Ayla Bəhramqızı: “Bu mənim hələ heç yerdə demədiyim sirrimdir...”
Ailəsi tərəfindən rejissor olmasına qəti etiraza
baxmayaraq teatrı qanında, canında hiss edən Ayla öz arzusunun ardınca gedib,
bu sənətə gəldi. Hazırladığı tamaşalarla çoxlarının sevgisini qazandı. Bu gün
Dövlət Gənc Tamaşaçılar Teatrında həm
uşaqlar, həm də böyüklər üçün hazırladığı tamaşaları ilə daima yenilik
axtarışında olan Ayla Bəhramqızı gələcəkdə də maraqlı səhnə əsərləri yaratmaq
eşqi yaşayır. Bunu gənc rejissorla söhbətdə də bir daha gördük.
-Özünüzü tamaşaçılara təqdim edin.
-Ayla Bəhramqızı, əvvəlcə Bülbül adına orta musiqi
məktəbində təhsil almışam. 6-cı
sinifdən təhsilimi Tərəqqi orta humanitar liseyində davam etdirmişəm. Ardınca Mədəniyyət
və İncəsənət Universitetinin Dram rejissorluğu fakultəsinə qəbul olmuşam.
Bakalavrı bitirən kimi, magistr pilləsində oxumuşam. 2013-cü ildən Gənc
Tamaşaçılar teatrında işləyirəm.
-Necə oldu ki, bu sənətə gəldiniz?
-Bilirsiniz ki, rejissor ailəsində doğulmuşam.
Kiçik yaşlarımdan atamla Akademik Milli Dram Teatrına gedirdik, onun məşqlərində
olurdum. Amma heç vaxt fikrim olmayıb ki, teatrda işləyim. Böyüdükdən sonra
fikirləşdim ki, nə olmaq istəyirəm? Əslində, evdən müəllim olmağımı
arzulayırdılar. Ona görə də əvvəl BDU-ya hazırlaşmaq istədim, lakin sonda
fikrimi dəyişdim və evdə bildirdim ki, İncəsənətə qəbul olmaq istəyirəm. Bu
fikrimə ilk qarşı çıxan elə atam oldu. Mən isə fikrimdən daşınmadım, sənədlərimi
verdim və qəbul oldum. Onu da deyim ki, birinci kursda olanda atam mənim orada
oxumağımı qəbul etmirdi, mənimlə heç nə bölüşmürdü, əhəmiyyət vermirdi (gülürük). İkinci kursdan iş elə gətirdi
ki, Bəhram müəllim bizim kurs rəhbərimiz oldu. Amma yenə də məni qəbul etmirdi.
Bir dəfə bir tamaşa hazırladım, bu tamaşadan sonra artıq mənimlə nələri isə
bölüşməyə başladı. Atam rejissorluğa daxil olmama bir şərtlə razı idi ki, bitirəndən
sonra qalıb müəllimə işləyim. Əvvəldən deyirdi ki, rejissorluq qadın sənəti
deyil. Lakin mən dediyimdən dönmürdüm, indi isə anlayıram ki, düz deyirmiş.
Buna əvvəl razılaşsam da, magistraturaya qəbul olduqdan sonra müəllim
olmayacağımı bildirdim. Həmişə demişəm ki, teatr mənim qanımdadır. Düzdür, evdə heç vaxt teatr barədə bir kəlimə də söz
danışılmazdı. Evə girdinsə tamam başqa dünyadasan. Ancaq görünür məlum məsələ mənə
də sirayət edib.
-Bəhram müəllim işlərinizi bəyənir, dəstək olur,
yoxsa daha çox tənqid eşidirsiz?
-Biz bir teatrda çalışırıq, rəhbərimdi mənim. Amma
burda nə mən onun qızıyam, nə o mənim atamdı. Yeri gələndə dalaşırıq da,
sözümüz də düşür, narazılıq da olur. Ancaq mənə heç vaxt öyrətmir ki, nəyi necə
edim. Hətta, başqalarının məşqlərinə mənimkindən çox gedir. Bu da məlumdur,
qızı olduğum üçün belə edir. Əslində bu, mənimçün böyük məktəbdir. Çalışıram,
vuruşuram və hər şeyi özüm edirəm. Nə qədər
çətin olsa da, sonda mütləq çıxış yolu tapıram. Hazırladığım
tamaşalardan sonra ən çox sevdiyim, Bəhram müəllimin baş rejissor kimi ayağa
durub, əlimi sıxıb təbrik etməsidir.
