Sürət həvəskarları Bakıya gəlir
Minlərlə sürət həvəskarının paytaxtımıza axını gözlənilir. Bakı Qran-Prisi dünya mətbuatının da diqqətindədir.
Bakı növbəti dəfə “Formula 1” yarışlarına ev sahibliyi edəcək. Minlərlə sürət həvəskarının paytaxtımıza axını gözlənilir. Bakı Qran-Prisi dünya mətbuatının da diqqətindədir.
Bakı Qran-Prisinin tarixində bir ilk
Rumıniyanın nüfuzlu “Eurosport” idman nəşri “Formula 1” Azərbaycan Qran-Prisinin tarixində ilk dəfə şənbə günü keçirilməsinə geniş məqalə həsr edib.
Nəşrin Rumıniya redaksiyasında dərc olunan “Azərbaycan Qran-Prisi şənbə günü keçiriləcək! Bakı Qran-Prisi tarixində ilk dəfə baş verəcək bu dəyişikliyin səbəbi” sərlövhəli məqalədə yarışın təqvimindəki yeniliyin səbəbləri, Azərbaycanın Anım Günü və “Formula 1” çempionatının qarşıdakı mərhələsi barədə məlumat verilib.
Məqalədə bildirilir ki, 2026-cı il Azərbaycan Qran-Prisi əvvəlcə sentyabrın 25–27-də keçirilməli idi. Lakin yarışın son gününün Azərbaycanda Anım Gününə təsadüf etməsi səbəbindən təqvimə dəyişiklik edilib. Beləliklə, Bakı şəhər halqasında yarış həftəsonu sentyabrın 24–26-da təşkil olunacaq, əsas yarış isə sentyabrın 26-da baş tutacaq.
“Eurosport” yazır ki, bu qərar Bakı Qran-Prisinin tarixində bir ilkdir. Azərbaycan paytaxtında indiyədək keçirilmiş “Formula 1” yarışlarının əsas mərhələləri bazar gününə təsadüf edirdi.
“Formula 1” təqvimindəki ən fərqli traslardan biri
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi məlumatına əsasən, Azərbaycan Qran-Prisinin tarixinin dəyişdirilməsi yerli təşkilatçıların və müvafiq dövlət qurumlarının müraciəti əsasında razılaşdırılıb. Bakı mərhələsi dünya çempionatının 15-ci yarışı olacaq. Pilotlar Azərbaycan paytaxtına İspaniya Qran-Prisindən sonra gələcəklər.
Nəşr Bakı yarışının özünəməxsus xüsusiyyətlərinə də diqqət yetirir. Şəhərin mərkəzi küçələrindən keçən Bakı Şəhər Halqası “Formula 1” təqvimindəki ən fərqli traslardan biri hesab olunur. Tarixi memarlıq abidələrinin yaxınlığından keçən dar döngələr, uzun düzlüklər və yüksək sürət imkanları yarışın gedişində pilotlar üçün müxtəlif çətinliklər yaradır.
“Formula 1”in rəsmi məlumatına görə, Bakı Şəhər Halqasının uzunluğu 6,003 kilometrdir. Pilotlar əsas yarış zamanı 51 dövrə vuraraq ümumilikdə 306 kilometrdən çox məsafə qət edəcəklər. Sentyabrın 24-də sərbəst yürüşlər, sentyabrın 25-də üçüncü sərbəst yürüş və sıralama turu, sentyabrın 26-da isə əsas yarış keçiriləcək.
İlkin məhdudiyyət bu tarixdən tətbiq ediləcək
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib ki, "Formula 1" zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq. Həmçinin, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olunacaq. Yarışla əlaqədar müəyyən ərazilərdə nəqliyyat məhdudiyyətləri də tətbiq olunacaq. İlkin məhdudiyyət 19 sentyabr saat 21:00-dan etibarən qüvvəyə minəcək. Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq ediləcək. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər 20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Giriş və çıxış nöqtələri
Bununla yanaşı, son üç ilin təcrübəsinə əsasən, şəhər sakinlərinin və sürücülərin rahatlığı üçün yarış müddətində bəzi əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq. Belə ki, 21 və 22 sentyabr tarixlərində aşağıda sadalanan giriş-çıxış nöqtələri səhər 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək dayanma və durma olmadan nəqliyyatın hərəkəti üçün sərbəst olacaq. 23 sentyabrda isə qeyd olunan yollar səhər 07:00-dan 09:00-dək, axşam 20:00-dan 22:00-dək nəqliyyatın hərəkəti üçün açıq olacaq.
Giriş nöqtələri:
● Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;
● M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;
● S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində;
● Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində;
● Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində;
● Ü. Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində.
Çıxış nöqtələri:
● Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində;
● İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;
● Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şossesi istiqamətində.
Tranzit dəhlizləri açıq olduğu müddətdə, fövqəladə hallar istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına, sərnişinlərin minməsi və enməsinə icazə verilməyəcək. Tranzit dəhlizlərində sürət həddi 50 km/saat olacaq.