Aktyorlarımız Kalmıkiyadan əli dolu qayıtdı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Rusiya
Federasiyası Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrında
qastrol səfərində olduğu haqqında sizlərə
məlumat vermişdik. Teatrın yaradıcı heyəti səfərdən əli dolu mükafatlarla ögeri
dönüblər. Bu münasibətlə Gənc tamaşaçılar Teatrının direktoru, Azərbaycan
Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi
Mübariz Həmidov mətbuat nümayəndələrini ətrafına cəm edib, qastrol səfəri və
aktyorların qazandığı mükafatlardan danışdı:
"Bildiyiniz
kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə B.Basanqov adına Kalmık
Milli Dram Teatrı arasında 5 illik qarşılıqlı yaradıcılıq müqaviləsi imzalanıb.
Bu müqavilənin bəndlərinə uyğun olaraq biz qarşılıqlı qastrol səfərləri təşkil
edirdik. Ötən ay Kalmık teatrı şəhərimizin və teatrımızın qonağı idi. Bu günlərdə
isə biz sözügedən teatrın səhnəsində öz tamaşalarımızla çıxış etdik. Bu dəfəki
qastrol səfəri digərlərindən fərqlənirdi. Belə ki, səfərimiz Kalmık teatrının
80 illik yubileyinə təsadüf edirdi. Yubiley çox maraqlı və təntənəli surətdə
baş tutdu. Bir sıra digər ölkə teatrları və ölkə rəsmilərinin iştirak etdiyi mərasimdə
istedadlı aktyorlarımız Səbinə Məmmədova və İlham Əsədov ölməz Üzeyir Hacıbəylinin
musiqilərindən ibarət kompozisiya ilə çıxış etdi”.
Mükafatlandırılanlar haqqında danışan direktorun
sözlərinə görə, bu dəfəki qastrol səfəri olduqca məhsuldar keçib: "Qastrol səfərinin
təntənəli bağlanış mərasimində Əməkdar Artist Şövqi Hüseynov və aktyor İlham Əsədov
Kalmıkiya Respublikasının Əməkdar Artisti fəxri adına, aktyor Elnur Kərimov
"Stanislavski” medalına layiq görüldülər. Bundan başqa Əməkdar Artistlər Naibə
Allahverdiyeva, Nəsibə Eldarova, aktyorlar Elnur Hüseynov, Sona Babayeva,
Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Səbinə Məmmədova, Mehriban Hüseynova,
Ramil Məmmədov "mədəni əlaqələrin genişləndirilməsi və inkişafındakı” xidmətlərinə
görə Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Teatr
Xadimləri İttifaqının diplomları və fəxri fərmanları ilə təltif olundular”.
Teatrın rəhbəri çıxışının sonunda mükafat alan
aktyorları təbrik edib, sözü onlara verdi. Mükafatçılar öz təəssüratlarını
bölüşüb, mətbuat nümayəndələrinin suallarını cavablandırdılar.
Əməkdar artist Nəsibə Eldarova: "Mən birinci dəfə idi ki, bu ölkəyə qastrol səfərinə
gedirdim. Çox razı qaldım. Mənim üçün unudulmaz səfər oldu. Bizə belə şərait
yaradığı üçün rəhbərliyimizə minnətdarlığımı bildirirəm”. Teatrın sevilən
aktrisası Mehriban Hüseynova Kalmıkıya səfərindən çox razı qaldığını vurğuladı.
Bildirdi ki, belə səfərlər və mükafatlar onlara böyük stimul verir.
Gənc aktrisa Səbinə Məmmədova isə təəssüratlarını həyəcanla
bölüşdü: "Bu Kalmıkiya Respublikasına mənim ikinci səfərim idi. Kollektivin
sonbeşiyi olmağıma baxmayaraq yaradıcı heyət mənə son dərəcədə qayğı göstərirdi.
Onların mənə olan dost münasibəti mənim özümə qarşı inamımı bir qədər də
artırır. Kalmık tamaşaçıları bizi çox gözəl qəbul etdilər. Səfərimizin təəssüratları
çoxdur. Gənclərə belə şans yaratdıqlarına görə rəhbərliyimizə minnətdarlığımı
bildirirəm”.