-İndiyədək eşitdiyiniz və sizə ağır təsir edən tənqid
olubmu tamaşanız barədə?
-(Bir az fikrə
gedir) Olub. Tənqiddən qorxan insan deyiləm, əksinə, sevirəm mənə həqiqətən
kömək olacaq, səhvimi göstərəcək tənqid desinlər. Bundan ancaq nəticə
çıxarıram. Çünki yalnız tərif varsa, demək yola verirlər səni. Yox, tənqid
varsa, demək ki, nə isə iş görmüsən və bu barədə danışılacaq bir şey var. Ən
böyük tənqidi ilk dəfə böyüklər üçün tamaşaya qoyduğum "Ağ ölüm” tamaşasından
sonra Aydın Talıbzadə edib. Onda mənim 23 yaşım vardı. Təsəvvür edin, ilk böyük
tamaşan və səni tənqid edirlər, atam da burda yox idi. O zaman nə ona, nə də
kiməsə heç nə demədim. Minimalist üslubunda olan tamaşama yeniliklər gətirmişdim.
Sonacan qulaq asdım, söz mənə verildikdə isə bir söz dedim- "mən tamaşanı
tamaşaçı üçün hazırlamışam. Qəbul etməsələr, siz deyənlərin hamısını dəyişəcəm”.
Allaha şükür qəbul da olundu, sevildi də və bu günə qədər repertuarda davamlı
olaraq nümayiş olunur.
-Daha çox kimləri özünüzə müəllim bilirsiniz. Yaxud
elə bir insan varmı ki, deyəsiniz ondan öyrənməli çox şey var?
-İnanırsınız ki, atamdan belə öyrənməmişəm (gülürük). Hətta, bir dəfə onun məşqlərində
iştirak etmək istədikdə niyəsini də soruşublar. Mənə maraqlı idi, Bəhram müəllim
necə tamaşa hazırlayır, məşqlərini necə aparır, görəsən baxmadan onun etdiklərindən
nəyisə edirəm? Müəllimim o olsa da, bazam ondan olsa da, bu günə qədər hələ də
görmək qismət olmayıb. Məşqlərimiz çox vaxt üst-üstə düşüb, ya necəsə alınmır.
Qalan elə bir insan da yoxdur deyəm ki, sırf ondan öyrənirəm. Hamıya baxıram,
hamıdan öyrənirəm. Kimdə maraqlı nə olursa özümçün yenilik kəşf edirəm. İstər
aktyor olsun, istər rejissor.
-Tamaşalarınız içərisində ən əziyyətli başa gələn
hansı tamaşa olub?
-"Ağ ölüm” tamaşası.
-Niyə?
-Quruluşçu rejissor kimi ilk işim idi. Obrazları
tapmaq, onları yenidən yaratmaq çətin idi. Sənətdə belə bir söz var "aktyoru
sındırmaq”, onu etməyi sevirəm. Ola bilər kimsə desin ki, bu onun qabında
deyil, yaxud başqası belə oynayarrdı. Ola bilər, lakin mən sevirəm ki, aktyorun
məhz bilinməyən tərəfini aşkara çıxarım. Və hər dəfə tamaşalarımda da çalışıram
heyəti dəyişəm.
-Elə olubmu ki, qoyduğunuz tamaşalardan hansınınsa
premyerası olub və siz premyeradan sonra bəyənməmisiniz?
- (gülür)
Olub, "Çeburaşka” (tərəddüd edərək deyir).
Bu günə qədər hər dəfə baxdığımda fikirləşirdim nə isə çatmır, nə qədər edirdim
istədiyimi almırdım. İlk dəfə onda Bəhram müəllimə dedim ki, tamaşada nə isə
çatmır. Məhz bu gün tamaşaya baxdığımda anladım ki, çatışmayan aktyorlardakı sətbəstlik
idi. Bu gün aktyorlar "bişmişdilər” obrazlarında, özününküləşdirmişdilər. Səhnədə
o qədər sərbəst idilər ki, artıq hər şey yerində idi.
-Başqa teatrlardan təklif gəlsə, gedərsinizmi?
-Bura o qədər öyrəşmişəm ki, doğma evim kimidir.
Ancaq təklif gəlsə gedərəm, səbəbi isə budur ki, yeni aktyorlar tanıyım, çevrəmi
genişləndirim. Lakin hara getsəm ora mənim üçün ancaq iş olaraq qalacaq.
