• şənbə, 28 Noyabr, 06:34
  • Baku Bakı 7°C

10 illik həsrətin sonu

28.11.26 01:47 52
10 illik həsrətin sonu

“Turan” komandası vaxtilə “Azərreyl” və “Rabitə”nin daşıdığı estafeti uğurla təhvil alıb. Klub ölkəmizi CEV Çempionlar Liqasında təmsil edir. 

Azərbaycan voleybolunda durğunluq dövrü artıq başa çatıb. 2010-cu illərin ortalarından baş qaldıran çətinliklər geridə qalmaqdadır və Azərbaycan voleybolu yeni inkişaf mərhələsindən keçir. Milli çempionatlarda komandaların sayı artır, iştirakçıların coğrafiyası genişlənir, rəqabət güclənir. Bu isə yekunda nəticələrdə özünü göstərir. Xüsusilə, “Turan” komandası vaxtilə “Azərreyl” və “Rabitə”nin daşıdığı estafeti uğurla təhvil alıb. Bu yazıda Tovuz təmsilçisinin qısa, amma uğurlu yolundan bəhs edəcəyik.

İlk mövsümdə çempionluq

“Turan” Voleybol Klubunun tarixi elə də böyük deyil. Komandanın əsası 2025-ci ilin sentyabrında qoyulub. Yarandığı vaxtdan Yüksək Liqada çıxış etməyə başlayan Tovuz təmsilçisi hələ heç yaşını tamamlamamış ilk böyük uğurunu əldə etməklə ölkə daxilindəki əsas hədəfinə çatdı. Mövsümün son oyununda “DH Volley”lə üz-üzə gələn “Turan” 3:1 hesablı qələbə ilə debüt ilində Azərbaycan çempionu oldu. Beləliklə, klub ölkəmizi CEV Çempionlar Liqasında təmsil etmək hüququ qazandı.

10 illik həsrətin sonu

Daxili yarışlarda əldə edilən nəticə ilə kifayətlənmək niyyətində olmayan “Turan” üçün növbəti hədəf qitəmiqyaslı yarışlar idi. İlk dəfə Çempionlar Liqasında yarışacaq komanda turnirə ciddi hazırlıq keçdi. Tovuzlular İtaliya, Yunanıstan və Türkiyədə təlim-məşq toplanışında oldular. Müxtəlif rəqiblərə qarşı yoxlama qarşılaşmaları baş məşqçi Ziya Rəcəbzadəyə komandasının zəif və güclü tərəflərini daha dərindən analiz etmək fürsəti yaratdı.

Oktyabrda Tovuzda ilk dəfə Çempionlar Liqası oyunu keçirildi. İkinci təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Mladost”a rəqib olan Azərbaycan klubu doğma publika qarşısında 3:0 hesablı qələbə ilə iddiasını ortaya qoydu. Səfərdə 3:2 üstün olan “Turan” əsas mərhələnin bir addımlığına gəldi. Burada rəqib daha güclü hesab olunan “Maritsa” idi. Lakin təmsilçimiz bolqarları birnəfəsə keçməyi bacardı. İki oyunda rəqibinə bir set belə verməyən “Turan” Tovuzda, doğma azarkeşləri qarşısında qazandığı qələbə ilə onlara əsl bayram yaşatdı. Beləliklə, yarandığı tarixdən bir neçə ay sonra ölkə çempionu olan kollektiv ardınca qitənin ən güclülərinin yarışdığı Çempionlar Liqasında əsas mərhələyə yüksəldi.

Bu, qadın voleybolumuzda 10 illik həsrətin başa çatması anlamına gəlir. Sonuncu dəfə 2016/17 mövsümündə “Azərreyl” və “Rabitə”nin davamçısı olan “Telekom” sözügedən turnirdə iştirak etmişdi. “Turan”ın adıçəkilən komandaların uğurlarını təkrarlamaq üçün isə hələ qət etməli olduğu uzun məsafə var. Başqa sözlə, tovuzlular hələ yolun başlanğıcındadırlar. Lakin atılan addımlar da olduqca inamlıdır.

Güclü rəqiblərlə eyni qrupda

Əslində, belə bir turnirin əsas mərhələsində hansısa daha münasib rəqiblərin olduğunu demək yersiz olardı. Xüsusilə, debüt edən kollektiv üçün. Lakin qrup mərhələsindəki komandalara baxdıqda “Turan”ın püşkdə bəxtinin gətirmədiyini demək olar.
Komandamız D qrupunda İtaliyanın “Savino Del Bene Skandiççi”, Türkiyənin “Eczaçıbaşı” və Serbiyanın “Tent Obrenovats” kollektivləri ilə yarışır. Rəqiblərin səviyyəsini anlamaq üçün təkcə bir faktı qeyd etmək kifayətdir ki, italyanlar ötən mövsüm yarımfinal oynayıblar və yekunda 4-cü yeri tutublar. Türkiyə təmsilçisi isə məhz “Savino Del Bene Skandiççi”ni məğlub edərək finala qədər irəliləməyi bacarıb. “Eczaçıbaşı” yalnız həlledici qarşılaşmada digər Türkiyə təmsilçisi “Vakıfbank”a uduzub. Beləliklə, Avropanın 4 ən güclü voleybol komandasından ikisi “Turan”ın qrup rəqibləridir. “Tent Obrenovats” müəyyən qədər münasib hesab edilsə də, onlar da qitənin əsas voleybol ölkələrindən olan Serbiyanın son çempionudurlar.
Çətin qrupa düşməsinə baxmayaraq, “Turan”ın asan təslim olmayacağını əminliklə söyləmək olar. Çempionlar Liqasına ciddi hazırlaşan komandanın heyəti də xeyli güclənib. Ötən mövsüm çempionluq qazanan kollektivin əsas simalarını qoruyub saxlayan Tovuz təmsilçisi heyətinə bir sıra tanınmış voleybolçuları da cəlb edib. Ayşən Abdüləzimova və Yelizaveta Ruban kimi yerli oyunçuların yanında yaponiyalı Minami Yoşioka, Çin millisinin tanınmış simalarından Yanq Hanyu Şandonq, Cənubi Koreya voleybolunun ulduzu İ Ceyonq, kubalı Vilma Salas, Yilian Kleqer və Kenia Karkases kimi təcrübəli oyunçular da yer alıblar.

Debüt baş tutdu

“Turan” artıq Çempionlar Liqasının əsas mərhələsində debüt edib. Komanda ilk oyununu İtaliyada “Savino Del Bene Skandiççi”yə qarşı keçirib. Florensiya şəhərində keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk iki setdə məğlub olan “Turan” üçüncü setdə qalib gələrək hesab arasındakı fərqi azaltsa da, dördüncü setdə rəqibinə uduzub.
Azərbaycan təmsilçisi qrup mərhələsində növbəti oyununu dekabrın 2-də səfərdə Türkiyənin “Eczacıbaşı” komandasına qarşı keçirəcək.

İlk oyunda məğlubiyyətə baxmayaraq, təəssüflənməyə dəyməz. İndiki məqamda tovuzlular üçün əsas hədəf daha çox təcrübə qazanmaq, səhvləri təhlil etmək və gələcək üçün daha möhkəm kollektiv olmaqdır. Ümumilikdə bu, klub üçün yeni və çox fərqli mərhələnin başlanğıcıdır.

banner

Oxşar Xəbərlər