. Müxtəlif idman növləri üzrə təmsilçilərimiz olimpiadaya lisenziya qazanmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Atletlərimiz ənənəyə sadiq qalaraq növbəti Olimpiya Oyunlarında qələbələrin sayını daha da artırmaq arzusundadırlar”.