Teatrın tanınan aktyoru Elnur Kərimov: "Biz əvvəlcədən belə bir mükafatın veriləcəyini bilmirdik,
heç birimiz gözləmirdik. Mükafatlandırma tamaşanın ilk günü oldu və biz buna
çox sevindik. Kalmık Milli Dram Teatrının rəhbəri bizim komandanı çox sevir,
onların truppasına da yaradıcı təkan olmuşuq. Onlar gəlib bizim truppanı görəndən
sonra özlərini toparladılar, birgə işimizə can yandırdılar. Bizim üçün çox
maraqlı qastrol səfərlərindən idi. Əlaqələrin yaranmasında rəhbərliyə təşəkkürümüzü
bildiririk. Əldə etdiyimiz hər bir uğurda rəhbərliyimizin də böyük rolu var.
Biz sərhədi keçdiksə, Azərbaycan mədəniyyəti adından çıxış edirik. Teatr sənətində
böyük bir tarixə imza atdıq. Kalmık Respublikasının Əməkdar artisti adına layiq
görülmək bizim üçün sevindirici haldır”.
Konfransda Gənc Tamaşaçılar Teatrının qocaman
aktrisası Sona Babayevanın 75 illik yubileyinin Kalmık Teatrında qeyd edildiyi
bildirildi. Aktrisanın Mədəniyyət və Turizm Nazirliyinin təşəkkür məktubuna
layiq görüldüyü mətbuat nümayəndələrinin diqqətinə çatdırıldı.
Sona xanım Babayeva isə çıxışında 54 ildir ki, bu
teatrda işlədiyini qeyd etdi: "Gözləməzdim ki, 75 illiyim belə təntənə ilə qeyd
olunar. Mənim ürəyimcə oldu. Birinci dəfə idi ki, Kalmıkiyaya gedirdim. Bizim
aktyorların şən, dinamik, çevik obrazlarını deməklə deyil, gərək görəsiniz. Bizim
aktyorların göstərdiyi tamaşaya böyük reaksiya gördüm. Bu qastroldan çox ləzzət
aldım. Hər zaman da deyirəm ki, bizim kollektivimiz hər cəhətdən güclü
kollektivdir”.
Əməkdar artist Şövqü Hüseynov Kalmıkiyanın da əməkdar artisti olmağın
duyğusunun məsuliyyətli olduğunu dedi: "Bu ad çox böyük məsuliyyət və
cavabdehlikdir. Güman edirəm ki, bu adı şərəflə gəzdirəcəyik. Mövsüm açılandan
bu bizim üçüncü beynəlxalq səfərimizdir. Çox işgüzar kollektivik. İşgüzarlığın
nəticəsi həmişə olub və olacaq da”.
İlham Əsədov isə çox xoşbəxt olduğunu və
sevindiyini dedi: "Hər bir aktyor ad almağı xoşlayır, hər nə qədər bunu inkar
etsə də. Məni bu ada layiq gördüklərinə görə rəhbərliyə minnətdaram. Sağ əlimi
bütün aktyorların başına qoyuram”.
Kalmıkiyada nümayiş olunan ikinci tamaşa - "Dörd əkizin
nağılı”nın quruluşçu rejissoru Ağalar İdrisoğlu çıxışında Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının respublikanın ən aparıcı teatrlarından olduğunu dedi:"Burada yüksək aktyor, rejissor potensialı var. Mübariz müəllim teatr sənətini
yaxşı bildiyinə görə hər bir işə əlindən gələn köməkliyi edir ki, teatr respublikadan
kənarda uğurlar qazansın. Mənim
hazırladığım "Dörd əkizin nağılı” tamaşası sayca 120-ci tamaşam idi. 40 ildir
ki, rejissorluq edirəm. Bu tamaşa da Kalmıkyada çox gözəl qarşılandı. Çox
sevinirəm ki, bu tamaşa yüksək qarşılandı və oynanıldı. Teatrımızın uğurlarına
çox sevinirəm. Bu teatrda böyük mehribançılıq var”.
Konfransın sonunda Mübariz Həmidov onu da əlavə
etdi ki, onların hazırladıqları tamaşa anşlaqla gedir. 5 illik əməkdaşlığa iki
il fasilə vermək qərarına da gəliblər: "Biz onlarla əməkdaşlığa 2 illik fasilə
vermişik. Gələn il Azərbaycanda Rusiya Mədəniyyət günləri çərçivəsində Kalmık
Milli Dram Teatrı ola bilsin ki, qonağımız olsun. Bir də 2018-ci ildə bizim "dünya
premyerası” adlı layihəmizdə Kalmıkiyaya
gedəcəyik”.
Xəyalə Rəis