Gələcək üçün ümidverici nəticələr
Yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında əldə edilən nəticələr Azərbaycan boksunun gələcəyi üçün ümid verdi. Böyük idmançılar məhz belə yarışlarda yetişir, beynəlxalq təcrübə toplayır və özlərinə inam qazanırlar.
Azərbaycanda boksun özünəməxsus yeri var. Bu idman növündə uzun illərdir ölkəmiz beynəlxalq arenada uğurlar qazanır. Avropa və dünya çempionatlarında əldə olunan medallar, qazanılan nəticələr boksun Azərbaycan idmanının ənənələri arasında möhkəm yer tutduğunu göstərir. Təsadüfi deyil ki, Olimpiya oyunlarında da hər zaman medal ümidlərimiz arasında rinq ustalarının adı çəkilir.
Təbii ki, böyük arenalarda qazanılan uğurların arxasında illərlə davam edən zəhmət dayanır. Bu baxımdan, yeniyetmə və gənclərin beynəlxalq yarışlarda göstərdiyi nəticələrə də xüsusi diqqət yetirmək lazımdır. Çünki bugünkü gənc boksçular sabah böyüklər arasında ölkəmizi təmsil edəcək, Azərbaycan boksunun ənənələrini davam etdirəcəklər. Onların çıxışına nəzər yetirdikdə isə gələcəyə ümidlə baxmaq üçün kifayət qədər səbəb tapmaq mümkündür.
Bu mənada son ciddi nəticələrdən biri Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatında əldə olundu. Azərbaycan millisi turniri iki qızıl, üç gümüş və üç bürünc olmaqla, ümumilikdə səkkiz medalla başa vurdu. Bu nəticə sadəcə medal sayına görə sevindirici deyil. Gənc boksçularımızın Avropa səviyyəsində göstərdiyi mübarizə və qazandığı uğurlar Azərbaycan boksunun gələcəyinə daha böyük ümidlə baxmaq üçün ciddi əsas yaradır.
Budvada səkkiz medal
U-17 Avropa çempionatı oktyabrın 1-dən 11-dək keçirildi. Qitənin müxtəlif ölkələrindən yeniyetmə idmançıların qatıldığı yarışda Azərbaycan millisi də qüvvəsini sınadı. 40 ölkədən 473 boksçunun mübarizə apardığı çempionatda təmsilçilərimiz ölkəmizi layiqincə təmsil edərək ümumilikdə səkkiz medal qazanmağı bacardılar.
Boksçularımızdan ikisi fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Avropa çempionu adını qazandı. Daha üç idmançımız finala qədər irəliləsə də, həlledici qarşılaşmalarda məğlub olub gümüş medalla kifayətləndilər. Digər üç təmsilçimiz yarışı bürünc medalla başa vurdu. Bu, milli komandamızın təkcə ayrı-ayrı çəkilərdə deyil, bütövlükdə komanda olaraq yaxşı nəticə göstərdiyini deməyə əsas verir.
Beş medalın üç rəngi
Budvadakı medalların əksəriyyəti oğlan boksçularımızın aktivindədir. Onların arasında isə ən yaxşı nəticəni Məhəmmədəli İstamov göstərdi. 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finala qədər inamla irəliləyərək qızıl medal uğrunda görüşdə İngiltərə təmsilçisi Con Elamla üz-üzə gəldi. Gərgin keçən döyüşdə rəqibinə 4:1 hesablı qərarı ilə qalib gələn İstamov Avropa çempionu adını qazandı.
46 kq-da Həsrət Məmmədov və 52 kq-da İsmayıl Nəsirzadə də finala qədər irəliləməyə nail oldular. Həsrət həlledici görüşdə Rumıniya təmsilçisi Kristi Kaşu ilə, İsmayıl isə İngiltərə boksçusu Şaylo Makleodla qarşılaşdı. Hər iki idmançımız həlledici qarşılaşmada layiqli mübarizə aparsalar da, kiçik səhvlər onların qızıl medal əldə etməsinə mane oldu. Bununla belə qitə birinciliyində əldə olunan gümüş medal karyeralarının hazırkı mərhələsində onlar üçün böyük motivasiya olmalıdır.
Qardaş Rəhimov (54 kq) və Hidayət Məmmədov (70 kq) isə yarımfinal mərhələsinədək irəliləyərək bürünc medalları təmin etdilər.
Beləliklə, oğlan boksçularımız çempionatı bir qızıl, iki gümüş və iki bürünc olmaqla, ümumilikdə beş medalla başa vurdular. Bu nəticə yeniyetmə boksçularımızın müxtəlif çəki dərəcələrində qitənin güclü idmançıları ilə rəqabət aparmaq imkanlarını bir daha ortaya qoydu.
Qızlarımız da vətənə medalla qayıtdılar
Qızlarımızın da Budvadakı çıxışı xüsusi diqqətə layiqdir. Bəzi beynəlxalq yarışlarda qadın idmançılarımızın nəticələri gözləntiləri doğrultmasa da, boksçu qızlarımız Avropa səviyyəsində güclü rəqiblərlə mübarizə aparmağa hazır olduqlarını sübut etdilər. Onlar ümumilikdə bir dəst medalla geri qayıtdılar.
57 kq çəki dərəcəsində mübarizə aparan Cəmilə Muradlı bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxdı. Finalda Almaniya idmançısı Aliya İbrahimi tam üstünlüklə məğlub edən gənc idmançı Azərbaycan bayrağını ən yüksək pilləyə qaldıran iki idmançımızdan biri oldu.
66 kq çəki dərəcəsində çıxış edən Səma Abbasova da finala qədər irəliləməyi bacardı. O, qızıl medal uğrunda görüşdə Türkiyə idmançısı Ada Eybeylə dueldə məğlub olaraq “gümüş”lə kifayətləndi.
+80 kq çəki dərəcəsində mübarizə aparan Xumar Cəfərli isə bürünc medal qazandı. Beləliklə, qız boksçularımız Budvada bir qızıl, bir gümüş və bir bürünc olmaqla, ümumilikdə üç medal əldə etdilər.
Budvada əldə edilən nəticələr Azərbaycan boksunun gələcəyi adına ümidverici nəticədir. Böyük idmançılar məhz belə yarışlarda yetişir, beynəlxalq təcrübə toplayır və özlərinə inam qazanırlar. Yeniyetmə yaşında Avropa çempionu olmaq, finala yüksəlmək və ya fəxri kürsüyə qalxmaq gənc boksçular üçün növbəti uğurlara aparan yolda mühüm addımdır. İndi əsas məsələ bu nəticələrin davamlı olmasına və gələcəkdə böyüklər arasında da Azərbaycan bayrağının yüksəldilməsinə nail olmaqdır.