AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Yeni ildə uşaqları hara aparaq?”

“Yeni ildə uşaqları hara aparaq?”

06 Dekabr 2019, 19:17 3528
Məktəblilərin qış tətili günlərinə teatrlarımız nə göstərəcək?
 
Dekabr ayı gəldimi, demək ki, artıq 2019-cu ilin son həftələrini yaşayırıq. Sanki 2019-cu il dünən qapımızı döyərək evimizə qonaq gəlmişdi. "Günlər nə tez gəlib keçdi?” deyə hərdən təəccüb də edirik. Zamanın nə qədər tez gəlib keçdiyindən şikayət edərək 2020-ci ilə də hazırlaşırıq. Bayramın gəlişinə isə bizlərdən daha çox uşaqlar sevinir. Çünki bayrama sayılı günlər qalanda qış tətili günləri başlayır. Bu günlərdə onlar Şaxta babaya məktub yazır, şaxta babadan hədiyyələr gözləyirlər. Təbii ki, elə bayram günlərində əsas yük valideynlərin üzərinə düşür. Valideynlər Şaxta babanın hədiyyə gətirəcəyi inamını qırmamaq üçün həm övladlarına hədiyyə alaraq Şaxta babanın adından təqdim etmək, həm də qış tətili günlərində hazırladıqları bayram teatrların repertuarı ilə tanış olub, onları şənliyinə aparmaq məcburiyyətində qalırlar.
Bu dəfə də "Uşaqları bayram tətili günlərində hara aparaq?” sualı ilə üz-üzə qalan valideynlər üçün bir araşdırma etdik. Teatrlardan "Bayram günlərində uşaqlara nə hazırlamısınız?” deyə soruşduq.
 
Qış tətili günlərində Akademik Milli Dram Teatrı uşaqların görüşünə yeni – "Şaxta baba və Bəfan nənələr” əsəri əsasında hazırlanan tamaşa ilə gələcək. Müəllifi və qurulşçu rejissoru Emil Əsgərov olan tamaşanın səhnə tərtibatı İlham Əsgərova, musiqi tərtibatı Kamil İsmayılova, rəqslərin quruluşu Lalə Hacıyevaya məxsusdur. Tamaşada Şaxta baba, Qar qız, Bəfan nənələr, Şrek, Panda, Pinqvin kimi nağıl qəhrəmanları uşaqları nağıl dünyasına qonaq aparacaqlar. Səhnə əsərində rolları Əməkdar artistlər Mətləb Abdullayev, Əlvida Cəfərov, Mehriban Xanlarova, Sevinc Əliyeva, Dilarə Nəzərova, Fəridə Şahbazova, Vüsal Mustafayev, Ramin Şıxəliyev, Elçin Hacıyev, Əlləz Əhmədov, Əminə Cəfərova, Vüsal Məmmədov, Firuzə Balayeva ifa edəcək. Tamaşa qış tətili günlərində hər gün dörd seans nümayiş olunacaq.
Dövlət Akademik Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri Fəridə Rüstəmova deyir ki, hər il olduğu kimi,​ bu il də teatr 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2020-ci il – Yeni il bayramı münasibəti ilə hazırlıq işlərinə başlayıb: "Azərbaycan Dövlət Akademik Musiqili Teatrı hər kəsi Yeni ili teatrla birlikdə qarşılamağa dəvət edir. Teatrın yaradıcı kollektivi qış tətili günlərində uşaqların mənalı istirahətini təmin etmək üçün bu dəfə onları bayram əhval-ruhiyyəli "Şaxta baba, Bremen musiqiçiləri və Penin nağılı”​ tamaşası ilə sevindirəcək. Maraqlı və macəra dolu yeni il tamaşaları 27 dekabr 2019-cu il tarixindən - 05 yanvar 2020-ci il tarixinədək hər gün dörd seans olmaqla -​ saat 10:30, 12:30, 14:30 və 16:30-da nümayiş olunacaq. Tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları onları duzlu-məzəli söhbətləri ilə​ əyləndirəcək və sonda hədiyyələrlə sevindirəcəklər. Rəngarəng dekorasiyaları, işıq effektləri, şən musiqiləri və teatrın balet truppasının rəqsləri ilə zövq oxşayan tamaşanın quruluşçu rejissorları Anar Babalı və Zaur Əliyev, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena​ Ağayevlər,​ quruluşçu rəssamı Afaq Bayramova, rejissoru Elməddin Dadaşovdur”.​
Qeyd edək ki, bayram tamaşasında rolları Əməkdar artist Novruz Qartal,​ aktyorlar - Əmrah Dadaşov, Ruslan Mürsəlov, İrana Kərimova, Pərvin Dadaşova, Zaur Əliyev, Zarina Qurbanova,​ Mehriban Rəcəbova,​ Eleanora Mehdiyeva,​ Nərmin Əliyeva,​ Fərid Rzayev, Murad Əliyev, Elməddin Dadaşov, Əli Kərimov, Elnur Zeynalov, kiçik yaşlı aktyor Rahib Məmmədzadə​ ifa edəcəklər.
 
