Aleksey Quskov: “Rəhbərsiz teatr canlı qəbirstanlıqdır”

Aleksey Quskov: “Rəhbərsiz teatr canlı qəbirstanlıqdır”

28 İyun 2016, 11:47 2747
Bu gün seyrci Aleksey Quskovu təkcə populyar kino aktyor kimi deyil, həm də Vaxtanqov Teatrının aparıcı fiqurlarından biri kimi tanıyır. Bu sayımızda sizə aktyorun teatral.online saytına verdiyi müsahibəni təqdim edirik:
-Aleksey siz Moskvanın bir çox teatrlarında işləmisiz, ancaq heç birində üç ildən artıq qalmamısız. Səbəb nədir?
-Bir sıra səbəblər var. Teatr planlı təsərrüfatdır, il ərzində iki-üç premyera təqdim edir, truppa isə 70 nəfərdən ibarətdir və sən oturub nəyisə gözləyirsən. Aktyor asılı peşədir, bu ictimaiyyətə bəllidir. Biz ədəbi materialdan, rejissuradan və s. asılıyıq. Mən cavanlığımda rol üçün il yarım gözləyə bilərdim və sonuc olaraq bir şey əldə etməyəndə teatrı tərk edərdim. Yeni teatra gələndə isə ilk vaxtlar sənə rol verirlər, premyerada rol alırsan sonra isə hər şey təkrarlanır.
-Vaxtanqov Teatrında sizə baş rol təklif etmədilər, ancaq siz bu teatra gəlmisiz...
-Vaxtanqov Teatrında olmağıma görə mən ilk növbədə həyat yoldaşıma (Vaxtanqov Teatrının aktrisası Lidiya Velejeva) borcluyam. Çünki onlar Vladimir Vladimiroviç İvanovla birgə Qorkinin pyesi əsasında hazırlanan "İnsanlar insan kimi” tamaşasını müzakirə edərkən Lida mənim namizədliyimi irəli sürdü. Həmin vaxt mən sərbəst idim və artıq teatr karyeramı başa vurduğumu düşünürdüm. Bununla yanaşı paxıllıq hissilə Lidiyanın Tuminasın quruluşunda "Maskarad” tamaşasındakı çıxışını izləyirdim. Böyük həvəslə Vaxtanqov Teatrına gəlirdim. Bu səbəblə İvanovun təklifinə dərhal müsbət cavab verdim və böyük məmnuniyyətlə onun hazırladığı tamaşada oynadım və oynamağa davam edirəm.
-Vaxtanqov Teatrında siz həmçinin Rimas Tuminasın "İlahi, bizə gülümsə” tamaşasında oynayırsız. Bu tamaşaya sizi rejissor dəvət edib, yoxsa özünüz təklif etmisiz?
-Mənim özümü təklif etməyim mümkün deyil. O vaxta qədər mən artıq teatrda müqavilə əsasında işləyirdim və İvanovun ikinci tamaşasında - Rey Kuninin pyesi əsasında "Adi vəziyyət”  tamaşasında oynayırdım. Burada mənim tərəf müqabilim Maşa Aronova idi. Beləcə iki illik iş dövrü və iki tamaşada iştirakımdan sonra Rimas Tuminas mənə yaxınlaşdı və tamaşasında rol təklif etdi.
-Həmkarlarınız qeyd edirlər ki, Rimas Tuminasla iş prosesi heç nəyə bənzəmir. Bir tərəfdən çətin, digər tərəfdən əyləncəlidir. Siz onu necə dəyərləndirirsiz?
-Çətin sualdır. Məşqlər başlanğıc olaraq bizə yad bir şəkildə keçir. Çünki Tuminasın "özünəməxsus teatrı” var və bu teatrda Tuminasın özünəməxsus koordinat sistemi mövcuddur ki, bunu anlamaq bir qədər zaman tələb edir. Lakin dərk etdikdən sonra hər şey asan görünür. Tuminasın teatrı xalis rejissor teatrıdır və mən düşünürəm ki, əsil teatr elə bu cür də olmalıdır. Çünki, rəhbərsiz teatr, rejissorsuz teatr teatr deyil, sadəcə istedadlı, talantlı insanlardan ibarət canlı qəbirstanlıqdır.
-Qeyd etmək gərəkdir ki, Vaxtanqov Teatrı ilk növbədə istedad yığmasıdır...
-Mən düşünürəm və bunu rahatlıqla deyə bilərəm ki, hal-hazırda Vaxtanqov Teatrının mükəmməl truppası var və mən truppa yoldaşlarıma hörmətlə yanaşıram. Teatrın ulduzu isə birdir-Rimas Tuminas. Mənim MBT studiyasında təhsil aldığım dövrdən bu yana teatr çox dəyişib. Mən bəzi anlamda köhnəpərəstəm. Lakin bu güm mənim qəbul etmədiyim dəyişiklik, yenilik gərəksiz demək deyil. Hər yeniliyin öz tələbləri və onu qəbul edən kütləsi var.
-Yeri gəlmişkən MBT studiyasının məzunu olaraq, demək olar tamamilə Şukin məktəbinin məzunlarından ibarət truppaya keçmək sizə çətin olmadı?
-Bilirsiz, harda işləməyindən fərqinə varmadan hər şey sənin özündən asılıdır. Tovstoqonov demişdir: "yaxşı aktyor yaxşı oynayır, orta aktyor orta, pis isə pis”. İlk vaxtlar mənimlə ünsiyyət qurmaq aktyor yoldaşlarım üçün çətin idi. Lakin zaman keçdikcə bir-birimizi tanıdıq və artıq düşünmürəm ki, indi kiməsə mənimlə çalışmaq narahatlıq versin. "İlahi, bizə gülümsə” tamaşasında demək olar bir neçə aktyor məktəbinin yetirmələri - Dövlət Teatr Sənəti İnstitutunun məzunu Vitya Suxorukov, MBT-studiyanın yetirməsi olan mən, Şukin məktəbindən Volodya Simonov və Vitya Dobronravov bir ideya ətrafında, rejissorun təyin etdiyi bir koordinat sistemində birləşmişik.