Burdakı rahatlıq, doğmalıq heç yanda olmayacaq.
-Çox insanlar incəsənət adamıyla ailə qurmağa
ehtiyat edir, yaxud heç razılaşmırlar. Sizdə necə oldu..?
-Bilirsiniz necədi, düz vurğuladınız. Bu gün bizim
cəmiyyət hələ də o səviyyədə deyil ki, incəsənət sahəsində çalışan hər kəsi
olduğu kimi qəbul etsin. Bizim cəmiyyətimizdə əgər kimsə incəsənət sahəsində
çalışırsa, onu tanımadan, bilmədən uzaq gəzirlər. Başa düşən insan, sevən insan
həm dəstək, həm də arxa-dayaq olacaq. Belə insanlar da çox az olur. Ona görə də
alınmadı... Bilirsiz, evdə dalaşırsan, evdən getmək istəyirsən, amma teatrda
dalaşırsan, teatrdan getmək istəmirsən. Tərəziyə qoyub fikirləşəndə, anlayırsan
ki, teatrsız qalmaq mümkün deyil. Əsl rejissor odu ki, tamaşa hazırlayacaqsa
bütün fikri ancaq o tamaşaya yönəlir, sanki bir kapsulanın içindəsən, tamaşa
bitəcək və sən onda azad olacaqsan.
-Tamaşa hazırlayarkən əsas hansı meyarlara fikir
verirsiniz?
-Mənim ən böyük meyarım budur ki, tamaşa təkcə
teatr üçün hazırlanmasın. Kompakt tamaşaları sevirəm. Tamaşa ilk növbədə nə isə
öyrətməlidir. Bu olmasa deməli tamaşa boş, mənasız bir şeydir. Rahat tamaşa
olsun, burda səhnə, dekorlar, geyimlər vacib deyil, əsas olan aktyor oyunudu.
-Teatrdan başqa hansısa layihələriniz olubmu?
-Xeyr, hələ indiyədək fərqli bir layihəm olmayib.
-Bu gün gənc rejissorlardan kimlərin işini bəyənirsiniz?
-Adların eşitdiklərim var, ancaq işlərini görməmişəm.
Düzü işlərim çox olur, vaxtım az. Ona görə də hələ heç birinin işlərini izləməmişəm.
-Tamaşalarınızın çoxu uşaqlar üçündür. Bu nədən irəli
gəlir, yəni gəncsiniz deyə, ya başqa səbəblər var?
-Bəlkə də içimdə bir uşaq var, uşaq ruhlu olduğum
üçündür. Hərdən mənə sual veriləndə deyirəm 35 yaşdan sonra daha dərin
tamaşalara keçəcəm, böyüyəcəm (gülür).
Böyüklər üçün də tamaşalarım var, arada onlara müraciət edirəm ki, fəqlilik
olsun. Yenidən uşaq tamaşalarına qayıdanda daha maraqlı hazırlayım. Əslində
uşaq tamaşalarını hazırlamaq daha çətindir. Onu uşağa çatdırmaq, öyrətmək,
aktyoru "sındırmaq”, maraqlı olmaq daha məsuliyyətlidir.
-Bu gün teatrlarımızın fəaliyyətini bir gənc
rejissor kimi necə qiymətləndirirsiniz. Özünüz vaxt tapanda hansı teatrlara baş
çəkirsiniz?
-Ən son baxdığım tamaşa Rus Dram Teatrındakı "Əli və
Nino” tamaşası olub. Sonra bizim teatrdakı "Arzu və Murad” tamaşası idi. Hətta,
bu tamaşada ağlamışam da. Bu günün teatrına gəlincə daha yaxşı, dərin ola bilərdi.
Lazimi səviyyədə deyil. Mən əvvəl fikirləşirdim ki, gənclərə kömək etmirlər,
yer vermirlər deyə problem budur. Lakin bu gün anlayıram ki, yanılmışam, dövlət
tərəfindən hər cür köməklik olunur. Problem aktyorlardadı, kifayət qədər işləmirlər
deyə nəticə də istənilən alınmır.
-Bəs nə lazımdır?
-Tamaşaçını maraqlandıran bir şey. Aktual və
seyrçinin diqqətini çəkən nəsə olmalıdır. Pyesdə olmasın, aktyorun və ya
rejissorun tapıntısı ola bilər. Əgər bu varsa baxılar. Təəssüflər olsun ki, bu
gün teatrlardakı tamaşaların hamısında bu yoxdur.