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmovanın sözlərinə görə məktəblilərin qış tətili günlərində Kukla Teatrı uşaqları sehrli dünyaya qonaq edəcək. Belə ki, bayram günlərində  teatrda "Qış karnavalı” tamaşası nümayiş olunacaq: "Yeni il şənliyinin rejissoru Anar Məmmədov, rəssamı İqbal Əliyevdir. Tamaşanın məzmunu isə bugünün reallığını özündə əks etdirən, maraqlı bir mövzudur. Belə ki, qışın simvolu olan Şaxta Baba bütün uşaqlardan küsüb və yeni ili qeyd etməkdən imtina edir. Səbəb isə uşaqların daha çox telefon və planşetə zaman ayırmaları, onlara daha çox diqqət yetirmələridir. Şaxta babasız yeni ilin olmayacağını düşünən uşaqlar isə nağıllar aləminə gedib Şaxta babanı əmin edirlər ki, onlar hələ də Şaxta babaya inanır və onun yeni il şənliyinə gəlməsi üçün ona telefonla oynamayacaqlarına söz verirlər”.
H.Rüstəmova qeyd edir ki, müasir dövr uşaqlarının yeni il əyləncəsinə o qədər də maraqları olmadığı üçün teatrda hazırlanan tamaşa bir növ onlara hesablanıb: "Tamaşada daha çox uşaqların virtual dünyaya meyl etməsi, nağıl personajlarına inanmaması, onları real aləmdən qoparıb başqa dünyaya aparmasından bəhs edir. Uşaqlar hərəsi bir telefon, planşet götürüb virtual aləmə qapılırlar. Öz aralarında dostluq, sevgi münasibəti qurmaqda çətinlik çəkirlər. Hazırladığımız yeni il tamaşasında uşaqlara ötürülən mesajda bu ideya əsas götürülüb.  Tamaşada dünyaca məşhur və eləcə də yerli nağıl qəhrəmanlarımız iştirak edəcək. Onların hər biri Şaxta babanın könlünü almaqla, onu uşaqların şənliyinə dəvət edəcəklər.  Bu tamaşanın əsas fərqi ondadır ki, burada şər qüvvələr yoxdur. Tamaşa bir hissəli kukla tamaşasıdır. Canlı plan Şaxta baba və Cırtdandır, yerdə qalan qəhrəmanlar isə kuklalardan ibarət olacaq. Tamaşada müasir rəqslər, müasir musiqi tərtibatı dinamik, karnaval xarakteri daşıyır. Uşaqlarımıza yaddaqalan, maraqlı, düşündürücü bir tamaşa təqdim edəcəyik”.
Teatrın mətbuat xidmətinin verdiyi məlumata görə, teatrın əsas truppasının iştirak etdiyi tamaşa dekabrın 27-dən hər gün 4 seans olmaqla nümayiş etdiriləcək.  
 
Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı da yeni ilə hazırlaşır. Teatrın mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyevanın verdiyi məlumata görə qış tətili günlərində teatrın səhnəsində 4 seans (saat 12:00, 14:00, 16:00, 18:00) olmaqla "Qrinç” tamaşası nümayiş olunacaq. Teatrın yaradıcı kollektivinin iştirak etdiyi tamaşada uşaqlar əyləncəli dünyaya qonaq olacaqlar. Elşad Rəhimzadənin quruluşunda hazırlanan tamaşada fərqli dizayn və maraqlı nağıl dünyası uşaqlara əsil yeni il ab-havası bəxş edəcək. Teatrda bayram günlərində foyedə Şaxta Baba və Qar qızla, nağıl qəhrəmanları ilə görüş  təşkil olunacaq”.
Qeyd edək ki, tamaşa dekabrın 26-dan yanvarın 5-nə  kimi nümayiş olunacaq.  
 
Yenicə təmir olunub tamaşaçıların ixtiyarına verilən və müasir standartlara cavab verən Şuşa Dövlət Musiqili Dram Teatrı bu il azyaşlı tamaşaçılarını öz binasında salamlayacaq. Əməkdar artist, teatrın aktyoru Azad Məmmədov deyir ki, məktəblilərin qış tətili günlərində balalarımızı yeni il şənliyi ilə sevindirmək üçün teatrda bayram tamaşası hazırlanır: "Yeni il uşaqların ən çox sevdiyi bayramdır. Şuşa Teatrı olaraq biz də azyaşlı tamaşaçılarımız üçün maraqlı bayram tamaşası ilə onların görüşünə gələcəyik. Əvvəla onu qeyd edim ki, tamaşadan əvvəl teatrın foyesində Yeni ilin atributları olan Şaxta baba və Qar qızı ilə  uşaqların görüşü keçiriləcək. Onlar uşaqlarla sual-cavab edib, oyunlar keçirəcəklər. Daha sonra uşaqlar zala daxil olub, teatrımızın yaradıcı heyətinin onlar üçün hazırladıqları tamaşaya baxmaq imkanı əldə edəcəklər. Bayram günlərində Şuşa Teatrının   səhnəsində  Ağəddin Babayevin "Nağıllar aləmində”  tamaşası göstəriləcək. Tamaşanın quruluşçu rejissoru əməkdar artist, teatrın baş rejissoru  Loğman Kərimov,  quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim  Feyzullayev, rəqslərin  quruluşçusu Təranə Əliyevadır”.
A.Məmmədov qeyd edir ki, "Nağıllar aləmində”   tamaşası adından da göründüyü kimi uşaqları nağıl dünyasına səyahətə aparacaq: "Biz bu tamaşada yuxuya gedən uşağın nağıllar aləminə səyahətini göstərəcəyik.  Belə ki,  nağıl qəhrəmanları uşağın yuxusunda onunla əyləncəli bir gün keçirəcək”.
 
 Bayram günlərində Bakı Uşaq Teatrının hansı tamaşa ilə çıxış edəcəyini soruşduqda isə bu il də teatrın binasının olmadığı üçün öz tamaşaçıları ilə görüşə bilməyəcəklərini qeyd etdilər. Hər ilki kimi bu dəfə də Bakı Uşaq Teatrı bayram tamaşası nümayiş etdirməyəcək. Ümid edirik ki, növbəti bayramda Bakı Uşaq Teatrının öz binasında bayram tamaşasını izləmək qismətimiz olacaq.
 
Xəyalə Rəis