• cümə axşamı, 26 dekabr, 14:44
  • Baku Bakı 10°C

“Zirə” "Qarabağ"ı tək qoymadı 

17.08.24 00:29 4410
“Zirə” "Qarabağ"ı tək qoymadı 

Bu mövsüm Avropa kuboklarının pley-off mərhələsində Azərbaycanın iki klubu yarışacaq. Qeyd edək ki, son dəfə ölkəmizin iki klubu avrokubokların pley-off mərhələsində 2016/17 mövsümündə çıxış edib.

Təmsilçimiz "Qarabağ"ın avrokuboklarda azarkeşləri sevindirən nəticələri artıq təəccüblü deyil. Biz hər il bunun şahidi oluruq. Bu baxımdan komandamızın bu həftə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində cavab oyununda Bolqarıstan "Ludoqorets"ini mübarizədən kənarlaşdırması elə də böyük sensasiya olmadı. Çünki ev oyunundakı məğlubiyyətə baxmayaraq, əksər azarkeşlər cavab görüşündə Qurban Qurbanovun komandanı toparlayacağına, geri dönüşün mümkün olacağına inanırdılar. Düşünülən kimi də oldu. “Qarabağ” çətin də olsa, "Ludoqorets"i mübarizədən kənarlaşdıra bildi. Ağdam klubu oyunun əlavə vaxtında qol şousu da nümayiş etdirdi. İndi komandanı Çempionlar Liqasının pley-offunda Zaqreb “Dinamo”su ilə çətin oyun gözləyir. Bu, ağdamlıların Çempionlar Liqasının pley-offundakı üçüncü cəhdi olacaq. Komanda ən pis halda Avropa Liqasında Liqa mərhələsinə vəsiqəni təmin edib.

Həftənin sensasiyası “Zirə”dən gəldi 

Bu baxımdan həftənin sensasiyası kimi “Zirə”nin Konfrans Liqasının pley-offuna vəsiqə qazanması qiymətləndirilə bilər. Rəşad Sadıqovun komandası Konfrans Liqasının üçüncü təsnifat mərhələsində "Osiyek"lə (Xorvatiya) iki ağır oyun keçirdi. Komanda iki oyunun gedişində üç dəfə hesabda geri düşsə də, hər iki oyunda son dəqiqələrdə vurulan qollarla əzmkarlığını nümayiş etdirdi. "Dalğa Arena"da keçirilən cavab görüşünün əsas vaxtı 2:2 hesabı ilə başa çatdı, əlavə vaxtda da qol olmayınca, matçın taleyi penaltilər seriyasında həll olundu. Penaltilər seriyasında “Zirə”nin qapıçısı Tiaqo Silvanın rəqibin dörd penalti zərbəsini dəf etməsi xüsusi qeyd edilməlidir. Beləliklə, Rəşad Sadıqovun komandası ilk dəfə olaraq Konfrans Liqasının pley-offunda çıxış etmək hüququ qazandı. Bu mərhələdə komandanın rəqibi "Omoniya" (Kipr) olacaq. 

“Yaşadıqlarımız komanda üçün böyük təcrübə oldu"

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra qarşılaşmanın çox gərgin keçdiyini bildirib: “Gözlədiyimizdən də gərgin matç keçdi. Bu mərhələdə zəif rəqiblər, oyunlar olmur. Məni sevindirən odur ki, futbolçularımız gərginliyə dözdülər".

Mütəxəssis penaltilər seriyasında dörd qurtarış edən Tiaqo Silvanı xüsusi tərifləyib: "Penaltilərdən öncə onu tənqid etmişdim. Tənqid etdim ki, aqressivləşsin. Böyük ustalıq göstərdi. Dedim, "Şerif"lə oyundakı penaltilərdən narazı qalmışam, özünü göstərməlisən. O da beş penaltidən dördünü çıxardı. Asan məsələ deyildi. Bunun öhdəsindən gəldi. Onların da qapıçısı yaxşı çıxış etdi, bizimki də. Bu üç mərhələdə yaşadıqlarımız komanda üçün böyük təcrübə oldu". 

Federiko Koppitelli məyusluğunu gizlədə bilməyib

“Osiyek"in baş məşqçisi Federiko Koppitelli isə oyundan sonra keçirilən mətbuat konfransında məyusluğunu gizlədə bilməyib: "Komandam hesabda öndə olanda özünə bənzəmirdi. Beş penaltidən isə birin vura bildik. Nə deyə bilərəm? Bizim bəxtimiz gətirmədi, zədəli oyunçularımız var idi. Komandanın heyətini yaxşılaşdırmaq üçün çox transfer də edə bilməmişik".
O, "Zirə"nin çox yaxşı komanda olduğunu bildirib: "Onlar Avropa Liqasından bura gəlmişdilər. İlk oyunda son dəqiqədə buraxdığımız qol mövzudan kənar idi. Hesabda 2:1 irəlidə olanda, komandamız bir az sadəlövh oynadı. Ona görə rəqib mərhələ keçdi". 

"Sabah" məyus etdi 

"Sabah" isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununda da azarekşlərini üzüb. Təmsilçimiz evdə İrlandiya “Sent Patriks"i ilə görüşdə yenə də oyunu azlıqda keçirməli olub. Oyunun 27-ci dəqiqəsində mərkəz müdafiəçisi Sofian Çakla qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Bundan sonra irlandlar hesabı da açıblar və görüş "Sabah"ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. İrlandiyadakı oyunda da eyni hesabla uduzan təmsilçimiz Konfrans Liqasında çıxışını başa vurub.

Qeyd edək ki, pley-off görüşləri gələn həftə keçiriləcək. 

Beləliklə, bu mövsüm Avropa kuboklarının pley-off mərhələsində Azərbaycanın iki klubu yarışacaq. Qeyd edək ki, son dəfə Azərbaycanın iki klubu avrokubokların pley-off mərhələsində 2016/17 mövsümündə çıxış edib. 2016-cı ilin yayında “Qarabağ” və “Qəbələ” əvvəlcə Avropa Liqasının pley-off, sonra isə qrup mərhələsinə vəsiqə qazanıb.

banner

Oxşar Xəbərlər