-Deyə bilərsinizmi ki, "bu mənim teatrımdı”?
-Xeyr. Mən hər fürsətdə gəlmə olduğumu xatırlayıram. Mən burada nağıllarda tər tökməmişəm, yeni il şənliklərində dovşan olmamışam, kütləvi səhnələrə çıxmamışam. Vaxtanqov Teatrına mən formalaşmış, mümkün ad və mükafatları almış aktyor kimi gəlmişəm.
-Bəs sizin teatr hansıdır?
-Maraqlı sualdır. Mənim teatr taleyim belə yazılmışdır ki, mən sanki axırıncı vaqona çatmaq üçün qaçmışam və son anda bu vaqonu qatardan ayırıblar. Lakin mən hər zaman ümid edirdim ki, öz teatrımı, öz kollektivimi və öz rejissorumu tapacam. Mən ümid edərkən Anatoli Efros, Yeji Qrotovski kimi reformatorları nəzərdə tuturdum.  Bu gün hər şey supermarket məntiqi üzərində qurulub - əlimizdə olanla ticarət edirik. Yaxşı rejissor sənə baş rol verən rejissordur... və ya ideya piar üçün skandala bağlıdır. Bu günkü teatrda təəssüf ki bundan başqa bir şey görmək olmur.
-Görünür siz buna görə həm də prodüserliklə məşğulsuz?
-Bəli. Düşünürəm, arzu edirəm və sonra arzularımdan nəyisə realizə edirəm. 
10 aylıq mövsüm ərzində teatrın ən anşlaq tamaşasına 40 min nəfər gəlir. Lakin həftə ərzində filmə 500 min nəfər baxır. Və əgər bu serialdırsa üstəgəl prayv-taym izləyici sayı bir gecə içində 20 milyona yüksəlir. 20 milyonluq insanın izlədiyi serialın ideyasından realizə olunmasına qədər keçdiyi yol sənin xoşbətliyindir və bunları bilərək özünü sadəcə, quru teatrın vurğunu kimi göstərməklə sən ən azı özün-özünü aldadırsan.
-Bilirəm ki, sənət adamları bir qədər mövhumatçı olurlar. Buna görə də hal-hazırda hansı film üzərində işlədiyinizi soruşmuram...
-Məsələ mövhumatda deyil. Sadəcə son nəticəni - alınıb və ya alınmayıb-premyerada bilmək olur. Etiraf edək ki, premyera da obektiv rəy vermir: dostların xoş sözləri, gözü götürməyənlərin tənqid atəşi və s. Obyektivlik yarım ildən tez əldə olunmur. O zaman sənə aydın olur ki, sən qonorardan daha çox qazanmısan, yoxsa pul qurtarıb, ancaq rüsvayçılıq qalıb?
Hazırda mən üç müxtəlif büdcəli televiziya filmi üzərində işləyirəm. Birinin çəkilişləri gedir, digər ikisi isə ssenari yazılışı mərhələsindədir.
-Kino aktyoru kimi sizi sevindirən premyeranız olubmu?
-Bu yaxınlarda Vladimir Tendryakovun eyniadlı povesti əsasında rejissor Viktor Dementin çəkdiyi "Tapıntı” filmini qeyd edə bilərəm. Bu film artıq ən yaxşı kişi rolu üzrə 5 mükafata və  Rusiya və xaricdə bir sıra nominasiyalara layiq görülüb.
-Siz italyanların çəkdiyi "Müqəddəs insan” filmində Roma papası II İohan Paveli canlandırmısız. Bu rolu yalnız arzulamaq olar...
-Bu rolum haqqında deyə bilərəm ki, hələ də məni təqib edir. Elə filmlər var ki, uğurundan və ya fiaskodan asılı olmayaraq zaman keçdikcə unudursan, elə film isə var ki, sonrakı illərdə də səni təqib edir. Mən heç zaman etdiklərimə təkar nəzər salmamışam. Düşünürəm unutmaq lazımdır. əgər uğur əldə etmisənsə mütləq unutmalısan. Əks halda keçmişə bağlı qalarsan və yeni işlərdən zövq ala bilməzsən. Yeni ssenari, rejissor işi, aktyor oyunu sənə zəif görünər.
İtaliyadan gələn təklif gözləniməz idi. Sizə özümün uzun-uzadı şübhələrimdən danışmayacam. Sadəcə onu deyim ki, mən gərgin şəkildə XX əsrin dahi şəxsiyyəti, Katolik kilsəsinin reformatoru, yarım milliard insanın dini rəhbəri haqqında filmdə iştirak üçün, mənə həvalə olunan rolun öhdəsindən gəlməyə mənə kömək edəcək motivasiya axtarırdım. Mən rola necə yanaşmalı olduğumu bilmirdim. Papanın görüşlərinin lent yazısını əldə edib saatlarla onları izləyir, şüurumda onun təsvirini yaratmağa çalışırdım. Film İtaliyada uğur qazanıb və dəfələrlə televiziya ekranlarında nümayiş olunub. İtaliyaya son səfərlərimdən birində məni aeroportdan otelə aparan taksi sürücüsü məndən öz anası üçün selfi çəkdirməyi xahiş etdi. Bu xoşdu. əgər aktyor desə ki, tamaşaçı diqqəti ona maraqlı deyil yalan söyləyir. Aktyor sənəti seyirci məhəbbəti tələb edir.
Niyaz Cəfərov 
teatrşünas