-Mövsümün sonuna doğru iki uşaq tamaşası olacaq və
birini, "Tənbəl Əhməd”i siz hazırlayacaqsınız...
-"Çeburaşkanı” təhvil verəndən sonra, məzuniyyətə
çıxmaq fikrim vardı və düşündüm ki, rahat oturub "Vinni Pux” tamaşası üzərində
işlərəm. Ancaq səhəri gün Mubariz müəllim məni işə çağırdı və təklif etdi ki,
"Tənbəl Əhməd”i hazırlayım. Düzü mənə çox xoş idi ki, ilk dəfə direktorumuz mənimlə
bu cür ətraflı söhbət edir, məsləhətlər verir və istəklərin bildirdi. Beləcə bu
işə başladıq və sağlıq olsun, iyun ayının 4-ü premyerası gözlənilir.
-Məşqinə başlamadığınız, lakin gələcəkdə
reallaşdırmaq istədiyiniz hansısa pyes varmı?
-Var. Uşaq tamaşalarından ən çox "Vinni Pux”u, ,
"Bilməcənin macəraları”nı, böyüklərdən isə "Paris Noterdam kilsəsi”ni
hazırlamağı arzulayıram. Bir də indi fəaliyyətdə olan dramaturqlardan birinin
pyesini işləmək. Mən tamaşanı hazırlarkən, o da gəlib məşqlərdə iştirak etsin,
məsləhətlər versin.
-Kimlə daha çox?
-İlqar Fəhmi, Əli Əmirli ilə işləməyi istərdim.
-Hər rejissorun öz sevimli aktyor heyəti olur ki,
onunla işləmək rahat gəlir. Sizdə belə bir heyət varmi, yoxsa kim oldu işləyirsiniz?
-Əslində məndə də var, ancaq mən eynilik etmək istəmirəm.
Teatrın belə bir qanunu var ki, özünə dairə yığmamalısan. Mən yenilik etməyi
sevirəm. Hər dəfə yeni aktyorlarla işləmək istəyirəm ki, həmin aktyoru o biri tərəfdən
təqdim edim. Əgər sən yaxşı rejissorsansa sən aktyoru sevimli aktyorum deyə
yox, aktyor rejissoru sevimli rejissorum deyib dalınca gəzsin. Dəfələrlə olub
deyiblər ki, filan aktyoru biz belə bilmirdik, amma sən onu bu yöndən də təqdim
edə bildim. Bax bu mənim üçün hər tərifdən daha üstündür.
-Heç olubmu ki, qoyduğunuz tamaşada özünüz də
oynamaq istəmisiniz? Və ya gələcəkdə belə bir şey düşünürsünüzmü?
-(Utanaraq
gülür) Ən böyük arzumdu aktrisa kimi rol almaq. Çox istərdim hansısa
tamaşada oynayım. Amma özüm qurmayım o tamaşanı.
-Niyə?
-İstəyirəm biləm rejissor tamaşadan danışanda,
aktyora nə isə göstərəndə aktyor hansı hissləri keçirir. Bilirəm ki, komediya
yarada bilmərəm, ona görə də dramatik bir obraz yaratmağı çox istərdim. Yaxşı
rejissor olmaq üçün, yaxşı aktyor olmaq lazımdır. Və mən aktyorlara rol başa
salanda bəzən obraza girirəm, yaxud gəlməyən aktyoru məşqdə əvəz edə bilirəm.
Ona görə də aktyorluq edə biləcəyimə inanıram. Bu mənim hələ heç yerdə demədiyim
sirrimdir.
-Rejissor yoxsa aktyorluq-hansı sizə görə daha çətindir?
-Mənə görə aktyorluq daha çətindir. Düzdür bəla
burasındadır ki, rejissor hər kəsin əvəzində daha çox işləyir. Amma bu belə
olmamalıdır. Hər kəs öz işin görəndə hamıya da rahat olur. Tamaşaya gəlincə hər
şey bitdikdən sonra rejissor gedə bilər. Aktyorlar isə bunu yaşatmalıdır hər dəfə.
Ona görə də elə hesab edirəm ki, aktyorluq daha çətindir.
-Səmimi söhbətinizi görə təşəkkür edir və işlərinizdə
uğurlar arzulayırıq.
-Çox sağ olun. Mən təşəkkür edirəm.
Nigar Pirimova
Teatrşünas